“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikasının
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
5-ci və 6-cı bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. "Məhkəmələr
və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997, № 5, maddə 413; 1999, № 5, maddə 284, № 7, maddə
396, № 10, maddə 570; 2001, № 5, maddə 292, № 6, maddə
379, № 7, maddə 455; 2002, № 1, maddə 4, № 12, maddə
706; 2003, № 6, maddə 278; 2004, № 2, maddə 57, № 3, maddə
133, № 4, maddə 199, № 8, maddələr
597, 598, № 9, maddə 669; 2005, № 1, maddə 7, № 8, maddə
686; 2006, № 1, maddə 4, № 12, maddə 1005; 2007, № 5, maddələr
439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12, maddə
1222; 2008, № 3, maddə 163, № 7, maddə 609; 2009, № 2, maddə
46, № 11, maddə 878; 2010, № 7, maddə 596, № 10, maddə
842; 2011, № 4, maddə 265; 2013, № 1, maddə 21; 2014, № 2, maddə
85, № 7, maddələr 782, 784; 2015, № 2, maddə 98, № 4, maddə
346, № 5, maddə 483, № 11, maddə
1286; 2016, № 6, maddə 1004, № 11, maddə 1789, № 12, maddə
2033; 2017, № 6, maddə 1034, № 7, maddə 1305, № 11, maddə
1965; 2018, № 1, maddə 12, № 3, maddə 395, № 5, maddə
888, № 7, (I kitab), maddə
1442; 2019, № 1, maddə 22, № 7, maddə 1206) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 79-cu maddənin
üçüncü hissəsinin
yeddinci abzasında
"verir” sözündən
sonra ", verilmiş
izahların aktuallığını
təmin etmək məqsədilə onların
yenilənməsini təşkil
edir” sözləri əlavə edilsin;
1.2. aşağıdakı
məzmunda 79-1-ci maddə
əlavə edilsin:
"Maddə 79-1. Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin
formalaşdırılması
Vahid məhkəmə təcrübəsi
məhkəmələrin hüquqi
məsələlərin həllinə
yanaşmasının sabitliyini
və ədalət mühakiməsi həyata keçirilərkən maddi
və prosessual hüquq normalarının
eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır.
Ali Məhkəmə
hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini
baxdığı işlər
üzrə məhkəmə
kollegiyalarının və
Ali Məhkəmənin Plenumunun
qərarları, habelə
Ali Məhkəmənin Plenumunun
məhkəmə təcrübəsinə
dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi
nəticəsində məhkəmələr
tərəfindən maddi
və prosessual hüquq normalarının
tətbiqində sistemli
xarakter daşıyan nöqsanlar müəyyən
edildikdə Ali Məhkəmənin
Plenumu məsələyə
baxır və belə nöqsanlara yol verilməməsi üçün müvafiq
izahı nəzərdə
tutan qərar qəbul edir.
Ali Məhkəmə
Plenumunun məhkəmələr
tərəfindən maddi
və prosessual hüquq normalarının
tətbiqində sistemli
xarakter daşıyan nöqsanlarla bağlı qərarı qəbul edildikdən sonra nöqsanların müəyyən
edildiyi sahədə məhkəmələrin fəaliyyətinin
monitorinqi təşkil
edilir. Monitorinq ən azı 1 il müddətində
həyata keçirilir.
Monitorinqin aparılması qaydasını
Ali Məhkəmənin təklifləri
əsasında Məhkəmə-Hüquq
Şurası müəyyən
edir.
Monitorinqin nəticələri
hakimlərin fəaliyyətinin
Məhkəmə-Hüquq Şurası
tərəfindən qiymətləndirilməsi
zamanı nəzərə
alınır.”;
1.3. 80-ci maddəyə
aşağıdakı məzmunda
onuncu hissə əlavə edilsin:
"Ali Məhkəmənin
Plenumu onun sonuncu iclasından ötən dövr ərzində Azərbaycan
Respublikası Cinayət-Prosessual,
Mülki Prosessual və İnzibati Prosessual məcəllələrində
müəyyən edilmiş
qaydada müvafiq kollegiyaların bütün
hakimlərindən ibarət
tərkibdə qəbul
etdiyi qərarları
(qərardadları) nəzərdən
keçirir və Ali Məhkəmənin Plenumunun
məhkəmə təcrübəsinə
dair məsələlər
üzrə mövcud izahına dəyişikliklər
edir və ya yeni izah
verir.”.
Maddə 2. Bu Qanun 2020-ci il
martın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 noyabr 2019-cu il
Azərbaycan.- 2019.-22 dekabr.-
S.4.