Bu il pambıqçılıqda rekord göstərici əldə
olunub
Prezident əldə edilmiş nailiyyətlərlə
kifayətlənməməyi, məhsuldarlığı daha da
yüksəltməyi qarşıya məqsəd qoydu
Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirədə giriş nitq söylədi.
Prezident İlham Əliyevin giriş nitqi
-Biz bu gün pambıqçılıq sahəsində görülmüş işlərə yekun vuracağıq. Pambıq yığımı demək olar ki, başa çatıbdır. Bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Bu, doğrudan da çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir. Bu, bir daha onu göstərir ki, dövlət dəstəyi olmadan pambıqçılıq inkişaf edə bilməz. Biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımızda duran bütün vəzifələrə nail olmuşuq, bu vəzifələri icra etmişik.
Eyni zamanda, biz bu gün növbəti illərdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparacağıq və təkliflər səslənəcək ki, bundan sonra da pambıqçılıq uğurla inkişaf etsin. Pambıqçılıq bizim üçün ənənəvi kənd təsərrüfatı sahəsidir, ta qədim dövrlərdən Azərbaycan ərazisində pambıqçılıqla kəndlilər məşğul olmuşlar. Statistika isə 1913-cü ildən artıq pambıqçılıqda baş verən inkişafı nəzərə alır. 1913-cü ildə Azərbaycanda 100 min hektarda pambıq əkilmişdir və hektardan məhsuldarlıq cəmi 6 sentner təşkil edirdi. Ondan sonrakı dövrlərdə pambığın istehsalı artmışdır. Ancaq ən sürətli artım ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti nəticəsində nəinki pambıqçılıq, kənd təsərrüfatının bütün başqa sahələri də uğurla inkişaf etmişdir. Əgər statistikaya nəzər salsaq görərik ki, onun dövründə baramaçılıq, üzümçülük, pambıqçılıq, meyvəçilik, tərəvəzçilik pik həddə çatmışdır. Beləliklə, kəndlərdə yaşayan insanlar öz maddi durumunu yaxşılaşdırmış, evlər tikmiş, maşınlar, məişət texnikası almışlar. Bir sözlə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdəki fəaliyyəti Azərbaycanı müttəfiq respublikalar arasında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə ucaltmışdır. Bundan daha önəmli məsələ ondan ibarətdir ki, Azərbaycanda yaşayan insanların rifah halı böyük dərəcədə yaxşılaşdırılmışdır.
Məlumat üçün deyə bilərəm ki, 1969-cu ildə Heydər Əliyev birinci katib seçiləndə Azərbaycanda 200 min hektarda pambıq əkilmişdir və 300 min tona yaxın məhsul götürülmüşdür, yəni, məhsuldarlıq orta hesabla 15 sentner səviyyəsində idi. Ancaq 1980-ci illərin əvvəllərində həm məhsuldarlıq artmışdır, 30 sentnerə yaxınlaşmışdır, hətta bir neçə ildə 30 sentnerdən də üstün idi və pambıq tədarükü sabit surətdə təqribən 800 min ton səviyyəsində olmuşdur. 1981-ci ildə isə bu rəqəm 1 milyon tona qalxmışdır.
Heydər
Əliyev Moskvaya gedəndən sonra bütün sahələrdə
olduğu kimi, kənd təsərrüfatı sahəsində
də, o cümlədən pambıqçılıqda vəziyyət
tənəzzülə doğru getdi,
üzümçülük demək olar ki, tamamilə
sıradan çıxarıldı. Deyə bilərəm
ki, bu da həm sovet rəhbərliyinin, həm də o vaxt Azərbaycan
rəhbərliyinin cinayəti nəticəsində baş
vermiş hadisə idi. Çünki
üzümçülüyün Azərbaycanda böyük ənənələri
var idi. Heydər Əliyevin dövründə istehsal 2 milyon
tona qalxmışdır. Yəni, Azərbaycan sovet məkanında
ən çox üzüm istehsal edən respublika idi. Bizdən sonra
gələn respublikalar heç 1 milyon ton üzüm istehsal
edə bilmirdi.
Bizdə isə istehsal 2 milyon ton idi. Təsəvvür etmək çətin deyil ki, bu,
nə qədər böyük xeyir gətirirdi həm
respublikaya, həm də kəndlilərə. Üzümçülüyə çox
böyük ziyan vurulmuşdur və o vaxt bizim üzüm
bağlarımız dağıdılırdı. Yəni, çox böyük xəyanətkar və
cinayətkar siyasət aparılaraq demək olar ki, Azərbaycanın
kənd təsərrüfatı məhv edilirdi. Əfsuslar olsun ki, bunu edənlər o vaxt Azərbaycan
rəhbərliyində olan şəxslər idi.
Dediyim kimi, Heydər
Əliyev 1982-ci ildə Moskvaya gedəndən sonra
pambıqçılıqda tənəzzül dövrü
başlamışdır, istehsal yavaş-yavaş
azalırdı. Azərbaycan 1991-ci ildə müstəqilliyə
qovuşanda pambıq istehsalı 500 min tona, 1993-cü ildə
isə 280 min tona düşmüşdür. Bildiyiniz kimi, müstəqillik dövrünün ilk
illəri çox ağır keçirdi, ölkə çox
ağır vəziyyətdə idi. Ermənistan
işğalı, vətəndaş müharibəsi,
AXC-Müsavat cütlüyünün yarıtmaz, xəyanətkar
fəaliyyəti nəticəsində ölkəmiz uçurum
kənarına gətirilmişdir. Ölkədə total
böhran - siyasi böhran, hərbi böhran, iqtisadi böhran
hökm sürürdü, inflyasiyanın səviyyəsi 1000
faizdən çox idi, sənaye müəssisələri iflic
vəziyyətdə, kənd təsərrüfatı
dağılmış vəziyyətdə idi, ölkədə
talançılıq, rüşvətxorluq,
özbaşınalıq hökm sürürdü. AXC-Müsavat cütlüyünün başında
olan xəyanətkar ünsürlər sanki düşmən
kimi Azərbaycanı dağıdırdılar,
parçalayırdılar, məhv edirdilər. Sanki onlar hansısa cinayətkarın əmrini icra
edirdilər. Bunun nəticəsində əlbəttə
ki, həm sənaye iflic oldu, kənd təsərrüfatı
tamamilə dağıdıldı və həm də ölkə
idarəolunmaz vəziyyətə düşdü. Yalnız xalqın tələbi ilə Heydər
Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyət
sabitləşdi, Azərbaycan inkişaf yoluna gətirildi və
bu gün biz bu inkişafın təzahürlərini həyatımızın
bütün sahələrində görürük.
O vaxt ağır vəziyyətdən
çıxmaq üçün iki əsas amil həyata
keçirilməli idi. Onlardan biri xarici sərmayəni cəlb
etmək idi və biz buna nail olduq. Bu il "Əsrin kontraktı”nın 25 illiyini qeyd
edərkən bir daha bu kontraktın əhəmiyyəti və
Ulu Öndərin bu sahədə gördüyü tarixi
işlər haqqında mən öz fikirlərimi
bölüşmüşdüm və bildirmişdim ki, biz
ölkəyə milyardlarla dollar həcmində investisiya
qoyulmasına nail olduq. Digər
çıxış yolu özəlləşdirmə ilə
bağlı idi. O vaxt çox ciddi iqtisadi islahatlar
aparılmağa başlamışdır, torpaq kəndlilərə,
fermerlərə verilmişdir. Bu, əlbəttə
ki, düzgün addım idi. Ancaq o da həqiqətdir
ki, sovet vaxtından qalan texnika demək olar sıradan
çıxmışdır, aqrotexniki tədbirlərin
görülməsi üçün müasir standartlara cavab
verən təcrübə yox idi, gübrə, pestisidlər ilə
bağlı problemlər özünü kifayət qədər
kəskin büruzə verirdi. Yanacaq
çatışmazlığı da böyük problem idi.
Ona görə özəl qurumlar, kəndlilər
və fermerlər pambığın istehsalını
müasir səviyyədə təşkil etmək
üçün böyük çətinliklər çəkirdilər.
Kəndliləri bunda günahlandırmaq olmaz.
Ancaq pambıqtəmizləmə
zavodlarını özəlləşdirmiş,
pambıqçılığı inkişaf etdirməyə
söz vermiş özəl şirkətlərin fəaliyyəti
əlbəttə ki, qənaətbəxş hesab oluna bilməz.
Daha dəqiq desəm, onların fəaliyyəti
ən pis qiymətə layiqdir. Demək
olar ki, onların yarıtmaz fəaliyyəti nəticəsində
Azərbaycanda pambıqçılıq məhvə doğru
gedirdi, pambıq yetişdirən rayonlarda işsizlik geniş
vüsət alırdı. Özəl
qurumlar bu vəzifənin öhdəsindən gələ bilmədilər,
lazımi səviyyədə sərmayə qoymadılar,
pambıqtəmizləmə zavodlarını səmərəli
işlədə bilmədilər və deyə bilərəm
ki, bu məsələyə bütövlükdə çox
biganə yanaşdılar. Beləliklə,
pambıqçılıqda çox böyük tənəzzül
yaşandı. Əslində biz bu gəlirli,
bizim üçün ənənəvi olan əməktutumlu
sahəni demək olar ki, itirirdik. Bir rəqəmi
deyə bilərəm, 2015-ci ildə cəmi 18 min hektarda
pambıq əkilmişdir və 35 min ton məhsul tədarük
edilmişdir. Baxın, pambığın tədarükü
1981-ci ildəki bir milyon tondan 35 min tona düşdü.
Bilirsiniz, biz bazar
iqtisadiyyatı şəraitində yaşayırıq və
bazar iqtisadiyyatının bütün təzahürləri Azərbaycanda
vardır. Bir rəqəmi demək kifayətdir ki, bizim
iqtisadiyyatımızın hazırda 85 faizi özəl sektorda
formalaşır. Strateji dövlət
müəssisələrindən başqa, bütün qalan
müəssisələr özəl sektorda fəaliyyət
göstərir. Bazar iqtisadiyyatının
qanunları diktə edir ki, bazar liberallaşsın, iqtisadiyyata
dövlət müdaxiləsi minimum səviyyəyə
endirilsin və bu iqtisadi məsələləri bazar
münasibətləri tənzimləməlidir.
Ancaq biz həyatda
görürük ki, bu mənzərə ilə heç də
hər zaman üzləşmirik. Xüsusilə müstəqilliyi
yeni qazanmış ölkələrdə dövlət
müdaxiləsi zəruridir. Əgər dövlət
siyasəti olmasaydı, bu gün biz bu uğurlara nail ola bilməzdik. Əgər
dövlət energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatına
dəstək, sənayenin inkişafı sahələrində
öz ciddi addımlarını atmasaydı, öz siyasətini
ortaya qoymasaydı, bu gün hansı uğurlardan söhbət
gedə bilərdi?! İnfrastruktura özəl
sektor pul qoya bilərmi? Əlbəttə
ki, yox. Üzümçülüyə, hansı ki,
fermer gəliri ən azı 7 il gözləməlidir,
dövlət dəstəyi olmadan kimsə vəsait qoya bilərmi?
Pambıqtəmizləmə zavodlarının yenidən
qurulmasına dövlət dəstəyi olmadan kim
vəsait qoyar? Biz indi pambıq tədarükü
üçün ən müasir texnika alırıq, - Amerika
istehsalı olan "John Deere” kombaynları, - 400-dən
çox kombayn almışıq. Texnikanın
alınmasına bütövlükdə 500 milyon manatdan
çox vəsait xərcləmişik. Hansı
özəl şirkət bunu öz üzərinə
götürə bilər? Ona görə görəndə
ki, biz pambıqçılıq sahəsini də itiririk və
bu, böyük problemlərə gətirib çıxarar, mən
dərhal göstəriş verdim, bu məsələ ilə
özüm məşğul olmağa başladım. Gördüm ki, bu sahədə bazar iqtisadiyyatı
prinsipləri işləmir, çox ciddi tədbirlər
planı tutuldu və 2017-2020-ci illəri əhatə edən
Dövlət Proqramı qəbul olundu. Biz Dövlət
Proqramı əsasında pambıqçılığı
dörd il ərzində demək olar ki,
dirçəltdik və ən yüksək nəticələrə
çatdıq.
Beləliklə, dövlət dəstəyi
nəticəsində son üç il ərzində
15 min 700 texnika alınmışdır. Qeyd
etdiyim kimi, 400-dən çox pambıqyığan kombayn
almışıq, onların da böyük əksəriyyəti
Amerikanın ən qabaqcıl şirkəti olan "John
Deere”in daha məhsuldardır və keyfiyyətə görə
ən yüksək standartlara cavab verən
kombaynlarıdır. Bu, bizə imkan verdi
ki, pambığın 87 faizini texnika ilə yığa bilək
və əl əməyi aşağı düşdü. Ancaq bununla paralel olaraq, biz, əlbəttə ki,
pambıqçılığı əməktutumlu sahə
kimi inkişaf etdirərkən, ilk növbədə, məşğulluqla
bağlı olan problemləri diqqət mərkəzində
saxlamışıq və buna nail olmuşuq.
Suvarma tədbirləri. 100 min hektarda
suvarma tədbirləri görülmüşdür.
Hamımız yaxşı bilirik ki, bu il
çox quraqlıq il olmuşdur və tarixdə bu dərəcədə
quraqlıq heç birimizin yadında deyil. Ancaq
buna baxmayaraq, pambıq tarlalarında su təminatı təşkil
edilmişdir. Əlbəttə ki, əgər
dövlət investisiyalar qoymasaydı, kanallar çəkməsəydi,
meliorasiya və su idarəsinə vəsait ayırmasaydı,
indi pambıq ya əkilməzdi, ya da əkilib tarlalarda
qalacaqdı və yanacaqdı.
Pambıqla məşğul
olan fermerlərə güzəştli kreditlər verildi. Pambıqtəmizləmə
zavodlarında təmir-bərpa, sazlama işləri
aparıldı. Eyni zamanda, Ucar rayonunda
müasir texnologiya əsasında yeni pambıqtəmizləmə
zavodu inşa edilmişdir. 2016-cı ildən
pambığın hər kiloqramına görə
istehsalçılara dövlət tərəfindən 10 qəpik
subsidiya verilməyə başlanmışdır. 2015-ci
ildə pambığın satınalma qiyməti 41 qəpik,
2016-2017-ci illərdə 50 qəpik idisə, 2018-ci ildən bu
rəqəm 65 qəpiyə qaldırıldı və bu da
çox həvəsləndirici amildir. Pestisidlər
güzəştlə verilməyə
başlanmışdır. Hər hektara
güzəştlər 10 manatdan 50 manata qaldırıldı.
Gübrələr üçün güzəştlər
isə 100 manatdan 150 manata qaldırıldı. Bütün bu addımlar dövlətin bu sahəyə
göstərdiyi diqqətin və önəmin təzahürüdür.
Təsadüfi deyil ki, nəticə də özünü
qısa müddət ərzində büruzə verdi.
Əlbəttə ki,
pambıqçılığı inkişaf etdirərkən
biz sosial amili də həmişə diqqət mərkəzində
saxlamışıq. Çünki qeyd etdiyim kimi,
pambıqçılıq əməktutumlu kənd təsərrüfatı
sahəsidir. Hazırda Azərbaycanda 20
rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın
insan işlərə cəlb edildi. Yəni,
pambıqçılığın bir neçə istiqaməti
var və hər istiqamət üzrə minlərlə, on minlərlə
yeni iş yerləri yaradıldı. Təsəvvür edin ki,
20 rayonda 200 minə yaxın iş yerinin yaradılması nə
deməkdir. İndi bizim rayonların əhalisi
orta hesabla təqribən 100-150 min, maksimum 200 min nəfər təşkil
edir. Demək olar ki, hər rayonda orta
hesabla 10 min insan ancaq pambıqçılıqla məşğul
olur. Təbii ki, bu rayonlarda işsizliklə
bağlı problemlər uğurla həll olunur. Eyni
zamanda, bizim çox gözəl indikatorumuz var. Bildiyiniz kimi,
sosial müdafiəni gücləndirmək üçün
biz indi 40 minə yaxın ödənişli ictimai iş yeri
yaratmışıq, dövlət tərəfindən maliyyələşir.
İş tapa bilməyən vətəndaşlar bu ictimai
iş yerlərində işlə təmin olunurlar. İndi pambıq yetişdirən rayonlarda artıq bu
işlərə də tələbat azalır. Çünki insanlar gedib
pambıqçılıqda daha böyük pul qazanırlar və
beləliklə, öz maddi vəziyyətlərini
yaxşılaşdırırlar.
Beləliklə, dörd il ərzində görülmüş kompleks tədbirlər
nəticəsində biz pambıqçılığı
dirçəltdik. Bəzi rəqəmləri gətirməklə
mən bu sözləri təsdiqləyəcəyəm. Beləliklə, 2015-ci ildə, - o ildə ki,
artıq mən bu sahəni itirdiyimizi gördüm, - 18 min
hektardan 35 min ton pambıq tədarük edilmişdir. Hər
hektardan məhsuldarlıq 18,8 sentner idi. 2016-cı ildə artıq 51 min hektarda pambıq əkildi
və 89 min ton pambıq tədarük edildi. Yəni,
2016-cı il bizim
pambıqçılıqla ciddi məşğul olduğumuz
birinci ildir, hektardan məhsuldarlıq 17 sentnerdən bir qədər
çox idi. 2017-ci ildə biz pambıq əkini
sahələrini kəskin artırdıq. Onu
da bildirməliyəm ki, sonra biz bəzi torpaqların
düzgün seçilmədiyini gördük və o torpaq
sahələrini azaltdıq. Ancaq əlbəttə
ki, biz hər şeyi bəri başdan görə bilməzdik.
Ona görə biz 2017-ci ildə 136 min hektarda
pambıq əkdik və 207 min ton məhsul götürdük.
Hektardan məhsuldarlıq isə 15,2 sentnerə
düşdü, çünki bəzi torpaqlar
pambıqçılıq üçün yararsız idi. 2018-ci ildə artıq əkin sahələri
azalmağa başlamışdır və 132 min hektarda
pambıq əkildi. Ancaq daha çox məhsul
götürdük, 233 min ton. Hektardan məhsuldarlıq
artdı və 17,6 sentnerə qalxdı. Bu il isə hesab edirəm ki, ən optimal variant təsdiqlənərək,
100 min hektarda pambıq əkildi və 294 min ton məhsul
götürüldü. Hektardan məhsuldarlıq 29,4 sentner olmuşdur. Yəni, bu,
doğrudan da tarixi nailiyyətdir.
Məndə 1980-ci illərin statistik
məlumatları da var. Deyə bilərəm ki, ancaq tarixdə
cəmi üç il Azərbaycanda
hektardan məhsuldarlıq 30 sentnerdən çox olmuşdur.
Bu, 1979-cu ildə 30,8 sentner, 1980-ci ildə
35,4 sentner və 1981-ci ildə 35,9 sentner təşkil
etmişdir. Bütün tarix boyu cəmi üç il ərzində hektardan məhsuldarlıq 30
sentnerə yaxın olmuşdur və bu il biz bunu artıq
görürük. Əminəm ki, bundan sonra
görüləcək tədbirlər nəticəsində məhsuldarlıq
daha da artacaq. İndi bu barədə burada
məlumat veriləcək. Çünki indi pilot layihələr
var. Pilot layihələrdə pambıq müasir texnologiya əsasında
əkilir və orada məhsuldarlıq daha çoxdur. Əgər
biz indi pilot layihələri ölkə üzrə geniş
yaysaq, əlbəttə ki, 100 min hektardan daha çox məhsul
götürəcəyik.
Pambıqçılıq
çox gəlirli kənd təsərrüfatı sahəsidir. Onu da
xatırlayıram ki, mən 2015-ci ildə bu məsələ
ilə özüm şəxsən məşğul olmağa
başlayanda bəzi hökumət üzvləri hesab edirdilər
ki, pambıqçılıq, ümumiyyətlə, Azərbaycandan
çıxarılmalıdır. Bu, gəlirsiz
sahədir və bunun heç bir perspektivi, gələcəyi
yoxdur. Mən, sözün düzü, təəccüb
etdim, çünki necə ola bilər ki, əsrlər
boyu pambıq yetişdirilib, əsrlər boyu bizim kəndlər
bu sahədə fəal olub. Bu, ənənəvi
sahədir, böyük təcrübəmiz var, insanlar buna
öyrəşiblər. Məgər sovet
dövründə bilmirdilər ki, harada pambıq əkilə
bilər, harada əkilə bilməz. Sovet
dövründə hər şeyi bilirdilər. Dövlət Plan Komitəsi var idi, hər şeyi dəqiqliyi
ilə bilirdilər harada nə əkilməlidir, harada nə
tikilməlidir. Ona görə yenə də
deyirəm, bizim baxışlarımız və çox məqsədyönlü
siyasət pambıqçılığı gəlirli sahəyə
çevirdi və artıq gəlirlər zənciri də
yaradıldı. Bir də ki, pambıq
ixracyönümlü məhsuldur. Mahlıcı
satmaq üçün bazar axtarmaq lazım deyil, dünya
birjalarında satılır. İndi hər
bir ölkənin istehsalçıları qarşısında
duran əsas məsələlərdən biri də bazara
çıxışlardır. Çünki
bazarlar da məhdudlaşır. Bir çox
ölkələr öz tələbatını daxili imkanlar
hesabına ödəməyə başlayıblar. İdxaldan asılılığı azaltmaq təkcə
bizim siyasətimiz deyil, bir çox ölkələr bu yolla
gedirlər. Bizim ənənəvi
bazarlarımızın yerləşdiyi ölkələr əgər
gələcəkdə öz tələbatını daxili
resurslar hesabına təmin edəcəklərsə, biz haraya
mal satacağıq və nəyi satacağıq. Pambıq o məhsullardandır ki, bunun
üçün bazar axtarmaq lazım deyil. Birja var və birjada satılır. Özü də biz, - bu barədə də
danışacağıq, - əgər yığımdan son məhsula
qədər bu zənciri yaratsaq, - biz bunu yaratmalıyıq, -
onda hər bir zəncirin sonunda əlavə dəyər
formalaşacaq. Beləliklə, bu işlərə
cəlb edilən əmək qüvvəsi daha da böyüyəcək
və gəlir daha da artacaq.
Biz hazırda bu işin ilkin
mərhələsindəyik. Ancaq buna baxmayaraq, deyə
bilərəm ki, bu ilin doqquz ayında
pambıqçılıq fermerlərə və şirkətlərə,
ümumiyyətlə, Azərbaycana 111 milyon dollar gəlir gətiribdir.
Yəni, 111 milyon dollar dəyərində məhsul, o cümlədən
87 milyon dollarlıq mahlıc, 22,5 milyon dollarlıq pambıq
ipliyi və 2 milyon dollarlıq pambıq yağı ixrac edilib.
Eyni zamanda, pambıqçılıq sənayesinin
tullantılarından heyvan yemi kimi də istifadə olunur.
Bu rəqəmlər onu göstərir ki, biz
hazırda mahlıc ixrac edirik. Ancaq əsas
vəzifə nəinki pambıq ipliyi, - bu, birinci hədəfdir,
- əsas məsələ son məhsul ixrac etməkdir.
Bunun üçün də bizim aidiyyəti qurumlar, hökumət,
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi
pambıqçılığın sənaye sahəsinə təkan
verə biləcək müəssisələri yaratmaq
üçün gərək fəal işləsinlər,
investorları cəlb etsinlər və güzəştli
kreditlər versinlər.
Qeyd etdiyim kimi, bu il
məhsuldarlıq çox yüksək olubdur - rekord həddə.
Ancaq bunu bütün rayonlara aid etmək
mümkün deyil. Ona görə indi gətirəcəyim
rəqəmlər hər bir rayon rəhbərliyi
üçün siqnal olmalıdır. Çünki
bu gün bu müşavirədə Prezident
Administrasiyasının, mərkəzi icra orqanlarının
nümayəndələri, iyirmi rayonun icra
başçıları və şirkətlərin nümayəndələri
iştirak edirlər. Beləliklə, bu il
yeddi rayonda məhsuldarlıq 30 sentnerdən yuxarı olubdur.
Bunlar ardıcıllıqla aşağıdakı
rayonlardır: Tərtər - 34,8 sentner, Bərdə
- 33,7 sentner, Salyan - 33,2 sentner, Neftçala - 31,6 sentner,
Ağcabədi - 30,7 sentner, Saatlı - 30,4 sentner və Beyləqan
- 30,3 sentner. Bu, onu göstərir ki, həm
fermerlər, həm şirkətlər, həm də rayon rəhbərliyi
bu işlərə çox məsuliyyətlə
yanaşıblar və belə gözəl nəticələr
əldə edilibdir. Üç rayonda məhsuldarlıq
30 sentnerə yaxındır - Biləsuvar rayonu – 29,5 sentner, Sabirabad rayonu – 29,2 sentner və
Ağdam rayonu- 28,2 sentner. Yeddi rayonda məhsuldarlıq
20 sentnerdən çoxdur və bu rayonlar nəticə
çıxarmalıdır. Üç
rayonda isə məhsuldarlıq 20 sentnerdən azdır. Bax, bu rayonlarda çox ciddi təhlil
aparılmalıdır, nə üçün, bunun səbəbi
nədir? Bunun səbəbi
olmalıdır. Ucar – 19,3 sentner,
Hacıqabul – 14,4 sentner, Ağsu – 9,9 sentner. Hacıqabul
və Ağsu rayonlarının icra başçıları dəyişdirildi,
yeni icra başçıları təyin edildi. Onlar bu işləri geniş təhlil etməlidirlər
və sonra məlumat verməlidirlər ki, məhsuldarlıq nə
üçün çox aşağı səviyyədədir.
Ucar Rayon İcra Hakimiyyətinin
başçısı məlumat versin, hazırda məhsuldarlıq
nə üçün aşağı səviyyədədir?
Ucar Rayon İcra Hakimiyyətinin
başçısı Mənsur Məmmədov: Cənab
Prezident, pambıqçılıq ənənəsi Siz qeyd
etdiyiniz kimi yaddan çıxmışdı. İndi
yeni pambıq növləri yetişdirilir, əkin sahələrinin
seçimi aparıldı. Pilot layihələr rayonda tətbiq
olundu və növbəti illərdə daha yüksək məhsul
götürüləcək.
Prezident İlham Əliyev:Yox, növbəti illərdə, əlbəttə,
daha yüksək məhsuldarlıq olacaq. Mən bunu
soruşmuram, mən soruşuram, bu il nəyə
görə məhsuldarlıq aşağı səviyyədə
olub. Bu barədə məlumat verin.
Mənsur Məmmədov:Cənab Prezident, bütün aqrotexniki tədbirlər
görüldü. Ucar torpağının
xüsusiyyəti bir qədər çətinlik
yaratdığı üçün məhsuldarlıq yüksək
olmadı. Pilot sahələrdə yeni texnologiya ilə
daha yüksək məhsul götürüldü və bu,
göstərir ki, gələcəkdə məhsuldarlıq
yaxşı olacaq.
Prezident İlham Əliyev:Buna fikir verin, bu, dözülməz bir rəqəmdir.
Əyləşin. Özü
də qonşu rayonlarda məhsuldarlıq yüksəkdir.
Misal üçün, Yevlax rayonunda 26,4
sentner və digər qonşu rayonlarda məhsuldarlıq daha
yüksəkdir.
Mən artıq qeyd etdim ki,
pambıqçılıq çox əməktutumlu sahədir. Bizim əsas vəzifələrimizdən
biri vətəndaşları işlə təmin etməkdir və
buna nail oluruq. Eyni zamanda, bildirməliyəm
ki, bu il sosial sahədə
görülmüş tədbirlər, aparılan islahatlar
doğrudan da vətəndaşların maddi vəziyyətini
böyük dərəcədə yaxşılaşdırdı.
Bu, bir daha onu göstərir ki, bizim siyasətimizin
təməlində Azərbaycan vətəndaşı
dayanır. Bu il təşkil edilən və həyata
keçirilən çox geniş sosial paket 4,2
milyon əhalini əhatə edib. Problemli kreditlər
öz həllini tapıbdır, özü də problemli
kreditlərlə bağlı olan məsələlər təkcə
bizdə mövcud deyil. Demək olar ki,
postsovet məkanında bir çox ölkələrdə eyni
problemlər mövcuddur. Ancaq biz bunu vətəndaşlar
üçün ən səmərəli şəkildə və
ən məqbul formada ədalətli həll etdik. Devalvasiyadan sonra ağır vəziyyətə
düşən vətəndaşların problemlərini biz həll
etdik.
Müavinətlər
artırıldı - bəzi müavinətlər 50 faiz, bəzi
müavinətlər 2 dəfə artırıldı. Minimum əməkhaqqı
2 dəfə, minimum pensiya 70 faizdən çox
artırıldı. Minimum pensiyanın
alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan
MDB məkanında birinci yerdədir. Bu,
statistikadır. Əlbəttə, mən
bunu demişəm, bir daha demək istəyirəm, çox istəyirəm
ki, maaşlar və pensiyalar daha sürətlə artsın.
Ancaq buna nail olmaq üçün gərək
bizim iqtisadi imkanlarımız da genişlənsin. İqtisadi imkanlar, o cümlədən hər bir sahədə
işin səmərəli şəkildə qurulmasından
asılıdır. Misal üçün,
kənd təsərrüfatının bir çox sahələri
var və vaxtilə o qədər də böyük fikir verilməyən
sahələr indi dirçəlir. Sənaye
istehsalı sahəsində. Bu il
qeyri-neft sənayemiz 14 faiz artıbdır. Şəffaflıq
sayəsində bu il büdcəyə vergi
və gömrük orqanları tərəfindən plandan əlavə
1 milyard manat vəsait daxil olub. Ona görə bütün bu tədbirlər,
islahatlar imkan verdi ki, biz bu böyük
paketi həll edək. Bu, bir neçə milyard
manata başa gəldi. Ancaq biz bunu etməliyik
və edirik.
Pambıqçılıq, həmçinin
yüngül sənayeyə də təkan verir. Mənim sərəncamlarımla
Azərbaycanın bir neçə şəhərində sənaye
zonaları, sənaye parkları yaradılır, o cümlədən
Mingəçevir şəhərində yüngül sənaye
parkı. Buna böyük ehtiyac var.
Çünki Mingəçevir şəhərində işsizlik
başqa şəhərlərdən daha ciddidir, bu da təbiidir,
çünki şəhərdir və şəhərdə
işsizlik adətən daha çox olur. Ona
görə Mingəçevirdə işsizliyin aradan
qaldırılması üçün biz onu bir sənaye
şəhəri kimi inkişaf etdirməliyik. Artıq orada iki böyük iplik fabriki fəaliyyət
göstərir, mən onların açılışında
olmuşam. Bu, birinci mərhələdir.
Fabriklərin sayı çox olmalıdır və
biz çalışmalıyıq ki, pambığı maksimum
dərəcədə emal edək. Çünki
bugünkü emal səviyyəsi bizi qane edə bilməz.
Onu da bildirməliyəm ki,
Azərbaycanda pestisid zavodu yaradılıb, bu da çox önəmli
məsələdir. Mənim təşəbbüsümlə
gübrə və polimer zavodları da fəaliyyət göstərir.
Yəni, biz indi polimerdən hazır məhsul
istehsal edə bilərik. Gübrələri
xaricdən yox, daxili istehsalçılardan ala bilərik.
Yəni, bütün bu addımlar bir məqsədi
güdür ki, ölkəmiz daha da güclənsin, sürətlə
inkişaf etsin və vətəndaşlar işlə təmin
olunsunlar.
Pambıqçılıqla
yanaşı, bizim üçün ənənəvi olan,
ancaq müəyyən müddətdə bir qədər
unudulmuş digər kənd təsərrüfatı sahələri
də inkişaf edir. Onlardan biri baramaçılıqdır.
Bu məsələ ilə mən məşğul
olmağa başlayanda gördüm ki, cəmi 240 kiloqram barama
tədarük edilmişdir. Ancaq sovet
vaxtında nə qədər tədarük edilirdi?! Ona görə görülən tədbirlər nəticəsində
biz həm tingləri aldıq və Qax şəhərində
damazlıq stansiya yaradıldı, dövlət dəstəyi
göstərildi. Artıq bu il 630 ton
barama tədarük edildi. Bu, eyni zamanda, imkan verdi
ki, Şəki ipək kombinatı tam gücü ilə
işləsin. Orada yüzlərlə insan
işlə təmin olundu. Baramaçılığın
böyük gələcəyi var, çox gəlirli və
çox da əmək tələb etməyən sahədir.
Vətəndaşlar qısa müddət ərzində
- bir ay, yaxud da ay yarım ərzində yaxşı pul qazana
bilirlər.
Biz
fındıqçılığı sürətlə
inkişaf etdiririk. Bağların sahəsini kəskin
artırmışıq, 30 min hektardan indi təqribən 80 min
hektara çatdırırıq. Artıq
biz fındıq istehsalı və ixracı sahəsində
dünyada üçüncü yerə
çıxmışıq. Bu da çox
gəlirli sahədir və əlbəttə, təzə
salınan bağlar hələ bar vermir. Hesab
edirəm ki, bir neçə ildən sonra
fındıqçılıq valyuta idxalı baxımından
kənd təsərrüfatının əsas sahələrindən
birinə çevriləcəkdir.
Əvvəlki dövrlərdə
mənim sədrliyimlə çəltikçilik,
sitrusçuluq, tütünçülük,
çayçılıq üzrə müşavirələr
keçirildi.
Bu ənənəvi sahələr inkişaf
edir. Biz siqareti ixracyönümlü məhsul
kimi görürük. Bu il
Sumqayıtda yeni siqaret fabriki açıldı,
Bakıdakı fabrik yenidən quruldu. Biz həm
idxaldan asılılığı azaldırıq, həm də
böyük ixrac imkanı yaradırıq. Yəni, bütün bu sahələr bizim
üçün ənənəvi sahələrdir. Sadəcə olaraq, dövlət diqqəti azalanda bu sahələr
məhvə doğru gedirdi, o cümlədən
üzümçülük. İndi mən
bunu qeyd etdim, Ulu Öndərin vaxtında 2 milyon ton
üzüm istehsal olunurdu, onlarla şərab zavodu fəaliyyət
göstərirdi. Hamısı sıradan
çıxdı, məhv edildi. O zavodların
materialları satıldı, yəni, böyük bir cinayət
törədildi və demək olar ki, bu sahə
itib-batmışdı. Mən rəqəmlərə baxanda
gördüm ki, bir neçə il bundan əvvəl
cəmi 100 min ton üzüm istehsal olunurdu, yeni bağlar
salınmırdı. Çünki əl vermirdi, gərək
xərcləyəsən, 5-6 il gözləyəsən,
məhsul götürəsən, sonra hara satasan? Şərab zavodları yox, emal yox, ona görə
üzümçülük batıb gedirdi. Bir də ki, əlbəttə, Ulu Öndər Azərbaycandan
gedəndən sonra burada rəhbərlik etmiş şəxslər
də bu cinayətin törədilməsində fəallıq
göstərirdilər, üzüm bağlarını qırırdılar.
Bu, böyük bir cinayətdir. Nə
Ukraynada, nə Gürcüstanda, nə Moldovada, nə Ermənistanda
bunlar olmadı. Ancaq burada, nəyə görə?
Çünki buraya Qorbaçov tərəfindən cəza
kimi bir yaramaz adam göndərildi, onun da əsas
məqsədi Azərbaycanı məhv etmək idi və buna
nail olmağa çalışırdı. Ancaq
Azərbaycan xalqı imkan vermədi və cinayət törədəndən
sonra 1990-cı ildə buradan qaçdı. Ondan sonrakı dövrdə - xüsusilə
AXC-Müsavat antimilli qruplaşma hakimiyyətə gələndə
onlar, ümumiyyətlə, başa düşmürdülər,
anlamırdılar ki, kənd təsərrüfatı nədir.
Onların məqsədi talançılıq
idi, Ləl-Cavahirat Fondunu taladılar, orada bir dənə də
əşya qalmamışdır, hamısını
satdılar, neft bonuslarını oğurladılar. Səhv etmirəmsə, onların dövründə
təqribən 20 və ya 30 milyon dollar dəyərində neft
bonusu verilmişdi, oğurladılar. Sonra
bunu axtarmağa başlayanda onun izi-tozu da qalmamışdı.
Bir il ərzində milyardlarla dollar ziyan
vurdular, taladılar, oğurladılar, öz ciblərini
doldurdular, sonra da qorxaqcasına fərarilik edərək
hakimiyyəti tərk etdilər, vəzifələrini
dondurdular və bu gün də öz rəzil hərəkətləri
ilə cəmiyyətdə ikrah hissi doğururlar. Onların bu qorxaqlığı, panika, isterika,
paronoya və satqınlığı artıq heç kimə
sirr deyil. Bax, bu idi real vəziyyət.
Ancaq bu gün biz ölkəmizin hərtərəfli
inkişafına nail olmuşuq və bütün reytinqlər
bunu göstərir. Bu yaxınlarda Azərbaycan
dünyanın güclü ölkələri sırasına
daxil edilib. Bu siyahıda cəmi 80 ölkə
var və bizim bədnam qonşumuzun adı orada yoxdur. Bilmirəm onların adı hansı dəftərdə
var, amma, hər halda, bunu artıq biz demirik, bunu mötəbər
qurumlar deyir. Biz güclü dövlətlər
sırasında 45-ci yerdəyik. Bir
neçə inkişaf etmiş ölkəni
qabaqlamışıq. Hələ mən
Davos reytinqlərini demirəm, onu dəfələrlə
demişəm. Bax, budur bugünkü Azərbaycan.
Ancaq əlbəttə ki, biz
əldə edilmiş nailiyyətlərlə kifayətlənə
bilmərik. Hazırda kənd təsərrüfatı sahəsində
çox ciddi islahatlar aparılır, şəffaflıqla,
subsidiyalarla bağlı yeni mexanizmlər tətbiq edilir.
Əvvəlki dövrlərdə həm mərkəzi,
həm də yerli icra orqanları tərəfindən
subsidiyalarla bağlı böyük pozuntular var idi. Buna son qoyulur və son qoyulmalıdır. Bu sahədə
və bütün başqa sahələrdə tam şəffaflıq
olmalıdır, o cümlədən ödənişli ictimai
iş yerlərinin yaradılması ilə bağlı. Bir neçə icra başçısı vəzifədən
çıxarıldı və səbəblərdən biri də
o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə
tutulan vəsaiti ora-bura xərcləyirdilər. O
siyahılara ya öz qohumlarını yazdırırdılar,
ya da ki, ümumiyyətlə, o vəsait ünvana
çatmırdı. Belə siqnallar olub, onlar
araşdırılır və daha da ciddi
araşdırılacaq. İş təkcə
inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs
eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq,
dövlətə və xalqa, vətəndaşlara xidmət
etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar
dövlətin diqqətini daim hiss eləsinlər, necə ki,
biz hər bir çətin anda vətəndaşın
yanındayıq.
Bu il zəlzələ
olmuşdur. Üstündən cəmi 10 ay
keçib, bütün əsas tikinti işləri artıq
başa çatıb. Minlərlə ev
tikildi, təmir və bərpa edildi. Bəziləri
deyir ki, indi vətəndaşlar gərək bu evləri
özləri bərpa etsinlər, gərək
sığortalasınlar. Əlbəttə,
gərək sığortalasınlar. Mən də
söz düşmüşkən bunu deməliyəm, o
cümlədən ticarət obyektləri, onların hər
biri sığortalanmalıdır ki, sabah bədbəxt
hadisə, yanğın baş verəndə gedib
sığorta şirkətinə müraciət etsin. Yoxsa ki,
yanğın baş verir, günahkar da özüdür, sonra
da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Hansı ölkədə dövlət özəl
sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat
ödəyir? Heç bir yerdə belə
şey yoxdur. Hərə gedir öz əmlakını,
öz mülkünü sığortalayır, bədbəxt
hadisə baş verəndə sığorta şirkəti gəlib
onun pulunu verir, vəssalam. Bizdə də
belə olmalıdır. Mən bunu özəl
şirkətlərə, ticarət obyektlərinə aid edirəm
və xəbərdarlıq edirəm ki, əgər haradasa
daşqın, yanğın nəticəsində nəsə
yanır, batırsa, dövlətdən dəstək almağa
ümid etmək lazım deyil. Düzdür,
biz bəzi hallarda ən kasıb, ən yoxsul təbəqəyə
kömək göstəririk. Amma
altında böyük maşınlar, mülklər, villalar
olan sahibkara dövlət nə üçün kömək
etməlidir? Axı, bu, ədalətsizdir.
Dövlət kimə kömək etməlidir,
ehtiyacı olana. Pulu olan adam
özü kasıba kömək etməlidir. Mən
bunu sahibkarlara dəfələrlə demişəm, onların
sosial məsuliyyəti olmalıdır. Pul
qazanırlar, dövlət şərait yaradıb, harada belə
şərait var? Ölkələr var ki, od
içindədir. Bizim bölgəmizdə, Yaxın Şərqdə,
Avropada, Asiyada, Latın Amerikasında müharibələr,
münaqişələr, qanlı toqquşmalar, kütləvi
etirazlar, polis zorakılığı, dağıntılar
baş verir. Bizdə sabitlikdir, kim
yaradıb bunu, biz, kim faydalanır, bütün vətəndaşlar,
o cümlədən sahibkarlar. Rahat yaşayırlar, heç kim onlara dəymir, əksinə, Prezident həmişə
onları dəstəkləyir. Getsinlər
camaata, kasıba əl tutsunlar. Biz o insana kömək
edirik ki, onun ehtiyacı var. Şamaxıda, Ağsuda,
İsmayıllıda zəlzələ baş verdi.
Biz necə biganə qala bilərdik, vətəndaşlar
qışda donsunlar? Ona görə biz dərhal
vəsait ayırdıq, bütün qurumları səfərbər
etdik və 10 ay ərzində qış gələnə qədər
onların evləri tikildi və təmir edildi. Bax, bu, bizim məsuliyyətimizdir, o insanlar ki,
doğrudan da ehtiyac içindədirlər, o evləri özləri
bərpa edə bilməzlər. İndi o
evləri sığortalamaq üçün maarifləndirmə
işləri aparılmalıdır. Ancaq
hansısa biznesmenə, böyük mülklərə sahib
olan varlı bir adama dövlət niyə kömək etməlidir?
Qətiyyən elə şey ola bilməz və
hər kəs nəticə çıxarsın.
Beləliklə, bu gün
pambıqçılıqla bağlı məsələlər
müzakirə olunarkən bir daha demək istəyirəm ki, mən
görülmüş işlərə yüksək qiymət
verirəm, bütün qurumlar fəal işləyiblər. Prezident
Administrasiyası bu işləri koordinasiya edib. Kənd Təsərrüfatı
Nazirliyi, yerli icra orqanlarının bir çoxu yaxşı nəticələr
əldə ediblər, pis göstəriciləri olan rayonlar da
nəticə çıxarmalıdır.
***
Kənd Təsərrüfatı
naziri İnam Kərimov çıxış
edərək dedi:
-Möhtərəm cənab Prezident.
Bu gün aqrar sektorun
bütün sahələri kimi, pambıqçılıq da
yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illər
verdiyiniz tapşırıqlar və qərarlar, təsdiq
etdiyiniz müvafiq dövlət proqramı öz nəticəsini
verməkdədir.
Ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu
pambıqçılıq ənənələri son illər
yüksək templə inkişaf etdirilərək əvvəlki
şöhrətini bərpa etməkdədir. 2015-ci ildən sonrakı
dövr ərzində pambıq istehsalı 8,2
dəfə artıb. Bu günədək 100 min hektar sahədən
294 min tondan çox pambıq istehsal olunub və hektardan orta məhsuldarlıq
29,4 sentner təşkil edib. Əkin sahəsinin
ötən ilə nisbətən 32 min hektar azalmasına
baxmayaraq, pambıq istehsalı 61 min ton, hektardan orta məhsuldarlıq
isə 11,8 sentner artıb.
Builki yüksək nəticələr,
ilk növbədə, Sizin bu sahəyə
diqqətiniz və dövlət tərəfindən göstərilən
dəstəklə bağlıdır. Belə
ki, 2018-ci ildə xam pambığın fermerlərdən
alış qiyməti hər ton üçün 150 manat
artırılaraq 650 manata çatıb. Fermer
satdığı hər ton xam pambığa görə
dövlətdən 100 manat subsidiya alır.
İstehsalçıların texnikaya və avadanlığa
olan ehtiyaclarını ödəmək məqsədilə son
üç ildə 529 milyon manat dəyərində 15 min 700 ədəd
kənd təsərrüfatı texnikası, o cümlədən
403 pambıqyığan kombayn alınıb.
Fermerlərə satılan pestisidlərin
qiymətinə tətbiq edilən güzəştin məbləğinin
yuxarı həddi 5 dəfə artırılaraq hər hektara
görə 50 manata, mineral gübrələrin dəyərinə
tətbiq edilən güzəştin məbləğinin
yuxarı həddi isə 50 faiz artırılaraq hər hektara
görə 150 manata çatdırılıb. "Aqrolizinq”
ASC-nin balansında olan 768 texnika vasitəsilə fermerlərə
güzəştli şərtlərlə dəstək
göstərilib, gübrələrin səyyar formada yerlərdə
və sahələrdə satışı həyata
keçirilib. Bütünlükdə kənd
təsərrüfatı texnikalarının alınmasına
40 faiz güzəşt tətbiq olunub. Ümumiyyətlə,
ölkəmiz pambıqçılığın
inkişafına göstərdiyi dəstəyə görə
dünya üzrə aparıcı dövlətlərdən
biridir.
Eyni zamanda, Sizin
pambıqçılığın inkişafı məqsədilə
Kənd Təsərrüfatı Nazirliyinin
qarşısında qoyduğunuz vəzifələrin icrası
baxımından əməli tədbirlər həyata
keçirilib, yerli və mərkəzi icra hakimiyyəti
orqanları ilə sıx əməkdaşlıq qurulub. O
cümlədən pambıqçılıqla məşğul
olan şirkət və fermerlərlə yerlərdə və
sahələrdə 10-a yaxın iclas keçirilib, mövcud
problemlər və onların aradan qaldırılması
yolları müzakirə edilərək qərarlar qəbul
olunub, tədbirlər planı hazırlanaraq icra edilib.
Cari ildə artımın
yalnız yüksək məhsuldarlıq hesabına əldə
olunması hədəf seçilib, pambığın
yalnız əkinəyararlı torpaq sahələrində əkilməsi
qərara alınıb. Səpin vaxtında aparılıb,
aqrotexniki tədbirlər vaxtında və düzgün icra
edilib, fermerlərin sağlamlığının və təhlükəsizliyinin
qorunması üçün bütün rayonlarda preventiv tədbirlər
görülüb. Texnikaların ərazilər
üzrə səmərəli dislokasiyası təmin edilib,
toxum, gübrə, su və dərman təminatında
çatışmazlıqlar əsasən aradan
qaldırılıb.
Şirkətlər tərəfindən
pambığın qəbulu prosesində şəffaflığın
və obyektivliyin qorunması üçün Aqrar
İnkişaf mərkəzlərində xüsusi komissiyalar təşkil
edilib, tədarük olunmuş pambığa görə fermerlərə
vəsaitin vaxtında ödənilməsi təmin olunub. Pambığın
kombaynla yığılmasına üstünlük verilib.
Belə ki, yığılan pambığın
87 faizi texnika ilə həyata keçirilib.
2018-ci ildə Ağdam, Beyləqan
və Zərdab rayonlarında əlavə üç, cari ildə
Bərdə rayonunda bir pambıq qəbulu məntəqəsi
tikilib, müvafiq avadanlıqlarla təchiz edilib. Mövsüm ərzində
bu məntəqələr tərəfindən 8 min ton xam
pambıq qəbul olunub. Ucar rayonunda illik istehsal
gücü 40 min ton olan pambıq emalı zavodu, saatda 1,5 ton
lifsiz pambıq toxum istehsalı gücünə malik zavod
istifadəyə verilib, gündəlik 200 ton pambıq
çiyidini emal etmək gücünə malik zavodda tamamlanma
işləri getməkdədir.
Tərəfinizdən verilən
tapşırıqların icrasını təmin etmək
üçün Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi
və əməkdaşları daim fermerlərin yanında
olublar.
Möhtərəm cənab
Prezident, Sizin qarşımızda qoyduğunuz əsas hədəf
məhz məhsuldarlığın yüksəldilməsi
hesabına istehsalın artırılması olub. Aparılan təhlillər
göstərir ki, 2018-ci ildə 30 sentnerdən çox məhsul
götürən 3096 fermer vardısa, 2019-cu ildə bu rəqəm
iki dəfədən çox artaraq 7110 fermer təşkil
edib. 7110 fermer tərəfindən
yığılmış pambıq ümumi istehsalın 39
faizini təşkil edir. Bu məhsulun 29,5
min hektar sahədən yığıldığını nəzərə
alsaq, hektardan orta məhsuldarlıq 39 sentnerdir. 2019-cu
ildə 50 sentnerdən artıq məhsul götürən
fermerlərin sayı 953 olub. 2018-ci illə
müqayisədə hesabat ilində fermerlərin əldə
etdikləri gəlirlərin ümumi həcmi 45 milyon manatdan
çox artıb.
Bu rəqəmlər bir daha
sübut edir ki, torpaq sahələri düzgün
seçildiyi, aqrotexniki tədbirlərə vaxtında və
düzgün əməl olunduğu təqdirdə ölkədə
orta hesabla hər hektardan 30 sentnerdən çox
pambığın istehsalı üçün potensial imkan
mövcuddur.
Eyni zamanda, innovativ texnologiyalardan
istifadənin genişləndirilməsi məqsədilə
nümunəvi təsərrüfatların yaradılmasına
başlanılıb. Ucar rayonunda Çin texnologiyası və Beyləqan
rayonunda türk texnologiyası əsasında pambıq
istehsalı üzrə pilot layihələr həyata
keçirilib. Çin texnologiyası ilə hər
hektardan 60 sentner, türk texnologiyası ilə isə 58 sentner
xam pambıq istehsal olunub.
Gələn il
pambıqçılıqla məşğul olan bütün
şirkətlər yeni texnologiyaların tətbiqini Kənd Təsərrüfatı
Nazirliyinin dəstəyi ilə genişləndirəcəklər.
Məruzə edirəm ki,
2019-cu ildə istehsal olunmuş 294 min ton xam pambıqdan
respublikanın pambıq emalı zavodları tərəfindən
114 min ton mahlıc istehsalı gözlənilir.
Qlobal
çağırışlara uyğun olaraq, dəyər zənciri
üzrə daha çox əlavə dəyərin
yaradılmasına nail olmaq və daxili tələbatı yerli
istehsal hesabına təmin etmək məqsədilə yeni
iplik fabriklərinin və toxuculuq kombinatlarının tikilməsinin
dəstəklənməsinə, pambıqçılıq sahəsində
son məhsulun ixracının stimullaşdırılmasına
ehtiyac vardır.
Pambıqçılığın
inkişafı istiqamətində kadr potensialının
gücləndirilməsi də diqqət mərkəzindədir
və növbəti illərdə də bu tədbirlər
davam etdiriləcək.
Yeni subsidiya mexanizminə əsasən,
2020-ci ildə hər hektara 220 manat, hər ton məhsula 100
manat subsidiya verilməsi nəzərdə tutulur. Belə olduqda, 30 sentner məhsul
götürmüş fermerin dövlətdən əldə
etdiyi vəsait 520 manat olmaqla, çəkdiyi xərcin 55
faizini təşkil edəcəkdir.
Subsidiyaların Elektron Kənd
Təsərrüfatı Sistemi vasitəsilə fermerlərə
verilməsi xidmət prosesini daha çevik və asan edəcək,
xidmətin keyfiyyətini yüksəldəcək.
2020-ci ildə ən azı
105 min hektar sahədə pambıq əkilməsi və daha
yüksək məhsuldarlıq əldə edilməsi nəzərdə
tutulur.
Möhtərəm cənab
Prezident, pambıqçılığın davamlı
inkişafına göstərdiyiniz diqqət və
qayğıya görə bütün kənd zəhmətkeşləri
adından Sizə dərin təşəkkürümüzü
və yüksək ehtiramımızı bildiririk. Sizi əmin
edirik ki, nazirliyin kollektivi etimadınızı doğrultmaq
üçün qəbul etdiyiniz bütün qərarları
və verdiyiniz tapşırıqları vaxtında və
keyfiyyətlə icra edəcək.
Diqqətinizə görə
təşəkkür edirəm.
Prezident İlham
Əliyev:Bu pilot layihələrlə
bağlı bir qədər geniş məlumat verin. Siz deyirsiniz ki, Çin texnologiyası əsasında
60 sentner, türk texnologiyası əsasında 58 sentner. Biz təxminən eyni nəticə əldə
etmişik. İndi bu, hansı sahələrdə əkilibdir
və gələn il bu texnologiyaların tətbiqi
hansı sahələrdə nəzərdə tutulur?
İnam Kərimov:Möhtərəm cənab Prezident, biz 60
sentner əldə etmişik, amma bu texnologiyaların
potensialı daha da böyükdür. Çünki
Azərbaycanda ilk dəfə tətbiq edildiyi üçün
hətta müəyyən çatışmazlıqlar da
olmuşdur. Burada əsasən əkin
metodunun daha fərqli həyata keçirilməsi, bitki sıxlığının
daha yüksək təşkil edilməsi, o cümlədən
suvarmanın və alaq otlarına qarşı mübarizənin
daha mütərəqqi metodlarla həyata keçirilməsi nəzərdə
tutulur.
Prezident İlham
Əliyev:Bu texnologiyaların geniş tətbiqi
üçün nə etmək lazımdır?
İnam Kərimov:Biz artıq şirkətlərlə
danışmışıq. Bu il bunu təkcə
Kənd Təsərrüfatı Nazirliyi həyata
keçirmişdi. Amma gələn ildən həm
MKT, həm "Azərpambıq”, həm də digər
pambıq şirkətləri ilə artıq bu barədə
razılığa gəlmişik. Hər biri öz sahəsində,
yəni 100, hektardan az olmayaraq mütərəqqi
Çin texnologiyası, o cümlədən türk
texnologiyası vasitəsilə də bu pilot layihələri həyata
keçirəcəkdir.
Cənab Prezident, bu yeni texnologiyalar
daha bahalıdır, yəni, burada xərclər nisbətən
çoxdur, amma məqsədimiz çəkilən xərcin və
fermerin əldə etdiyi gəlirin onun üçün əlverişli
olmasıdır. Yəni, biz bu pilot layihələri
həyata keçirəndən sonra əgər fermerə xeyir
etsə, əlbəttə ki, artıq bu, geniş tətbiq
olunmağa başlanacaq.
Prezident İlham
Əliyev: Bəlkə
fermerləri də hansısa yolla həvəsləndirmək
olar ki, onlar bu texnologiyaya daha tez keçsinlər.
İnam Kərimov: Eyni zamanda, şirkətlərlə
yanaşı, planda var ki, bir neçə qabaqcıl fermerlə
müqavilə bağlansın. Yəni, Kənd
Təsərrüfatı Nazirliyinin sifarişi əsasında
onlar bu mütərəqqi texnologiyaları tətbiq etsinlər.
Hesab edirik ki, onların əldə etdiyi yüksək nəticələr
və yüksək gəlirlər digər fermerlər
üçün daha yaxşı nümunə ola
bilər və bunun genişlənməsi bu yolla daha səmərəli
ola bilər.
Prezident İlham
Əliyev: Hesab
edirəm ki, bu işi daha mütəşəkkil şəkildə
həll etmək üçün gərək bu işə təkcə
şirkətlər, fermerlər yox, eyni zamanda, mərkəzi
icra orqanları, o cümlədən "Meliorasiya və Su Təsərrüfatı”
ASC və yerli icra orqanları da fəal qoşulsunlar. Lazım olarsa, müxtəlif maarifləndirmə tədbirləri
də keçirilməlidir. Pambıq əkilən
rayonlarda bəlkə hansısa təqdimatlar keçirilsin, yəni,
geniş təbliğ olunsun. Daha yüksək məhsuldarlığa
nail olmaq üçün hansı konkret addımlar
atılmalı olduğunu kəndlilər özləri də
bilməlidirlər. Yerli icra orqanları da yerlərdə
nəzarət etsinlər və yeni texnologiyalara keçidi də
təmin etsinlər. Ona görə bunu
fikirləşin və Prezident Administrasiyasına da göstəriş
verirəm, yeni səpin mövsümünə qədər mənə
məlumat verin ki, neçə min hektarda artıq yeni
texnologiyalar tətbiq olunacaq.
***
Tərtər Rayon İcra Hakimiyyətinin
başçısı Müstəqim
Məmmədov çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Son illərdə aqrar sahənin,
xüsusilə pambıqçılığın
inkişafı ilə bağlı həyata keçirdiyiniz tədbirlər
insanların maddi rifahının yüksəldilməsinə,
kəndlərimizdə böyük canlanmaya səbəb olub. Hazırda kənd
təsərrüfatı, o cümlədən
pambıqçılıq elmi əsaslarla sürətlə
inkişaf edir və insanlarımızın güzəranına
bolluq, əhval-ruhiyyəsinə nikbinlik gətirir. Torpaq mülkiyyətçiləri və fermerlər
həvəslə sahələrdə əkin-biçinlə məşğul
olur, istehsal etdikləri kənd təsərrüfatı məhsulları
sayəsində həm öz ailələrinin həyatını,
xoş güzəranını təmin edir, həm də
ölkə iqtisadiyyatına sanballı töhfələr
verirlər.
Bu gün Tərtər
pambıqçılarının əldə etdiyi uğurlar
öz başlanğıcını yaxın
keçmişimizdən - ulu öndər Heydər Əliyevin
birinci dəfə respublikamıza rəhbərlik etdiyi
dövrdən götürür. Pambıqçılığın
insanların sosial həyatında nə qədər
böyük rol oynadığını dönə-dönə
bildirən Ulu Öndər respublikaya rəhbərlik etdiyi
1970-ci illərdə bu sahənin inkişafına böyük
önəm verirdi. O zaman Heydər Əliyev Tərtər
rayonunun təbii iqlim şəraitini, torpağının
keyfiyyətini yüksək qiymətləndirərək, burada
pambıqçılığın inkişafını daim
diqqət mərkəzində saxlayırdı. Bunun nəticəsi
idi ki, 1981-ci ildə rayonumuzda pambıqçılıq öz
inkişafının pik nöqtəsinə
çatmış, 11 min hektardan çox sahədə
pambıq əkilərək 43 min tona yaxın məhsul
toplanmışdı. Orta məhsuldarlıq hər
hektardan 39 sentner təşkil etmişdi. Yaşlı
sakinlər Ümummilli Liderlə pambıq tarlalarındakı
görüşlərini, bu qiymətli bitkinin becərilməsinə
dair verdiyi tövsiyələri indi də minnətdarlıq
hissi ilə xatırlayırlar.
Cənab Prezident, 2016-cı ildən
başlayaraq Sizin
tapşırığınız əsasında bu sahənin
dirçəldilməsi üçün
atdığımız addımlar məhz həmin illərdə
qazanılmış zəngin təcrübəyə əsaslanır.
Rayonumuzun pambıqçıları cari mövsümdə
3427 hektar sahədən 11 min 924 ton məhsul tədarük
ediblər. Hər hektar üzrə orta məhsuldarlıq 34,8 sentner olub. Bu nailiyyət
iqtisadi göstərici olmaqla yanaşı, həm də
insanlarımızın öz Prezidentinin siyasətini ürəkdən
dəstəkləməsinin bariz nümunəsidir. Onların vətənpərvərliyinin, Vətənə
bağlılığının təcəssümüdür.
Mənfur qonşularımız becərmə
dövründə işğal altındakı ərazilərdə
yerləşən Sərsəng su anbarından Tərtər
çayına gələn suyun qarşısını kəsdikləri
üçün sahələrin suvarılmasında hər il çox böyük çətinliklərlə
üzləşirik. Sizin tərtərlilərə göstərdiyiniz
xüsusi qayğı nəticəsində sərəncamlarınızla
hər il rayonumuzda yeni subartezian
quyularının qazılması bu çətinlikləri qismən
aradan qaldırır, kənd təsərrüfatı məhsullarının
istehsalı ildən-ilə artır. Məlumat
üçün bildirirəm ki, rayonda istismar olunan 531
subartezian quyusunun 150-si Sizin müvafiq sərəncamlarınızla
son illərdə vurulan artezianlardır.
Fermerlərimizin gərgin əməyi
sayəsində 2019-cu ilin doqquz ayında rayonda kənd təsərrüfatı
məhsullarının ümumi həcmi 62 milyon 983 min manat təşkil
edib və bu da əvvəlki ilin müvafiq dövrünə
nisbətdə 8 milyon 517,6 min manat çoxdur. Bunun
8 milyon manata yaxını yalnız pambıqçılıq
sahəsindən əldə edilib. Bu sahənin
inkişaf etdirilməsi ilə bağlı kənd
camaatının məşğulluğunun təmin olunması
insanlarımız tərəfindən böyük rəğbətlə
qarşılanır. Təkcə Tərtər rayonunda
cari mövsümdə 3995 nəfər pambıq sahələrində
çalışaraq evinə halal qazanc aparıb ki, bunlardan da
1800 nəfəri əllə pambıq toplayanlardır.
Cari ildə Tərtər
rayonunda 2018-ci ilin məhsuluna görə 930
istehsalçıya emal müəssisəsinə təhvil
verdikləri xam pambıq üçün dövlət
büdcəsi hesabına 800 min manat subsidiya ödənilib. Bu il isə
dövlət büdcəsi hesabına 1 milyon 200 min manata
yaxın subsidiya ödəniləcək.
Möhtərəm cənab
Prezident, Siz insanlara ləyaqətlə yaşayıb, zəhmətlə
pul qazanmaq imkanı yaratdınız. Bunun nəticəsidir
ki, fermerlərimizin pambıqçılığa olan
marağı və gəlirləri ilbəil artır.
Fermerlərimizdən Buruc kəndindən İlkin Qurbanov
ötən il 12 min manat, cari ildə isə 12 dəfə
çox - 144 min manat, Bəyimsarov kəndindən 1-ci dərəcəli
"Əmək” ordenli Fazil Vəliyev ötən il 157 min
manat, cari ildə 168 min manat, Azad Qaraqoyunlu kəndindən
İsmayıl Mehdiyev ötən il 13,5 min manat, cari ildə 2,4
dəfə çox - 32,2 min manat gəlir götürüblər.
Onların sahələrində hektarın məhsuldarlığı
rayon səviyyəsindən də yüksək - 40-50 qazana edə
bilərik.
Məhsuldarlığın
yüksək olmasında texnikanın da müstəsna rolu var.
Belə ki, əvvəlki illərdə texnika sarıdan çətinliklərimiz
olurdu. Sizin son müşavirədəki tapşırığınızdan
sonra bu sahədə ciddi dönüş yarandı. Cari mövsümdə rayonumuzda
pambıqçılıq sahəsində 101 texnikadan -
bunlardan da 11-i şum aparılmasında, 44-ü səpin və
becərmədə, 15-i dərmanlamada istifadə olunub, 17-si isə
müasir pambıqyığan kombaynlardır.
Bununla yanaşı, əkin
sahələrinin düzgün seçilməsi, qış
aratına qoyulması, vaxtında şumlanması, gübrələrin
aqrotexniki qaydalara uyğun verilməsi və digər becərmə
işlərinin düzgün təşkili son nəticədə
yüksək məhsuldarlığı təmin edən amillərdir.
Rayonun sosial-iqtisadi
inkişafını təmin etməklə yanaşı, vətəndaşlarla
daim ünsiyyətdə olmağa, onların problemlərini
yerində öyrənib həll etməyə
çalışırıq. Sizin yeni təyin olunan icra
başçılarını qəbul edərkən onlara və
eləcə də bütün rayonların icra
başçılarına verdiyiniz "Siz vətəndaşların
qayğıları ilə yaşamalısınız,
onların problemlərini öyrənməlisiniz, düzgün
təhlil aparmalısınız”
tapşırığınız hazırda bizim fəaliyyətimizin
əsas istiqamətini təşkil edir.
Möhtərəm cənab
Prezident, Siz Tərtərdə olarkən pambıqçılarımızın
təcrübəsinin yayılmasını tövsiyə
etmişdiniz.
Bu, bizim zəhmətimizə verdiyiniz çox
yüksək qiymətdir. Sizi bir daha əmin
edirəm ki, bu, son hədd deyil. Tərtərlilər
bundan sonra da öz əmək nailiyyətləri ilə
ölkəmizin iqtisadi qüdrətinin artmasına töhfə
verəcəklər.
Diqqətinizə görə çox
sağ olun.
Prezident İlham
Əliyev:Çox yaxşı. Mən
bir daha demək istəyirəm ki, Tərtərdə
pambıqçılıqda əldə edilmiş təcrübə
öyrənilməlidir. Doğrudan da
çox böyük işlər görülübdür,
özü də nəzərə almalıyıq ki, bu,
düşmənlə üz-üzə yerləşən
rayondur və tərtərlilər həmişə öz qəhrəmanlıqlarını,
Vətənə bağlılıqlarını göstərmişlər.
2016-cı ilin Aprel döyüşləri
zamanı tərtərlilərin hamısı bir nəfər
kimi öz torpağını müdafiə etməyə
qalxmışdılar. Bir nəfər də
yerindən tərpənmədi. Bu,
böyük qəhrəmanlıqdır və Vətənə
olan bağlılıqdır. Belə
ağır vəziyyətdə işləmək və
yüksək nəticələr əldə etmək
doğrudan da yüksək qiymətə layiqdir. Biz onu da yaxşı bilirik ki, bədnam qonşular Tərtərin
suyunu da kəsiblər. Ona görə bu
ağır vəziyyətdə, demək olar ki, susuz bir vəziyyətdə
belə yüksək məhsuldarlığı əldə etmək,
əlbəttə, yüksək qiymətə layiqdir. Mən
ona görə rayonların adlarını çəkdim ki, hər
kəs bilsin harada nə qədər məhsuldarlıq var. Bəzi
təsərrüfatlarda siz deyirsiniz ki, 40-50 sentner məhsul götürülübdür,
deməli, biz bu hədəfə də
yaxınlaşmalıyıq. Ona görə
növbəti səpin mövsümünə qədər
bütün bu işlər geniş təhlil
olunmalıdır. Harada ki, məhsuldarlıq
yüksəkdir, təsərrüfatlarda orta məhsuldarlıqdan
daha yüksəkdir, o təcrübə öyrənilməlidir.
Ola bilər ki, zona müşavirələri də
keçirilsin. Bu sahədə həm kadr
hazırlığı, maarifləndirmə, yeni texnologiyalar ən
yüksək standartlara cavab verməlidir. Çünki
bizim əlavə torpağımız yoxdur. Biz 100 min hektarı ancaq
pambıqçılığa ayırmışıq və
hesab edirik ki, bu, kifayətdir. Ancaq biz məhsuldarlıq
hesabına tədarükü də artırmalıyıq.
***
"MKT İstehsalat Kommersiya” MMC-nin
baş direktoru Rövşən
Həsənov çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Azərbaycanın
iqtisadiyyatının inkişafının sürətləndirilməsi
strategiyasının özünü tam şəkildə
doğrultduğunu görmək üçün bu gün
ölkənin iqtisadi fəaliyyətinin nəticələri və
təhlilinə nəzər salmaq kifayət edir. Qazandığımız
uğurlar Sizin tərəfinizdən irəli sürülən,
ümummilli liderimiz Heydər Əliyev ideyalarına söykənən
yeni sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl
surətdə həyata keçirildiyini nümayiş etdirir,
ölkəmizin iqtisadi qüdrətinin sürətlə
artmasını, xalqımızın rifah halının
yüksəlməsini, dövlətimizin müdafiə qabiliyyətinin
və beynəlxalq aləmdə nüfuzunun getdikcə möhkəmlənməsini
təmin edir. Sizin təşəbbüs və
tapşırıqlarınızın icrası olaraq son illər
ölkəmizdə reallaşdırılan iqtisadi islahatlar,
sahibkarların fəaliyyəti üçün münbit
şəraitin yaradılması istiqamətində atılan
addımlar, imzalanan fərman və sərəncamlar artıq
öz bəhrəsini verməkdədir. Ölkəmizin
ənənəvi kənd təsərrüfatı sahələrindən
biri olan pambıqçılığın xüsusi nəzarətinizdə
olması bu sahənin inkişafı üçün möhkəm
zəmin yaradıb.
Hörmətli cənab
Prezident, "MKT İstehsalat Kommersiya” MMC
pambıqçılığın inkişafında
qarşıya qoyulan hədəfləri uğurla yerinə
yetirməkdədir. Belə ki, cari ildə 10 min fermerlə
bağlanmış müqavilə əsasında 45 min 763
hektar sahədə pambıq əkilib, tədarük
mövsümü ərzində kondisiya çəkidə
ümumilikdə 145 min 800 ton xam pambıq tədarük edilib.
Sizin tapşırığınızı əsas
götürərək şirkətimiz yüksək məhsuldarlıq
göstəricilərinə nail olmağı hədəfləyib,
aqrotexniki tədbirlərin yüksək səviyyədə təşkili
və vaxtında yerinə yetirilməsi hesabına hər
hektardan 31,9 sentner orta məhsuldarlıq əldə
edilib ki, bu, keçənilki nəticədən 4,6 sentner
artıqdır. Tədarük mövsümü ərzində
qəbul edilmiş xam pambığın dəyəri olaraq
bütün xərclər çıxılmaqla, fermerlərə
ümumilikdə 44 milyon manatdan artıq vəsait ödənilib
ki, bu da şirkətimizin əhalinin rifah səviyyəsinin
yaxşılaşdırılması və məşğulluq
səviyyəsinin artırılması istiqamətində
ölkə iqtisadiyyatına verdiyi töhfənin bariz göstəricisidir.
Məlumat üçün
bildirmək istəyirəm ki, hər hektara düşən mahlıc
çəkisinə görə dünya ölkələrinin
məhsuldarlıq göstəricilərinin sıralamasında
şirkətimiz əldə etdiyi nəticə ilə Amerika,
Hindistan, Özbəkistan kimi pambıqçılıqda
söz sahibi ölkələrin nəticələrini geridə
qoyaraq ilk onluqda qərarlaşıb. Bu, müəyyənləşdirilən
strategiyanın, verilən tapşırıqların və
onların icrasının düzgünlüyünün məntiqi
nəticəsidir.
2019-cu ildə
pambığın məhsuldarlığının yüksəldilməsi
məqsədilə dövlətimizin dəstəyi sayəsində
gübrələrin hər hektar üçün norması
artırılıb. Fermerlərin və ərazi nümayəndələrinin
təlimatlandırılması, onların işlərinin əlaqələndirilməsi
üçün aqronomiya idarəetmə strukturu təkmilləşdirilib.
Fermerlərlə müqavilə bağlanması
zamanı GPS vasitəsilə sahələrin
ölçülməsi və onların elektron xəritəsinin
hazırlanması həyata keçirilib. Hazır
məhsulun keyfiyyətinin yüksəldilməsi, emal
gücünün və mahlıc çıxımının
artırılması məqsədilə Bərdə, Beyləqan,
Ağcabədi və İmişli pambıq emalı
zavodları dövlətimizin verdiyi subsidiyadan yararlanaraq yenidən
qurulub, xam pambıq və hazır məhsulun
saxlanılması üçün infrastruktur
yaxşılaşdırılıb.
Bundan əlavə, Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən mövsüm boyu
pambıqçılıq daim diqqət mərkəzində
olub, 10-a yaxın müşavirə keçirilərək
şirkətin və fermerlərin problemləri yerində dinlənilib
və həlli istiqamətində qətiyyətli addımlar
atılıb ki, bu da əldə edilən nəticədə
müsbət rol oynayıb.
Pambıq və pambıq məhsulları
istehsalında innovativ yanaşmanın tətbiqi, yüksəkkeyfiyyətli
gübrə və pestisidlərdən, ən müasir texnika və
texnologiyadan istifadə edilməsinin, kadrların ixtisas səviyyəsinin
artırılmasının nəticəsi olaraq şirkətimizin
istehsalı olan pambıq məhsulları yüksək keyfiyyəti
ilə xarici bazarlarda öz yerini tutub və bu, ölkənin
xarici ticarət dövriyyəsində əksini tapıb. Belə
ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
"İxrac İcmalı”nın 2019-cu ilin ilk 10 ayının
nəticələrinə görə, qeyri-neft sektoru üzrə
qeyri-dövlət ixracatçı subyektlərin reytinqi
siyahısında "MKT İstehsalat Kommersiya” MMC
üçüncü yeri tutub. Şirkətimizin 10 ayda ixrac gəlirləri
50,5 milyon ABŞ dolları olub və ilin
sonunadək bu rəqəmin 70 milyon ABŞ dollarını
keçəcəyi gözlənilir.
Möhtərəm cənab
Prezident, pambıqçılığa göstərdiyiniz
xüsusi diqqət və qayğı ölkəmiz
üçün ənənəvi olan bu kənd təsərrüfatı
sahəsinin sürətli inkişafına təkan verib. 2020-ci ildə
də "MKT İstehsalat Kommersiya” MMC öz ənənəsinə
sadiq qalaraq ölkə üzrə nümunəvi göstəricilər
əldə etməyi qarşısına hədəf qoyub.
Biz artıq yeni mövsümə hazırlıq
işlərinə başlamışıq. 2020-ci ilin pambıq əkini üçün 5807
fermerlə 27 min 231 hektar sahə üzrə müqavilə
bağlanıb, 20 min hektardan artıq sahədə şum
işləri aparılıb.
Pambıqçılığın inkişafında
qarşımıza qoyulan məqsədə nail olmaq
üçün innovativ yanaşma, kadrların peşəkarlıq
səviyyəsinin artırılması, pambıqçılığın
daha yüksək inkişaf etdiyi ölkələrin təcrübəsinin
öyrənilərək tətbiqi istiqamətində
davamlı addımlar atmağı planlaşdırırıq.
Bu il olduğu kimi, 2020-ci ildə də yeni növ pambıq
toxumlarının təcrübə sahələrində əkilməsi,
toxum sortlarının rayonlaşdırılmasının
araşdırılması, damcı suvarma və tirəyə əkin
kimi yeni metodların sınanması istiqamətində Kənd
Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq
çərçivəsində birgə işlərin həyata
keçirilməsi nəzərdə tutulub. Əminəm
ki, bu və digər addımlar tərəfinizdən daim
göstərilən dəstək sayəsində
pambıqçılığın inkişafı
üçün qarşımıza qoyduğunuz məqsədlərə
çatmaqda öz töhfəsini verəcək.
Hörmətli cənab Prezident,
ölkəmizin bütün pambıqçıları, o
cümlədən çoxsaylı və zəhmətkeş
kollektivimiz adından bizə göstərdiyiniz xüsusi diqqət
və qayğıya görə Sizə təşəkkür
edir və əmin edirik ki, verdiyiniz bütün
tapşırıqların tez bir zamanda və keyfiyyətlə
həyata keçirilməsi üçün bütün səylərimizi
bundan sonra da səfərbər edəcəyik.
Diqqətinizə görə
təşəkkür edirəm.
Prezident İlham
Əliyev:Siz deyirsiniz ki, məhsuldarlığa
görə MKT dünyada ilk onluqdadır. Ən
çox məhsuldarlığı olan ölkələr
hansılardır? Sizdə bu məlumat var?
Rövşən
Həsənov:Bəli var, cənab Prezident. İlk onluqda olan ölkələr Çin,
İsrail, Avstriya, Braziliya, Meksikadır.
Prezident İlham
Əliyev:Avstriyada da pambıq yetişdirilir?
Rövşən
Həsənov:Çox üzr istəyirəm,
Avstraliya, Braziliya, Meksika, Yunanıstan.
Prezident İlham
Əliyev:Orada nə qədərdir məhsuldarlıq?
Rövşən
Həsənov:Onlarda hər hektara mahlıc
çəkisi ildən-ilə dəyişməklə 1300-1700
kiloqram arasında olur. Bu, ilk yeddinci yerə
aiddir. Cənab Prezident, 1100 kiloqram və daha artıq ilk
onluğa düşür.
Prezident İlham
Əliyev:İndi yeni texnologiyalar, - artıq nazir
də bu barədə danışdı, - sizdə də tətbiq
olunur. Gələn il hansı sahədə
onun tətbiqi nəzərdə tutulur?
Rövşən
Həsənov:Cənab Prezident, bu, Çin
texnologiyası və türk texnologiyası dediyimiz
texnologiyalardır. Bərdə rayonunun Ləmbəran
kəndində artıq bir sahə ayrılıb, orada damcı
suvarma sistemləri qurulacaq. Həmin o iki sistemdən də
orada təcrübə sahəsi olaraq bu il
istifadə ediləcək.
Prezident İlham
Əliyev:Yəni, gələn il də bu, elə
pilot layihə kimi nəzərdə tutulur, yoxsa, artıq bunun əkin
sahəsi genişləndiriləcək?
Rövşən
Həsənov:Bu, bizim şirkət
üçün pilot layihəsi olacaq, cənab Prezident. Biz, ondan əlavə, pivot suvarma sistemlərindən
artıq üç ildən çoxdur istifadə edirik.
İndi 4 min hektardan çox sahədə artıq hər il pivot suvarma sistemlərindən istifadə
olunur.
Prezident İlham
Əliyev:Dörd min, amma sizin əkin sahəniz
45 mindir. Yəni, 10 faiz ancaq pivotun
altındadır. Onu da genişləndirmək
lazımdır.
Gələn il
hansı məhsuldarlığı hədəfləyirsiniz? Demək olar indidən?
Rövşən
Həsənov:Cənab Prezident, istənilən
halda məhsuldarlığımızın bu ildəkindən
daha çox olmasını hədəfləyirik. Ən
azı, yəni, bu il göstərilən hədəfin
üzərinə çıxacağıq.
Prezident İlham
Əliyev:Yaxşı.
***
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”
ASC-nin sədri Əhməd
Əhmədzadə çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyiniz,
böyük diqqət və qayğınız sayəsində
ölkə iqtisadiyyatının bütün sahələri
kimi, meliorasiya və su təsərrüfatı sahəsi də
son 16 ildə böyük inkişaf yolu keçib. Sahəyə
ayrılmış əsaslı kapital qoyuluşu dəfələrlə
artıb, onun maddi-texniki bazası xeyli
yaxşılaşdırılıb, yeni 4 su anbarı tikilərək
istismara verilib, 10 min kilometrə qədər yeni suvarma və
kollektor-drenaj şəbəkələri tikilib və bərpa
edilib, 2200-dən artıq subartezian quyusu qazılıb,
ümumilikdə, 462 min hektar sahədə torpaqların su təminatı
və 292 min hektar sahədə meliorativ vəziyyəti
yaxşılaşdırılıb, 194 min hektar yeni
suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb
edilib.
2019-cu ilin kəskin quraq və isti
keçməsinə baxmayaraq, bütün imkanlar səfərbər
edilərək irriqasiya və meliorasiya sistemlərinin normal
istismarı təmin edilib, mövcud su ehtiyatlarından səmərəli
və qənaətlə istifadə edilməsi, suvarmada
növbəliliyin tətbiq olunması və
görülmüş digər tədbirlər nəticəsində
respublika üzrə bütün kənd təsərrüfatı
bitkiləri 1 milyon 400 min hektar sahədə orta hesabla
üç dəfə suvarılıb.
Əvvəlki illərdə
daha böyük sahələrdə pambıq əkini
aparılsa da, sahələr düzgün seçilmədiyindən,
qış otlaq sahələrində, suvarma şəbəkələri
olmayan ərazilərdə pambıq əkinləri
aparıldığından yekunda kifayət qədər məhsul
istehsalına nail olunmurdu. Sizin
tapşırığınıza əsasən, ötən
illərdən fərqli olaraq, Kənd Təsərrüfatı
Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə
ötən ilin payız aylarından başlayaraq 2019-cu ilin
pambıq əkinləri üçün əsasən suvarma
şəbəkələri olan sahələr seçilib və
əkinlər həmin sahələrdə aparılıb.
Pambıqçılıq sahəsinin
daha da inkişaf etdirilməsi, yüksək məhsul istehsalına
nail olunması məqsədilə Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən Səhmdar Cəmiyyətin mütəxəssislərinin,
pambıqçılıqla məşğul olan aidiyyəti
qurumların, fermerlərin və torpaq mülkiyyətçilərinin
iştirakı ilə geniş müşavirələr
keçirilib. Həmin müşavirələrdə
sahədə olan vəziyyət araşdırılıb,
çatışmazlıqlar və problemlər ətraflı
müzakirə edilib, onların aradan qaldırılması
üçün tədbirlər müəyyənləşdirilib
və qarşılıqlı əməkdaşlıq şəraitində
onların həllinə nail olunub.
Cari ildə 100 min hektar
pambıq sahəsini suvarma suyu ilə təmin etmək
üçün suvarma və kollektor-drenaj şəbəkələri,
hidrotexniki qurğu, nasos aqreqatları, subartezian quyuları təmir
edilib və yeniləri tikilib.
Mingəçevir su anbarında suyun
səviyyəsinin azalması ilə əlaqədar Sizin
tapşırığınıza əsasən, ötən
ildən etibarən Yuxarı Şirvan kanalının baş
qurğusunun sugətirici kanalının dərinləşdirilməsi
işlərinə başlanılıb və
görülmüş işlərin nəticəsi olaraq
anbarda suyun səviyyəsinin azalmasına baxmayaraq, cari ildə
kanala tələb olunan miqdarda suyun götürülməsi təmin
edilib. Əgər bu işlər vaxtında yerinə
yetirilməsəydi, Şirvan bölgəsi rayonlarının
130 min hektar torpaq sahəsinin su təminatında və əhalinin
kommunal-məişət su təchizatında ciddi çətinliklər
olardı. Suyun gətirilməsi
üçün hazırda 50 ədəd maşın və
torpaqqazan texnika cəlb olunmaqla işlər davam etdirilir.
Görülmüş tədbirlər
nəticəsində pambıq sahələri ümumilikdə
3,1 dəfə suvarma suyu ilə təmin
edilib.
Möhtərəm cənab Prezident,
Sizin ölkədə taxılçılığın,
pambıqçılığın,
tütünçülüyün, baramaçılığın
və digər sahələrin inkişafı, eləcə də
aqroparkların və iri təsərrüfatların
yaradılması ilə əlaqədar verdiyiniz
tapşırıqların icrası olaraq Səhmdar Cəmiyyət
meliorasiya və irriqasiya sistemlərinin normal istismarının
təşkili, suvarılan torpaqların su təminatının
və meliorativ vəziyyətinin
yaxşılaşdırılması və sahələrin
genişləndirilməsi istiqamətlərində əvvəlki
illərdə olduğu kimi, 2019-cu ildə də fəaliyyətini
davam etdirib.
Cari ildə respublikada 20 min
hektara yaxın ərazidə yaradılmış 10 aqroparkdan
4-ü pambıqçılıq rayonlarının payına
düşür.
Eyni zamanda, Sabirabad,
İmişli, Biləsuvar və Saatlı rayonlarında
yaradılmış iri təsərrüfatlara məxsus yeni
suvarılan torpaqların suvarma suyu ilə təmin edilməsi
və meliorativ tədbirlərin aparılması işləri
davam etdirilib, Salyan rayonunda yerləşən qış
otlaqlarında meliorativ tədbirlərin aparılması
üçün işçi layihə hazırlanıb.
Şəmkirçay su
anbarı zonasında Şəmkir-Samux-Goranboy magistral suvarma
kanalının 2-ci növbəsinin son hissəsinin tikintisi
işlərinin başa çatdırılması ilə
Goranboy rayonunun daha 12 min hektara yaxın torpaq sahəsi suvarma
suyu ilə təmin edilib. Keçən əsrin
80-ci illərində tikintisi yarımçıq qalmış
Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının Kür
çayı üzərində yerləşən nasos
stansiyalarının suvermə qabiliyyətinin
artırılması işləri davam etdirilib.
Suvarma suyundan səmərəli
istifadə edilməsi və su itkilərinin
qarşısının alınması üçün 2018-ci
ildə Araz çayının beton üzlük çəkilmiş
Yeni qol kanalından suvarma sahələrinə suyun
paylanması məqsədilə 115 kilometr paylayıcı
kanalların tikintisi cari ildə başa
çatdırılıb.
Sizin
tapşırığınıza əsasən, Ələt-Astara
magistral avtomobil yolunun Salyan, Neftçala, Biləsuvar və Cəlilabad
rayonlarından keçən hissəsində yerləşən
20 min hektar qış otlaq sahələrində meliorativ tədbirlərin
layihə sənədlərinin hazırlanmasına
başlanılıb.
Respublikanın 41 şəhər və
rayonunun 254 yaşayış məntəqəsində 345 ədəd
subartezian quyusu, - onlardan 160 ədədi
pambıqçılıq rayonlarının ərazilərində,
- qazılıb ki, bu da 8362 hektar torpaq sahəsinin su ilə təmin
edilməsinə imkan yaradıb.
2019-cu ildə respublikada 80 min hektara
yaxın sahədə mühüm meliorativ tədbirlər həyata
keçirilib ki, onun 28 min hektarı yeni suvarılacaq, 30 min
hektarı su təminatı və 22 min hektarı meliorativ vəziyyəti
yaxşılaşdırılan torpaqlardır və bunun da 49
min hektarı pambıqçılıq rayonlarının
payına düşür.
Tapşırığınıza
əsasən, 2020-ci ildə 400 ədəd subartezian quyusundan
158-nin pambıqçılıq rayonlarında qazılması
nəzərdə tutulub. Hazırda mütəxəssislərimiz tərəfindən
yerli icra hakimiyyəti orqanları ilə birlikdə həmin
quyuların yerlərinin seçilməsinə və layihələrinin
hazırlanmasına başlanılıb.
Möhtərəm cənab Prezident,
tapşırığınıza əsasən mövcud
potensiallardan, torpaq və su ehtiyatlarından daha səmərəli
istifadə etməklə sahənin intensiv və ekstensiv
inkişafının təmin edilməsi məqsədilə
mövcud suvarma şəbəkələrinin müasir tələblər
səviyyəsində yenidən qurulması, torpaq məcralı
kanalların beton üzlüyə alınması, istismar
müddətini başa vurmuş nov kanallarının yenisi ilə
əvəz edilməsi, suvarmada müasir texnologiyaların tətbiq
olunması və suvarılan torpaqların genişləndirilməsi
barədə Səhmdar Cəmiyyət tərəfindən
İqtisadiyyat Nazirliyinə müvafiq təkliflər təqdim
edilib və hazırda onlara baxılır.
Möhtərəm cənab
Prezident, biz 16 ildir şahidiyik ki, Sizin rəhbərliyiniz
altında həyata keçirilən hər bir tədbir bu və
ya digər sahənin intensiv inkişafını, bu sahədə
böyük dönüşün baş verməsini təmin
edən səfərbəredici qüvvəyə malikdir. Son illərdə
pambıqçılıqla bağlı keçirdiyiniz
müşavirələr bunu bir daha sübut edir. Çünki Siz təkcə qarşıya tələblər
qoymaqla kifayətlənmir, sahənin inkişafı
üçün lazım olan dövlət dəstəyini ən
yüksək səviyyədə təmin edirsiniz. Nəticələr
göz qabağındadır: 294 min ton Azərbaycan
pambığı.
Respublika melioratorları Sizi əmin
edirlər ki, pambıq və digər kənd təsərrüfatı
məhsullarının istehsalının artırılması
üçün bundan sonra da daha böyük səylə
çalışacaqlar.
Diqqətinizə görə
minnətdaram.
Prezident İlham
Əliyev: Gələn
il pambıqçılıqla bağlı
hansı planlarınız var? Su ilə təmin
edəcəksinizmi?
Əhməd
Əhmədzadə:Şirvan və Mil-Muğan düzlərində
suvarma dövriyyəsinə daxil olmayan torpaqlarımız var
ki, əsas o işləri davam etdirəcəyik. İndi Sabirabadda çox böyük sahələr
var, 14 min hektara yaxını yeni sahədir.
Prezident İlham
Əliyev: Onu
biz həll etdik.
Əhməd
Əhmədzadə:Bəli, onu nasos stansiyalarında Sizə
göstərmişdim, tikilib qalırdı. Çox
böyük işdir, Sabirabad üçün çox
böyük tədbirdir. "H”
kanalını Siz çəkdirdiniz, onların 12 min hektar sahəsini
su ilə təmin edir.
Prezident İlham
Əliyev:Bəli, mən Sabirabadda olarkən
fermerlər müraciət etdilər, vəsait ayırdıq və
həll etdik. O problem artıq həll olunub.
Əhməd
Əhmədzadə:Sizin
tapşırığınıza əsasən Salyan
yolundakı sahəni araşdırdıq. Salyanla
o biri rayonların əhatəsinə, Cəlilabada qədər
olan hissədə 32 min hektar torpaq var.
Prezident İlham
Əliyev:Əlbəttə, yeni tras ki çəkildi,
o trasın sağı-solu istifadə olunmamış, yəni,
heç vaxt əkilməmiş torpaqlardır. Əgər
orada meliorativ tədbirlər görülərsə, biz
onları da dövriyyəyə cəlb edə bilərik.
Əhməd
Əhmədzadə:Sizin
tapşırığınızla biz iki layihəni - 12 minlik
Salyan layihəsini 20 minlik layihə ilə birləşdirdik. İndi kanalların sugətirmə qabiliyyətini,
nasos stansiyalarının gücünü artırmaqla bir
bölgədə 32 min hektar yeni suvarılan sahələr
yaxın vaxtlarda istifadəyə veriləcək.
Prezident İlham
Əliyev:Salyanın icra başçısı
da məlumat versin. O sahələr pambıq üçün
yararlıdırmı?
Salyan Rayon İcra
Hakimiyyətinin başçısı Sevindik Hətəmov:Su ilə təmin edilsə, gələcəkdə
istifadə oluna bilər.
Prezident İlham
Əliyev: Bəs,
indi oraya əmək resursları cəlb etmək olarmı, o
yerlərdə yaşayış məntəqələri
yoxdur.
Sevindik Hətəmov:Yaşayış məntəqələri
yoxdur, amma torpaqlar var.
Əhməd
Əhmədzadə:Yaxındadır, cənab Prezident. Keçən
il Salyan həmin ərazidən istifadə
etmişdi, bir az pambıq əkmişdi, heç 3-5 sentner
götürə bilmədilər. Amma meliorasiya
olunan torpaqda 30 sentner götürürlər.
Prezident İlham
Əliyev:Bəli, 33,2 sentner və
üçüncü yerdədir. Quraqlıq bu il
bizə həddindən çox problem yaratdı.
Əhməd
Əhmədzadə:Quraqlıqla mübarizə aparmaq
üçün yalnız mövcud su potensialımızdan səmərəli
istifadə etmək lazımdır. Sağ olun, bu yaxınlarda
Siz əlavə vəsait ayırmağı
tapşırdınız, onun hesabına nasosların,
subartezian quyularının işləməsini artıq təmin
edirik, yerlərdə problem aradan qalxır. Bu sahəyə
kömək göstərmək üçün alternativ
variantlar kimi kollektor-drenaj sistemlərinin suyundan da istifadəni
nəzərdə tuturuq. İl ərzində
təqribən 100 kubmetrə yaxın o sulardan istifadə
olunacaq. Əvvəllər az istifadə
olunub, amma bu il belə nəzərdə tuturuq. Ancaq
əsas məsələ qənaət rejimində işləmək,
suvarmanı düzgün təşkil etməkdir. Məhsuldarlığa
baxsaq, cənab Prezident, bu il o rayonların məhsuldarlığı
yuxarıdır ki, orada doğrudan da su çətinliyi var. Mənfur
qonşular Tərtər rayonunun suyunu kəsiblər, ancaq
artezianların hesabına məhsul 35 sentnerə yaxın olub.
Prezident İlham
Əliyev:Elədir, artezianların çox
böyük faydası oldu. Biz son illərdə
təqribən 1500-ə yaxın artezian quyusu qazdıq.
Əhməd
Əhmədzadə:İndi tapşırıq verdiniz,
bu il daha 400 artezian quyusu qazılacaq.
Prezident İlham
Əliyev:Gələn il 400.
Əhməd
Əhmədzadə:Gələn il üçün.
Prezident İlham
Əliyev: Bu il 300 idi.
Əhməd
Əhmədzadə:Bu il 345 idi, Sizin verdiyiniz
tapşırıqla ümumi götürəndə 345 olur.
Prezident İlham
Əliyev:Bəli, gələn il 400 quyu da
böyük xeyir gətirəcək.
***
"Azərbaycan Sənaye
Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin
baş direktoru Kamran Nəbizadə
çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Ölkəmizdə
reallaşdırılan iqtisadi islahatlar, sahibkarlıq fəaliyyətinin
təşviq edilməsi, sahibkarlar üçün münbit
şəraitin yaradılması, imzalanan fərman və sərəncamlar
artıq öz bəhrəsini verməkdədir. Kənd təsərrüfatının,
o cümlədən pambıqçılığın
inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyiniz qərarlar
və verdiyiniz tövsiyələr sayəsində ölkəmizdə
bu sahənin sürətli inkişafı üçün əlverişli
şərait yaradılıb.
Hörmətli cənab Prezident,
"Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə
müəssisəsi olan "Azərpambıq Aqrar Sənaye
Kompleksi” MMC 2018-ci ilin mayında təşkil olunub, 6 pambıq
emalı zavodu, 6 pambıq tədarükü məntəqəsi,
1 yağ emalı zavodu və Biləsuvar rayonunda 2 min hektarda
yerləşən pivot suvarma qurğuları ilə təchiz
edilmiş təcrübə-sınaq mərkəzindən ibarətdir.
Cəmiyyət tərəfindən 2019-cu ildə
4481 fermerlə müqavilə imzalanıb, 29 min hektar sahədə
pambıq əkilib. Pambığın əkilib-becərilməsində
elmi yanaşma, növbəli əkin sistemi, müasir
texnologiyaların tətbiqi ilə intensiv inkişaf, məhsuldarlığın
yüksəldilməsi və keyfiyyətli pambıq
istehsalı əsas məqsədlərdəndir.
Cari ildə tərəfimizdən
bir sıra tədbirlər həyata keçirilib. Belə ki,
istehsalat fəaliyyəti, satış, təchizat və
korporativ idarəetmə sahələri üzrə tədbirlər
planı, o cümlədən rayonlar üzrə əməliyyat
planı və aqrotexniki xəritələr hazırlanıb.
Fermerlərin elektron reyestri yaradılıb,
pambıq əkilmiş sahələr ölçülərək
xəritələnib və vahid coğrafi məlumat bazası
yaradılıb. "Azərbaycan Sənaye
Korporasiyası” ASC-nin sifarişi ilə "Azərkosmos” ASC-yə
məxsus "Azərsky” peykinin təsvirləri əsasında
pambıq əkini sahələrinin monitorinqi aparılıb. Layihə çərçivəsində
suvarmanın, bitkinin cücərməsinin və
inkişafının müqayisəli təhlilləri həyata
keçirilib, əldə edilmiş nəticələrə
uyğun olaraq tədbirlər görülüb. Tələbata uyğun olaraq yüksəkkeyfiyyətli
pambıq toxumu, gübrə və bitki mühafizə vasitələrinin
seçimi və tədarükü istiqamətində işlər
aparılıb. Pambıq əkini və becərmə
dövründə fermerlərin maariflənmə tələbatını
nəzərə alaraq Kənd Təsərrüfatı
Nazirliyinin dəstəyi ilə tərəfimizdən müxtəlif
bölgələrdə xaricdən dəvət edilmiş
mütəxəssislər, həmçinin yerli aidiyyəti
qurumların nümayəndələri, aqronomlar və fermerlərin
iştirakı ilə seminarlar və müşavirələr
təşkil edilib. Çox vacib amil odur ki, bizim
maddi-texniki bazamız güclənib. Biz, bu iki il ərzində
"Azərpambıq” MMC-nin istifadəsinə 753 texnika, o
cümlədən 45 kombayn, 201 traktor və 507 müxtəlif
təyinatlı qoşqular vermişik ki, bunlar da birmənalı
olaraq məhsuldarlığın artmasına təsir edir.
Müəssisənin
qarşısında duran ən önəmli vəzifələrdən
biri də şəffaf və dolğun uçot sisteminin
qurulması idi. Bu elektron sistem üzərindən maliyyə
menecmenti, insan resurslarının idarə edilməsi,
satınalma, satış, istehsal və digər biznes proseslərin
müvafiq modullar vasitəsilə avtomatlaşdırılmış
rejimdə həyata keçirilməsi təmin edilir. Əlavə olaraq maliyyə axınları üzərində
mərkəzləşdirilmiş nəzarətin və şəffaflığın
təmin edilməsi üçün elektron
bankçılıq platforması tətbiq olunub.
Hazırda pambıq tədarükü
mövsümü yekunlaşıb və pambığın emalı
prosesi başlayıb. 2018-ci ildə 29 min hektarda əkin
aparmışdıq və 56600 ton xam pambıq əldə
etdik. Bu il Sizin ekstensiv qaydalardan intensiv və innovativ
qaydalara keçmək tapşırığınızı rəhbər
tutaraq 2019-cu ildə əkin sahələrinin miqdarını
eyni - 29 min hektarda saxlamaqla 80 min ton xam pambıq
yığmışıq. Biz ilin əvvəlində hektardan
25 sentnerə yaxın xam pambıq yığmağı
proqnozlaşdırmışdıq, artıq bizim nəticəmiz
27,6 sentner təşkil edir.
Emal zavodlarının istismara
buraxılışı əsasən 2004-2008-ci illəri əhatə
etdiyindən onların modernləşdirilməsi və yenidən
qurulmasına ciddi tələbat var. Bu məqsədlə ilkin
olaraq "Azərpambıq” MMC-nin vəsaiti hesabına
Ağcabədi rayonunda günlük emal gücü 200 ton xam
pambıq olan yeni pambıqtəmizləmə zavodu demək
olar ki, sıfırdan quruldu və bu ayın sonunadək
istismara veriləcək. Bu da imkan verəcək
ki, yığdığımız 80 min xam pambığı
tam emal edək.
Mahlıcın keyfiyyətini
yüksəltmək məqsədilə Ağcabədi, Beyləqan,
Biləsuvar, Saatlı zavodları qaz və qurutma
qurğuları ilə təmin edilib. Gələcək illərdə
tələbata görə mövcud zavodların
modernizasiyası və ya yenilənməsi
planlaşdırılır. Görüləcək
işlər yüksəkkeyfiyyətli və rəqabətli
mahlıc və yağ istehsalına imkan
verəcək.
İnkişaf
strategiyasının digər istiqaməti müasir
avadanlıqlarla təchiz olunmuş tekstil fabrikinin
qurulmasıdır ki, bu da mahlıcın son məhsula
çevrilməsini, əlavə dəyərin
yaradılmasını, gəlirlərimizin artmasını təmin
edəcək.
Pambıq mahlıcından yüksəkkeyfiyyətli iplik və
parça istehsalının təşkili həm dəyər
zəncirinin artmasına, həm də yeni iş yerlərinin
yaranmasına xidmət edəcək. Hazırda
bu istiqamət üzrə işlər gedir, araşdırmalar
və hesablamalar aparılır.
Kənd təsərrüfatının
müvafiq sahələri üzrə peşəkar gənc
kadrların hazırlanması Korporasiyanın ən vacib vəzifələrindən
biridir. Bu məqsədlə "Azərbaycan Sənaye
Korporasiyası” ASC ilə Azərbaycan Dövlət Aqrar
Universiteti arasında memorandum imzalanıb. Məqsədimiz
aqrar sahədə, o cümlədən
pambıqçılıq sahəsində birgə elmi tədqiqatlar
aparmaq, tələbələrin biznes ideyalarını, innovativ
təşəbbüslərini dəstəkləmək və
nəticədə pambıqçılığı və
digər sahələri ixtisaslaşmış kadrlarla tam təmin
etməkdir.
Artıq yeni mövsümə
hazırlıq işlərinə başlanılıb. Hazırda 2661
fermerlə müqavilə imzalanıb. Bu,
16 min hektar sahəni əhatə edir. Biz 9700
hektarda çöp doğrama işləri aparmışıq
və 7300 hektarda şum işləri aparılıb.
Dövlət
proqramlarından irəli gələn, respublikada
pambıqçılığın inkişafı üzrə
qarşıya qoyulan vəzifələrin icrasında üzərimizə
düşən məsuliyyəti dərk edərək
bütün tapşırıqların tez bir zamanda və
keyfiyyətlə həyata keçirilməsi üçün
bundan sonra da var gücümüzlə
çalışacağıq.
Hörmətli cənab
Prezident, icazə verin, pambıqçılığa göstərdiyiniz
xüsusi diqqət və qayğıya görə Sizə
çoxsaylı kollektivimizin minnətdarlığını
çatdırım.
Diqqətinizə görə çox
sağ olun.
Prezident İlham
Əliyev:Tekstil fabrikinin tikilməsi ilə
bağlı siz hansısa ciddi təhlil
aparmısınızmı?
Kamran Nəbizadə:Bəli, cənab Prezident, təhlillər
aparılıb. Biz hesablamalar aparmışıq və
bütün hesablamalar hazırdır ki, yeni fabrikin tikilməsi
neçəyə başa gələcək, orada 30 və 40
seriyalı ipliklərin istehsalı təmin olunmalıdır,
çünki onlar daha əlverişli və yüksək qiymətə
satılır, ixrac olunur.
Prezident İlham
Əliyev:Məhsuldarlıqla bağlı siz deyirsiniz ki,
25 sentner nəzərdə tutulurdu, 27,6 sentner əldə
edilib. Ancaq bu, MKT-dən aşağı göstəricidir.
Ona görə siz də
çalışmalısınız ki, 30 sentnerə
yaxınlaşasınız. Çünki
bizim əsas tədarükçülər MKT və Azərbaycan
Sənaye Korporasiyasının törəmə şirkəti
olan "Azərpambıq”dır. Bu iki
şirkət birlikdə 225 min ton pambıq tədarük edib,
294 minin 225 min tonunu. Əkin sahələri
də 75 min hektardır. Yəni, bizim
pambıqçılıqla məşğul olan bu iki şirkətdir,
biri dövlət şirkəti, biri özəl şirkət.
Rəqəmlər göstərir ki, özəl
şirkət məhsuldarlıqla bağlı daha səmərəli
işləyir. Bunun, əlbəttə, bir izahı ola bilər ki, "Azərpambıq” indi yeni əsaslarla
qurulur, əvvəlki dövrlərdə bu sahədə
çox böyük pozuntulara yol verilmişdi. Yeni
şirkət olaraq əlbəttə ki, müəyyən qədər
vaxt lazımdır. Ancaq bu ilin təcrübəsi
geniş təhlil edilməlidir, həm müsbət təcrübə,
həm də ki, mənfi təcrübə. Müsbət təcrübə ona görə ki, o səviyyəyə
çatmamış təsərrüfatlar və rayonlar
ümumi məhsuldarlığın səviyyəsinə
çatmağa çalışsınlar. Mənfi təcrübə də ciddi təhlil
olunmalıdır ki, gələcəkdə bu pozuntulara və
məsuliyyətsizliyə yol verilməsin.
***
Bərdə Rayon İcra Hakimiyyətinin
başçısı Vidadi
İsayev çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Bugünkü müşavirə Sizin
rəhbərliyinizlə regionların sosial-iqtisadi
inkişafına dair dördüncü Dövlət
Proqramının uğurla icra edildiyi, yeniləşmə,
müasirləşmə və geniş islahatların həyata
keçirildiyi əlamətdar bir dövrə təsadüf edir.
Yeni Dövlət Proqramı, həyata
keçirilən tədbirlər regionlarda əvvəlki illərdə
aparılan islahatlara, görülən işlərə yeni təkan
verib, digər sahələrlə yanaşı, qeyri-neft
sektorunun, o cümlədən strateji sahə olan kənd təsərrüfatının
inkişafında da əsaslı dönüş yaradıb.
Sizin böyük uzaqgörənliklə
irəli sürdüyünüz "Strateji Yol Xəritəsi”nə
uyğun olaraq, istifadəsiz torpaqların əkin dövriyyəsinə
qaytarılması, görülən meliorativ tədbirlər,
su təchizatının yaxşılaşdırılması,
yeni aqroparkların yaradılması, ən müasir texnika ilə
təchizat, yeni aqrotexniki üsulların tətbiqi, ən əsası,
əmək adamlarına olan yüksək dövlət
qayğısı bu yüksəlişi şərtləndirən
əsas cəhətlərdir. Məhz bunun nəticəsidir
ki, pambıqçılıq, baramaçılıq, meyvə,
tərəvəz istehsalında və digər sahələrdə
2019-cu ildə əvvəlki illərlə müqayisədəki
fərq faizlə deyil, dəfələrlə
ölçülür.
Cənab Prezident,
respublikanın ən böyük kənd təsərrüfatı
rayonlarından olan Bərdədə də digər sahələrlə
yanaşı, pambıqçılıqda sürətli
inkişaf dinamikası var. 2015-ci ilə nisbətən 2019-cu
ildə pambıq əkini sahəsi 9 dəfə, pambıq
istehsalı 12 dəfə artıb.
Sizin Ulu Öndər dövründəki
ənənəni davam etdirərək son
pambıqçılıq müşavirəsini Bərdədə
keçirməyiniz, pambıqçılarla səmimi
görüşünüz, verdiyiniz tapşırıq və
tövsiyələr Bərdə pambıqçılarında
əmək coşqunluğunu daha da artırıb və Sizə
söz verdiyimiz kimi, bərdəlilər öz ənənəsinə
sadiq qalaraq 2018-ci və 2019-cu illərdə pambıq
yığımını ən yüksək məhsuldarlıqla
başa çatdırıblar.
Müqayisə üçün
bildirirəm ki, bu il Bərdədə 2018-ci ildəkindən
510 hektar çox - 10140 hektar sahədə pambıq əkilib,
indiyədək ötən ildəkindən 8,6 min ton çox
– 34150 ton pambıq tədarük edilib. Məhsuldarlıq
ötən il 26,4 sentner olduğu halda, bu
il 33,7 sentnerdən çox olub.
Möhtərəm cənab Prezident,
Sizin daim qeyd etdiyiniz kimi, pambıq ölkəyə valyuta gətirən,
respublikada sənaye istehsalına təkan verən sahə
olmaqla yanaşı, həm də insanların məşğulluğunun
təmin edilməsinə, əhalinin həyat səviyyəsinin
yüksəlməsinə əhəmiyyətli dərəcədə
təsir göstərən sahədir. Məhz buna görədir
ki, əhalinin torpağa bağlılığı daha da
artıb, 2019-cu ildə kənd təsərrüfatı sahəsində
38 min nəfərdən çox, təkcə
pambıqçılıq sahəsində 20 min nəfərə
yaxın sakinimiz işə cəlb edilib.
Sevindirici haldır ki, son
dövrlər keyfiyyətli dərmanların tətbiqi, yeni
müasir texnikalarla təminat, subsidiyalarda yeni qaydaların tətbiqi,
bütövlükdə dövlətin
pambıqçılığa göstərdiyi dəstək, əmək
adamlarına olan diqqət və qayğı
pambıqçılığa marağı daha da
artırıb.
Bu səbəbdən qabaqcıl fermerlərin də
sayı ilbəil artır.
Cari ildə
pambıqçılıqdan rayona 22,9 milyon manatdan çox vəsait
daxil olub, həmçinin subsidiya hesabına əlavə 3,4
milyon manat vəsait də daxil olacaq ki, bu da ümumilikdə
26,3 milyon manat təşkil edir. Bu vəsaitin 21
milyon manatı əmək adamlarına çatan xalis
qazancdır.
Cari ildə rayonda digər təsərrüfat
sahələrində də yüksək göstəricilər
əldə edilib. Bu il taxıl tədarükündə
də respublikada ən yüksək məhsuldarlıq məhz
Bərdə rayonunda olub.
Cənab Prezident, yeri gəlmişkən
bir faktı da qeyd edim. Biz həmişə elə
hesab edirik ki, təkcə pambıqçılıqda,
baramaçılıqda, konkret bu sahələrdə
inkişaf var və yaxud da çox məhsul
götürülür. Mən haşiyə
çıxıb demək istəyirəm ki, təkcə bu il Bərdədə soğan əkinindən bərdəlilər
13 milyon manat xalis qazanc götürdülər. Bu,
nəyin hesabınadır? Məhsuldar
torpaqları istifadəyə verməyin hesabına və eyni
zamanda, mən açığını deyirəm ki, bu
gün Kənd Təsərrüfatı Nazirliyinin, "Azərsu”
və digər təşkilatların bütün strukturlarının
əlçatan olmasının nəticəsində.
Soğana tətbiq olunan gömrük ixrac rüsumunun Sizin göstərişinizlə bir günün
içərisində ləğv olunması soğanın bir
kisəsinin qiymətini 4 manatdan 44 manata
qaldırmışdı. Bərdəlilər bu il dörd xarici ölkəyə soğan ixrac ediblər.
Artıq digər sahələrdə də
yüksək göstəricilər əldə olunmaqdadır.
Prezident İlham
Əliyev:Taxılçılıqda məhsuldarlıq nə qədərdir?
Vidadi İsayev:Taxılçılıqda 44,3 sentner. Respublikada
ən yüksək göstəricidir. Bərdənin
tarixində heç vaxt bu qədər göstərici
olmayıb. Cənab Prezident, müqayisə
üçün deyim ki, 2015-ci ildə kənd təsərrüfatı
məhsullarının istehsalı rayon iqtisadiyyatının 40
faizini təşkil edirdisə, hazırda bu göstərici 55
faizə yüksəlib.
Pambıqçılığa
hərtərəfli dövlət qayğısını, əməyinin
nəticəsini görən rayon fermerləri son bir ayda
artıq yeni mövsümdə 9000 hektardan çox sahədə
pambıq əkilməsi üçün istehsal müəssisələri
ilə müqavilə bağlamışlar və yaxın
vaxtlarda bu tamamlanacaq.
Sizin
tapşırığınızla gələn il
də əkin üçün yüksək məhsul verəcək
ən münbit torpaqlar seçilib. Hədəfimiz
rayon üzrə 10 min hektardan çox pambıq əkərək
məhsuldarlığı hər hektardan 35 sentnerə
çatdırmaqdır. Sizin "Harada ki, işlərə
ciddi yanaşırlar məhsuldarlıq yüksəkdir” fikriniz
bundan sonra da məni və həmkarlarımı bu sahəyə
daha ciddi yanaşmağa səfərbər edəcək.
Cənab Prezident, zəhmətkeşlərin
əməyini yüksək qiymətləndirməyiniz onlara
böyük stimul verir. Sizin ötən il hər hektardan 42,5 sentner pambıq tədarük etmiş fermer
Elman Nərimanovu 2-ci dərəcəli "Əmək” ordeni
ilə təltif etməyiniz bütün bərdəlilərin
əməyinə verilən yüksək qiymətdir.
Yeri gəlmişkən, icazə
verin, bərdəlilərin səmimi bir etirafını da Sizin ali diqqətinizə çatdırım.
Yerlərdə əhali ilə keçirilən qəbul-görüşlər
zamanı müxtəlif təbəqələrdən olan
insanlar minnətdarlıq edərək bildirirlər ki, möhtərəm
Prezidentimizin sayəsində pambıqçılıq və
baramaçılıqdan əldə olunan gəlir təkcə
həmin sahənin adamlarının deyil, bizim hər birimizin həyat
səviyyəsinin yüksəldilməsinə,
alıcılıq qabiliyyətinin artmasına təkan verib.
Möhtərəm cənab
Prezident, Sizin diqqət və qayğınızla bütün
ölkəmizdə olduğu kimi, Bərdə rayonunda da kənd
təsərrüfatının maddi-texniki bazası möhkəmlənir. Cari ildə
rayonda regional yun qəbulu müəssisəsi, tutumu 15 min ton
olan yeni pambıq qəbulu məntəqəsi tikilib istifadəyə
verilib, ilkin barama emalı müəssisəsinin tikintisi
başa çatmaq üzrədir. Qarğıdalı
emalı zavodunun, daha bir pambıq qəbulu məntəqəsinin
tikintisi üçün hazırlıq işləri
aparılır.
Həmçinin kənd təsərrüfatının
müxtəlif sahələrində ixtisaslı peşə
kadrlarının çatışmazlığının
aradan qaldırılması ilə əlaqədar verdiyiniz
tapşırığa əsasən, minnətdarlıq hissi ilə
bildirirəm ki, rayonda smeta dəyəri təxminən 26 milyon
manat olan 12 peşə ixtisası üzrə 1000 yerlik Regional
Peşə Təlim Mərkəzinin tikintisinə
başlanıb və tikinti sürətlə gedir.
Cənab Prezident, Ulu Öndərin
siyasi kursuna, müdrik ölkə başçısı kimi
Sizə sonsuz məhəbbət və sədaqətini daim
nümayiş etdirən bərdəlilər adından
Zati-alinizi əmin edirəm ki, respublikamızda aqrar sahənin,
eyni zamanda, pambıqçılığın inkişafı
ilə bağlı qarşıya qoyduğunuz mühüm vəzifələrin
uğurla yerinə yetirilməsi üçün var
gücümüzlə çalışacaq, bu şərəfli
işə öz layiqli töhfələrimizi verəcəyik.
Diqqətinizə görə
sağ olun.
Prezident İlham
Əliyev:Bərdədə həmişə
pambıqçılıq çox geniş vüsət
alırdı, xüsusilə Ulu Öndərin dövründə.
Siz yaxşı bilirsiniz və bərdəlilər də
yaxşı bilirlər ki, Ulu Öndər ötən əsrin
70-ci illərində, 80-ci illərin əvvəllərində
hər il Bərdəyə gəlirdi, həm
Bərdədə, həm Sabirabadda zona müşavirəsi
keçirirdi. Ən çox pambıq tədarük
edən iki rayonumuz - Sabirabad və Bərdə o illərdə
pambıqçılıq sahəsində çox inkişaf
etmişdi və vətəndaşlar da, sakinlər də
öz maddi vəziyyətini böyük dərəcədə
yaxşılaşdırmışdılar. Şadam ki, Bərdədə
pambıqçılıq ənənələri bərpa
edilir və bu il məhsuldarlığa
görə Bərdə ikinci yerdədir və bu, məni
çox sevindirir. Eyni zamanda, yadımdadır, Bərdədə
sovet vaxtında baramaçılıq da çox inkişaf
edirdi və pambıq tarlalarının ortalarında elə bil
sərhəd kimi tut ağacları əkilirdi. Ondan sonra, yəni, xaos dövründə o ağaclar
da qurudu, kəsildi. İndi biz bunu bərpa edirik və
baramaçılığın da çox böyük
perspektivləri var. O ki qaldı,
taxılçılığa, indi hektardan 40 sentner
götürürsünüzsə, demək olar ki,
Avropanın inkişaf etmiş ölkələrinin səviyyəsinə
yaxınlaşırsınız. Bu, rekord
göstəricidir. Bilmirəm əvvəlki
illərdə bu qədər olubmu?
Vidadi İsayev:Heç vaxt bu qədər
olmayıb.
Prezident İlham
Əliyev: Olmayıb,
yəni, bütün bunlar da səmərəli işin təşkili
nəticəsində mümkündür, aqrotexniki tədbirlər,
texnika, gübrələr, suvarma, səfərbərlik, yerli
icra orqanlarının fəal işi, mərkəzi icra
orqanlarının islahatlarla bağlı addımları nəticəsində.
Bütün bu işləri biz ancaq birlikdə
edə bilərik. Ona görə mən bir
daha deyirəm, sadəcə olaraq, kənd təsərrüfatını
özəl sektorun öhdəsinə buraxmaq qətiyyən
mümkün deyil və heç bir nəticə verməyəcək.
Çünki infrastruktur dövlət
hesabına, suvarma dövlət hesabına, texnika dövlət
hesabına, subsidiyalar dövlət hesabına, gübrə-yanacaq
dövlət hesabınadır. Harada,
hansı ölkədə fermerlər üçün belə
şərtlər var? Bax, siz hamınız
yaxşı bilirsiniz ki, fermerlər bütün vergilərdən
azaddır, ancaq torpaq vergisi ödəyirlər, bu da
cüzidir, rəmzi xarakter daşıyır. Gübrəyə 70 faiz subsidiya, yanacağa 50 faiz
subsidiya, texnika böyük güzəştlərlə
verilir, kanallar dövlət hesabına çəkilir.
Pivot sistemləri istehsalı zavodu artıq fəaliyyət
göstərir və pivotaltı sahələrin genişləndirilməsi
də gündəlikdədir. Digər önəmli
tədbirlər - hələ yol çəkilişi. İndi yol çəkilişi nə qədər
böyük xeyir gətirir - həm vətəndaşlara
rahatlıq, həm fermerlərə torpaqda, təsərrüfatda.
Əlbəttə ki, bazarlara məhsulu tez
çatdıra bilərlər. Siz indi
deyirsiniz ki, soğandan 13 milyon gəlir əldə olunub.
Vidadi İsayev:Xalis gəlir.
Prezident İlham
Əliyev: Bəli,
çox yaxşı, ona görə yerlərdə, bilirsiniz,
ixtisaslaşma getməlidir və hansı sahə daha çox
gəlir gətirirsə, o sahəyə əlbəttə ki,
fermerlər özləri üstünlük verirlər. İndi ixracla bağlı problem bizdə yoxdur.
Heç bir bazar bizim üçün
bağlı deyil. Bunu biz uğurlu xarici
siyasət nəticəsində əldə etmişik. Bütün bazarlara çıxışımız
var. İndi gömrük sektorunda aparılan islahatlar artıq əvvəlki
dövrlərdə ixracla bağlı olan problemləri də
aradan götürür. Çünki vaxtilə fermer,
yaxud da, hansısa şirkət malı
ixrac etmək üçün gərək min əziyyətdən
keçəydi. Müxtəlif əsassız tələblər
irəli sürülürdü. İndi
bütün bunlar yığışdırılıb.
Ona görə sağlam iqtisadi mühit, investisiya mühiti,
dövlət dəstəyi, şirkətlərin dövlət
qurumları ilə sıx təmasda olması, yerli icra
orqanlarının, mərkəzi icra orqanlarının vahid
yanaşması, bax, bu uğurumuzu şərtləndirir. "Əmək” ordeni ilə bağlı siz məlumat
verdiniz. Bu orden də mənim təşəbbüsümlə
təsis edildi və bu, məhz əməkdə yüksək
məhsuldarlıq göstərən, yüksək nailiyyət
qazanan vətəndaşlara verilən yüksək dövlət
mükafatıdır. Bunun üç dərəcəsi
var və əlbəttə ki, görülən işlərə
görə bu dərəcələr də verilir və
pambıqçılar "Əmək” ordeni ilə təltif
olunublar. Səhv etmirəmsə, bu ordenin
birincisini biz kənd təsərrüfatı üzrə
pambıqçılara vermişik.
Vidadi İsayev:Çox sağ olun, təşəkkür
edirəm.
***
Saatlı Rayon İcra Hakimiyyətinin
başçısı Nazim
İsmayılov çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident,
çox vaxt almaq niyyətində deyiləm, amma
pambıqçılıqla bağlı bir problemi çatdırmaq
istəyirəm. Çünki bu gün buraya
toplaşmaqda məqsəd pambıqçılıqda olan
problemləri Sizin rəhbərliyinizlə öyrənmək,
gələcəkdə məhsuldarlığın
artırılması hesabına pambıq tədarükünü
yüksəltməkdir. Bilirsiniz ki,
Saatlı pambıqçılıq sahəsində respublikada əvvəllər
də yüksək nəticələr qazanıb. Bu il də respublikada ən çox pambıq tədarük
edən Saatlıdır, 42 min tona yaxın pambıq tədarük
edib. Bu, keçən ilkindən, təqribən
12 min tona yaxın artıqdır, hər hektardan 11 sentner
artıqdır. Əhali bu pambıqdan 20
milyona yaxın xalis gəlir götürüb.
Bunları deyib, bir daha qeyd
edirəm, vaxtınızı almaq niyyətində deyiləm, əsas
problemə keçmək istəyirəm. Çünki
Saatlı rayonunun 108 min əhalisinin 90 mini kənddə
yaşayır. Bu kəndlərdə də
camaatın işi ancaq təsərrüfatdır, bu gün də
burada pambıqçılıq əsas yer tutur. Saatlıda suvarma ilə əlaqədar bizim ciddi
problemlərimiz var. Məndən əvvəl də bu problemlər
qaldırılıb. İndi bu il
quraqlıq keçdi, buna baxmayaraq biz vəziyyətdən birtəhər
çıxdıq. Amma nəzərə almaq
lazımdır ki, biz pambığın 3 min hektarını
bir dəfədən artıq suvara bilmədik. Dörd min hektarda birinci suvarma ilə ikinci suvarma
arasında aqrotexniki tədbirlər, tələblər pozuldu.
Qısası, burada məsələni həll
etmək üçün Kür çayından Saatlıya 20
kubmetr həcmində 17-18 kilometrlik məsafədən su xətti
çəkilməsi layihəsi var və bu, Sizin göstərişinizlə
İqtisadiyyat nazirinə tapşırılıb. İqtisadiyyat naziri də bu
tapşırığı "Meliorasiya və Su Təsərrüfatı”
Açıq Səhmdar Cəmiyyətinə göndərib.
Mən bütün aidiyyəti qurumlarda
olmuşam və layihə də işlənir. Amma bu gün burada onunla əlaqədar söhbət
getmədi. Elə bugünkü tədbir,
cənab Prezident, qoy saatlılıların uzun illər
mövcud olan bu probleminin həllini təmin edən gün
olsun. Çünki Sizin
tapşırığınızla Arazdan 54 kilometrlik əlavə
bir yeni qol da çəkildi. Orada
qış otlaqları əkin sahəsi altına
keçirildi. İstər-istəməz bu da o sudan götürülür. Ona
görə də bizim su problemlərimizi, çətinliyimizi
aradan qaldırmaq üçün bu layihə çox vacibdir.
Eyni zamanda, köhnə daşıyıcı su
kanalları var. Əhməd müəllim bunları
yaxşı bilir, Arazdan gələn daşıyıcı su
kanalları uzun illərdir təmir edilmədiyindən nasos
vasitəsi olmadan öz axını ilə gələn o
suların bir hissəsi itkiyə gedir. Təsəvvürünüzə
gətirin ki, Arazdan gələn suyun 30 faizi itkiyə gedir,
axmaz göllərdə qalır, ona görə çətinliyimiz
var. Mən fürsətdən, yaratdığınız şəraitdən,
imkandan istifadə edərək bu problemi Sizin ali diqqətinizə
çatdırmaq istədim. Ümid edirəm ki, Sizin bilavasitə nəzarətinizlə bu
problem tezliklə öz həllini tapacaq. İnanın ki, bu il suda problem olmasaydı, biz 50 min ton pambıq
verəcəkdik. Saatlı 1981-ci ildə Ulu
Öndərin rəhbərliyi dövründə ən
yüksək pambıq istehsal etdi - 60 min ton. Bu il isə 42 min ton oldu. Amma biz 50
min tonu tədarük edə bilərdik. Ona
görə çox xahiş edərdim ki,
saatlılıların bu müraciətini öz nəzarətinizdə,
diqqətinizdə saxlayasınız, bizə kömək
olunsun.
Mən vaxtınızı
aldığıma görə dönə-dönə üzr
istəyirəm. Təşəkkür edirəm.
Prezident İlham
Əliyev: Yaxşı
ki, bu məsələni qaldırdınız. Saatlı
hazırda ən böyük pambıqçılıq
rayonudur və 42 min ton pambıq tədarük edib. Sovet vaxtında Bərdə, Sabirabad birinci-ikinci yerləri
bölüşürdü. Amma hazırda
pambıqçılıq Saatlının əsas iqtisadi sahəsidir.
Məşğulluğu təmin edən də məhz
pambıqçılıqdır. Siz
Saatlıda bu yaxınlarda işləməyə
başlamısınız, əvvəl qonşu rayonda -
Sabirabadda işləmisiniz. Yaxşı
bilirsiniz ki, Saatlıda və o cümlədən Sabirabadda biz
pambıqçılığa dövlət dəstəyi verənə
qədər işsizliklə bağlı çox böyük
problemlər var idi. Pambıqçılıq
bu problemləri demək olar ki, aradan qaldırdı. Baxmayaraq ki, su ilə bağlı problemlər olub,
amma yenə də hektardan 30 sentnerdən çox məhsul əldə
edilib. Çox gözəl göstəricidir.
O ki qaldı, Kür çayından yeni kanalın çəkilməsinə,
indi Əhmədzadə məlumat versin bu məsələ nə
yerdədir?
Əhməd
Əhmədzadə:Cənab Prezident, mən Nazim müəllimin dediklərini
təsdiq edirəm ki, Saatlıda doğrudan da müvafiq
problemlər var. Ümumiyyətlə, Muğan zonasında su
problemləri var. Orada suyun təminatı iki sahədən
gedir – Arazla, bir də Kür çayı ilə. Kür çayı ilə bağlı problem yoxdur.
Amma Araz çayında su ilə bağlı bir az məhdudiyyət olur. Ona
görə hamı istəyir ki, Kür çayından da
böyük mənbə əldə etsin. Biz o məsələni
öyrənmişik, Sizin yanınızda
olanda mən bir balaca izah etmişdim. Siz dediniz
ki, layihə hazırlayın, baxaq. Biz bu dəqiqə
layihə hazırlayırıq. Suqovuşanda - Kür
çayı ilə Araz çayının qovuşduğu
yerdə nasos stansiya tikməklə 16 kilometr məsafəyə
suyu nəql edərək, Saatlıya 20 kubmetr suyun verilməsi
mümkündür. Hazırda layihə işlənir
və biz İqtisadiyyat Nazirliyinə verdiyimiz təkliflərdə
o var.
İkinci problem Orta Muğan
kanalı ilə bağlıdır, 50-60 ilin torpaq
kanalıdır. O kanal özü də qumsal sahədən keçdiyi
üçün süzülmə çox
böyükdür. Mən Sizə keçən dəfə
görüşdə dedim ki, biz o kanalları beton
üzlüyə almasaq, itkilər çox olacaq. Həmin kanalla biz 27 kubmetr su verə bilirik. Amma əgər hər yerin suyunu bağlasaq,
aşağıdakı təsərrüfatlara 5 kubmetrə
yaxın su gedib çıxacaq. Deməli,
44 kilometr uzunluğunda kanalda itkilər çox
böyükdür. Həmin o kanalda da bərpa
işləri görmək lazımdır ki, beton üzlüyə
alınsın. O da bizim verdiyimiz təkliflərin içərisində
var.
Prezident İlham
Əliyev:Bu 17 kilometr uzunluğunda
kanalı çəkmək üçün nə qədər
vaxt lazımdır? Layihə hazırdır,
yoxsa, hələ hazır deyil?
Əhməd
Əhmədzadə:Biz layihəni bu kvartal
hazırlayıb verəcəyik. Vəsait
ayrılsa, biz onu bir ildə də edə bilərik. Yəni, təxminən 50-55 milyon manat pul tutur.
Prezident İlham
ƏLİYEV:Onda layihə hazır olan kimi,
bir də məruzə edin. İndi
İqtisadiyyat Nazirliyinə də tapşırıq veriləcək
ki, onlar bu layihəni təhlil etsinlər və investisiya
proqramına salsınlar. O ki qaldı, digər kanallara, əfsuslar
olsun ki, bizim kanalların böyük hissəsi torpaq
kanallardır.
Əhməd
Əhmədzadə:75 faizi.
Prezident İlham
Əliyev: Əlbəttə,
biz son vaxtlar onları beton üzlüyə almağa
başladıq və görürük ki, bunun nə qədər
böyük səmərəsi var. Birincisi, su ünvan
başına çatır. İkincisi, bu torpaq
kanallar o torpaqları da şoranlaşdırır və torpaq
da sıradan çıxır. Ona görə
mən "Meliorasiya və Su Təsərrüfatı”
Açıq Səhmdar Cəmiyyətinə göstəriş
vermişdim ki, bizim bütün su kanallarımız geniş təhlil
edilsin və ardıcıllıqla biz beton kanallara keçməliyik.
Baxmaq lazımdır, dünyada artıq bu sahədə
də böyük inkişaf var, yeni texnologiyalar, yeni suvarma
qaydaları mövcuddur. İndi hətta pivot da yeni
texnologiya sayılmır. Kanalların çəkilişində
ondan da qabaqcıl, mütərəqqi texnologiyalar, müasir
yanaşmalar var. Ona görə buna mütləq fikir vermək
lazımdır. Bizdə həddindən
çox su itkiləri var. Onsuz da biz su sarıdan korluq çəkirik.
Ancaq hələ bu, bir yana qalsın, itkilər
də çoxdur. Əgər biz bu itkiləri əhəmiyyətli
dərəcədə azalda bilsək, - bunun da yolları var, -
onda daha böyük sahələri dayanıqlı su ilə təmin
edəcəyik. İndi göllərdə
də suyun səviyyəsi aşağı düşüb.
Biz əgər vaxtilə Taxtakörpü su
anbarını tikməsəydik, - bunu açıq deməliyik,
- bu gün Bakı susuz qalacaqdı. Elədirmi?
Əhməd
Əhmədzadə:Bəli.
Prezident İlham
Əliyev:Çünki Taxtakörpü su anbarı
və su kanalı həyati əhəmiyyət daşıyan
layihədir. Şəmkirçay su anbarı da
həmçinin. İndi biz nə qədər
böyük sahələri su ilə təmin etmişik.
Ona görə meliorativ tədbirlər
son illərdə prioritet infrastruktur məsələlərinin
sırasındadır və bir çox işlər
görülüb. Deməli, biz gərək suyun səmərəli
istifadəsi ilə bağlı tədbirlər planı tutaq.
Torpaq kanalları beton üzlüyə almaq
üçün təkliflər planı olmalıdır.
Kiçik su anbarlarının yaradılması
barədə təkliflər vermisiniz. Kənd
Təsərrüfatı naziri ilə birlikdə o yerləri
seçin və bütövlükdə ortamüddətli,
uzunmüddətli meliorativ tədbirlər planı yenidən tərtib
edilməlidir. Biz bu işlərə
mütləq vəsait ayırarıq.
Eyni zamanda, bu müşavirədə
icra başçıları da iştirak edirlər. Yəqin ki, hər bir rayonda
buna oxşar problemlər var. Müşavirədən sonra siz
də təkliflərinizi verin, həm Zeynal Nağdəliyev, həm
Kənd Təsərrüfatı naziri, həm də
"Meliorasiya və Su Təsərrüfatı” cəmiyyəti
baxacaq. Biz bu təklifləri gələn ilin
investisiya proqramına sala bilərik. Çünki
gələn ilin investisiya proqramı tərtib olunur, ilin sonunda
təsdiq ediləcək. Biz yanvardan
artıq onun icrasına başlamalıyıq. Ona görə vaxt azdır, təklifləri verin,
amma o təklifləri ki, onlar real nəticə verə biləcək
layihələrdir.
Nazim
İsmayılov:Çox sağ olun, cənab
Prezident.
***
Dövlətimizin
başçısı müşavirəyə yekun vurdu.
Azərbaycan.- 2019.- 20 dekabr- S.1-5.