Əbədi müstəqillik üçün mədəniyyət
"Mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır. Ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır, ana dilimizdir, milli təfəkkürümüzdür”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikirləri 2019-cu il mart ayının 1-də ölkəmizin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə səsləndirdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirak etdiyi bu tarixi görüş Azərbaycan dövlətinin mədəniyyətimizə gerçək münasibətini ortaya qoymaqla yanaşı, bu sahənin inkişafında yeni üfüqlərin açılmasına vəsilə oldu.
Həmin görüşdə qaldırılan məsələlərin, demək olar ki, hamısı müsbət həllini tapdı. Dövlət başçısı görüş zamanı bir sıra tapşırıqlar verdi, sonrakı günlərdə isə müvafiq sərəncamlar imzaladı. Dövlət Musiqili və Dövlət Rus Dram teatrlarına "akademik” statusun verilməsi, Azərbaycan teatrlarının və Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında, eləcə də teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, altı yaradıcılıq ittifaqına vəsaitin ayrılması, Tovuz rayonunda Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasında tikinti işlərinin başa çatdırılması ilə bağlı sərəncamlar ölkə Prezidentinin mədəniyyətimizin inkişafına, mədəni irsimizə diqqət və qayğısının daha bir nümunəsi idi.
Mədəniyyətimizə göstərilən bu cür diqqət və qayğı zəngin tarixi olan ənənənin davamıdır. Azərbaycan mədəniyyətinin son yarım əsrdəki inkişafına nəzər salsaq, bunu bariz şəkildə görə bilərik.
Bu bir gerçəkdir ki, mədəniyyətimizin sistemli inkişafı, beynəlxalq aləmdə tanınması onun böyük himayədarı, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikaya rəhbərlik etdiyi ötən əsrin 70-ci illərindən başlayaraq, ölkə həyatının bütün sahələri kimi, mədəniyyətimiz də özünün intibah dövrünü yaşamışdır. Paytaxtdan ucqarlaradək kinoteatr, klub, mədəniyyət evi, kitabxana və muzeylərin inşa edilməsi, kino, musiqi, teatr, rəssamlıq, memarlıq, heykəltəraşlıq və digər sahələrdə əldə edilən nailiyyətlər həmin dövrdə mədəniyyətimizin inkişafının parlaq örnəkləridir.
Dahi siyasətçi müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə də bu sahəyə qayğısını əsirgəmədi. Ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlində ölkəmizdə yaşanan qorxunc hadisələr, ictimai-siyasi böhran mədəniyyət sahəsinə də mənfi təsir göstərmişdi. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycan mədəniyyətinə də yeni nəfəs gəldi. Sonrakı 10 il müddətində sənətə və sənətkara diqqət artdı, görkəmli mədəniyyət xadimlərinin fəxri adlara, Prezident təqaüdünə, müxtəlif mükafatlara layiq görülməsi, dünyasını dəyişən şəxsiyyətlərin yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, ev-muzeylərinin yaradılması, bir sözlə, Azərbaycan mədəniyyətinin inkişafı naminə çox mühüm qərarlar qəbul edildi.
Ulu Öndərin zəngin dühası ilə əsasını qoyduğu uğurlu inkişaf strategiyası 2003-cü ildən yeni parlaq üfüqlərə doğru yol aldı. Ümummilli Liderin dövlətçilik kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə arxada qoyduğumuz 16 ildə ölkəmiz dinamik inkişaf dövrünü yaşayıb. Bu tərəqqi mədəniyyət sahəsində də yeni layihələrin, dövlət proqramlarının həyata keçirilməsi, müasir maddi-texniki bazanın, infrastrukturun yaradılması, yaradıcı fəaliyyətə stimul verilməsində özünü göstərir. Ötən dövrün mədəniyyət salnaməsini vərəqləyəndə qürur hissi keçirməyə bilmirik. Mədəniyyət obyektlərinin, ilk növbədə, kütləvi nümayiş məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması bu sahəyə göstərilən yüksək diqqət və qayğıdan xəbər verir.
Bu illər ərzində Prezident İlham Əliyev tərəfindən mədəniyyət sahəsi ilə bağlı 650-dən çox fərman və sərəncam imzalanıb. Dövlət başçısının sərəncamları ilə təsdiq olunan proqram sənədlərdən bir qismi ("Kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı”, "Azərbaycan kinosu 2008-2018-ci illərdə”, "Azərbaycan teatrı 2009-2019-cu illərdə”) icra olunub, "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı: 2014-2020” və s. proqram və layihələrin reallaşdırılması davam etdirilir.
Müasir dövrdə mədəni irs, incəsənət xalqları, ölkələri tanıdan, insanları birləşdirən əhəmiyyətli vasitələrdən hesab olunur. Xalqımızın qədim və zəngin mədəniyyəti ölkəmizdən çox-çox uzaqlarda uğurla təqdim və təbliğ olunur. Bu xüsusda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, mədəni irsimizin himayədarı Mehriban Əliyevanın müstəsna xidmətlərini qeyd etmək lazımdır. Mehriban xanımın 2004-cü ildə UNESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasında mühüm rol oynadı. Azərbaycan muğam sənəti ilk olaraq UNESKO tərəfindən bəşəriyyətin mədəni irs xəzinəsinə daxil edildi. 2009-cu ildə Azərbaycanın aşıq sənəti və ölkəmizin yaxından iştirakı ilə beynəlxalq nominasiya kimi təqdim olunan Novruz bayramı, 2010-cu ildə xalça sənətimiz, 2012-ci ildə tar ifaçılığı, 2013-cü ildə Qarabağ atları üzərində çövkən milli oyunu, 2014-cü ildə kəlağayı sənəti, 2015-ci ildə Lahıc misgərlik sənəti, 2016-cı ildə ölkəmizin Türkiyə, İran, Qazaxıstan və Qırğızıstanla birgə təqdim etdiyi lavaş - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti UNESKO-nun siyahılarında yer alıb. Həmçinin 2017-ci ildə milli mətbəximizin nümunəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi, kamança musiqi alətinin hazırlanması və ifaçılıq sənəti, 2018-ci ildə "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” və Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi "Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylları da təşkilatın müvafiq siyahılarına salınaraq bəşəri status qazanıb. Bundan əlavə, ötən illərdə Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhər, Qobustan qayaüstü rəsmləri UNESKO-nun dünya İrs Siyahısına daxil edilib. 2019-cu ilin iyulunda - UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında isə Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) bu mötəbər siyahıya salındı. Bütün bunlar mədəni irsimiz və ölkəmiz adına mühüm önəm kəsb edən, əlamətdar hadisələrdir. Mədəni irsimizi dünyaya tanıdan bu böyük işlər Azərbaycanın birinci xanımının dəstəyi, rəhbərliyi, Mədəniyyət Nazirliyi və digər qurumların birgə əməkdaşlığı ilə gerçəkləşib. Bu həm də Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun, ölkəmizə göstərilən yüksək etimadın örnəkləridir.
Azərbaycanın müasir inkişafından pay alan mədəniyyət sahələrindən biri də teatrdır. Köklü ənənələrə malik olan, bu il 147-ci mövsümünü yaşayan peşəkar milli teatrımız zəngin inkişaf yolu keçib. Teatrlarımızın maddi-texniki baxımdan inkişafı ilə yanaşı, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də mühüm addımlar atılıb. MDB məkanında ilk dəfə ölkəmizdə "Teatr və teatr fəaliyyəti haqqında” qanun (2007), habelə "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı qəbul edilib. Prezidentin müvafiq sərəncamları ilə paytaxtdakı beş teatrın (Kukla, Rus Dram, Gənc Tamaşaçılar, Milli Dram, Musiqili teatrlar), eləcə də Mingəçevir, Füzuli, Ağdam, Şəki, Sumqayıt dram, Gəncə kukla teatrlarının binaları əsaslı şəkildə təmir-bərpa olunub, İrəvan və Pantomima teatrlarına binalar verilib. Şuşa Dövlət Musiqili Dram Teatrı bu mövsümdən paytaxtımızda yeni binada qapılarını tamaşaçılarının üzünə açıb.
Teatrların maddi-texniki bazasının yaxşılaşdırılması yaradıcı fəaliyyətə də öz müsbət təsirini göstərir. Bu illər ərzində teatr kollektivləri 30-dan çox ölkədə qastrol səfərlərində olub, onlarca beynəlxalq festivala qatılıb. Ölkəmiz teatrla bağlı beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir, dünya teatr sənətinin problemləri Azərbaycan paytaxtında müzakirə olunur. 2010-cu ildə əsası qoyulan Bakı Beynəlxalq Teatr Konfransı ötən müddətdə həm ölkəmizdə keçirilən beynəlxalq mədəniyyət tədbirləri sırasında, həmçinin beynəlxalq teatr təşkilatlarının fəaliyyət təqvimində özünə mühüm yer qazanıb.
Bu illərdə ölkəmizdə teatr sahəsində digər beynəlxalq tədbirlər də gerçəkləşib. Bakı Beynəlxalq Kukla Teatrları Festivalı (2011, 2013), Şəki Beynəlxalq Teatr Festivalı (2014, 2016, 2018) ölkəmizin dünya teatr aləminə inteqrasiyasının nümunələridir. 2019-cu ilin iyununda Lənkəranda Beynəlxalq Teatr Festivalının əsası qoyulub. Bundan əlavə, teatrlarımızın peşəkarlığını artırmaq məqsədilə respublika miqyaslı festivallar da təşkil olunur.
Son on altı ilin mədəniyyət salnaməsinə nəzər yetirəndə ölkəmizdə musiqi sahəsinin yüksəliş dövrünü yaşadığını əminliklə söyləyə bilərik. Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan musiqisinin inkişafına və təbliğinə misilsiz töhfələr verir. 2009-cu ildə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə əsası qoyulan "Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təkcə musiqimizin deyil, ümumilikdə ölkəmizin dünya miqyasında təbliğinə xidmət edən mühüm mədəniyyət layihələridir. Eyni zamanda ənənəvi olaraq keçirilən Bakı Caz Festivalı, Rostropoviç Musiqi Festivalı, "İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Müasir Musiqi Festivalı, Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi, Qəmər Almaszadə adına Beynəlxalq Rəqs Müsabiqəsi müxtəlif ölkələrdən tanınmış ifaçıları bir araya gətirərək dünya musiqi xəritəsində Azərbaycanın yerini daha da möhkəmləndirir. Musiqi sənətimiz dünya səhnələrini fəth edir, ifaçılarımız yüzlərlə sənət yarışmasında uğur qazanırlar.
Azərbaycan musiqisinin inkişafına töhfə verən iri mədəniyyət ocaqlarının yaradılması paytaxtla yanaşı, bölgələrimizi də əhatə edir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2008-ci ildə Bakıda və Ağcabədidə, 2010-cu ildə Füzuli rayonunda muğam mərkəzləri tikilib istifadəyə verilib. 2017-ci ildə musiqi sahəsində əlamətdar hadisələrdən biri respublikanın ikinci böyük şəhərində - Gəncədə möhtəşəm filarmoniya binasının açılışı olub. 2018-ci ildə Ağdamda (Quzanlı qəsəbəsi), bu il isə Sumqayıt şəhərində muğam mərkəzləri bu sənəti yaşadanların ixtiyarına verilib. Musiqi sahəsinə dövlət qayğısı yaradılan infrastrukturla bitmir. İstedadlı gənc musiqiçilərimiz Prezident təqaüdünə layiq görülür, xaricdə dövlət hesabına təhsil alırlar. Fitri istedadı ilə seçilən heç bir gəncimiz ölkə rəhbərliyinin diqqətindən kənarda qalmır. Onlarca gənc musiqiçi adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitab”ına yazılmaqla, Prezidentin xüsusi təqaüdünə layiq görülür.
Prezident İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk dövrlərdə milli-mənəvi dəyərlərə söykənən və müasir çağırışlara cavab verən mütərəqqi ideyaları yaşadıb inkişaf etdirəcəyini vurğulamışdı. Dövlət başçısı bütün fəaliyyətində qeyd olunan bu sahələrin inkişafını daim diqqət mərkəzində saxlayıb, öz qayğısını əsirgəməyib.
Ölkənin bütün regionlarını, cəmiyyət həyatının hər bir sahəsini əhatə edən islahat real nəticələr verə bilər. Məmnunluq doğuran haldır ki, son on altı ildə ölkəmizdə aparılan islahatlar paytaxt və digər böyük şəhərlərlə məhdudlaşmayaraq ən ucqar bölgələrimizi də əhatə edib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası yerlərdə mədəni həyata da mühüm və müsbət təsir göstərib. Dövlət başçısının bölgələrimizə hər səfəri müasir mədəniyyət ocaqlarının açılışı ilə də yadda qalır. Regionların mədəniyyət infrastrukturunun yenilənməsi ilə bərabər, tarixi-mədəni abidələrimiz də təmir-bərpa olunur.
Dövlət başçısının mədəni irsə, eləcə də bölgələrimizin mədəni inkişafına diqqət və qayğısı bu sahədə mühüm layihələrə zəmin yaradır. Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə qabaqcıl dünya təcrübəsi də nəzərə alınaraq müxtəlif proqramlar, layihələr icra olunur, festivallar keçirilir. "Xalq yaradıcılığı paytaxtları” proqramı (2010-2014), "Ədəbiyyat paytaxtı” və "Milli mətbəx paytaxtı” (2015), "Bölgələrdən paytaxta” (2016-2017) layihələri bu qəbildəndir. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə daha bir layihənin - "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının əsası qoyuldu. Cari ildə ikinci dəfə keçirilən bu festival şəhər və rayonlarımızın mədəni irsinin təbliğinə daha bir töhfədir.
Bu illərdə bir sıra regional layihələr geniş miqyas qazanaraq beynəlxalq tədbirlərə çevrilib. Masallıda folklor, Qəbələdə mürəbbə, Şəkidə şirniyyat festivalları buna nümunədir. Milli mətbəxlə bağlı digər festivallarda (dolma, plov) da müxtəlif ölkələr təmsil olunur. Belə festivalların sırasına Gədəbəydə təşkil olunan Milli Yaylaq Festivalı da qoşulub. Sevindirici haldır ki, bəzi bölgələrimiz beynəlxalq təşkilatlar formatında "Mədəniyyət paytaxtı” adını qazanır. 2013-cü ildə Qəbələnin "MDB-nin mədəniyyət paytaxtı”, 2016-cı ildə Şəkinin "Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi regionlarımızın mədəni irsinin tanıdılmasına əlavə imkanlar açdı. 2017-ci ildə Şəki şəhəri, bu il isə Bakı UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilib.
Mədəniyyət Nazirliyi tərəfindən "Azərbaycan - doğma diyar” devizi altında keçirilən (2006, 2008, 2011, 2014, 2016) milli azlıqların incəsənət festivalları ölkəmizdəki mədəni müxtəlifliyi nümayiş etdirir. Ölkə Prezidenti tərəfindən 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili”, 2017-ci ilin "İslam Həmrəyliyi ili” elan olunması yurdumuzun mədəni zənginliyini, tolerantlıq mühitini dünyaya bəyan etməklə yanaşı, bu xüsusda yeni mədəni təşəbbüslərə də mühüm zəmin yaradır.
Ölkəmizdə tarixi-mədəni irsin qorunub saxlanılmasına xüsusi qayğı göstərilir. Prezidentin sərəncamları ilə 2007-ci ildə Qobustan Dövlət Tarix-Bədii Qoruğuna "Milli Qoruq” statusu verilib, Abşeron rayonunda "Yanardağ”, Ağstafada "Keşikçidağ”, Suraxanı rayonunda "Atəşgah məbədi”, Qubada "Xınalıq” tarix-mədəniyyət, tarix-memarlıq və etnoqrafiya qoruqları təşkil edilib. Dövlət başçısının fərmanı ilə yaradılan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu istiqamətdə kompleks işlər həyata keçirir.
Paytaxtda və bölgələrdə muzeylərin inkişafı da dövlət başçısının diqqət mərkəzindədir. Tarix-diyarşünaslıq muzeyləri ilə yanaşı, yerlərdə yaradılan Heydər Əliyev mərkəzlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına böyük önəm verilir. Qobustan Dövlət Tarix-Bədii Qoruğunun yeni muzey kompleksi, Qız qalasında yaradılan ekspozisiya müasir texnologiyaların uğurlu tətbiqinin nəticəsidir. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində işlər davam etdirilir. Mədəniyyət Nazirliyinin Avropa İttifaqının dəstəyi və İtaliyanın müvafiq sahə üzrə nazirliyinin iştirakı ilə həyata keçirdiyi Tvinninq layihəsi çərçivəsində ötən il İtaliyaya təlim səfərləri, Bakıda muzey işçiləri üçün treninqlər təşkil edilib.
Ötən dövrdə ölkəmizdə kitab və nəşriyyat işi sahəsində mühüm nailiyyətlər əldə olunub. Azərbaycan kitablarının sorağı dünyanın nüfuzlu beynəlxalq sərgilərindən gəlir, nəşrlərimiz beynəlxalq müsabiqələrdə müxtəlif mükafatlara layiq görülür. 2009-cu ildən etibarən Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakıda ənənəvi (iki ildən bir) beynəlxalq kitab sərgi-yarmarkası keçirilir. Bu ilin sentyabrında 6-cı dəfə gerçəkləşən bu tədbir ölkə ictimaiyyətini dünyanın müasir kitab mədəniyyəti ilə tanış etməklə bərabər, Azərbaycanda nəşriyyat-poliqrafiya işinin inkişaf mənzərəsinin beynəlxalq səviyyədə təbliğinə xidmət edir.
Respublikamızda kitabxana-informasiya sahəsi dünyanın qabaqcıl ölkələri ilə müqayisə ediləcək səviyyədə yenidən qurulur. Azərbaycan Milli Kitabxana-İnformasiya Mərkəzinin (AZLİBNET), ölkə kitabxanalarını vahid məkanda birləşdirən Mərkəzləşdirilmiş Elektron Kitabxana Sisteminin (ALİSA) yaradılması bu sahədə inkişafın göstəricisidir. Nazirliyin dəstəyi ilə keçirilən Buktreyler festivalı kitab və mütaliənin təbliği baxımından diqqətəlayiq hadisədir. Hazırda ölkəmizdə bütün sahələrdə tətbiq olunan innovativ yeniliklər kitabxana-informasiya istiqamətini də əhatə edir. "Açıq kitabxana”, "Book-kafe”, "Səyyar kitabxana” xidmətləri insanların kitaba olan marağını artırmağa xidmət edən əhəmiyyətli layihələrdir.
Son on altı ildə zəngin mədəniyyət salnaməmizə parlaq səhifələr yazan Azərbaycan kinosu yeni inkişaf mərhələsini yaşayır. Ölkə rəhbəri tərəfindən "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsindən keçən müddət ərzində 50-dək tammetrajlı bədii, 50-dən çox qısametrajlı bədii, 200-dən çox sənədli, 20-dən artıq cizgi filmi çəkilib. Kinoda gənclərə geniş meydan verilib, 60-dan çox rejissor özünün ilk ekran əsərini çəkib. Son dövrdə çəkilən filmlərimiz 50-dək ölkədə beynəlxalq festivallarda iştirak edib, mükafatlara layiq görülüb.
"Azərbaycanfilm” kinostudiyasında, Bakı Media Mərkəzində milli tarixi yaddaşın bərpasına, Azərbaycanın ictimai-siyasi həyatına, görkəmli şəxsiyyətlərə həsr olunan qiymətli bədii və sənədli ekran əsərləri ərsəyə gətirilib. Bu qəbildən filmlərin ölkəmizlə yanaşı, xaricdə də təqdimatları keçirilir.
Kino irsinin qorunması, filmlərin nümayişi sahəsində də mühüm işlər görülür. 2009-cu ildə istifadəyə verilən Dövlət Film Fondunun binası texniki imkanlarına görə dünyada ən müasir kino-arxiv müəssisələrindən hesab olunur. Əsaslı yenidənqurmadan sonra 2011-ci ildə Bakıda Nizami Kino Mərkəzinin istifadəyə verilməsi ilə müasir səviyyəli kino prokatının əsası qoyulub. Dövlətin bu sahədə nümunə olan addımından sonra müasir tələblərə uyğun özəl kinoteatrlar şəbəkəsi inkişaf etməyə başlayıb.
Mədəniyyətimizin davamlı inkişafında ənənə və varisliyin qorunması əhəmiyyətli məsələdir. Bu sahədə kadr hazırlığı və müasir tədris sisteminin qurulması böyük önəm kəsb edir. Ötən illərdə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə bədii təhsil sahəsində də mühüm işlər görülüb. Paytaxtda və regionlarda onlarca musiqi və incəsənət məktəbinin yeni binaları inşa edilib, mövcud binalar əsaslı təmir olunub, maddi-texniki bazası yaxşılaşdırılıb. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumtəhsil, orta ixtisas və ali təhsil pilləsində tədris verən Bakı Xoreoqrafiya Akademiyasının yaradılması milli xoreoqrafiya sənətinin inkişafına dövlət qayğısının bariz nümunəsidir.
Hazırda Mədəniyyət Nazirliyi sistemində 200-dən çox uşaq musiqi, incəsənət və rəssamlıq məktəbində müxtəlif ixtisaslar üzrə tədris aparılır. Təhsil ocaqlarında tədrisin keyfiyyətinin yüksəldilməsinə, istedadlı uşaq və gənclərin üzə çıxarılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə müxtəlif müsabiqələr təşkil olunur, şagird və tələbələrin yaradıcılığının stimullaşdırılması prioritet təşkil edir. Görkəmli incəsənət xadimlərimizin, eləcə də xaricdən dəvət olunmuş mütəxəssislərin ustad dərsləri təşkil olunur, müxtəlif sahələr üzrə təcrübə mübadiləsi aparılır.
Hər bir xalqın mədəni irsi onun ən gözəl təqdimatıdır. Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi dövründə bu sahəyə xüsusi diqqət yetirilib. Ötən illər ərzində mədəni irsimizin dünyada təbliği istiqamətində çox mühüm addımlar atılıb. Xalça ustası Lətif Kərimovun, Ü.Hacıbəylinin "Leyli və Məcnun” operasının, "Arşın mal alan” operettasının, görkəmli yazıçı Mir Cəlal Paşayevin, Xalq rəssamı Səttar Bəhlulzadənin, Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyləri, böyük mütəfəkkir Seyid Yəhya Bakuvinin vəfatının 550, şairə Məhsəti Gəncəvinin yaradıcılığının 900, "Kitabi-Dədə Qorqud” dastanının alman dilinə tərcüməsi və nəşrinin 200 illiyi UNESKO səviyyəsində qeyd edilib. Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü, görkəmli şair Molla Pənah Vaqifin 300 illiyi UNESKO-nun 2017-ci il üzrə yubileylər proqramında yer alıb. 2018-ci ildə UNESKO-nun yubileylər proqramına dahi bəstəkar Qara Qarayevin 100 illiyi daxil edilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2019-cu il ölkəmizdə "Nəsimi ili” elan olunub və Azərbaycanın böyük şair və mütəfəkkirinin 650 illiyi silsilə tədbirlərlə qeyd edilir. Yubiley ili çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda layihələr həyata keçirilir, İmadəddin Nəsiminin əsərləri müxtəlif dillərə tərcümə edilərək nəşr olunur, yaradıcılığına dair tədqiqatlar aparılır, ömrünü vətəndən uzaqda başa vuran şairin həyatı ilə bağlı yeni məlumatlar üzə çıxarılır.
Bu il Nəsiminin yubileyi Parisdə - UNESKO-nun mənzil-qərargahında da qeyd olunub. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə ölkəmizdə ilk dəfə Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı keçirilib. 2019-cu ildə ikinci dəfə Nəsimi festivalı təşkil edilib, müxtəlif ölkələrdən nümayəndələrin iştirakı ilə rəngarəng layihələr həyata keçirilib.
Ölkəmizdə qeyd edilən "Nəsimi ili” daha bir əlamətdar hadisə ilə yaddaşlara yazıldı. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə mütəfəkkir şairin 650 illiyi münasibətilə 650 min ağac əkildi. Bu nəcib təşəbbüs böyük söz ustadının xatirəsinə ehtiram olmaqla yanaşı, həm də təbiətə sevgi və qayğı deməkdir.
Bu il də dövlət başçısının sərəncamları ilə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının inkişafında mühüm xidmətləri olan görkəmli şəxsiyyətlərin yubileyləri qeyd olundu. Cəlil Məmmədquluzadə və Əhməd bəy Ağaoğlunun 150, Məhəmməd Hadinin 140, Cəfər Cabbarlının 120, İsmayıl Şıxlı, Hüseyn İbrahimov, Soltan Hacıbəyov, Əminə Dilbazi, Tofiq Tağızadə və Hacıbaba Hüseynovun, eləcə də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileylərinin qeyd olunması ölkə rəhbərliyinin milli mədəni yaddaşa ehtiramın bariz nümunəsidir. 2020-ci ildə görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olacaq. Ölkə Prezidenti bununla bağlı müvafiq sərəncam imzalayıb. Sevindirici haldır ki, böyük ədibimizin 150 illiyi, eyni zamanda UNESKO-nun 2020-ci il üçün yubileylər siyahısına da daxil edilib. Bu da təşkilat səviyyəsində Azərbaycan mədəniyyətinə böyük diqqət deməkdir.
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz BMT, İslam Əməkdaşlıq Təşkilatı, UNESKO, Avropa Şurası, Avropa İttifaqı, ISESCO və başqa təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurub. Bu əlaqələrin mühüm bir müstəvisini mədəniyyət təşkil edir. Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası, sivilizasiyalararası dialoq mərkəzidir. 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülən mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi” regional təşəbbüsdən beynəlxalq platformaya çevrilib. Azərbaycan paytaxtı 2010-cu ildən Beynəlxalq Humanitar Foruma, 2011-ci ildən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna evsahibliyi edir. 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi Azərbaycanın dünyaya sülh mesajı oldu.
Təkcə bu il paytaxtımız dörd mühüm beynəlxalq tədbirə ev sahibliyi edib. V Dünya Mədəniyyətlərarası Dialoq Forumu, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü və Dünya dini liderlərinin II Sammitinin Bakıda keçirilməsi ölkəmizdəki tolerantlıq mühitindən xəbər verir. Xüsusilə Dünya Mədəniyyətlərarası Dialoq Forumu son 10 ildə beynəlxalq müstəvidə böyük nüfuz qazanıb. İki il əvvəl BMT-nin baş katibi və bu il BMT-nin Baş Assambleyası Mədəniyyətlərarası Dialoq Forumunu dünyanın ən əsas qlobal platformalarından biri elan edib. Sözsüz ki, bu istiqamətdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkəmizin mövqeyini daha da gücləndirir.
Mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, bu sahənin inkişafı onun effektiv, dövrün tələblərinə uyğun idarə edilməsindən bilavasitə asılıdır. Bu mühüm məqam ötən dövrdə cənab Prezidentin mədəniyyət sahəsində idarəçiliklə bağlı qəbul etdiyi qərarlarda, aparılan struktur islahatlarında öz əksini tapıb. 2006-cı ildə dövlət başçısının fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi yaradılarkən qarşıya qoyulan vəzifələrdən biri mədəniyyətin inkişafı ilə bərabər mədəni irs, zəngin incəsənətimiz və qonaqpərvərlik ənənələrimizlə yeni təşəkkül tapan turizm sənayesinə də dəstək verilməsi idi. Sonrakı 12 ildə nazirlik həmin vəzifənin öhdəsindən gəldi, mədəniyyət sektoru milli turizm sənayesinin inkişaf etdirilməsində mühüm rol oynadı, bu istiqamətdə dünya təcrübəsinə əsaslanan layihələr həyata keçirildi.
Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradıldı. Dövlət başçısının müvafiq fərmanı ilə Mədəniyyət Nazirliyinin Əsasnaməsi və strukturu, həmçinin nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edildi. Prezidentin 29 mart 2016-cı il sərəncamı ilə aparılan struktur islahatları nəticəsində nazirliyin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və 15 regional idarəsi yaradılıb. Həyata keçirilmiş islahatlar mədəniyyət sahəsində daha çevik idarəçiliyin təmin olunması, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması məqsədi daşıyır.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 16 ildir ölkəmiz dinamik və sürətli inkişaf dövrünü yaşayır. Göründüyü kimi, bu tərəqqi həm mədəniyyət sahəsində uzun illərdən bəri kök salmış uğurlu ənənələr əsasında, həm də müasir dövrün tələbləri kontekstində formalaşır.
Bu gün dövlət başçısının həyata keçirdiyi siyasət müasir modern dünyanın çağırışlarına adekvat siyasətdir. Azərbaycan dövlətinin çevik, uzaqgörən daxili və xarici siyasəti milli mədəni yaddaşa qayıdışa əsaslanmaqla mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı əlaqələrinə, düşünülmüş inteqrasiyaya hesablanıb. Bu inteqrasiyada Azərbaycanı dünyada tanıdan, onun nüfuzunu daha da yüksəldən mühüm amillərdən biri də ölkə rəhbərliyinin böyük diqqət və qayğısı ilə əhatə olunan mədəni-mənəvi sərvətimizdir.
Əbülfəs QARAYEV
Azərbaycan Respublikasının Mədəniyyət
naziri
Azərbaycan.- 2019.-24
dekabr.- S.1; 8.