Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1,
maddə 17, ¹ 5, maddə 323; 2002, ¹ 5, maddə 236; 2003, ¹ 1, maddələr
23, 24, ¹ 6, maddə 279; 2004, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹
10, maddə 761; 2005, ¹ 4, maddələr 277, 278; 2006, ¹ 2, maddə
64, ¹ 12, maddə 1006; 2007, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddə
68, ¹5, maddə 439, ¹ 6, maddə 560, ¹ 7, maddə 712, ¹ 8, maddə
756; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 602, ¹ 12, maddə 1046;
2009, ¹ 6, maddə 402; 2010, ¹ 2, maddə 75, ¹ 4, maddə 276; 2011,
¹ 6, maddələr 471, 476, ¹ 7, maddələr 583, 619, ¹ 12, maddələr
1096, 1105; 2012, ¹ 5, maddə 411, ¹ 6, maddə 511; 2013, ¹ 5, maddə
472, ¹ 6, maddə 625, ¹ 11, maddələr 1266, 1307; 2015, ¹ 6, maddə
677, ¹12, maddə 1435; 2016, ¹ 5, maddə 836, ¹ 6, maddə 1016, ¹
11, maddələr 1761, 1763, ¹ 12, maddə 2047; 2017, ¹ 2, maddə
155, ¹ 4, maddə 523, ¹ 5, maddələr 706, 750, ¹ 11, maddələr
1935, 1975; 2018, ¹ 5, maddə 879, ¹ 8, maddə 1672, ¹ 11, maddələr
2209, 2225, ¹ 12 (I kitab), maddələr 2524, 2534; 2019, ¹ 1, maddə
23, ¹ 5, maddələr 792, 812, ¹ 7, maddə 1197) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 63.1-ci maddədə "və məhkəmə
tərəfindən təyin edilən” sözləri ", məhkəmə
tərəfindən təyin edilən və ya işdə
iştirak edən şəxslərlə ekspertizanın
aparılması barədə müqavilə
bağlamış” sözləri ilə əvəz edilsin;
1.2. 97.1-ci maddəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
"İşdə iştirak edən
şəxsin vəsatəti rədd edildikdə məhkəmə
bu barədə əsaslandırılmış qərardad qəbul
etməlidir.”;
1.3. aşağıdakı
məzmunda 97.4-1-ci maddə əlavə edilsin:
"97.4-1. İşdə
iştirak edən şəxslər ekspert tədqiqatının
obyekti kimi əşya və sənədləri təqdim etmək
hüququna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və
sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul
etmədikdə bu barədə əsaslandırılmış
qərardad qəbul etməlidir.”;
1.4. 99-cu maddə üzrə:
1.4.1. 99.1-ci maddənin ikinci cümləsində
"Məhkəmə” sözündən sonra "və
işdə iştirak edən şəxslər” sözləri
əlavə edilsin;
1.4.2. 99.2-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"99.2. Ekspertiza məhkəmə
ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə
ekspertləri tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi
bir neçə ekspertə həvalə edilə bilər.”;
1.4.3. 99.3-cü maddəyə
aşağıdakı məzmunda üçüncü
cümlə əlavə edilsin:
"Bu zaman işdə iştirak edən
şəxslər tətbiq edilmiş tədqiqat
üsullarının mahiyyətinin və alınmış nəticələrin
izahını ekspertdən tələb edə və ekspertə
izahlar verə bilərlər.”;
1.5. 101-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"Maddə 101. Ekspert rəyi
101.1. Ekspert ekspertiza təyin edilməsi
haqqında məhkəmənin qərardadının məhkəmə
ekspertizası idarəsinə daxil olduğu gündən 1 ay,
bu Məcəllənin 172.2-ci maddəsində nəzərdə
tutulmuş işlərə münasibətdə isə 10
gündən gec olmayaraq yazılı formada rəy verir, onu
öz imzası ilə təsdiq edir və dərhal məhkəməyə
göndərir. Bu Məcəllənin
172.3-cü maddəsində nəzərdə tutulmuş
işlərə münasibətdə isə ekspert rəyi 3
günədək müddətdə verilir.
101.2. Ekspertizanın
aparılmasını bu Məcəllənin 101.1-ci maddəsində
göstərilən müddətlərdə təmin etmək
mümkün olmadıqda, məhkəmə ekspertizası idarəsinin
rəhbəri tərəfindən əsaslandırılmış
səbəblər göstərilməklə bu barədə məhkəməyə
dərhal məlumat verilir. Bu halda tədqiqatların
mürəkkəblik dərəcəsi nəzərə
alınmaqla ekspertizanın aparılması müddəti məhkəmə
ilə yazılı formada razılaşdırılır.
101.3. Ekspert rəy verilməsi
üçün əlavə tədqiqat materiallarının təqdim
edilməsinə zərurət olduğunu müəyyən
etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin
qərardadının məhkəmə ekspertizası idarəsinə
daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə
məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat
materiallarının dəqiq və tam siyahısı göstərilir.
101.4. Məhkəmə tərəfindən
ekspertin həmin vəsatətinə 3 gün müddətində
baxılır və əlavə tədqiqat
materiallarının əldə edilməsi müəyyən
vaxt tələb etdikdə məhkəmə ekspertizası idarəsinin
rəhbərinə məlumat verilməklə bu Məcəllənin
101.1-ci maddəsində nəzərdə tutulan müddətlər
uzadılır.
101.5. Ekspertin həmin vəsatəti
bu Məcəllənin 101.4-cü maddəsində nəzərdə
tutulan müddətdə təmin edilmədikdə məhkəmə
ekspertizası idarəsinin rəhbəri ekspertiza təyin edilməsi
haqqında məhkəmənin qərardadını icra
olunmadan geri qaytarmaq hüququna malikdir.
101.6. Ekspert rəyində
aparılmış tədqiqatların müfəssəl təsviri,
onlara əsasən çıxarılmış nəticələr
və məhkəmə tərəfindən qoyulmuş suallara
əsaslandırılmış cavablar verilməlidir. Əgər
ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti
olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə,
o, bu hallar barədə mülahizələrini öz rəyinə
daxil etməyə haqlıdır.
101.7. Ekspertin rəyi məhkəmədə
tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
101.8. Bu Məcəllənin 101.1-ci və
101.2-ci maddələrində nəzərdə tutulmuş
müddətlərə riayət etmədikdə məhkəmə
ekspertizası idarəsi məhkəmə tərəfindən
yüz manat məbləğində cərimə edilə bilər.”;
1.6. aşağıdakı
məzmunda 101-1-ci və 102.3-cü maddələr əlavə
edilsin:
"Maddə 101-1. İşdə iştirak edən
şəxslərin təşəbbüsü ilə
ekspertizanın aparılması
101-1.1. İşdə
iştirak edən şəxslər onların mənafelərinə
xidmət edə biləcək halların müəyyən
edilməsi üçün öz təşəbbüsləri
ilə ekspertizanın aparılmasını sifariş vermək
üçün məhkəmə ekspertizası idarəsinə
və ya özəl məhkəmə ekspertinə rəsmi
müraciət etmək hüququna malikdirlər.
101-1.2. İşdə
iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin
şəxslə məhkəmə ekspertizası idarəsinin
rəhbəri və ya özəl məhkəmə eksperti
arasında bağlanan müqavilə əsasında
ekspertizanı sifariş edən şəxsin hesabına həyata
keçirilir.
Müqavilədə ekspertin bilə-bilə yalan
rəy verməyə görə məsuliyyət
daşıması barədə məlumatlandırıldığı
onun imzası ilə təsdiq edilməlidir. Ekspertizanı sifariş etmiş şəxs ekspertə
suallar siyahısını və tədqiqat üçün
obyektləri verir.
101-1.3. Ekspert ekspertizanı
sifariş etmiş şəxsə müqavilədə
göstərilən müddətdə yazılı rəy
verir.
Ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri
məhkəmə tərəfindən materiallara əlavə
edilir və digər sübutlarla yanaşı qiymətləndirilir.”;
"102.3. Məhkəmə
işdə iştirak edən şəxslərin vəsatəti
ilə əlavə və ya təkrar ekspertiza təyin edə
bilər.
İşdə iştirak edən şəxsin vəsatəti
rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış
qərardad qəbul etməlidir.”;
1.7. 132-ci maddəyə "ərizəsi
üzrə” sözlərindən sonra ", habelə bu Məcəllənin
101.3-cü maddəsində nəzərdə tutulan ekspertin vəsatəti
əsasında” sözləri əlavə edilsin;
1.8. 257-ci maddənin mətni
aşağıdakı redaksiyada verilsin:
"İşin
dayandırılmasına səbəb olmuş hallar aradan
qaldırıldıqda və ya bu Məcəllənin
101.3-cü maddəsində nəzərdə tutulan ekspertin vəsatətinə
baxılması zərurəti yarandıqda, işdə
iştirak edən şəxslərin ərizəsi üzrə
və ya məhkəmənin təşəbbüsü ilə
iş üzrə icraat təzələnir.”;
1.9. 418-ci maddə üzrə:
1.9.1. 418.1-ci maddədə "tətbiq
olunmaması” sözlərindən sonra ", o cümlədən
maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə
təcrübəsinin vahidliyinin pozulması” sözləri əlavə
edilsin;
1.9.2. aşağıdakı
məzmunda 418.6-cı maddə əlavə edilsin:
"418.6. Hüququn tətbiqi üzrə
məhkəmə təcrübəsinin vahidliyinin pozulması
qətnamənin və ya qərardadın ləğv edilməsinə
yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun
maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə
bağlı məhkəmə təcrübəsinə dair məsələlər
üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit
olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi
zərurəti kifayət qədər əsaslandırılmasın.”;
1.10. aşağıdakı
məzmunda 418-1-ci maddə əlavə edilsin:
"Maddə 418-1. Kasassiya instansiyası məhkəməsində
icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə
təcrübəsinin vahidliyinin təmin edilməsi
418-1.1. Ali Məhkəmənin məhkəmə
tərkibi işə kasassiya qaydasında baxarkən Ali Məhkəmənin
digər məhkəmə tərkibinin əvvəllər qəbul
etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən
fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab
etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi
apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin
418.6-cı maddəsində nəzərdə tutulmuş qətnamə
və ya qərardadının əsaslandırılması ilə
razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə
hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin
vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin
mülki və kommersiya kollegiyalarına daxil olan bütün
hakimlərdən ibarət tərkibdə baxılır.
418-1.2. Ali Məhkəmənin
mülki və kommersiya kollegiyalarına daxil olan bütün
hakimlərdən ibarət tərkibdə iclası Ali Məhkəmənin
işə baxan məhkəmə tərkibinin əsaslandırılmış
təqdimatı əsasında Ali Məhkəmənin sədri
tərəfindən təyin edilir. Mübahisəli
hüquqi məsələyə bu Məcəllənin
418-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada
baxılarkən müvafiq təqdimatı verən məhkəmə
tərkibinin daxil olduğu Ali Məhkəmənin
kollegiyasının sədri iclasa sədrlik edir. İclas mülki və kommersiya kollegiyaların hakimlərinin
azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir.
Səslər bərabər olduğu hallarda sədrlik
edənin səsi həlledici sayılır.
418-1.3. Ali Məhkəmənin
mülki və kommersiya kollegiyaları mübahisəli
hüquqi məsələyə birgə baxaraq ona dair
hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir.
418-1.4. Ali Məhkəmənin
işə baxan məhkəmə tərkibi, habelə eyni
xarakterli məsələlərə baxarkən bütün
digər məhkəmə tərkibləri bu Məcəllənin
418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda
müəyyən edilmiş hüquqi mövqeni rəhbər
tutmalıdırlar.
418-1.5. Ali Məhkəmənin məhkəmə
tərkibi eyni xarakterli məsələlərə baxarkən,
bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə
tutulmuş qərardadda müəyyən edilmiş hüquqi
mövqedən fərqli qərar qəbul olunmasını zəruri
hesab edirsə, məsələyə bu Məcəllənin
418-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada
baxılır.”;
1.11. 424.2.5-ci maddənin sonunda
nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
424.2.6-cı maddə əlavə edilsin:
"424.2.6. kasassiya
instansiyası məhkəməsinin qərarı bu Məcəllənin
418.6-cı maddəsində nəzərdə tutulmuş
hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin
vahidliyini pozmuşsa.”.
Maddə 2. Bu Qanun 2020-ci il
martın 1-dən qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 noyabr 2019-cu il
Azərbaycan.- 2019.-20 dekabr.- S.8.