2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 19 dekabr 2019-cu il tarixli 01 saylı müraciətə
baxılmasına dair
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 20/96
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Cəfərov Rəsul Ağahəsən oğlu 19 dekabr 2019-cu ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək deputatlığa namizədliyinin irəli sürülməsinin təsdiq edilməsindən imtinaya dair 15 saylı Yasamal birinci seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 17 dekabr 2019-cu il tarixli 21/93 saylı qərarını mübahisələndirmiş, qərarın ləğv edilərək namizədliyinin irəli sürülməsinin təsdiq olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Vətəndaş R.A.Cəfərov şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 17 mart 2016-cı il tarixli və Avropa Şurası Nazirlər Komitəsinin 3-5 dekabr 2019-cu il tarixli qərarları qəbul edilmiş, həmin qərarlarda onun bütün hüquqlarının, o cümlədən seçki hüququnun bərpa olunması tələb edilmişdir. Ona görə də şikayətçi göstərilən qərarlara əsasən hesab edir ki, dairə seçki komissiyasının 17 dekabr 2019-cu il tarixli 21/93 saylı qərarı ləğv olunmalı və onun deputatlığa namizədliyinin irəli sürülməsi təsdiq edilməlidir.
Dairə seçki komissiyası R.A.Cəfərovun Milli Məclisə təyin edilmiş seçkilərdə namizədliyinin irəli sürülməsinin təsdiq olunmasından imtina edilməsi barədə 17 dekabr 2019-cu il tarixli 21/93 saylı qərarını onunla əsaslandırmışdır ki, R.A.Cəfərov namizədliyinin təsdiq edilməsi üçün dairə seçki komissiyasına 13 dekabr 2019-cu ildə bildiriş və öhdəlik ərizəsini, 14 dekabr 2019-cu ildə isə sənədlərə əlavə etmək üçün məhkumluğunun olması barədə arayış təqdim etmişdir. Öhdəlik ərizəsinə və ona əlavə olunmuş arayışa əsasən müəyyən edilmişdir ki, R.A.Cəfərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Cinayət Məcəlləsi) müvafiq maddəsi ilə ağır cinayətə görə məhkum olunmuşdur. Seçki Məcəlləsinin 13.3-cü maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının (Konstitusiya) 85-ci maddəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə (ağır və xüsusilə ağır) görə məhkum olunmuş şəxslərin Milli Məclisin deputatı seçilmək hüququ (passiv seçki hüququ) yoxdur.
Göstərilənlərə əsasən dairə seçki komissiyası Seçki Məcəlləsinin 13.3-cü, 53.7-ci və digər maddələrinə əsasən namizədin irəli sürülməsinin təsdiq olunmasından imtina etmişdir.
R.A.Cəfərova araşdırılma aparılması barədə məlumat verilmiş və o, araşdırmada iştirak etməyə dəvət edilmişdir. O bildirmişdir ki, müraciətini müdafiə edir, araşdırmaya təqdim etmək üçün əlavə sənədə malik deyildir, zəruri hesab edərsə əlaqə saxlayıb araşdırmada iştirak edəcək. R.A.Cəfərov ağır cinayətə görə məhkumluğunun olmasını etiraf etmiş, əfv olunduğunu əsas gətirərək dairə seçki komissiyasının qərarının ləğv edilməsini və namizədliyinin təsdiq olunmasını xahiş etmişdir. Onun Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.
Araşdırma ilə müəyyən edilmişdir ki, namizədliyi özü tərəfindən irəli sürülmüş R.A.Cəfərov Cinayət Məcəlləsinin 179.3.2-ci (ağır cinayət hesab edilən) və digər maddələri ilə məhkum olunmuş, "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli Sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir.
Qeyd edilməsi zəruridir ki, R.A.Cəfərov azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilsə də, qanunvericiliklə müəyyən edilmiş müddət keçmədiyindən məhkumluğu ödənilməmişdir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdən sonra məhkumluğu ödənilmiş hesab olunur.
Cinayət Məcəlləsinin 83.4-cü maddəsində göstərilir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.
Konstitusiyanın 56-cı maddəsinin III hissəsinə görə hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər.
Eyni zamanda Konstitusiyanın 85-ci maddəsinin II hissəsində qeyd edilir ki, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər Milli Məclisə deputat seçilə bilməzlər.
Seçki Məcəlləsinin 13.3.2-ci maddəsinə görə Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə (ağır və xüsusi ilə ağır) görə məhkum olunmuş şəxslərin Milli Məclisin deputatı seçilmək hüququ - passiv seçki hüququ yoxdur.
Seçki Məcəlləsinin 53.7-ci maddəsinə görə namizədin irəli sürülməsinin təsdiq olunmasından imtina edilməsi üçün nəzərdə tutulan əsaslardan biri də namizədlərin irəli sürülməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər.
Beləliklə müəyyən edilir ki, R.A.Cəfərovun ödənilməmiş məhkumluğu olduğuna görə dairə seçki komissiyası qanunvericiliyin tələblərinə uyğun olaraq onun namizədliyinin irəli sürülməsinin təsdiq olunmasından imtina etmişdir.
R.A.Cəfərovun İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Avropa Şurası Nazirlər Komitəsinin qərarlarına istinad etməsi ilə əlaqədar olaraq qeyd edilməlidir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında göstərildiyi kimi, parlament seçkilərində müəyyən kateqoriya şəxslərin passiv seçki hüququnun məhdudlaşdırılması parlamentin müstəqilliyinin və seçicilərin azad seçmək hüququnun təmin edilməsi məqsədini daşıyır və dövlətlər bu sahədə müvafiq tələbləri müəyyən edə bilər.
Beləliklə, ağır cinayətə görə ödənilməmiş məhkumluğun mövcud olması namizədliyin irəli sürülməsinin təsdiq olunmasından imtina edilməsi üçün qanuni əsasdır. Seçki komissiyaları Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutaraq onlara təqdim edilmiş sənədlərə əsasən qərar qəbul edirlər.
Göstərilənlərə əsasən şikayətin təmin edilməsi və dairə seçki komissiyasının 17 dekabr 2019-cu il tarixli 21/93 saylı qərarının ləğv olunması üçün hüquqi əsaslar müəyyən edilmədiyindən müraciət əsassız hesab olunaraq təmin edilməməli, 15 saylı Yasamal birinci seçki dairəsi dairə seçki komissiyasının həmin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Konstitusiyanın 56-cı, 85-ci maddələrinə, Seçki Məcəlləsinin 13.3.2-ci, 19.4-cü, 28.2-ci, 53-cü, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Cəfərov Rəsul Ağahəsən oğlunun
19 dekabr 2019-cu il tarixli 01 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, onun namizədliyinin irəli sürülməsinin təsdiq edilməsindən imtinaya dair dairə seçki komissiyasının 17 dekabr 2019-cu il tarixli 21/93 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
21.12.2019
Azərbaycan.- 2019.- 22 dekabr.-
S.7.