Bütün seçki hərəkətləri mərhələli şəkildə icra edilir

 

Səsvermə prosesi, səslərin sayılması, nəticələrin və yekunların müəyyən olunaraq ictimailəşdirilməsi

 

Səsvermə prosesi seçkilərin əsas mərhələlərindən biri olmaqla, müəyyən edilmiş məkan və zaman daxilində, qanunda nəzərdə tutulmuş qaydada seçki subyektləri tərəfindən həyata keçirilən hərəkətlərin məcmusudur.

Seçkilərin təyin edilməsi günündən başlayaraq icra edilən bütün seçki hərəkətləri mərhələli şəkildə, qanunvericilikdə müəyyən edilmiş müddətdə və qaydada icra edilir, bir mərhələnin icrası başqa mərhələ üçün hüquqi nəticə yaradır və onun icrasının başa çatması digərinin başlamasına səbəb olur.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 98-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanları və ya bələdiyyələr seçkilər günü səsvermənin həyata keçirilməsi məqsədilə məntəqə seçki komissiyalarına əvəzsiz olaraq səsvermə otağı ayırmalı, səsvermə otağı daşınan və daşınmaz səsvermə qutuları, səsvermə kabinələri, məlumat lövhələri, gözəgörünməyən mürəkkəblə dolu qablar, ultrabənövşəyi lampalar, stol, stul, yazı ləvazimatları, gizli səsvermə üçün lazım olan digər zəruri əşyalarla təmin olunmalıdır.

Səsvermə otağında daimi seçici siyahısı, namizədlər haqqında məlumat (namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı, nömrəsi, namizədin yaşadığı başqa dövlətdə Cinayət Məcəlləsində cinayət sayılan əməli olmuşbu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışsa, xarici dövlətin müvafiq qanununun adı göstərilməklə), seçki bülletenlərinin doldurulması qaydası haqqında izahseçki bülletenlərinin nümunələri müvafiq qaydada müəyyən edilmiş məlumat lövhəsində asılır. Məlumat lövhəsində olan materialların seçicilər tərəfindən tam və sərbəst oxunması üçün o, hamının görə biləcəyi yerdə yerləşdirilməlidir.

Səsvermə prosesində aşkarlığın təmin edilməsi məqsədilə səsvermə otağı elə təşkil edilməlidir ki, seçicilərin barmaqlarının yoxlanılması, seçici siyahısında adının axtarılması, seçki bülletenlərinin verilməsi, barmağın mürəkkəblənməsi, səsvermə kabinələri və qutuları məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər tərəfindən sərbəst görünsün.

Səsvermə günü məntəqə seçki komissiyaları tərəfindən səsvermənin başlanmasınadək olan müddətdə (saat 08:00-dək) bir sıra hərəkətlərin icra edilməsi zəruridir. Məntəqə seçki komissiyasının sədri tərəfindən komissiya üzvləri arasında vəzifə bölgüsü aparılmalı, seçki materialları və avadanlıqları hazırlanmalı, səsvermənin başlanmasına 24 saat qalmış təşviqat materialları (seçicilərin maariflənməsi üçün nəzərdə tutulmuş materiallar istisna olmaqla) seçki məntəqəsindən çıxarılmalı, seçki bülletenləri sayılmalı və möhürlənməli, əgər istifadə edilməmiş qeydiyyatdan çıxma vəsiqələri varsa, onlar ləğv edilməli və bu barədə akt tərtib edilməli, səsvermənin yekunları barədə məlumatları göstərmək məqsədilə böyüdülmüş protokol nümunələri məlumat lövhəsindən asılmalıdır.

Səsvermə günü saat 07:50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib onları kilidləyir, saat 08:00-da səsvermənin başlandığını elan edir.

Səsvermə günü seçici səhhətinə və ya digər üzrlü səbəblərə görə seçki məntəqəsinə gələ bilməyəcəyini yəqin edərsə, o, seçkilər gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs vermək istəyini məntəqə seçki komissiyasına yazılı və ya şifahi şəkildə, bilavasitə özüya digər şəxs vasitəsilə bildirə bilər. Bu istək şifahi şəkildə bildirilibsə, o, səsvermə zamanı müvafiq ərizə ilə rəsmiləşdirilməlidir. Bu halda məntəqə seçki komissiyası həmin vətəndaşın səsvermədə iştirakını təmin etmək üçün onun yaşadığı ünvana müvafiq qaydalara uyğun olaraq daşınan seçki qutusu göndərməlidir.

Müəyyənləşdirilmiş vəzifə bölgüsünə uyğun olaraq məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri, onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin gözəgörünməyən mürəkkəblə əvvəl işarələnib-işarələnmədiyini ultrabənövşəyi lampadan istifadə etməklə yoxlamalı və sonra səsvermə otağına daxil olmağa icazə verilməlidir. Əgər seçici yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səs verirsə, onda səxsiyyət vəsiqəsi çip-oxuyan qurğudan istifadə etməklə oxunurorada göstərilən vətəndaşın yaşadığı ünvanla onun seçicilər siyahısındakı yaşayış yerinin ünvanının uyğunluğu yoxlanılır. Onu da qeyd edək ki, hazırkı bələdiyyə seçkilərində ilk dəfə yeni nəsil şəxsiyyət vəsiqələrindəki məlumatları oxumaq üçün ölkə üzrə bələdiyyə seçkiləri keçirilən bütün məntəqə seçki komissiyaları 2 ədəd çip-oxuyan qurğu ilə təmin ediliblər. Məntəqəyə daxil olmuş seçicinin adının seçicilərin daimi siyahısında olduğu yoxlanıldıqdan sonra ona səs vermək üçün seçki bülleteni verilir.

Səsverməyə gələn seçici seçki bülleteni almaq üçün komissiya üzvünə şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən digər sənədi təqdim etməlidir. Həqiqi və ya müddətli hərbi xidmətdə olan hərbi qulluqçular zabitin şəxsi vəsiqəsi, hərbi bilet, istintaq təcridxanalarında saxlanılan şəxslər təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd, azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər məhkumun şəxsiyyətini təsdiq edən sənəd, Azərbaycan Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər icazə vəsiqəsi, vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi, bələdiyyənin ərazisində 5 ildən artıq yaşayan xarici ölkə vətəndaşları isə (səs vermək hüququ varsa) icazə vəsiqəsi əsasında səs verirlər. Həmin sənədlər təqdim edildikdən sonra məntəqə seçki komissiyasının üzvü tərəfindən sənədlərin seriya və nömrəsi seçicilər siyahısında qeyd edilir.

Seçki komissiyasının üzvü tərəfindən seçki bülleteninin nömrələnmiş sol küncü müəyyən edilmiş hissədən kəsilərək seçiciyə təqdim edilir. Bundan sonra seçici səsvermə kabinəsinə daxil olurseçki bülletenini doldurduqdan sonra onu səsvermə üçün nəzərdə tutulmuş seçki qutusuna salaraq məntəqəni tərk edir. Seçici tərəfindən seçki bülleteni korlanarsa, o, yenidən bülleten almaq üçün ərizə ilə məntəqə seçki komissiyasına müraciət edə bilər. Bu halda korlanmış bülleten ortadan kəsilərək ləğv edilir, akt tərtib olunur, seçiciyə yeni bülleten verilir və seçicilər siyahısında seçicinin soyadından sağda bu barədə müvafiq qeyd aparılır.

Səslərin sayılması prosesi səsvermə günündə həyata keçirilən əsas həlledici seçki hərəkətlərindəndir. Səsvermə başa çatdıqdan sonra məntəqə seçki komissiyasının sədri səsvermənin başa çatmasını, yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilərin səs verə biləcəyini ucadan elan edir. Seçki məntəqəsində olan seçicilərin səs verməsi başa çatdıqdan sonra istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərin, müşahidəçilərin, KİV nümayəndələrinin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və onların ləğv edilməsinə dair akt tərtib edilir. Seçki məntəqəsi üzrə səsvermənin nəticələri yuxarıda qeyd edilən şəxslərin müşahidəsi altında Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş formaya uyğun olan və hər bir nüsxəsi müxtəlif rəngdə olmaqla 3 nüsxədən ibarət karbonlaşdırılmış kağızdan buklet formasında hazırlanmış protokolda komissiyanın həlledici səs hüquqlu üzvü tərəfindən əlyazısı qaydasında qeyd olunur. Məntəqə üzrə seçici siyahılarında olan seçicilərin, qeydiyyatdan çıxma vəsiqəsi almış seçicilərin, dairə seçki komissiyasından məntəqə seçki komissiyasına verilmiş seçki bülletenlərinin, seçki bülleteni almış seçicilərin, istifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin və korlanmış seçki bülletenlərinin sayı yekun protokolunda seçki qutuları açılmazdan əvvəl yazılır. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının möhür və plomblarının salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır.

Əvvəlcə daşınan seçki qutusu açılır və bülletenlər sayılır. Daşınan seçki qutusunda olan bülletenlərin sayı kənarda səs verilməsi üçün seçicilərin verdikləri ərizələrin sayından çox olmamalıdır. Daşınan seçki qutusu üzrə səslər hesablanarkən, bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, oradakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız hesab edilir.

Səslər sayıldıqda, seçki qutularından yalnız Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilmiş formada (nömrələnmiş, yuxarı sol küncü kəsilmiş, yuxarı sağ küncü məntəqə seçki komissiyasının möhürü ilə möhürlənmiş) çıxan seçki bülletenlərində olan səslər hesablanılır. Seçki qutularından müəyyənləşdirilmiş formada olmayan seçki bülletenləri çıxdıqda, həmin bülletenlər sayılaraq məntəqə seçki komissiyası tərəfindən aktlaşdırılır.

Seçki qutusundan çıxmış seçki bülletenində namizədlərin soyadlarından sağdakı kvadratlarda heç bir işarə qoyulmamışdırsa və ya seçiləcək bələdiyyə üzvlərinin sayından çox işarə qoyulmuşdursa, həmin bülleten etibarsız hesab edilir. Bundan başqa, seçki bülletenində səsin etibarlığına şübhə yaranarsa, məntəqə seçki komissiyası məsələni səsvermə yolu ilə həll edir. Əgər səsin etibarsız sayılması haqqında qərar qəbul edilərsə, bülletenin arxa tərəfində onun etibarsız sayılmasının səbəbləri qeyd edilirbu hal MnSK sədrinin və katiblərinin imzası ilə təsdiq edilir. Etibarsız və etibarlı hesab edilmiş seçki bülletenlərinin sayı, eləcə də etibarlı hesab edilmiş seçki bülletenlərindəki səslərin sayı məntəqə seçki komissiyasının yekun protokolunun müvafiq bəndlərində göstərilir.

Yuxarıda qeyd edilənlər icra edildikdən sonra etibarlı hesab olunan səslərin sayı (hər bir namizədin lehinə verilmiş səslər) bələdiyyə üzvlüyünə namizədlər arasında bölünüryekun protokolunda seçki bülleteninə daxil edilmiş namizədlərin siyahısına uyğun olaraq tərtib edilmiş cədvəldə hər bir namizədin qarşısında göstərilməklə qeyd edilir.

Məntəqə seçki komissiyasının yekun protokolunun birinci nüsxəsi, səsvermə günü məntəqə seçki komissiyasına daxil olmuş şikayətlər, həmin şikayətlərə baxılması barədə komissiyanın qərarları, məntəqə seçki komissiyası tərəfindən seçki bülletenlərinin alınmasına dair akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi barədə akt, seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayına dair akt, korlanmış seçki bülletenlərinin sayı barədə akt, seçki bülletenləri və məntəqə üzrə seçicilərin siyahısı əlavə edilməklə dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyası sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvün və müşahidəçilərin müşayiəti ilə dairə seçki komissiyasına göndərilir. Yuxarıda sadalanan sənədlərin surətləri əlavə edilməklə protokolun ikinci nüsxəsi məntəqə seçki komissiyasının katibində saxlanılır, protokolun üçüncü nüsxəsi tərtib edildikdən sonra məlumat lövhəsində asılaraq 5 gün orada saxlanılır.

Səsvermə günü məntəqə seçki komissiyasına daxil olmuş müraciət və şikayətlərə Mərkəzi Seçki Komissiyasının 12 avqust 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Məntəqə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada baxılır.

Səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyası çoxmandatlı seçki dairəsi üzrə məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında seçkilərin yekunlarını müəyyən edir. Səsvermənin nəticələri haqqında DSK-nın yekun protokolunda ilkin olaraq bələdiyyə üzrə məntəqə seçki komissiyalarının sayı, məntəqə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı, dairə seçki komissiyası protokolunun tərtib edilməsi üçün əsas götürülmüş məntəqə seçki komissiyaları protokollarının sayı, səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı və səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı göstərilir. Bundan sonra protokol müvafiq bəndlər üzrə - bələdiyyə üzrə seçici siyahılarında olan seçicilərin, qeydiyyatdan çıxma vəsiqəsi almış seçicilərin, dairə seçki komissiyasından bələdiyyə üzrə məntəqə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin, seçki bülleteni almış seçicilərin, istifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin, korlanmış seçki bülletenlərinin, seçki qutularında olan seçki bülletenlərinin, etibarsız hesab edilmiş seçki bülletenlərinin, etibarlı hesab edilmiş seçki bülletenlərinin və etibarlı hesab edilmiş səslərin sayı, o cümlədən etibarlı hesab edilmiş səslərin bələdiyyə üzvlüyünə namizədlər arasında bölünməsi, bələdiyyə üzvü seçilmiş namizədlərin adı göstərilməklə tam və dəqiq doldurulur.

Dairə seçki komissiyası protokolunun birinci nüsxəsi, Seçki Məcəlləsində nəzərdə tutulmuş sənədlər əlavə edilməklə, lakin səsvermə günündən iki gündən gec olmayaraq, dairə seçki komissiyası sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən üzvlərin müşayiəti ilə Mərkəzi Seçki Komissiyasına göndərilir, ikinci nüsxəsi dairə seçki komissiyasının katibində saxlanılır, üçünci nüsxə və müvafiq məntəqə seçki komissiyalarının protokollarının surətləri məlumat lövhəsində asılır və 10 gün saxlanılır.

Seçki prosesinin sonuncu mərhələsi seçkilərin nəticələrinin və yekunlarının müəyyən olunaraq ictimailəşdirilməsidir. Seçkilərin ilkin nəticələri dairə seçki komissiyasının səsvermənin nəticələrinə dair protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən sonra komissiya tərəfindən seçki dairələri üzrə səsvermənin nəticələrini ümumiləşdirən cədvəl şəklində dərc edilir və həmin məlumatlar komissiyanın internet səhifəsində yerləşdirilir. Səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində Mərkəzi Seçki Komissiyası tərəfindən Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçkilərin ümumi yekunları haqqında protokol tərtib edilir. Mərkəzi Seçki Komissiyası 45 gün müddətində Seçki Məcəlləsində göstərilən kütləvi informasiya vasitələrində dairə seçki komissiyalarının protokollarında olan məlumatları tam şəkildə dərc edir.

 

İlkin ŞAHBAZOV,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

 

Azərbaycan. - 2019.-20 dekabr.- S.1; 9.