Bakı Dövlət Universiteti və
“AzerGold” QSC əməkdaşlıq protokolu imzalayıb
Dekabrın 20-də Bakı Dövlət Universiteti (BDU) ilə "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlığa dair protokol imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi BDU-nun rektoru Elçin Babayev və "AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov imzalayıb.
Protokolda Azərbaycan Respublikası ərazisində nəcib və əlvan filiz yataqlarının mineral xammal bazasının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və digər istiqamətlərdə tərəfdaşlıq əlaqələri nəzərdə tutulur. Protokola, həmçinin "AzerGold” QSC-nin istehsalat bazası və onun profilinə uyğun təhsil alan BDU tələbələrinin istehsalat təcrübəsi keçməsi, ixtisaslaşmış kadr potensialının hazırlanması, universitetin elmi potensialını cəlb etməklə istehsal prosesində qarşıya çıxan problemlərin həlli istiqamətində əməkdaşlıq daxildir.
İmzalanma mərasimində çıxış edən Elçin Babayev ölkədə qeyri-neft sənayesinin inkişafı ilə əlaqədar həyata keçirilən dövlət siyasətinin müsbət nəticələrindən danışıb. "AzerGold” QSC ilə əməkdaşlıq əlaqələrinə toxunan rektor protokolun təhsilə və elmi-texniki inkişafa dəstək vermək, eləcə də faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı və onların əmələgəlmə şəraitinin proqnozlaşdırılması, modelləşdirilməsi sahələrində ixtisaslaşmış insan resurslarının formalaşdırılmasına töhfə vermək məqsədilə imzalandığını bildirib.
Zakir İbrahimov qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlərin iqtisadiyyatın diversifikasiyası üçün geniş imkanlar açdığını bildirib. O qeyd edib ki, 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunmuş "AzerGold” QSC 2016-cı ildə fəaliyyətə başlayıb. Dövlət başçısının Sərəncamından irəli gələn tapşırıqlara əsasən QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə sahənin ümumi inkişafını təmin edir.
Sədr deyib: "Fəaliyyətə başladığımızdan qısa zaman keçməsinə baxmayaraq, kifayət qədər böyük uğurlar əldə etmişik. Bizim strateji hədəfimiz Azərbaycana böyük valyuta axınını təmin edən güclü dağ-mədən sənayesini yaratmaqdır. Səhmdar cəmiyyətin mütəxəssisləri tələbələrə mühazirələr oxuyur, ustad dərsləri keçir, eləcə də müxtəlif müsabiqələr, stimullaşdırıcı tədbirlər təşkil edirlər”.
Zakir İbrahimov məlumat verib ki, "AzerGold” QSC-yə təcrübə keçmək üçün xarici ali təhsil ocaqlarının tələbə və məzunları da müraciət edirlər. Cəmiyyət həmin gənclərə öz bilik və bacarıqlarını artırmaqda daim dəstək olur, onların təcrübə keçmələri üçün lazımi şərait yaradır.
"Əminəm ki, Bakı Dövlət Universiteti
ilə bu gün imzalanan memorandum bu istiqamətdə qurduğumuz
fəaliyyətdə tamamilə yeni bir səhifə açacaq.
Bakı Dövlət Universiteti həm Azərbaycanın,
həm də regionun ən nüfuzlu
təhsil ocaqlarından biridir. Bu ali məktəb
yalnız təhsil ocağı deyil, həm
də məhsuldar araşdırmalar və innovativ
ideyalar üçün
uğurlu bir
platformadır. Biz bu platformadan elmi tədqiqatlar,
kadr potensialının möhkəmlənməsi
və dağ-mədən sənayesinin inkişafı üçün istifadə etmək niyyətindəyik.
Malik olduğumuz zəngin
təcrübə və peşəkar kadr
potensialı sayəsində qurduğumuz əməkdaşlığın
hər iki tərəf üçün
səmərəli olacağına inanıram”, - deyə Zakir İbrahimov bildirib.
Azərbaycan.- 2019.- 21 dekabr.- S.6.