Avropanın enerji tarixində Azərbaycan səhifəsi

 

Bu səhifəni yazan Prezident İlham Əliyevdir

 

Azərbaycan Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğuPrezident İlham Əliyevin davam etdirdiyi, zamanın tələbləri baxımından inkişaf etdirdiyi neft strategiyasının uğurlu nəticələrindən getdikcə daha çox bəhrələnir. Məhz bu strategiyanın həyata keçirilməsi Azərbaycanın hərtərəfli inkişafını təmin edib, onu lider ölkələr sırasına çıxarıb.

İndi Azərbaycan bütün dünyada təkcə neft diyarı kimi deyil, həm də qaz ixracatçısı kimi tanınır. Ölkəmizin xarici tərəfdaşları ilə birlikdə gerçəkləşdirdiyi neft-qazixrac layihələri zəmanəmizin bu qəbildən olan ən nəhəng layihələrindəndir. Təkcə Xəzərin sahilindən başlayaraq 3500 kilometrlik məsafə qət edən, Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Yunanıstanın, Albaniyanın ərazisindən və Adriatik dənizinin altından keçərək İtaliya torpağına "qədəm qoyan” "Cənub qaz dəhlizi”ni göstərmək kifayətdir.

Bu qlobal layihə Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilir. Bu liderlik ölkəmizin müdrik Prezidenti İlham Əliyevin adı ilə bağlıdır.

2015-ci ildən başlayaraq "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının beş toplantısının hamısının məhz Bakıda keçirilməsi Azərbaycanın bu layihənin aparıcı qüvvəsi olduğunu sübut etməklə yanaşı, Prezident İlham Əliyevin dünyadakı hörmət və nüfuzunu təsdiqləyir.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç 2018-ci ilin fevral ayında keçirilən dördüncü toplantıdakı çıxışında bu fikri belə ifadə etmişdir: "Bu yeni əməkdaşlıq formatı bizə məxsusi olaraq, lakin eyni zamanda çox mühüm olan bu layihə üzrə təkcə enerji sahəsində əməkdaşlıq etmək yox, həmçinin digər siyasi iqtisadi əməkdaşlıq formalarını müəyyən etmək üçün bu layihədən necə kənara çıxmaq yollarını göstərəcək. Cənab Prezident, Siz layihənin bütün əsas seqmentləri üzrə - istər "Şahdəniz-2” yatağının işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişlənməsi, istərsə də Trans-Anadolu kəməri və Trans-Adriatik boru kəməri üzrə bizim layihə boyunca üzləşdiyimiz bütün çağırışlara baxmayaraq, aparılan işlər barədə bizə çox yaxşı təsir bağışlamış işlərin gedişatını olduqca ətraflı təsvir etdiniz. Mən Sizinlə yüz faiz razıyam ki, bu gözəl ab-havaregional əməkdaşlıq olmasaydı, buna nail olmaq mümkün olmazdı”.

Prezident İlham Əliyev mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq formatı yaradıb. "Əsrin müqaviləsi”ndən sonra dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin bağlanması, "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsinin 2050-ci ilədək uzadılması, "Cənub qaz dəhlizi”nə maraq göstərən ölkə və şirkətlərin sayının getdikcə artması bunu sübut edən faktlardandır.

Son 16 ildə Azərbaycan gerçəkləşdirdiyi layihələrlə sözün əsl mənasında dünyaya səs salıb. 2005-ci il mayın 25-də Prezident İlham Əliyev Gürcüstanın, Türkiyənin və Qazaxıstanın dövlət başçılarının, digər ölkələrdən gəlmiş mötəbər qonaqların iştirakı ilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinin Azərbaycan hissəsinin açılışını edib. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində kəmərin tam sistem kimi işə düşməsi qeyd olunub. Həmin vaxtdan az sonra Bakı-Tbilisi-Ərzurum kəməri ilə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə yol açıb. Bu qaz kəməri Xəzərin ölkəmizə məxsus sektorundan çıxarılan mavi yanacağın daha uzaq məsafələrə nəqli infrastrukturunun təməl daşına çevrilib. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün və uzaqgörən enerji təhlükəsizliyi siyasətinin nəticəsində mümkün olub.

Azərbaycanda ilk dəfə 1994-cü ildə keçirilən Beynəlxalq Xəzər NeftQaz Sərgisi artıq ənənəyə çevrilib. Prezident İlham Əliyevin bu mühüm tədbirə verdiyi önəm, hər il sərginin açılışında iştirak və çıxış etməsi onun əsl beynəlxalq əməkdaşlıq platformasına çevrilməsinə imkan yaradıb.

2018-ci ildə növbəti sərginin açılışı "Cənub qaz dəhlizi”nin istifadəyə verilməsi ilə üst-üstə düşdü. Bu tarixi hadisədən təxminən yarım ay sonra Türkiyədə, Əskişəhərdə Trans-Anadolu (TANAP) Qaz Boru Kəmərinin açılış mərasimi keçirildi.

TANAP Azərbaycanın və Türkiyənin, bu iki qardaş ölkənin dövlət başçılarının birgə səyi ilə gerçəkləşən mühüm layihədir. TANAP-ın istismara verilməsi münasibətilə keçirilən təntənəli mərasimdə cənab İlham Əliyev demişdir: "TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür”.

İlham Əliyev XXI əsrin enerji tarixinə sanballı imza atan liderdir. Çünki həyata keçirilən hər enerji layihəsi sıradan bir layihə deyil. Onların hər biri səy, qətiyyət, mübarizə, nüfuz və vəsait tələb edir. Azərbaycan və onun lideri bütün bunların öhdəsindən gəlib və gəlir. Cari il noyabrın 30-da TANAP-ın Avropa ilə birləşən hissəsinin çəkilişinin də sona çatması buna aydın misaldır. Təsadüfi deyil ki, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan 2018-ci il iyunun 12-də TANAP-ın açılışı mərasimində demişdir: "Dəyərli dostlarım, bilirsiniz ki, TANAP ilk dəfə gündəmə gələndə bəzi dairələr, - İlham qardaşım bunu çox yaxşı bilir, - buna xülya dedilər, həyata keçirilməsi mümkün deyil dedilər. Amma biz səbr etdik, dözüm göstərdik. Doğru bildiyimiz yolla qətiyyətlə irəlilədik və israr etdik. Nəticədə isə bu gün bərabər yaşadığımız qürur tablosuna şahid oluruq. İndi qarşımızda daha böyük hədəflər, yeni layihələr var. İndi qarşımızda buradan aldığımız ilhamla yeni uğur hekayələri yazmaq var”.

Azərbaycanın enerji layihələri çərçivəsində özünü dünyaya etibarlı tərəfdaş kimi təqdim etməsi, mükəmməl əməkdaşlıq formatı yaratması "Əsrin müqaviləsi”nin uzadılması sazişində də özünü təsdiqləyib. Belə ki, "Yeni əsrin müqaviləsi”ndə tərəfdaşlar dəyişməyib. Bu da Azərbaycanın yaratdığı möhkəm əlaqələrin və qazandığı inamın, ölkə iqtisadiyyatına yatırılan investisiyaların 100 faiz qorunmasının daha aydın bir təzahürüdür. Başqa sözlə, investorlar onlarla bağlanan istənilən müqavilələrdə bir sözün belə dəyişdirilməyəcəyinə əmindirlər. Onlar bilirlər ki, Azərbaycanın qərarı dəyişməz, Prezidenti sözübütövdür.

Prezident İlham Əliyevin mükəmməl enerji siyasətinin nəticəsidir ki, 2049-cu ilin sonunadək AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulacaq. Xarici investorlar bu müddət ərzində Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 3,6 milyard dollar bonus ödəyəcəklər. 2018-ci ilin əvvəlində artıq 450 milyon dollarlıq ilk bonusun ödənilməsi həyata keçirilib.

Azərbaycanda neftdən əldə olunan gəlirlər ölkənin ümumi inkişafına xidmət edir. Neft-qaz gəlirləri iqtisadiyyatın digər sahələrinin inkişafını stimullaşdırır. Bu vəsait hesabına çoxsaylı sosialinfrastruktur layihələri həyata keçirilir, yeni yerləri açılır, tibb, təhsil inkişaf etdirilir. Bir sözlə, Prezident İlham Əliyev neft kapitalını insan kapitalına çevirib.

Bunu beynəlxalq qurumlar, ekspertlər və siyasətçilər də qeyd edir. Məsələn, Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger demişdir: "Azərbaycan güclü artım tempinə malik ölkədir və çağırışların öhdəsindən inamla gəlir. Azərbaycan həmçinin öz iqtisadiyyatının şaxələndirilməsi ilə fəal şəkildə məşğul olur”.

Karbohidrogenlərin ixracından əldə olunan gəlirlər dünyanın ən şəffaf fondlarından olan ARDNF-də toplanır. Ulu Öndər Heydər Əliyevin qərarı ilə 20 il əvvəl fəaliyyətə başlamış bu fondun yaradılmasının təşəbbüskarı da məhz İlham Əliyev olmuşdur. İndi dövlət başçısı həmin dövrü belə xatırlayır: "O vaxt hökumətdə müxtəlif fikirlər var idi və hökumət üzvlərinin bəziləri bunun əleyhinə çıxmışdılar. Onların təklifi ondan ibarət idi ki, neftdən gələcək bütün gəlirlər büdcəyə daxil olsun və hər il xərclənsin. Əgər bu yanaşma seçilsəydi, bu gün Dövlət Neft Fondumuzda pul olmayacaqdı. Mən bu təklifin əleyhinə çıxdım. Sübut etməyə çalışırdım və buna nail oldum ki, məhz vəsaiti şəffaf şəkildə saxlamaq, ölkəmizin strateji istiqamətlərinə yönləndirmək və gələcək nəsillər üçün qoruyub saxlamaqdan ötrü mütləq Dövlət Neft Fondu yaradılmalıdır”.

Yarandığı gündən indiyədək ARDNF-in vəsaitləri, yəni orada toplanan - neftdən əldə edilmiş və hazırda həm də qazdan daxil olan gəlirlər ölkəmizin ümumi inkişafına böyük töhfələr verir. Bu vəsaitlər hesabına önəmli sosial layihələr icra edilib. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məhz bu fondun vasitəsilə həyata keçirilir. İndiyədək həmin məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib.

Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bir sıra sahələri də məhz Neft Fondu maliyyələşdirir. Bunların arasında təhsillə bağlı olan layihələr də var.

Sevindirici haldır ki, fondun idarəetmədən əldə edilən gəlirləri çoxalır. Cari ilin əvvəlindən bu gəlirlər 4 milyard dollardan çox olub. Bunun 1,8 milyard dolları məhz idarəetmədən əldə olunub.

Azərbaycanın digər sahələrdə olduğu kimi, enerji sektorunda qazandığı nailiyyətlər də çoxsaylı və misilsizdir. Bununla belə Prezident İlham Əliyev ölkəmizi və xalqımızı daha böyük işlərə yönləndirir, daha böyük uğurlara doğru aparır. Bu yaxınlarda ARDNF-in yeni icraçı direktorunu təyin edərkən dediyi kimi: "Həyat yerində durmur, yeni alətlər meydana çıxır, yeni sərmayə yerləri maraq doğurur. Ona görə siz bu sahədə də çox çevik siyasət aparmalısınız. İndi dünyada iqtisadi inkişaf qeyri-bərabər şəkildə gedir. Bəzi ölkələrin iqtisadiyyatı daha böyük inkişafla artır. Buna görə biz çox çevik siyasət aparmaqla daha çox gəlir əldə etmək üçün ancaq az riskli aktivlərə fikir verməliyik... Əminəm ki, müsbət dinamika davam edəcəkdir”.

Qarşıda mühüm vəzifələr dayandığını daim vurğulayan Prezident İlham Əliyev dövlətin və xalqın qarşılıqlı dəstəyi ilə onların layiqincə yerinə yetiriləcəyinə haqlı olaraq əmindir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 22 dekabr.- S. 1; 3.