Quzanlı şəhərə çevrilib
Ermənistan silahlı qüvvələri tərəfindən ərazisinin dörddəüç hissəsi işğal edilən Ağdam zamanın ağır sınaqlarına məruz qaldı. İsti ocağından, rahat yaşayışından, doğma yurdundan perik salınan ağdamlılar zəruri ehtiyacları ucbatından demək olar ki, respublikanın bütün bölgələrinə səpələndilər.
Uzun bir zaman kəsiyində çadırlarda, yük vaqonlarında, torpaq daxmalarda ağır şəraitdə yaşayıb məhrumiyyətlərə məhkum olsalar da, həmişə dövlətə inandılar. Prezidentə sədaqətli olduqlarını öz fəal vətəndaş mövqeləri ilə nümayiş etdirdilər. Müasir dövrün inkaredilməz reallığıdır ki, bütün çətin məqamlarda vətəndaşının yanında olan dövlət də Ağdam əhalisini taleyin ümidinə buraxmadı. "Qaçqın və məcburi köçkünlərin problemləri mənim fəaliyyətimin prioritet istiqamətidir” deyə öz dəyişməz mövqeyini dəfələrlə bəyan edən Azərbaycan Prezidenti İlham Əliyevin ağdamlılara xüsusi qayğı və diqqəti isə yaralı könüllərə ən böyük təsəlli oldu.
Dövlət başçısının hər evə, hər ailəyə ünvanlanan qayğısı rayon ərazisində yeni inşa edilən bütün infrastruktura malik yeni yaşayış qəsəbələrində, müasir tipli məktəb, xəstəxana, uşaq bağçalarında, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün tikilən rahat evlərdə, asfalt yollarda, çoxsaylı sosial obyektlərdə öz parlaq təcəssümünü taparaq hər kəsdə bir məmnunluq, könül xoşluğu yaratdı.
İndi Ağdam rayonu ərazisində yeni salınan yaşayış qəsəbələrinin sayı 18-ə çatıb. Yeni qəsəbələrdə məskunlaşan, mənzil rahatlığına qovuşan ailələrin sayı isə 6500-dür.
Ölkədə uğurla həyata keçirilən kadr islahatlarının doğurduğu xoş ovqat Ağdamda da açıq-aydın hiss olunur. Öz gündəlik fəaliyyətində dövlət başçısının tapşırıq və tövsiyələrini əsas götürən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov hər fürsətdə dövlətin xalq üçün çalışdığını rayonda həyata keçirilən tədbirlərlə təsdiqləyir. Bu sırada ayrı-ayrı kəndlərdə keçirilən səyyar qəbul-görüşlərin əhəmiyyəti böyükdür. Vətəndaşın yanında olub onu narahat edən problemləri öz dilindən eşidən, səslənən təklif və müraciətlər əsasında elə yerindəcə tədbirlər görən məmurun mövqeyi dövlətin yeritdiyi siyasət kimi bəyənilir və təqdir olunur.
Uğurlarla müşayiət olunan 2019-cu il artıq başa çatır. Hər zaman ələbaxımlıqdan uzaq olan, dövlətin qayğısından güc alıb halal zəhmətilə bolluq yaratmağa çalışan ağdamlılar yenə də alnıaçıq, üzüağdır. 2019-cu ilin uğurları kifayət qədər qürurvericidir. Cari ilin yanvar-sentyabr aylarında rayonda istehsal edilən kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 109,496,4 min manat olmuşdur. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz çoxdur. Rayonun təsərrüfatlarında 55,530 ton taxıl istehsal edilmiş, hər hektarın orta məhsuldarlığı 38,4 sentner olmuşdur. Rayonda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı da diqqət mərkəzində saxlanılır. Bu il 1700 tondan çox pambıq istehsal edilmişdir. Bu, keçən illə müqayisədə təxminən 60 faiz çoxdur. Fərəhlidir ki, istər bitkiçilik, istərsə də heyvandarlıq məhsulları istehsalında 2018-ci ilin nəticələri ilə müqayisədə xeyli artıma nail olunmuşdur. Qazanılan nailiyyətlər heç kəsdə arxayınçılıq yaratmır. Gələn ilin məhsul bolluğuna etibarlı bünövrə qoymaq üçün indidən zəruri tədbirlər görülür. Gələn ilin pambıq əkini üçün torpaq istifadəçiləri ilə müqavilələr bağlanılır. İndiyədək 14 min hektara yaxın şum edilmişdir.
Cəbhə bölgələrinə artan dövlət qayğısı Ağdamda daha çox diqqət çəkir. Bu il rayonda 430,4 min manatlıq əsas fondlar istifadəyə verilmişdir. Bütün maliyyə mənbələrindən əsas kapitala 5846,2 min manat investisiya yönəldilmişdir ki, bunun da 5438,2 min manatı dövlət, 408 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür. Yaxşı haldır ki, tikinti-quraşdırma işlərinə yönəldilən investisiya bütövlükdə 5477,2 min manat təşkil edir. Dövlət səviyyəsində göstərilən qayğının məntiqi nəticəsidir ki, rayon ərazisində keçən ildəkindən 19,5 faiz çox tikinti işləri görülmüşdür.
Yol infrastrukturunun ildən-ilə yaxşılaşdırılması, təhsilin və səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, sosial ehtiyacların yüksək səviyyədə qarşılanması, çox sayda sosial obyektlərin tikilib istifadəyə verilməsi bütün rayon əməkçilərinin razılığına səbəb olur, hər kəsdə məmnunluq və dövlət başçısına minnətdarlıq doğurur.
Dövlətin bu cəbhə bölgəsində hər evə, hər ailəyə ünvanlanan böyük qayğısı başa çatmaqda olan 2019-cu ildə ağdamlıların güzəranının daha da yaxşılaşması , rayon mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsinin və kəndlərin dinamik sosial-iqtisadi inkişafı ilə xarakterizə olunur. Bundan güc alan ağdamlıların qurub-yaratmaq eşqi bu gün Quzanlını inkişaf etmiş müasir şəhərə çevirmişdir.
Qazanılan əmək nailiyyətləri, vüsət alan abadlıq, quruculuq işləri nə qədər fərəhli və qürurverici olsa da, hər bir ağdamlının ürəyində bir həsrət var. Bu, Qarabağ nisgilidir, yurd həsrətidir. Hər zaman olduğu kimi, bu gün də dövlət başçısının ətrafında sıx birləşən, yenilməz sədaqət nümayiş etdirən ağdamlılar dədə-baba torpaqlarına qayıdacaqlarına ümidlidirlər. Onlar lazım gələrsə silaha sarılıb Qarabağ uğrunda döyüşlərə atılmağa, düşməndən layiqli qisas almağa da hər an hazırdırlar.
Lazım QULİYEV
Azərbaycan.- 2019.-19 dekabr.- S.7.