“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2019-cu il 29 noyabr tarixli 1708-VQD nömrəli Qanununun
tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1708-VQD nömrəli Qanununun 2020-ci il martın 1-dən tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, maddi və prosessual normaların tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması qaydasını Azərbaycan Respublikası Ali Məhkəməsinin təklifləri əsasında iki ay müddətində müəyyən etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 dekabr 2019-cu il
Azərbaycan.- 2019.- 22 dekabr.-
S.4.