Yeni Azərbaycanın müəllifləri
Prezident İlham Əliyevin milli dövlətçilik tariximizdəki yeri, zamanın çox maraqlı, amma elə bir o qədər də çətin və mürəkkəb dövrünə təsadüf edir. Bu dövrü tarixə baxış bucağından asılı olaraq müxtəlif açar kəlmələrlə assosiasiya edə bilərsən.
Çünki bütün güclü liderlərin öz xalqına rəhbərliyi dövrünü xarakterizə edən ən azı konkret bir ad mütləq var.
Mənsə uzun zamanlar idi ki, bir yazı-pozu adamı kimi bu dövrün ayrı-ayrı tarixi salnamalərinə işıq sala-sala, təəssüratlarımı kağız qələmlə bölüşə-bölüşə həm də bu dönəmin ümumi mənzərəsinə çevrilə biləcək ən uğurlu ifadənin axtarışında idim...
Bir neçə gün əvvəl televiziyada izlədiyim maraqlı bir reportaj, deyəsən, düşüncə karvanımın sarvanına çevrilərək illərdən bəri axtardığımın izinə düşməkdə kömək göstərdi.
Kadrlar Prezidentin Bakı Gəmiqayırma Zavodunda inşa olunmuş ilk tankerin - "Laçın”ın istismara verilməsi və "Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində iştirakını əks etdirirdi. Dövlət rəhbərimizə verilən məlumatlardan belə anladım ki, ölkəmizdə tam sıfırdan həm tankerin, həm də gəmi-bərənin tikilməsi tarixdə bir ilkdir.
Bəli, məhz tarixdə bir ilk...
Bu kəlmələri cənab
İlham Əliyevin iştirak etdiyi çox
açılış mərasimlərində, bir dövlət
qurucusu kimi nəcib imzasının parladığı
çox işlərdə eşidib duymuşuq, Azərbaycan
Prezidentinin tariximizdəki bir çox ilklərə müəllifliyinə
şahid olmuşuq.
Müstəqillik tariximizdəki
möhtəşəm ilklərin çoxu məhz İlham
Əliyevin adı ilə bağlıdır.
Milli dövlətçilik
tariximizdəki İlham Əliyev mərhələsi möhtəşəm
ilklər dövrüdür.
Düşünürəm
ki, gələcək tədqiqatçılar da bu dönəmi
məhz belə bir ifadənin işığında öyrənib
tədqiq edəcəklər.
İlham Əliyev şəxsiyyətinə
bu ilkləri yaratmış, onlara müəlliflik etmiş, bu
ilklərlə birgə tarixin Yeni Azərbaycanını
formalaşdırmış Lider kimi yanaşacaqlar.
Xalqla əl-ələ,
çiyin-çiyinə bu missiyanı həyata keçirmək
qismətini Tanrı və tale Ona, həm də Mehriban
xanıma əta edib...
***
Bəhs etdiyim o reportajın
kadrları bir-birini izlədikcə xəyal bir anlıq məni
əsrlərin gərdişinə alıb aparırdı... Görünür, yazıçı kimi
keçmişə dair mövzularla mütəmadi
maraqlanmağın, bu mövzuda bədii əsərlər qələmə
almağın bir özəlliyi də elə bundadır ki, rastlaşdığın
hər mühüm hadisəyə bir də salnamələrin
işığında nəzər salmağa
çalışırsan.
O kadrlara baxdıqca yüz illər əvvəl
böyük donanmalar qurmuş, limanlar, tərsanələr
yaratmış, gəmilər inşa etmiş dövlət rəhbərlərini
xatırlayırdım. Düşünürdüm
ki, hər zaman dövlətin qüdrət rəmzi sayılan
gəmilər, donanmalar, tərsanələr bugünkü
texnoloji inkişaf dövründə də öz simvolik məzmununu
itirməyib.
Yola çıxan hər gəmi gələcəyə
doğru bir ümiddir... Gəmiləri qarşılayan hər
liman yan almaq üçün güvənli, sabit, fayda dolu bir
yerdir... Dünyaya açılmış ölkənin
giriş-çıxış qapısı, hər
addımında hərəkət görünən, iqtisadi
inkişaf qaynayan qələbəlik məkanıdır...
Azərbaycan Prezidentinin
iştirak etdiyi o mərasim də sıradan rəsmi tədbiri
yox, əslində, Vətənin qüdrət rəmzini
nümayiş etdirirdi. Elə Xəzərin zümrüd
suları ilə qovuşub uzaq səfərlərə yol
başlayan gəmi-bərənin adı da rəmzi idi.
Bir anlıq mənə elə gəldi ki, o gəmi-bərə
- "Azərbaycan” dövlət rəhbərimizin əmin və
güclü əllərinin məharətlə idarə etdiyi
sükanın diktə etdiyi istiqamətlə xoşbəxt gələcəyinə
doğru yola çıxmış Vətəndir...
Bu gəmini - "Azərbaycan”ı
və Azərbaycanı yolundan sapdırmaq, səmtini dəyişmək,
sürətini azaltmaq daha heç vaxt, heç bir bədxahımıza
müyəssər olmayacaq.
Heç bir qüvvə Azərbaycan
adlı bu möhtəşəm gəmini öz hədəflərindən,
üz tutduğu inkişaf üfüqlərindən
yayındıra bilməyəcək.
Çünki gəminin sükanı
etibarlı əllərdədir!
Önündə daim işıq
saçıb ona düzgün yolu nişan
verən, gələcəyə səsləyən parlaq mayak
var...
O mayakı belə aydınladan
tarixilik və müasirlikdən düşən
işıqdır...
Ulu Öndər Heydər Əliyevin
milli dövlətçilik düşüncəsinin ruhudur...
Keçmişə aid dəyərlərlə
çağdaş inkişafın uzlaşmasıdır...
Azərbaycan Prezidentinin bir strateq kimi ənənələrlə
müasirlik arasında vəhdət yarada bilməsidir...
***
Şamaxı...
Məşhur Şah Xəndan türbəsi...
Cənab İlham Əliyev Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə
Şamaxıya səfəri zamanı bu türbənin ətrafında
aparılan abadlıq işləri ilə tanış
olur.
Bu türbənin də,
burada uyuyan Şah Xəndanın da yaradıcılıq
dünyamda xüsusi yeri var. Şah Xəndan anadan
olmasının 650 illiyi vətənində bütöv bir ilə
çevrilmiş böyük mütəfəkkirimiz İmadəddin
Nəsiminin doğmaca qardaşıdır. Kəlamının
qüdrəti ilə bütün Şərq dünyasında
səs salan qardaşı qədər o da öz
dövrünün güclü şairlərindən
sayılırdı.
...Dərviş idi, tərki-dünya
idi, Məcnun kimi həmişə çiyinlərinə
tökülən uzun, dağınıq saçları
vardı və bu saçlara işarə ilə "Julidəmu”
da deyərdilər adına...
Bu obraz nədənsə gəncliyimdən
mənə çox doğmalaşmışdı. Tale qismət
elədi, onun düşüncələrimdəki surətini
bir gün bacardığım qədər bədii
yaradıcılığıma da gətirə bildim. İmadəddin Nəsimiyə həsr olunmuş
"Son səfər” povestimdə Nəsiminin mənəvi
dünyasının özünəməxsusluqlarını təqdim
etməkdən ötrü Şah Xəndan obrazının təsir
gücündən faydalanmağa çalışdım.
Nəsiminin həyata, dünyaya, insanlığa
baxışlarını iki qardaşın mükalimələri
işığında canlandırmağa yaradıcı cəhdlərim
oldu.
Və bəlkə heç
özüm də fərqinə varmadan, amma ədəbi tənqidçilərin
qənaətincə, "Son səfər” əsəri Nəsimi
ilə yanaşı, həm də qardaşı Şah Xəndanın
povestinə çevrildi...
"Azərbaycan ədəbiyyatında
Şah Xəndanın geniş planda mükəmməl bədii
obrazını ilk dəfə Hüseynbala Mirələmov
"Son səfər” povestində yaratmışdır” - zəmanəmizin
müqtədir ədəbiyyatşünaslarından akademik
İsa Həbibbəylinin bu fikri, təvazökarlıqdan hər
nə qədər uzaq olsa da, indiyə qədər bədii
yaradıcılığım haqqında yüksək dəyərləndirmələrdən
biri kimi məni, yəqin ki, hətta əlimin yazı-pozudan
soyuduğu ən həvəssiz, yorğun vaxtlarımda da, ahənrüba
sayaq daim yazı masasına doğru çəkəcək...
Prezidentin və Mehriban xanımın
Şah Xəndan türbəsinə ziyarətindən xəbər
tutanda sevincimdən gözlərim güldü, fərəhimdən
kövrəldim...
Heydər Əliyev Fondu
"Nəsimi ili” çərçivəsində artıq bu
türbə ətrafında da geniş abadlaşdırma
işlərinə başlayıb. Yaxın vaxtlarda
Şah Xəndan türbəsinin konservasiyasına da
başlanacaq.
***
Bu, xalqın tarixi
keçmişinə, min illərlə formalaşmış
fikir xəzinəsinə verilən dəyərdir. Dəyərləri
yaşadanlar, sözə, mədəniyyətə həyat verənlər
təkcə yaradıcı kəslər deyil ki... Onun qiymətini
dərk edənlərdir, bu mənəviyyat incilərinə
sahib çıxanlardır, onları göz bəbəyi kimi
qoruyanlardır...
Ən çox da ali
mənsəb sahibləridir. Çünki əksər
hallarda ümumən cəmiyyətin bir çox məsələlərə
münasibəti, rəyi onların yanaşmalarından
asılı olur.
İlham Əliyev
xalqımızın mənəvi dünyasına həssas
münasibəti, diqqəti, qayğısı ilə
insanlarımızda bu münasibəti yenidən
formalaşdıran, dəyərlərimizə əbədi həyat
bəxş edən, bu davranışlarında da Ulu Öndərin
yoluna sadiq qalan Liderdir...
Qədimdən qədim tariximizin
çox böyük dövlət adamlarını, fatehlərini,
sərkərdələrini hərdən ərklə
qınadığımız vaxtlar olur ki, kişilər o boyda
imperiyalar, ucsuz-bucaqsız böyük dövlətlər
yaradıblar, amma yaratdıqlarının tarixini səliqə-sahmanla
qələmə aldırmaq, kitablara çevirtdirmək,
kitabxanalar yaratmaq elə bil heç ağıllarına gəlməyib.
Ona görə də məcburiyyətdən
tariximizin qədim qatlarını bir çox yadellilərin məhz
özlərinə sərf edən şəkildə yazıya
aldıqları xaricidilli mənbələr əsasında
açmağa, oxuyub-öyrənməyə
çalışırıq.
Xalq olaraq çox böyük xəzinəyə
sahibik, amma ona lazımi qədər sahib çıxa bilməmişik,
bunu etiraf edək...
İlham Əliyevinsə bir dövlət
adamı kimi böyüklüyü ondadır ki, Heydər
Əliyevin mükəmməl dövlətçilik irsinə
sadiqlik hissi ilə o, Uzun Həsən, Şah İsmayıl Xətai,
Nadir Şah, Cümhuriyyət qurucuları kimi qüdrətli sələflərinin
də tarixilik məsələlərinə münasibətdə
yol verdikləri yanlışları düzəltməyə
çalışır.
Yaratdığı nümunələrlə
göstərir ki, bir xalqın öz tarixi sərvətlərini
həyata qaytarması, əslində, heç vaxt gec deyil. Yetər ki,
istək olsun, diqqət olsun, insanları bu dəyərlərə
doğru aparan yol-iriz kol-kosdan təmizlənib sahmana
salınsın.
Onların əsrlərin təsiri
ilə aşınan, batıb gedən, torpağın
köksündən silinmək təhlükəsi ilə
üz-üzə qalan nişanələrini qoruyub möhkəmləndirən
tapılsın. Xalqın milli ruhunu yaşadan tarixi irs
keçmişin zülmətindən gün
işığına çıxarılsın. Kiçik bir sorağın bələdçiliyi ilə
böyük bir söz xəzinəsini gedib tapmağa qadir tədqiqatçılar
qarşısında vəzifə qoyulsun, onlara yüksək səviyyədə
dəstək verilsin.
Onda xalq öz
böyüklüyünü dərk edəcək, özü
ilə qürur duyacaq, əsrlər boyu yaratdığı nailiyyətlərin
sırasını çağdaş dönəmdə yeniləri
ilə əvəz etməkdən ötrü cani-dildən
çalışacaq və bunu bacaracaq. Bir də
heç vaxt, heç kimin ona, tarixinə, milli mənəviyyatına
yuxarıdan aşağı baxmasına izn verməyəcək.
İlham Əliyev bu qürurun, bu
düşüncənin müəllifi olan, öz xalqına
yeni bir ruh gətirən, xalqın ruh yüksəkliyinə
çevrilən Liderdir...
Bunu izlədikcə, duyduqca
Prezidentimizin öz davranışları, bizi xalq olaraq ayaqda
saxlayan məsələlərə münasibəti ilə hələ
ötən əsrin 60-cı illərinin sonlarından milli
şüurumuzun nuruna çevrilmiş Ulu Öndər Heydər
Əliyevi nə qədər çox
xatırlatdığını, ona bənzədiyini hiss edirəm.
Azərbaycan Prezidentinin bütün
ölkə boyu ucaltdığı mədəniyyət
ocaqları, onun tövsiyəsi ilə alimlərimizin tarixin
ayrı-ayrı maraqlı anları ilə bağlı qələmə
aldıqları kitablar, çəkilən sənədli filmlər,
təmir-bərpa edilən, abadlaşdırılan, arxeoloji
qazıntılarla üzə çıxarılıb yenidən
gündəlik həyatımza qaytarılan qədim mədəni
irsimiz bunun nişanəsidir...
İlham Əliyev bu məsələlərə
ona görə xüsusi diqqətlə yanaşır ki,
bütün böyük dövlət adamları kimi, o da təkcə
bir anı deyil, bütöv tarixi duya bilir, xalqın
keçmişi, bugünü qədər gələcəyini
də düşüncələrində şəkilləndirməyi
bacarır, həyata keçirdiyi siyasətin strateji hədəflərini
sabahda, birigündə deyil, onilliklər, qərinələr, əsrlər
sonrada müəyyənləşdirə bilir...
***
İlham Əliyevin təşəbbüsü
ilə bütöv bir ili "Nəsimi
ili” kimi yaşadıq. Nəsimi kəlamının
qüdrəti ilə düşüncələrimiz
çıraqban oldu.
Nəsiminin fikir
dünyası Yer üzünün hüdudlarından çox
kənardadır, o, bu hüdudları aşır, təkcə
bir fərdin, bir xalqın deyil, ümumilikdə insanın, bəşəriyyətin
problemlərini önə çəkir, bu problemlərin həlli
üçün yol göstərir. Ona görə də
şair Nəsimi təkcə Azərbaycan xalqına aid deyil,
onun kəlamı ümumən bəşərindir, külli-aləmə
məxsusdur.
İlham Əliyevin həyata
keçirdiyi siyasətin məzmunu, mündəricəsi də
bəşəridir, təkcə bir xalqın, toplumun deyil,
ümumən bəşəriyyətin problemlərinin həllinə
hədəflənib. Zəmanəsinin parlaq liderlərindən
biri kimi Azərbaycan Prezidenti dünya miqyaslı siyasət
adamıdır. Ona görə də
xalqımızın yetirdiyi Nəsimi kimi mütəfəkkirlərin
bəşəri ideyaları onun hər zaman diqqətini
çəkir.
İlham Əliyev bir insan,
mütəfəkkir şəxsiyyət olaraq Nəsiminin
sümüyünə, iliyinə qədər milli, bizimki, Azərbaycanın
olduğunu da nəzərə alır və həm də bunu
təbliğ edir.
Xalqımızın
başını bu cür şəxsiyyətləri ilə
ucaldır, Azərbaycan mədəniyyətinin zənginliyini,
qədimlərdən malik olduqlarımızı, ən əsası
isə müstəqil Azərbaycan dövlətinin əsaslandığı
prinsipləri belə şəxsiyyətlərimizin
işığında göstərir. Millət bu cür
şəxsiyyətlərdən güc alır, onların
boyuna baxıb böyüyür, onların adını tutub
qürurlanır, onların nurunda aydınlığa
çıxıb tərbiyələnir, özünə
çəki-düzən verir.
Bəşər mədəniyyətinə
Nəsimi kimi düha bəxş etmiş bir xalqa necə
hörmət bəsləməmək olar ki?! Bu, mümkün deyil!
İlham Əliyevin belə şəxsiyyətlərimizi
daim gündəmdə saxlaması Azərbaycan xalqına
öz böyüklüyünü hər an
dərk etdirir.
Amma təkcə Azərbaycan
xalqınamı?!
Bununla dövlət rəhbərimiz
Azərbaycan xalqını da dünyaya, demək olar ki, yenidən
tanıdır.
Çoxları Azərbaycanı qədim mədəniyyət
beşiyi kimi özü üçün yenidən kəşf
edir. Bu gün dövlət səviyyəsində, eləcə
də Heydər Əliyev Fondu xətti ilə aparılan məqsədyönlü,
ardıcıl işlər xalqımızı öz tarixi
keçmişi ilə, zəngin ənənələri ilə,
mədəniyyət inciləri ilə, hər kəsə
örnək olası həyat tərzi ilə layiq olduğu
ucalıqlara yüksəldir.
Azərbaycanın Birinci-vitse
prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev
Fondu xətti ilə həyata keçirdiyi layihələr
milli ənənələrimizi dirçəldir, onlara əbədi
həyat bəxş edir, hər birini dövlətçilik
ideologiyamızın mühüm tərkib hissəsinə
çevirir.
İlham Əliyev və Mehriban
xanımın fədakar, əzmkar fəaliyyəti
bütün dünya üçün mədəniyyətlərarası
dialoqun, multikulturalizmin, din və dövlət münasibətlərinin,
tolerantlığın Azərbaycan adlı parlaq örnəyini
formalaşdırır və göstərir ki, son
illər Bakıda ardıcıl olaraq təşkil edilən
beynəlxalq humanitar forumlardan bəşəriyyətə
ünvanlanan nəcib çağırışlar Azərbaycanın
pafos xatirinə səsləndirdiyi kəlmələr deyil! Yüz illər əvvəl bu torpaqlarda
yaşayıb yaratmış dühalarımızın
timsalında Azərbaycanda bu ideyaların əsrlər öncə
mükəmməl elmi-fəlsəfi əsaslarını
işləyib, əsərləri ilə dünyaya mükəmməl
nümunələr təqdim edənlər olub.
Azərbaycan Prezidenti bu
yöndə apardığı işlərlə təkcə
Azərbaycana aid olanlara deyil, ümumən qoca Şərqin
hikmət dünyasına sahib çıxır. Şərqi, islam
dünyasını indiyə qədər bəlkə də
heç kimin fərqində olmadığı, yaxud çox
az görünmüş tərəflərindən təqdim
edir. Və bununla sübuta yetirir ki, ünlü rus tənqidçisi
Belinskinin təbirincə,desək, bəşər mədəniyyəti,
həqiqətən Şərqdə doğulub, amma əfsuslar
ki, Şərq onu beşikdən yerə qoya, ayaq tutub yeriməyi
öyrədə, böyüdə bilməyib.
Əsrlər əvvəl Şərqin
yol verdiyi bu yubanmanı, bacarıqsızlığı aradan
qaldırmaq missiyası isə Şərq və Qərb
sivilizasiyasının təmas nöqtəsində, iki mədəniyyətin,
iki dünyagörüşünün aralığında, bu
iki dünyanın ən yaxşı cəhətlərini əxz
edərək, mənfi cəhətlərini mümkün qədər
kənara qoyaraq öz zəngin keçmişinin möhkəm
təməlləri üzərində bugününü və
gələcəyini quran Azərbaycana, onun qüdrətli
Liderinə düşər.
Azərbaycan Prezidenti
bütün bunlarla Şərq dünyası qədər Qərbin
bugünü və gələcəyi üçün də
faydalı işlər görür. Çünki hazırda
texnologiyaların aramsız inkişafı, misilsiz elmi kəşflərin
möcüzələri mühitində yönünü, demək
olar ki, itirən, sabahını təsəvvür etməkdə
müşkülləri olan, mənəvi dünyadan daha
çox maddi aləmə xitab edən Qərbin də tez-tez
qarşıya çıxan saysız-hesabsız etik suallara
cavab tapmaqdan ötrü mənəvi istinad yerlərinə
çox böyük ehtiyacı var. Bu mənəvi istinadlar
olmasa, indiki inkişaf sürəti insanı bir gün
insanlıqdan çıxarıb, ruhsuz, düşüncəsiz,
hissiz məxluqlara, adi robotlara çevirər. Müasir Qərb
üçün də, Şərq üçün də bu
cür mənəvi istinad ünvanları isə Nəsimi kimi
düşüncə ümmanlarıdır, onların fikir aləmidir...
Azərbaycan Lideri Şərqə də,
Qərbə də bu aləmə doğru qapı
açır...
***
Böyük liderlər, kamil
dövlət xadimləri o kəslərdir ki, rəhbərlik
etdikləri toplumu yenidən formalaşdırsınlar. Dünya
tarixini vərəqlədikcə öz xalqını yenidən
yaratmış, onun ən böyük tarixi uğurlarına vəsilə
olmuş liderlərin bu cəhəti onların ən oxşar
xüsusiyyəti kimi diqqəti həmişə cəlb edir.
Kim deyir ki, xalq cəmi bircə
dəfə yaranır, onu yenidən formalaşdırmaq
mümkün deyil?!
Yaxud kim iddia edər
ki, dünyada ancaq müsbət və ya ancaq mənfi cəhətləri
ilə tanınmış xalqlar var, bunu dəyişmək
mümkünsüzdür?!
İki bağ təsəvvür edək:
birinin çox qayğıkeş, zəhmətsevər
bağbanı var, hər gün ağacların suyunu verir,
dibini belləyir, qurumuş budaqlarını arıdır, meyvəsini
vaxtında toplayır, gördüyü işə ürəyinin
sevgisini qoyur, ağacların, güllərin nizamından, səliqəsindən
zövq alır, bu bağ həmişə gülüstan
olacaq. Digər bağsa baxımsızdır,
başlanğıcda nə qədər nizamlı
görünsə də, qısa zamandan sonra kol-kos basacaq,
ağaclar quruyub gedəcək, hər şey məhv olacaq.
Xalqlar da o bağlar kimidir,
xalqların da onları hər gün yenidən yaradan, səliqə-sahmanına,
nizamına diqqət göstərən, ehtiyacları
qayğısına qalan bağbana ehtiyacı var. Bu olmasa, xalq
nə qədər böyük potensiala malik olursa-olsun, mənəvi
dəyərlərə nə qədər önəm verirsə-versin,
zamanla aşınıb gedəcək, yolunu, yöntəmini
itirəcək, nizamlı millətdən mənasız,
qorxulu, qaragüruh kütləyə çevriləcək.
Bu gün cənab İlham
Əliyevin, Mehriban xanım Əliyevanın apardıqları
işlər, Vətən evinin abadlığı naminə
atdıqları addımlar, göstərdikləri nəcib təşəbbüslər,
yaratdıqları səliqə-sahman, əslində, konkret
maddi məkanlardan da çox düşüncələrdə,
insanlarımızın mənəvi dünyasında
aparılan abadlıqdır.
Bunu etməsən, əsrlər
əvvəl cəhalətə meydan oxuyan mütəfəkkirlər
yetirmiş xalqın bu cür şəxsiyyətlərindən
uzaq düşməsini, onları bilmərrə unudub
savadsızlığa, kitabsızlığa, xürafata
mübtəla olmasını kənardan laqeyd nəzərlərlə
izləsən, özünü də, vətənini də, gələcəyini
də tez bir zamanda itirərsən.
Bu gün İlham Əliyev
Azərbaycan dövlətini qüdrətləndirməklə
yanaşı, həm də xalqı yenidən
formalaşdırmaq missiyasını yerinə yetirir. Bir tərəfdə tarixi,
bir tərəfdə müasirliyi, bir tərəfdə
insanların sosial rifahını, maddi ehtiyaclarının təmin
olunması zərurətini, o biri tərəfdə isə həm
də mənəvi dünyasının daim zənginləşdirilməsini
diqqətdə saxlamaqla Vətəni gələcəyə
hazırlayır...
İlham Əliyev milli köklər
üzərində, Şərqin fikir xəzinəsindən
süzülən mənəvi ruh işığında, Qərbə
xas çevik texniki həllər mühitində Azərbaycan
xalqını addım-addım gələcəyə yönləndirir...
***
İlham Əliyev Dədə Qorqud
müdrikliyindən Şah İsmayıl Xətainin dövlət
quruculuğu əzminə, Nadir şahın
islahatçılıq qətiyyətinə, Abbasqulu ağa
Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi
kimi maarifçilərimizin bəsirətinə, Heydər
Əliyevin siyasət ustadlığına qədər bir
çox tarixi dəyərlərimizi öz şəxsiyyətində
bir araya gətirən və bu dəyərlər
işığında özü də bir dövlətçilik
dəyərimiz kimi ucalan şəxsiyyətdir.
Onun vətənin sabahı
olan Azərbaycan gəncliyinə xitablarına diqqət edək,
apardığı köklü islahatların mahiyyətinə
nəzər salaq. Dövlət rəhbərimiz gəncliyə
bütün müraciətlərində təhsilə
xüsusi diqqət yetirməyi, dövrün
innovasiyalarını mənimsəməyi, texnologiyalara vaqif
olmağı tövsiyə edir. Çünki
təminatlı gələcəyin, özünə də,
xalqına da, dövlətinə də üstünlük
qazanmağın, fayda verməyin yeganə yolu ancaq budur.
Elə bir zamana gəlib çatmışıq ki,
reallıqlar daha nəinki bir əsr, heç beş-on il əvvəlki də deyil. Yeniliklərə,
müasir trendlərə daim həssas bir cəmiyyət olaraq
çox sürətli və aramsız hərəkət
axınının baş verdiyi və bu axının getdikcə
də gücləndiyi geniş bir inkişaf yoluna
çıxmışıq.
Azərbaycan Prezidenti bu yolda
irəliyə doğru hərəkətimizin xaotik deyil,
nizamlı olmasına çalışır, gəncliyi də
bunun üçün bilik və bacarıqlarla güclənməyə
çağırır, eyni zamanda tariximizi öyrənməyə,
milli kimliyi unutmamağa, vətənpərvərlik hissini
qorumağa səsləyir. Bütün bunlar
sürətli inkişaf axınında büdrəməmək
üçün hər zaman söykənə biləcəyimiz,
bizi güvənli şəkildə qoruyan möhkəm dayaqlardır.
Vaxtın sürətinə müvazi
şəkildə İlham Əliyev Azərbaycanı demək
olar ki, hər gün yeniləyir, qurur, yaradır, ölkə,
cəmiyyət həyatına zamanın
çağırışlarına uyğun yeniliklər gətirir,
effektivliyə şərait yaradan meyilləri daha da inkişaf
etdirir, sürəti ləngidən məqamları aradan
qaldırır, problemləri imkanlara çevirir.
Verdiyi strateji qərarları
doğru-dürüst və vaxtında yerinə yetirməyə
qabil icraçılar komandası, çevik, səmərəli
idarəetmə sistemi formalaşdırır, bunun
üçün ciddi kadr islahatları, struktur dəyişiklikləri
aparır, eyni zamanda zamanın ruhuna uyğun yeni yanaşmalar,
fərqli metodlar, meyarlar formalaşdırır.
Ona görə də dünənki
Azərbaycanın bugünkündən nə qədər fərqləndiyini
və hər açılan sabahlara da yeni inkişaf fərqləri
ilə daxil olduğunu hər bir insanımız duyur və bu
yenilənmə prosesində bütün Azərbaycan vətəndaşları
iştirak edir.
Cənab İlham Əliyev həyata keçirdiyi inkişaf
siyasətinə hər bir insanımızı cəlb edir, bu
nəcib işdə əməyinin olmasına can atan hər kəsə
şərait yaradır, meydan verir.
Bu, yeni dünyanın Yeni Azərbaycanıdır...
Bu Azərbaycanı Ulu Öndər
Heydər Əliyev hələ ötən əsrin 90-cı illərinin
əvvəllərində gələcəyin əngin
üfüqlərində görürdü...
Onun Vətən sevgisi ilə dolu
köksündə göyərən, elə bu munis arzu ilə
də qurduğu partiyanın adına
çevrilən Yeni Azərbaycanı bu gün cənab
İlham Əliyev, Mehriban xanım Əliyeva xalqla birlikdə,
el birliyi ilə qurub yaradır...
Onların
formalaşdırdıqları Yeni Azərbaycanda dövlətçilik
əsasları möhkəm tarixi köklərə, əsrlərlə
formalaşmış ənənələrə əsaslandığı
qədər, eyni zamanda, müasirliyə yönəlir,
çağdaş inkişaf proseslərinə qucaq
açır.
Bu, dövlət
bayrağımızın üzərindəki üç rəngin,
soy-kökümüzün, müasir inkişaf əzmimizin,
müqəddəs inancımızın real həyat mənzərələrində
əks olunduğu ideyalarda, xəyallarda deyil, gerçəklərdə
vəhdət tapdığı Azərbaycandır...
Bu, "Biz
avropalıların ədəbiyyatlarına, sənayelərinə,
elm və maariflərinə, kəşfiyyat və
ixtiralarına müraciət etmək istəyirik, özlərinə
deyil! Biz istəyirik
ki, islam ölkəsinə onların beyinləri
girsin, boğazları, mədələri girməsin. Biz istərik
ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində
həzm olunmasın... " deyən Əli
bəy Hüseynzadə kimi ideoloqlarımızın öz xəyallarında
şəkilləndirdikləri Vətəndir...
İndiyə qədər
yaşayıb-yaratmış, xalq olaraq inkişafımıza,
milli dövlətçilik irsimizin formalaşmasına töhfələr
vermiş dühalarımızın görmək istədikləri
Azərbaycan!..
Əslində, cənab İlham
Əliyevin tarixdə yaratdığı ən mükəmməl
ilk də elə budur!..
Yeni həyatın, bugünün və
gələcəyin mübarək, Vətən!
Səni yenidən qurub-yaradan hər kəs
qayım-qədim olsun!..
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin
deputatı,
YAP Xətai rayon təşkilatının sədri
Azərbaycan.-
2019.-20 dekabr.- S.1; 6.