Şəmkir şəhərinin su
təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 8,0 (səkkiz) milyon manatı "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 dekabr 2019-cu il
Azərbaycan.- 2019.- 20 dekabr.- S.5.