Sosial Tədqiqatlar Mərkəzi yeni imtahan modeli ilə bağlı analitik hesabatını təqdim edib

 

Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, aliorta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeliictimai rəy sorğusu əsasında analitik hesabat dərc edilib.

AZƏRTAC xəbər verir ki, dekabrın 18-də hesabatdakı məqamlarla bağlı konfrans keçirilib.

Konfransda STM İdarə Heyətinin sədri, deputat Zahid Oruc, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, Təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və başqaları çıxış ediblər.

Dərc olunan hesabatda bildirilir ki, Azərbaycandakı inkişafın yeni mərhələsində təhsil sistemində köklü islahatların aparılması strateji məsələ kimi dövlət siyasətinin daim diqqət mərkəzində qərarlaşıb.

2012-ci ildə TQDK-nın əsasnaməsinin dəyişdirilməsi və monitorinq imtahanlarının keçirilməsinin bu quruma həvalə edilməsi, 2015-ci ildən etibarən bilik və bacarıqların qiymətləndirilməsi ilə bağlı Təhsil Nazirliyi ilə DİM-in birgə işçi qrupunun yaradılması, 2017-ci ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin DİM tərəfindən yeni qaydalarla yoxlanılması və nəhayət, 2019-cu ildə sözügedən iki qurumun birgə fəaliyyəti nəticəsində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, aliorta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli buna misal göstərilə bilər.

Bu ilin fevral ayından etibarən həm kağız daşıyıcıları, həm də onlayn sınaq imtahanlarının, mart ayından etibarən isə buraxılış və qəbul imtahanlarının keçirilməsi, yəni, yeni təhsil modelinin tətbiqi cəmiyyətdə böyük müzakirələr doğurub. Yeni modellə bağlı müxtəlif yanaşmaların davam etdiyi bir şəraitdə Sosial Tədqiqatlar Mərkəzi buraxılış və qəbul imtahanlarında bu il tətbiq olunan yeni modelin müsbət və mənfi tərəflərini, ümumilikdə Azərbaycanın təhsil sisteminin bugünkü vəziyyətini və cəmiyyətin bu yeniliklərə münasibətini araşdırmaq üçün Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin nümayəndələri, abituriyentlər, valideynlər, müəllimlər və təhsil ekspertləri arasında cari ilin iyun-iyul aylarında ictimai rəy sorğusu keçirib.

STM-in 539 respondent və 12 ekspert arasında keçirdiyi ictimai rəy sorğusu DİM-in regional mərkəzləri əsas götürülməklə 10 şəhər və rayonu əhatə etməklə genişmiqyaslı tədqiqatın nəticələrinin təsbiti ilə nəticələnib. Sorğunun nəticələrinin təhlili göstərir ki, müasir tədris proqramlarına uyğun imtahan modelinin tətbiqi barədə geniş maarifləndirmə işi həyata keçirilsə də, onun mənimsənilmə arealından bəzi abituriyentlər kənarda qalıb. Çünki kurikulumları mənimsəmə problemi meydana çıxıb. Ümumi fikrə görə, bu modelin tətbiqi ortaali təhsil səviyyələri arasındakı bağları gücləndirir. Respondentlərin 45 faizi yeni modeli faydalı hesab etməsə də, ekspertlər bildirir ki, yeni qəbul üsulu axtarışlara və islahatlara zəmin yaradaraq keyfiyyətə xidmət edir. Yeni qəbul modelinin məzmununa diqqət yetirərkən məlum olur ki, kurikulumla tətbiq edilən model arasında müəyyən problemlər mövcuddur. Hesabatda ictimaiyyətin test üsuluna birmənalı olmayan münasibəti də geniş tədqiq edilib.

Ən vacib detallardan biri isə təhsildə repetitorların rolu ilə bağlı olub. Məlum olub ki, sorğuda iştirak edən abituriyentlərin 86 faizi repetitor xidmətindən istifadə edib, 8 faizi imtahanlara məktəbdə, 6 faizi isə özünün hazırlaşdığını bildirib. Fikri soruşulan abituriyentlərin 60 faizi qəbul imtahanlarının, 30 faizi isə buraxılış imtahanlarının çətin olduğunu ifadə edib. Onların 54 faizi açıq tipli suallarla bağlı çatışmazlıqlara diqqət çəkib. Əsas narahatlıq doğuran məqamlardan biri kimi isə yazı tipli tapşırıqların yoxlanılmasında yaranan problemlər, xarici dillər üzrə dinləmə qurğusunun tətbiqindəki çatışmazlıqlar göstərilib.

Təhsil ekspertləri isə böyük müzakirə doğuran bir məsələyə diqqət çəkirlər ki, bu il balların aşağı düşməsi ətrafında ajiotaja ehtiyac yoxdur, bu, yeni modelə keçidlə əlaqədar müvəqqəti məsələdir. İmtahanda iştirakla bağlı ödənişin məbləği 60 faizdən çox respondentə görə yüksəkdir. Sorğunun nəticələri və müşahidələri də göstərir ki, abituriyentlərin imtahana mənəvi -psixoloji cəhətdən hazırlaşmasında valideynlərin (45 faiz) və müəllimlərin (33 faiz) rolu böyükdür.

Ümumi fikrə görə, orta məktəblərin tədris proqramlarında, kurikulumların mahiyyətinin mənimsənilməsində, dərsliklərin yazılmasında ciddi problemlər mövcuddur. Hesabatdan çıxan nəticəyə görə, buraxılış və ali məktəblərə qəbul imtahanlarında bu il tətbiq edilən yeni model ilə bağlı keçirilən sosioloji sorğunun nəticələri bir daha sübut etdi ki, hər bir yenilik cəmiyyət tərəfindən, adətən, birmənalı qarşılanmır və istər-istəməz müəyyən problemlərin ortalığa çıxması ilə müşayiət olunur. Bunun ilkin səbəbləri sırasında cəmiyyətin bu yeniliklər haqqında məlumatlılıq səviyyəsinin azlığı gəlirsə, yeniliklərin cəmiyyətin üzvləri tərəfindən mənimsənilməsi, onlar üçün anlaşıqlı olması, hətta, əksinə, mənimsəməyə cəhdin azlığı (bəzən asan yola üz tutulması) da vacib məqamdır. Yeni tədris proqramının səmərəli olması üçün müəllimlərlə işləmək, onlara treninq və təlimlər keçmək lazımdır. Aparılacaq tədqiqatlar və monitorinqlər nəticəsində proqramın harada və niyə səmərə vermədiyini müəyyənləşdirmək lazımdır.

Müşahidələr göstərir ki, bu il Apellyasiya Komissiyasına müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə çoxdur. Üstəlik, apellyasiyada abituriyentlərin haqlı çıxma halları da bu il daha çox müşahidə olunub. Xüsusilə açıq tipli tapşırıqların bəzilərinin DİM-in markerləri tərəfindən qiymətləndirilməsindən sonra ortaya çıxan bəzi xətalar imtahan verəndə imtahan götürən müəssisəyə qarşı inamı istər-istəməz azaldır. Maraqlıdır, respondentlərin 22 faizi bu fikirdədir ki, buraxılış və qəbul imtahanlarının yeni modeli təkmilləşdirilməlidir. 53,5 faiz respondent imtahanların əvvəlki model üzrə keçirilməsinin, 4,5 faiz test üsulu ilə qəbulun ləğv olunmasının, 8 faiz imtahanların bir dəfə keçirilməsinin tərəfdarı kimi çıxış edib. Ekspertlər arasında da bu məsələ ilə bağlı fikir ayrılığı müşahidə edilir. Belə ki, onların bir qismi ikipilləli imtahan modelini qəbul edir, lakin bu il keçirilən imtahanların nəticələrini ətraflı təhlil edib çatışmazlıqları aradan qaldırmaq, bu sahədə axtarışlar və islahatlar aparmaqla yeni modeli daha da təkmilləşdirmək haqqında düşünürlərsə, digərləri təkpilləli, yəni, yalnız qəbul imtahanlarının keçirilməsinin tərəfdarı kimi çıxış edirlər.

 

Azərbaycan.- 2019.-19 dekabr.- S.3.