Bakıda Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqunun ikinci raundu keçirilib

 

Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Təhlükəsizlik Dialoqunun ikinci raundu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarından ekspertlərin daxil olduğu Azərbaycan və Avropa İttifaqının yüksəksəviyyəli nümayəndə heyətləri iştirak ediblər.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil UsubovunAvropa Xarici Fəaliyyət Xidmətinin Siyasi məsələlər üzrə baş katibinin müavini Jan-Kristof Belyarın rəhbərlik etdikləri nümayəndə heyətləri qarşılıqlı maraq doğuran vacib siyasi və təhlükəsizlik məsələləri, o cümlədən münaqişələrin həlli və böhranların idarə olunması, regional və beynəlxalq təhlükəsizliyə təhdid və çağırışlar ətrafında fikir mübadiləsi aparıb, praktiki əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Nümayəndə heyətləri BMT Nizamnaməsində və Helsinki Yekun Aktında əks olunmuş beynəlxalq hüququn norma və prinsiplərinə öz sadiqliyini bir daha təsdiq edib, beynəlxalq nizamın əsası kimi bu prinsiplərə tam riayət olunmasının vacibliyini vurğulayıblar.

Avropa İttifaqının nümayəndə heyəti Aİ rəsmilərinin, xüsusilə də Aİ Şurasının Prezidenti Donald Tuskun və İttifaqın Xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dair əvvəllər ifadə olunmuş dəstəyi bir daha təsdiq edib.

Tədbirdə TANAP layihəsinin bu yaxınlarda fəaliyyətə başlaması və TAP layihəsinin gözlənilən yekunlaşması kontekstində Cənub Qaz Dəhlizinin Avropa bazarlarına enerji nəqlinin şaxələndirilməsində vacibliyi bir daha qeyd olunub. Aİ nümayəndə heyəti Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib. Azərbaycan və Avropa İttifaqı arasında yeni Aİ-Azərbaycan Sazişi üzrə danışıqların yekunlaşmasının vacibliyi vurğulanıb.

Nümayəndə heyətləri təhlükəsizlik məsələləri üzrə dialoqu davam etdirmək və növbəti raundu 2020-ci ilin ikinci yarısında Brüsseldə keçirmək barədə razılığa gəliblər.

 

Azərbaycan.- 2019.- 22 dekabr.- S. 5.