İlham Əliyev gerçəkliyi
Müstəqil Azərbaycan Respublikasının ən yeni dövrü ölkəmizin Prezidentinin adı və yorulmaz fəaliyyəti ilə üzvi surətdə əlaqədardır. Dövlətimizə böyük uğurla rəhbərlik etdiyi on altı il müstəqillik dövrünün yarıdan çoxunu təşkil edir. Özünəməxsus çətinliklərlə, mürəkkəb situasiyalarla müşayiət olunan bu illər eyni zamanda həm də müstəqillik tariximizin salnaməsinə həkk olunmuş tarixi zəfərlərlə, yeni-yeni nailiyyətlərlə zəngindir.
Azərbaycan Respublikasının son onillikdə qazandığı böyük uğurları Prezident İlham Əliyev çətinlikləri yararaq, maneələri dəf edərək, möhkəm siyasi iradə, düşünülmüş və məqsədyönlü siyasət nəticəsində əldə etməyə müvəffəq olmuşdur. Bu illər Azərbaycan tarixində müstəqillik mərhələsinin keçid proseslərinin yekunu, yeni inkişafın böyük startı və cəmiyyət həyatının bütün sahələrinin ahəngdar şəkildə hərəkətə gətirilərək böyük addımlarla irəli getməsi dövrüdür. İndi Azərbaycanda elə bir sahə tapmaq olmaz ki, həmin istiqamətdə nəinki tərpəniş, irəliləyiş, sözün əsl mənasında, böyük inkişaf əldə edilməmiş olsun.
İqtisadçı alimlər müstəqil Azərbaycanın İlham Əliyev mərhələsini hərtərəfli inkişaf dövrü kimi səciyyələndirirlər.
Tarixçilər 2003-2019-cu illəri müstəqil Azərbaycanın inkişafının yeni tarixi epoxası hesab edirlər. Filosoflar bu dövrdən davamlı və dayanıqlı inkişaf illəri kimi söz açırlar. Ədəbiyyatçıların nəzərlərində isə bu dövr haqlı olaraq İlham Əliyev erası adlandırılır.
İlham Əliyev erası - müstəqillik dövrü Azərbaycan tarixinin xüsusi inkişaf mərhələsidir.
İlham Əliyev erası - dövlət müstəqilliyi dövrünün çiçəklənən epoxasıdır.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövr müstəqil dövlətçiliyin özünütəsdiq mərhələsidir.
Məhz bu illərdə Azərbaycan Respublikası həm regionda, həm də dünya birliyində özünün siyasi-mənəvi varlığını həmişəlik isbat etmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin strategiya kimi müəyyən etdiyi "Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir” bəyanatı ideyadan reallığa çevrilmişdir.
Artıq Prezident İlham Əliyevin sayəsində Azərbaycan Respublikası dünyada müstəqil siyasət həyata keçirən, hərtərəfli şəkildə inkişaf etmiş və böyük gələcəyi olan bir dövlət kimi bütün səviyyələrdə qəbul olunur.
Müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin idealı, Prezident İlham Əliyevin gerçəkliyidir.
Ölkəmizdə dövlət idarəçiliyində siyasi varisliyin təmin edilməsi siyasi idealın reallığa çevrilməsi ilə nəticələnmişdir.
İlham Əliyev gerçəkliyi - bütün yönləri ilə inkişaf etmiş müasir Azərbaycandır.
İlham Əliyev gerçəkliyi - dünya birliyində söz sahibinə çevrilmiş Azərbaycan Respublikasıdır.
İlham Əliyev gerçəkliyi - Azərbaycanın və xalqımızın böyük gələcəyinin etibarlı şəkildə təmin edilməsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın inkişaf etmiş dövlətlərinin liderləri ilə bir sırada dayanan görkəmli dövlət xadimi olması faktı da real gerçəklikdir.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının timsalında bir dövlətin mükəmməl bir rəhbəri olmaqla bərabər, əlli milyonluq xalqın qüdrətli lideridir.
İlham Əliyev - planetin taleyüklü məsələlərinin həllində söz sahibi olmaq haqqı qazanmış adlı-sanlı liderlərdən biridir.
Siyasi liderlik üçün xarakterik olan zəngin dövlət idarəçiliyi təcrübəsi, möhkəm siyasi iradə, müdriklik və uzaqgörənlik, qətiyyət və cəsarət, natiqlik məharəti kimi keyfiyyətlərin hamısı Prezident İlham Əliyevin şəxsində ahəngdar şəkildə birləşmişdir.
Hətta İlham Əliyevin hərtərəfli inkişaf etmiş dövlət xadimi kimi əldə etdiyi böyük nailiyyətlər siyasi liderlik anlayışını daha da zənginləşdirmişdir. Dövlətçiliklə əlaqədar məsələlərə həm içəridən, dərindən baxmağı bacaran İlham Əliyev həm də müstəqil dövlətin daxilində və beynəlxalq müstəvidə baş verən proseslərə siyasi olimpin fövqündə dayanaraq nəzər salmaq qabiliyyətini nümayiş etdirməklə dövlət idarəçiliyində qeyri-adi dərəcədə istedada və fərqli yanaşmalara malik olduğunu nümayiş etdirmişdir.
Dövlətçilik üçün qəbul edilmiş ənənəvi, ümumi prinsiplərdən əlavə, bir neçə xarici dildə sərbəst danışması, çevik analitik təfəkkürü və hazırcavablığı ilə o, siyasi liderlik missiyasının fərqli bir səviyyəsini nümayiş etdirir. Bu mənada akademik Ramiz Mehdiyevin aşağıdakı fikirləri Prezident İlham Əliyevin yüksək siyasi liderlik xüsusiyyətlərini bütün dolğunluğu ilə ifadə edir: "Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti Azərbaycanın siyasi, iqtisadi və mədəni landşaftını dəyişib... O, müasir dövrdə dövlət başçısı üçün zəruri olan bütün keyfiyyətlərə malikdir. İlham Əliyevə Azərbaycan xalqını öz arxasınca aparmaq missiyasını tarix, yeni dövr özü həvalə edib. Məhz o, ölkə tarixinin məsul mərhələsində müstəqil dövlətin inkişafını və cəmiyyətin bir formasiyadan digərinə keçidinin başa çatmasını təmin edə bilib. İlham Əliyev XXI əsrdə siyasi lider üçün zəruri keyfiyyətlərə malikdir. Çiçəklənən müasir Azərbaycan onun əsəridir, millətin həqiqi lideri kimi onun iradəsinin, zəkasının və istedadının nəticəsidir. ...Prezident İlham Əliyev fitri liderlik istedadına malikdir”.
Dövlət idarəçiliyi üçün ən səciyyəvi keyfiyyətləri özündə cəmləşdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlətçilik təliminə mühüm yenilikləri də əlavə etməyi bacarmışdır. Çoxvektorlu daxili və xarici siyasət aparmaq onun universal dövlətçilik təfəkkürünün parlaq təzahürüdür. Beynəlxalq aləmdə ikitərəfli əlaqələrdən çoxqütblü tərəfdaşlığa doğru düşünülmüş addımların atılması Azərbaycanın dünya siyasətindəki tarazlı mövqeyini inkişaf etdirib daha da möhkəmləndirməsinə təminat verir.
Azərbaycan Respublikasının 155 ölkənin etimadını qazanaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Avropa Şurasının Nazirlər Şurasına, Qoşulmama Hərəkatına sədrlik etmək səlahiyyətləri qazanması Prezident İlham Əliyevin apardığı xarici siyasətin böyük uğurlarıdır. Eyni zamanda, ölkə rəhbərinin düşünülmüş şəkildə həyata keçirdiyi çoxvektorlu siyasət kursu dünyada bundan əvvəl ağır fəsadları yaşanmış təkqütblü inkişafın aradan qaldırılmasına, qarşılıqlı əməkdaşlığın inkişafına sanballı töhfələr verir.
Bundan başqa, iqtisadiyyatın şaxələndirilməsi siyasətini həyata keçirməsi İlham Əliyevə neft gəlirlərindən asılı olan Azərbaycanı ölkənin digər təbii sərvətlərindən, xidmət sahələrindən və daxili potensialından gəlir əldə edən bir respublikaya çevirmək imkanları yaratmışdır.
Cəsarətlə demək olar ki, İlham Əliyev Azərbaycan dövlətçiliyində postneft dövrü inkişaf modelinin yaradıcısıdır.
İlham Əliyev böyük bacarıqla Ulu Öndər Heydər Əliyevin imzaladığı "Əsrin müqaviləsi”nin müddəalarını tam yerinə yetirməklə Azərbaycanın neft sərvətlərinin xalqımıza xeyir və uğur gətirməsinə tam nail olmuşdur. Bakı-Tbilisi-Ceyhan (Ərzurum) neft-qaz kəməri görkəmli dövlət xadimi Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin tamamladığı, başa çatdırdığı beynəlxalq layihədir. Bunlar Azərbaycan Respublikasının inkişafının arteriyasıdır. Bununla belə, İlham Əliyevin uzaqgörənliyi sayəsində postneft dövrünün reallıqları ölkədə aqrar sektorun, turizm şəbəkəsinin, nəqliyyat faktorunun inkişaf etdirilməsi siyasətini meydana qoymuşdur.
Hazırda dövlət büdcəsinin formalaşdırılmasında qeyri-neft sektorunun yeri və həcmi artmaqda davam etməkdədir. Azərbaycan postneft ölkəsi olaraq enerji resurslarından əldə etdiyi gəlirlər hesabına böyük miqyasda inkişaf etdirilmiş yüksək texnologiyalar və yeni nəqliyyat dəhlizləri ölkəsi statusu qazanmışdır. İlham Əliyev dühasının şah əsərlərindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu XXI əsrin Dəmir İpək yolu kimi tanınmışdır. Avropa ilə Asiyanı əlaqələndirən "Şərq-Qərb”, "Şimal-Cənub” nəqliyyat magistrallarının yaradılması nəticə etibarilə Azərbaycanı dünyanın magistral inkişaf yollarına çıxarmaq sahəsində atılmış nəhəng addımlardır.
Bu gün iqtisadi siyasətin tərkib hissəsi kimi, məqsədyönlü şəkildə aparılan nəqliyyat-logistika siyasəti nəticəsində Azərbaycan artıq Avropa ilə Asiyanı əlaqələndirən ölkə olmağın geniş imkanlarından istifadə edərək iqtisadi baxımdan fayda götürən və gəlir əldə edən bir dövlət kimi özünün yeni inkişaf dövrünü yaşayır.
Eyni zamanda Prezident İlham Əliyevin şaxələndirilmiş iqtisadiyyat siyasəti ölkəmizdə turizm sektorunun gəlirli sahələrdən birinə çevrilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Turizm Dövlət Agentliyinin yaradılması və turizm sektorunun yenidən qurulması bu sahəni gəlir gətirən istiqamətlərdən birinə çevirmişdir. Nəticədə 2019-cu ildə üç milyona yaxın xarici vətəndaş Azərbaycana gəlmişdir. Bu, əldə olunmuş iqtisadi gəlirlərdən başqa, həm də ölkəmizin dünyada tanıdılması baxımından da böyük əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin şaxələndirilmiş iqtisadi inkişaf modelində aqrar sektorun böyük payı vardır. Son illər bu istiqamətdə keçirilmiş islahatlar, sərf olunmuş məqsədyönlü yatırımlar, icrasına başlanılmış proqramlar aqrar sektorun da yenidən qurulmasında və inkişaf etdirilməsində mühüm rol oynamışdır. Dövlət başçısının ölkəmizin potensialını və əkinçilik ənənələrini nəzərə almaqla müəyyən etdiyi sahələr üzrə ixtisaslaşdırılmış aqrar inkişaf proqramları respublikamızda pambıqçılıq, ipəkçilik, tütünçülük, çayçılıq kimi unudulmaqda olan sahələrə yeni həyat gətirmişdir.
Bu yaxınlarda möhtərəm Prezidentin keçirdiyi kənd təsərrüfatı müşavirəsində bəyan etdiyi kimi, pambıqçılıq artıq gəlir verən əsas əkinçilik sahələrindən birinə çevrilmişdir: "Biz Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çoxgəlirli sahəyə çevirmişik. Pambıqçılıqla məşğul olan regionlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımıza qoyulan vəzifələrə nail olmuşuq”.
Eyni sözləri kənd təsərrüfatı sahəsindəki digər proqramların icrası sahələrində də əldə olunan nəticələr haqqında demək mümkündür. Dövlət büdcəsinin formalaşdırılmasında aqrar sektorun rolunun artması şaxələndirilmiş iqtisadiyyat siyasətinin mühüm nəticəsidir.
Beləliklə, Prezident İlham Əliyevin "iqtisadi müstəqillik siyasi müstəqilliyin əsaslarını təşkil edir” formatında ifadə olunmuş strategiyası real iqtisadi inkişafa nail olmaqla özünü təsdiq etmişdir. Yeni Azərbaycanın güclü dövlətə çevrilməsində iqtisadi siyasətin real nəticələri xüsusi çəkiyə malik olmuşdur.
Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi də İlham Əliyevin əfsanəni gerçəkliyə çevirmək istedadının real göstəricilərindən biridir. Artıq dördüncü mərhələsi keçirilməkdə olan regionların inkişafı üzrə Dövlət Proqramı geniş mənada ölkənin bütün coğrafiyasını inkişaf etdirməyin möhkəm siyasi-iqtisadi əsaslarına çevrilmişdir. Bu, ölkəmizdə kənddən şəhərə doğru axının qarşısını almış, işsizliyin aradan qaldırılmasına yol açmışdır. Regionlarda məhsuldar qüvvələrin proporsional qaydada yerləşdirilməsi və səmərəli fəaliyyətinin təşkili ölkənin ən müxtəlif yeraltı və yerüstü sərvətlərinin üzə çıxarılmasına, istismar edilməsinə, fayda verməsinə, gəlir gətirməsinə təkan vermişdir.
Hazırda ölkəmizdə elə iqtisadi rayon göstərmək mümkün deyildir ki, orada böyük inkişafın şahidi olmayasan. Dünyanın bir çox inkişaf etmiş ölkələrində inkişaf daha çox böyük şəhərlər və onların ətrafındakı kəndlərdə cəmləşdiyi halda Azərbaycanda ucqar dağ kəndlərindən tutmuş ölkəmizin fərqli imkanlara malik olan bütün regionlarında, Bakıətrafı kəndlərdə də hərtərəfli böyük inkişaf nəticə etibarilə müasir, yeniləşmiş inkişafın simasını müəyyən etmişdir.
Göründüyü kimi, regionları inkişaf etdirmək bütövlükdə Azərbaycanı inkişaf etdirmək üçün Prezident İlham Əliyev tərəfindən kəşf edilmiş qızıl açardır. İqtisadi inkişafın yüksək səviyyəsi təbii olaraq ölkəmizdə inkişaf etmiş elm, təhsil və mədəniyyət əsasında formalaşdırılmış yeni bir cəmiyyətin bərqərar olmasını şərtləndirmişdir.
Müstəqillik illərində Azərbaycan elminin keçdiyi məsuliyyətli və şərəfli yol Prezident İlham Əliyevin elm siyasətinin gerçək ifadəsidir.
XXI əsrin əvvəllərində böhran dövrünü tam başa vurmamış Azərbaycan Milli Elmlər Akademiyasında az sonra islahatlar həyata keçirilməklə elmi mühitə yeni nəfəs gətirilmişdir. Akademiyanın 2005-ci ildə keçirilmiş 60 illik və 2015-ci ildə keçirilmiş 70 illik yubileylərində ölkə Prezidentinin dərin məzmunlu nitqləri, akademiyaya səfərləri zamanı verdiyi tapşırıqlar və tövsiyələr ölkəmizin elmi ziyalılarını birləşdirən bu akademik qurumda fundamental tədqiqatlarla yanaşı, tətbiqi elmlərin də inkişafına geniş yol açmışdır.
Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında Yüksək Texnologiyalar Parkının yaradılması və inkişaf etdirilməsi sahəsində həyata keçirilməsinə dəstək verdiyi digər tədbirlər elmdə sahibkarlıq və innovasiya mühitinin formalaşdırılmasında həlledici addımlar olmuşdur. Hazırda AMEA-nın Yüksək Texnologiyalar Parkında və Təcrübə Sənaye Zavodunda rəqabətədavamlı məhsulların istehsalı, müdafiə qabiliyyətimizi inkişaf etdirməyə xidmət göstərən avadanlıqların ixtira edilməsi Azərbaycan elmi mühitinin yeni və gerçək hadisələridir. Ölkə elminin beynəlxalq əlaqələrinin böyük sürətlə genişləndirilməsi də Prezident İlham Əliyev siyasətinin işığında baş verən gerçəkliklərdir.
Eyni zamanda, təhsil sahəsindəki böyük inkişaf da ölkə rəhbərimizin bu sahə üzrə müəyyən etdiyi inkişaf strategiyasının gerçək nəticəsidir. Ölkəmizdə beynəlxalq rəqabətədavamlı təhsil səviyyəsinə çatmaq üçün həyata keçirilən kompleks tədbirlər müstəqillik dövrünün yeni təhsil səviyyəsinə gəlib çatmasına imkan yaratmışdır.
Prezident İlham Əliyevin dövlətçilik siyasətində mədəniyyətlərarası dialoq və dinlərarası harmoniya məsələləri də mühüm yer tutur. Daha doğrusu, Prezident İlham Əliyev cəmiyyətin siyasi-mənəvi bütövlüyünə və inkişafına nail olmaq üçün mədəniyyətlərarası dialoq və dinlərarası harmoniya faktorundan məqsədyönlü şəkildə istifadə etməyin özünəməxsus modelini formalaşdırmışdır. Bu düşünülmüş siyasət ölkəmizdə uğurla həyata keçirilir, özünün real bəhrələrini verir.
İlk növbədə onu qeyd etmək lazımdır ki, Prezident milli mədəniyyətin inkişaf etdirilməsi üçün ölkəmizdə hər cür şərait yaratmışdır. İkincisi isə Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, UNESKO səviyyəsində qəbul edilməsinə, qorunmasına nail olunması Prezident İlham Əliyevin adı və fəaliyyəti ilə üzvi surətdə bağlıdır. Dünyada Azərbaycan qədər UNESKO siyahılarında maddi və mənəvi irsi geniş yer tutan ölkələr göstərmək çətindir. Bu, ölkəmizin zəngin maddi-mənəvi irsinin inkişaf etdirilməsinə və dünyada tanıdılmasına Prezident İlham Əliyevin göstərdiyi böyük diqqətin və qayğının əməli ifadəsidir.
Məhz Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, müstəqil Azərbaycan Respublikası mədəniyyətlərarası, sivilizasiyalararası və dinlərarası dialoqun dünyada ən mühüm mərkəzlərindən birinə çevrilmişdir.
Bundan başqa, Azərbaycanda mədəniyyətlərarası dialoqla dinlərarası harmoniya arasında böyük körpü yaradılmışdır. Prezident İlham Əliyevin dövlətçilik təlimində dinlərarası dialoqla paralel şəkildə aparılan və biri digərini tamamlayan tolerantlıq siyasəti mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin dini dəyərlərə mənəvi mədəniyyətin aparıcı istiqamətlərindən biri kimi baxması öz növbəsində multikulturalizm və tolerantlıq təlimini meydana çıxarmışdır.
Dövlət başçısının bəyan etdiyi aşağıdakı sözlər ölkəmizdə aparılan multikulturalizm və tolerantlıq siyasətinin ana tezislərindən ibarətdir: "Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar”. Dövlət səviyyəsində məqsədyönlü şəkildə aparılan bu müdrik siyasət bu gün respublikamızda möhkəm ictimai-siyasi sabitliyin yaradılmasına, çoxmillətli mədəniyyətin inkişaf etdirilməsinə və nümunəvi birgəyaşayışa öz töhfələrini verməkdədir.
Azərbaycanda multikulturalizm - mədəniyyətlərarası dialoqun, tolerantlıq isə dinlərarası harmoniyanın qızıl açarı kimi düşünülmüşdür. Mədəniyyət Nazirliyi ilə paralel şəkildə Qafqaz Müsəlmanları İdarəsinin və Dini İşlər üzrə Dövlət Komitəsinin də multikulturalizm siyasətinə dəstək verən tədbirlər həyata keçirməsi ölkəmizdə multikulturalizm və tolerantlıq anlayışlarının nə qədər vəhdət təşkil etdiyini təsəvvür etməyə imkan yaradır.
Fikrimizcə, Azərbaycan məscidlərində vəhdət namazlarının qılınması dini harmoniyanın ən böyük göstəricilərindən biridir. Vəhdət namazı mərasimləri ölkə Prezidentinin milli-mənəvi bütövlük siyasətinə din xadimlərimizin cavabıdır. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə həyata keçirilən vəhdət namazları İlham Əliyevin tolerantlıq siyasətinin dini dairələrdəki təcəssümüdür.
Qətiyyətlə demək olar ki, bu gün Prezident İlham Əliyev planetimizdə və ölkədə milli-mənəvi bütövlük, ictimai-siyasi sabitlik yaratmaq üçün mədəniyyət və din faktorundan bacarıqla istifadə etməyin modelini yaratmışdır.
Aparılan böyük siyasətin nəticəsidir ki, Azərbaycanda möhkəm mənəvi birlik və davamlı ictimai-siyasi sabitlik nəticəsində böyük inkişafa nail olunmuşdur. Buna görə də Prezident İlham Əliyevin bu müdrik siyasəti dünyada böyük əks-səda doğurur, öyrənilir və yüksək qiymətləndirilir.
Qeyd etməyi özümə borc bilirəm ki, ölkəmizin alimləri, AMEA-nın ayrı-ayrı institutları Prezident İlham Əliyevin mədəniyyət siyasətini, mədəniyyətlər və dinlərarası dialoq çağırışlarını, tolerantlıq təlimini dərindən öyrənib təbliğ etməyi özlərinə şərəfli borc hesab edirlər. Azərbaycan alimlərinin, AMEA-nın ayrı-ayrı institutlarının əməkdaşlarının son illərdə multikulturalizm və tolerantlıq fəlsəfəsindən yazıb nəşr etdirdikləri kitablardan və məqalələrdən mükəmməl bir kitabxana yaratmaq mümkündür. Sözün əsl mənasında hazırda Azərbaycan multikulturalizm, tolerantlıq araşdırmalarının əsas mərkəzlərindən biri kimi qəbul olunur.
Azərbaycan alimləri yazdıqları tədqiqat əsərləri ilə Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoq və dinlərarası harmoniya siyasətinin mahiyyətini elmi əsaslarla müəyyən edərək xalqa çatdırırlar. Bu isə Azərbaycan alimlərinin Prezident İlham Əliyev və müstəqil dövlətçiliyimiz qarşısındakı borcudur.
Bütövlükdə Azərbaycan xalqı kimi, ölkəmizin ziyalıları, alimləri, müəllimləri və yazıçıları Prezident İlham Əliyevin daxili və xarici siyasətini, inikişaf strategiyasını ürəkdən bəyənir və müdafiə edirlər. Biz möhkəm şəkildə inanırıq ki, son vaxtlar dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən struktur və kadr islahatları Azərbaycan Respublikasını daha böyük inkişaf yoluna çatdırmağa xidmət edən qətiyyətli və düşünülmüş addımlardır.
Bu məqsədyönlü islahatlar inkişafın yeni mərhələsinə çatmaq üçün yeni enerjiyə, daxili potensialın yenidən hərəkətə gətirilməsinə ciddi ehtiyacın ifadəsidir. Heç bir şübhə ola bilməz ki, bu vaxta qədərki dövrdə ölkəmizə bacarıqla rəhbərlik edərək, xalqımıza böyük nailiyyətlər qazandırmış Prezident İlham Əliyev yeni islahatlar dalğası ilə daha fərqli gerçəkliklərə imza atacaqdır.
İlham Əliyev gerçəkliyi - keçilmiş yolun tamamlanmış yekunu, müasir dövrün möhtəşəm reallıqları və sabahın gerçək təminatı deməkdir.
İlham Əliyev gerçəkliyi - yeniləşməkdə və inkişaf etməkdə davam edən müasir Azərbaycandır!
Müstəqil Azərbaycan Respublikası özünün qüdrətli Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz və xalqımız üçün daha böyük gələcək vəd edən işıqlı sabahlara doğru inamla irəli getməkdə davam edir.
Dövlət rəhbəri ilə xalqın sarsılmaz birliyi ölkəmizə yeni-yeni zəfərlər qazandıracaqdır.
Zəfərlərdən zəfərlərə doğru yürüşün gerçəkliyini Prezident İlham Əliyev ardıcıl və məqsədyönlü siyasəti və yorulmaz fəaliyyəti ilə isbat etmişdir.
İsa HƏBIBBƏYLİ,
AMEA-nın vitse-prezidenti,
Milli Məclisin
Elm və təhsil komitəsinin sədri, akademik
Azərbaycan. 2019.- 22 dekabr.- S.1-2.