“İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında”, “Uşaq hüquqları
haqqında”, “Təhsil haqqında”, “Reklam
haqqında” və “Məktəbəqədər təhsil
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2019-cu il 19 noyabr tarixli
1691-VQD nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Uşaq hüquqları haqqında”, "Təhsil haqqında”, "Reklam haqqında” və "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1691-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Uşaq hüquqları haqqında”, "Təhsil haqqında”, "Reklam haqqında” və "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Uşaq hüquqları haqqında”, "Təhsil haqqında”, "Reklam haqqında” və "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 dekabr 2019-cu il
Azərbaycan.- 2019.-21 dekabr.-
S.3.