Rusiyada təhsilini başa vuran
doqquz məzun Daxili
İşlər Nazirliyində müvafiq vəzifələrə
təyin olunub
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) göndərişi ilə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin xüsusi ali təhsil müəssisələrində təhsillərini başa vuraraq ölkəmizə qayıtmış doqquz məzuna “polis leytenantı” xüsusi rütbəsi verilməklə ixtisasları üzrə müvafiq vəzifələrə təyin olunmalarına dair əmr imzalayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə Daxili İşlər Nazirliyində keçirilən tədbirdə general-polkovnik Vilayət Eyvazov Azərbaycanın, eləcə də Rusiya DİN-in xüsusi ali təhsil müəssisələrinin məzunlarının vəzifələrə yerləşdirilmələrinin, gənc kadrların hazırlıq səviyyəsinin artırılmasının, onların peşəkarlığa, dövlətçiliyə, xidməti borca sədaqətə, işgüzarlığa görə vəzifədə irəli çəkilmələrinin, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsinin DİN rəhbərliyinin daim nəzarətdə saxladığı məsələlərdən olduğunu vurğulayıb. Nazir vətəndaşlara xidmətin şərəfli vəzifə olduğunu, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gərgin səyləri hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qeyd etdikləri kimi, məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunmuş uğurların dövlətimizin başçısı tərəfindən hər zaman yüksək qiymətləndirildiyini gənc zabitlərin diqqətinə çatdırıb.
General-polkovnik Vilayət Eyvazov gənc zabitləri ölkəmizin daxili işlər orqanlarında xidmətə
başlamaları münasibətilə təbrik edərək
çətin və şərəfli xidmətlərində onlara uğurlar
arzulayıb, daim polis
adını uca tutmalarını, bilik və təcrübələrini
artırmalarını, öz üzərlərində işləmələrini, müasir
informasiya texnologiyalarının verdiyi üstünlüklərdən
faydalanmalarını, vətəndaşların müraciətlərinə
həssaslıqla və operativ
yanaşmalarını, fəaliyyətlərində peşəkar
həmkarlarının təcrübəsindən
yararlanmalarını tövsiyə edib.
Azərbaycan.- 2019.-19 dekabr.- S.3.