İlahiyyat İnstitutunun tələbələri Multikulturalizm Mərkəzini və Heydər məscidini ziyarət ediblər

 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini (BBMM) ziyarət ediblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov tələbələrlə görüş zamanı Azərbaycanda mövcud olan multikultural mühit barədə söhbət açıb. O, Azərbaycanda müasir dövrdə millətlərarası münasibətlər və din sahəsində həyata keçirilən dövlət siyasətinin beynəlxalq hüquq normalarına və zəngin tarixi köklərə əsaslandığını deyib. Bildirib ki, Azərbaycanda tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması dövlət başçısının apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşa bərabər münasibətin nəticəsidir.

R.Həsənov Ümummilli Lider Heydər Əliyevdən bizə miras qalan multikulturalizmin Azərbaycanda dövlət siyasəti və həyat tərzi olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, eləcə də Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək bizim əsas məqsədimizdir.

Daha sonra Rəvan Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib. Dünyanın 22 ölkəsində "Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğunu qeyd edən icraçı direktor bu dərslərdən sonra Azərbaycan multikulturalizmini öyrənən gənclərin ölkəmizə dəvət olunduğunu söyləyib. Onların BBMM-in təşkil etdiyi yay və qış multikulturalizm məktəblərində iştirak etdiyini vurğulayıb.

Görüş müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu gənclərin vətənpərvər ruhda böyüməsi, onların ölkəmizdə mövcud olan tolerant mühitlə, eyni zamanda dövlət siyasətinin ayrılmaz hissəsi olan multikulturalizmlə yaxından tanış olması üçün müxtəlif tədbirlər həyata keçirir.

Aİİ tələbələri Ulu Öndər Heydər Əliyevin adını daşıyan Heydər məscidini də ziyarət ediblər.

Tələbələrə məscidin inşası və fəaliyyəti haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidi Prezident İlham Əliyevin tapşırığı ilə inşa edilib. 2014-cü il dekabrın 26-da istifadəyə verilən ibadətgah 12 min kvadratmetr ərazidə tikilib. Dörd minarəsi olan məsciddə dindarların sərbəst şəkildə ibadət etmələri üçün hər cür şərait yaradılıb.

Daha sonra tələbələrə Heydər məscidində təşkil olunan vəhdət namazı haqqında bəhs edilib. Bu ibadətin artıq ənənə halı aldığı vurğulanıb. Bildirilib ki, mərasimdə məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar bir araya gələrək birlikdə namaz qılır, dualar edirlər. Bu isə dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın geniş yayıldığı müasir dövrümüzdə bütün dünyaya həmrəylik və sülh mesajıdır. Bu mesaj tolerantlıq və multikulturalizm mərkəzi olan Azərbaycanın bütün dünyada nüfuzunun daha da artmasına xidmət edir.

Ziyarət zamanı Heydər məscidinin imamları - Hafiz Abbasov, Rza Qarayev, Cəfər Cəfərov tələbələrlə müxtəlif mövzular ətrafında müzakirələr aparıb, onları maraqlandıran sualları cavablandırıblar.

Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər təşkil edir. Bu məqsədlə ali təhsil müəssisəsi institut tələbələri üçün Cocuq Mərcanlı kəndində inşa edilmiş Şuşa şəhərindəki Gövhər ağa məscidinin bənzəri olan kənd məscidinə, AvropaGürcüstan yəhudilərinin sinaqoquna, Qəbələnin Nic kəndində yerləşən Alban kilsəsinə, Şamaxıda təşkil olunan "Qış məktəbi” layihəsi çərçivəsində Dəmirçi kənd məscidinə və Qafqazın ən qədim dini ocaqlarından biri olan Şamaxı Cümə məscidinə, Qubada fəaliyyət göstərən "Səkinə xanım”, "Cümə məscidi”, "Ərdəbil”, "Hacı Cəfər” məscidlərinə ziyarətlər təşkil edib.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2019.- 22 dekabr.- S.7.