Azərbaycan bundan sonra da müstəqillik və
inkişaf yolu ilə gedəcək
Prezident İlham Əliyev yerli jurnalistlərə ilin
yekunları ilə bağlı geniş müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
- Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən
istifadə edib mən Sizə hər birimizin adından təşəkkür
edirəm ki, belə bir şərait yaratmısınız və
müsahibə ilə bağlı müraciətimizə
müsbət cavab vermisiniz. Əlbəttə, bu, bizim
üçün imkandır və biz müxtəlif sahələrlə
bağlı suallar hazırlamışıq. Amma mən istərdim
ki, 2019-cu il ərzində beynəlxalq münasibətlər
sistemində regional və qlobal miqyasda Azərbaycanın
atdığı addımlar və əldə etdiyimiz diplomatik
nəticələrlə bağlı Sizin fikirlərinizi
eşidək. Ümumiyyətlə, 2019-cu il bu baxımdan bizim
üçün nə ilə yadda qaldı?
- 2019-cu il sona yaxınlaşır və əlbəttə ki, il ərzində görülmüş işlər, ölkəmizdə və regionda baş vermiş hadisələr çox ciddi təhlil tələb edir. Bir şeyi tam dəqiqliklə deyə bilərəm ki, ölkəmiz üçün bu il uğurlu olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr həyatda öz əksini tapıb. Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib. Bu inkişaf imkan verir ki, biz gələcək illərdə də öz addımlarımızı düzgün ataq və 2020-ci il də ölkəmiz üçün uğurlu olsun.
O ki qaldı, xarici siyasətlə bağlı olan məsələlərə, hesab edirəm ki, bu sahədə də böyük uğurlar əldə edilib. Bizim ənənəvi tərəfdaşlarla əlaqələrimiz daha da yüksək pilləyə qalxıbdır, qonşu ölkələrlə bir çox birgə təşəbbüslər irəli sürülüb, bir çox önəmli razılaşmalar əldə edilib. Deyə bilərəm, - mən dəfələrlə bu mövzu ilə bağlı fikirlərimi bildirmişəm,- qonşu ölkələrlə münasibətlər hesab edirəm ki, bütövlükdə hər bir ölkə üçün xüsusi məna daşıyır, o cümlədən Azərbaycan üçün. Mən çox məmnunam ki, son illər ərzində qonşu ölkələrlə bizim əlaqələrimiz inkişaf edir. Bu əlaqələr qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmama prinsipləri əsasında qurulubdur. Mənim qonşu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olub və hər bir görüş məhsuldar olub. Ona görə hesab edirəm ki, bu istiqamətdə atılmış addımlar və tərəfdaşlarımızın addımları bu əlaqələri gücləndirib, eyni zamanda, regional əməkdaşlığa da müsbət təsir göstərib. Artıq Azərbaycanın təşəbbüsü ilə qonşu ölkələrlə bizim üçtərəfli əməkdaşlıq formatımız var. Bu format həm məna, həm də ki, əldə edilmiş nailiyyətlər baxımından çox müsbət formatdır. Eyni zamanda, bizim başqa ölkələrlə ikitərəfli əlaqələrimiz inkişaf edibdir. Deyə bilərəm ki, bu il Azərbaycana 40-dan çox dövlət və hökumət başçısı səfər edib, həm beynəlxalq tədbirlərdə iştirak etmək üçün, həm də ki, ikitərəfli formatda. Bu baxımdan bu il rekord il olmuşdur.
Bu il ölkəmizdə önəmli beynəlxalq tədbirlər keçirilib. Onların arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünü qeyd etmək olar. Bildiyiniz kimi, Azərbaycan bu təşkilatda çox fəal rol oynayır və təşkilata sədrlik Azərbaycana keçibdir. Biz bu təşkilata bir il ərzində sədrlik edəcəyik. Eyni zamanda, Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycanda keçirilibdir. Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq təsisata 120 ölkənin yekdil qərarı ilə 3 il ərzində sədrlik edəcəkdir. Qeyd etdiyim kimi, bizim sədrliyimiz yekdil qərarla qəbul olunub. Bunun çox böyük mənası var. Çünki Qoşulmama Hərəkatında birləşən ölkələrin arasında bəzi ixtilaflar var, qarşıdurma da var, anlaşılmazlıq da var. Bəzi ölkələr bir-biri ilə, sadə dildə desək, yola getmirlər. Belə olan halda, bütün dövlətlər tərəfindən bizə göstərilən dəstək əlbəttə ki, bizim siyasətimizi əks etdirir, onu göstərir ki, Azərbaycana çox böyük hörmət və böyük rəğbət var. Biz üç il ərzində bu təsisata sədrlik edəcəyik və bu sədrlik formal xarakter daşımayacaq. Biz istəyirik ki, bu təsisatın dünyadakı rolunu artıraq. Azərbaycan sədrliyi dövründə bir neçə önəmli təşəbbüslə çıxış edəcəkdir. Bu təşəbbüslərin əsas mahiyyəti ondan ibarətdir ki, dünyada beynəlxalq əməkdaşlıq yeni pilləyə qalxsın və ölkələr arasında, o cümlədən sivilizasiyalararası məsələlər sağlam təməl üzərində öz həllini tapsın. Bizim bu sahədə çox böyük təcrübəmiz vardır.
Eyni zamanda, hesab edirəm ki, bu il Avropa İttifaqı ilə bizim əlaqələrimiz uğurla inkişaf edib. İl ərzində bir neçə önəmli tədbir keçirilib, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti cənab Tuskun iyul ayında Azərbaycana səfəri xüsusi məna daşıyır. Avropa İttifaqı ilə bizim əlaqələrimiz bu il müsbət istiqamətdə inkişaf edibdir. Onu da bildirməliyəm ki, keçən il Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri adlı sənəd paraflanmışdır. Bu sənəddə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına Avropa İttifaqı tərəfindən dəstək ifadə edilmişdir. Eyni zamanda, Qoşulmama Hərəkatının Yekun Bəyannaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipləri əsasında həll olunması ilə bağlı açıq ifadələr öz əksini tapıbdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının da Yekun Bəyannaməsində buna oxşar bənd öz əksini tapıbdır. Beləliklə, Qoşulmama Hərəkatında birləşən 120 ölkə, Avropa İttifaqına üzv olan 28 ölkə, eyni zamanda, türkdilli ölkələr, hansılar ki, Qoşulmama Hərəkatına üzv deyil, beynəlxalq aləmin mütləq əksəriyyəti bizi dəstəkləyir, bizə inanır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini bizim mövqeyimizi dəstəkləyərək ərazi bütövlüyü çərçivəsində görür. Hesab edirəm ki, bu, xarici siyasət istiqamətində yaddaqalan əsas məsələlərdir. Əlbəttə ki, bizim xarici siyasətimiz çox çevikdir, çox düşünülmüşdür. Hesab edirəm ki, xarici siyasətlə bağlı bütün başqa məsələlər və nəticələr yüksək qiymətə layiqdir.
- Cənab Prezident, Siz Avropa İttifaqı ilə əlaqələrə
toxundunuz. Yeri gəlmişkən, bilmək istərdik, Avropa
İttifaqı ilə yeni sazişlə əlaqədar
aparılan danışıqlar hansı mərhələdədir?
Ümumilikdə bu məsələ ilə bağlı Sizin
fikrinizi bilmək maraqlıdır.
- Deyə bilərəm ki, bir neçə ildir yeni saziş üzərində iş aparılır. Bizim əvvəlki saziş uzun illər bundan əvvəl imzalanmışdır və yeni sazişə əlbəttə ki, ehtiyac var. Biz hesab edirik və təklif etmişik ki, bu saziş hər iki tərəfin maraqlarını təmin etməlidir, əks halda, sazişə ehtiyac qalmayacaq. Biz, eyni zamanda, Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda uğurla əməkdaşlıq aparırıq və 28 ölkədən 9–u ilə bizim strateji tərəfdaşlıq haqqında sənədlər ya imzalanıbdır, ya da qəbul edilibdir. Yəni, hesab edirəm ki, Avropa İttifaqı ilə imzalanacaq sazişin təməli bax, bu 9 sənəddə təsbit edilib. Hesab edirəm ki, gələcək sazişdə həm strateji əhəmiyyət daşıyan məsələlər, həm də Azərbaycanı maraqlandıran, bizim maraqlarımıza xidmət edən məsələlər öz əksini tapmalıdır. Saziş bərabərhüquqlu tərəflər arasında imzalanmalıdır, saziş bütün bərabərhüquqlu əməkdaşlığa zidd olan məqamlardan azad olmalıdır. Bu təqdirdə, əlbəttə ki, sazişin imzalanması mümkün olacaqdır. Deyə bilərəm ki, sazişin bəndlərinin mütləq əksəriyyəti razılaşdırılıb, məsələlərin təqribən 90 faizi razılaşma əsasında öz həllini tapıb. Hesab edirəm ki, qalan məsələlər xoşniyyətli ab-hava çərçivəsində öz həllini tapmalıdır. Bilirsiniz, sazişlə bağlı bəzi hallarda mətbuatda həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. O cümlədən bir fikir ondan ibarətdir ki, Avropa İttifaqı bu sazişi bizimlə ona görə imzalamır ki, biz Avropa İttifaqına uyğun olan hansısa meyarlara cavab vermirik. Bu, tamamilə əsassız bir fərziyyədir, belə məsələ gündəlikdə yoxdur. Onu da açıq bildirməliyəm ki, sazişin bu günə qədər imzalanmamasının səbəbkarı da bizik. Nəyə görə? Bunu da mən izah edəcəyəm. Çünki hesab edirəm ki, cəmiyyətdə bu məsələ ilə bağlı tam dəqiq məlumat olmalıdır. Sazişin bir neçə məsələsi hələ ki, müzakirə mövzusudur. Biz təklif olunan məsələlərə öz razılığımızı verməmişik və bunun səbəbi var. Onlardan biri ticarətlə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Baxmayaraq ki, biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda artıq başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Bunun da səbəbi ondan ibarətdir ki, bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Digər tərəfdən, bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq. Əgər biz indi Dünya Ticarət Təşkilatına üzv olsaq, bizim istehsalçılar, o cümlədən sənaye sektorunda, kənd təsərrüfatı sektorunda böyük problemlərlə üzləşə bilərlər. Ola bilsin ki, Azərbaycana keyfiyyətsiz və bizim bazarımızı zəbt etmək məqsədi daşıyan böyük həcmdə idxal məhsulları gələcək və beləliklə, yerli istehsala böyük ziyan vurulacaq. Onu da bildirməliyəm ki, hazırda Dünya Ticarət Təşkilatı çərçivəsində də böhran yaşanır. Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları bu təşkilatda öz üzvlüyünə yenidən baxır. Demək olar ki, bəzi ölkələr arasında - təşkilata üzv olan ölkələr və müttəfiq ölkələr arasında ticarət müharibələri baş alıb gedir və genişlənir. Belə olan halda, əlbəttə ki, bu məsələyə bizim ehtiyatlı yanaşmağımız çox məntiqlidir və əsaslıdır. Ona görə imzalanacaq sazişdə ticarətlə bağlı məsələlər bizi qane etmir və biz qarşı tərəfə öz fikirlərimizi bildirmişik. Ümid edirik ki, onlar buna anlayışla münasibət göstərəcəklər.
Digər vacib məsələ energetika sektoru ilə bağlıdır. Burada da baxmayaraq ki, Avropa İttifaqı ilə enerji sahəsində bizim əməkdaşlığımız uğurludur və birgə layihələr icra edilir, ancaq sazişdə təklif olunan məsələlərin biri də, - mən istəyirəm ictimaiyyət onu da bilsin, - enerji daşıyıcılarının qiymətləri ilə bağlıdır. Belə bir bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Reallıqda bu nə deməkdir, bunu anlamaq o qədər də çətin deyil. Hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni, dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır. İxrac qiyməti isə bundan bir neçə dəfə böyükdür. Əgər biz öz təbii qazımızı daxili qiymətlərlə satsaq, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək. Çünki belə olan halda, ixrac qiyməti 58 dollar olmalıdır. Bu gün isə dünya bazarlarında, o cümlədən Avropa bazarlarında daxili qiymət, yəni, istehlakçıların ödədiyi qiymət təqribən 300, 400, 500 dollara bərabərdir. Bu, təqribən 1000 manata gəlib çıxacaq. Belə olan halda, biz daxili qiymətləri ən azı on dəfə qaldırmalıyıq. Belə olan halda, Azərbaycan vətəndaşları təbii qaz üçün 100 manat yox, 500 manat, ya da 700 manat ödəməli olacaqlar, bu, qətiyyən mümkün deyil. Ya da ki, biz böyük çətinliklə və böyük səylər göstərərək, böyük investisiyalar qoyaraq Cənub Qaz Dəhlizini demək olar ki, başa çatdıraraq xarici bazarlara öz qazımızı 58 dollara çatdırmalıyıq. Bu, qətiyyən qəbuledilməzdir və təəccüb edirəm ki, nə üçün bizim tərəfdaşlarımız, bu sadə məntiqlə, bu hesablamalarla razılaşa bilmirlər. Ona görə bu iki əsas məsələ razılaşdırılmamış qalır və bizim mövqeyimiz birmənalıdır. Bu saziş bizim maraqlarımıza uyğun olmalıdır. Prinsip etibarilə mən avropalı tərəfdaşlarıma sual vermişəm ki, "Siz mənə cavab verin, nə üçün biz bu sazişi imzalamalıyıq?”. Biz indi bu sazişsiz də yaşayırıq, yaxşı da inkişaf edirik, heç kimdən heç nə gözləmirik, heç bir imtiyaz üçün müraciət etməmişik. Biz sazişi ona görə imzalamaq istəyirik ki, bu saziş əlaqələrimizi yeni mərhələyə çıxarsın və maraqlarımız təmin edilsin. Əks təqdirdə, əlbəttə ki, bu saziş imzalanmayacaq.
- Cənab Prezident, mən "Şərq tərəfdaşlığı”
məsələsi ilə bağlı sual vermək istərdim.
Postsovet ölkələrindən bir neçəsi "Şərq
tərəfdaşlığı” proqramında iştirak edir.
Onlardan bəziləri Avropa İttifaqı ilə müvafiq
sazişlər imzalayıblar. Bundan öncə Siz qeyd etdiniz
ki, Azərbaycanla bu təşkilat arasında tərəfdaşlıq
prioritetləri barəsində sənəd paraflanıb. Siz
"Şərq tərəfdaşlığı” proqramı
çərçivəsində əməkdaşlığın
perspektivləri barədə nə deyə bilərdiniz?
- Bilirsiniz, biz "Şərq tərəfdaşlığı” proqramına başqa ölkələrlə birlikdə qoşulduq. O vaxt bu proqramın nədən ibarət olacağı haqqında bizim təsəvvürümüz yox idi. Deyə bilərəm ki, son 10 il ərzində Avropa İttifaqı daxilində bir çox proseslər cərəyan edib. Hazırda təbii ki, Avropa İttifaqının gələcək fəaliyyəti, genişlənmə proqramı ilə bağlı fərqli fikirlər üstünlük təşkil edir. Yəni, 10 il bundan əvvəlki vəziyyət indiki vəziyyətlə ziddiyyət təşkil edir. Bu, birincisi.
İkincisi, "Şərq tərəfdaşlığı”na üzv olan ölkələri bir amil birləşdirir. O da ondan ibarətdir ki, bu ölkələr postsovet respublikalarıdır. Mən başqa birləşdirici amil görmürəm. Çünki ölkələrin həm xarici siyasəti fərqlidir, daxili vəziyyətdə böyük fərqlər var, təbii ki, iqtisadi inkişaf fərqlidir. Ona görə bu ölkələri bir proqramda birləşdirmək hesab edirəm ki, o vaxt üçün bəlkə də məqbul variant idi. Ancaq bu gün bu, belə deyil və bu ölkələrin bir neçəsi - daha doğrusu 3 ölkə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb. Bir ölkə genişlənmiş əməkdaşlıq müqaviləsi bağlayıb. Azərbaycan isə assosiasiya sazişini bağlamayıb və hazırda ikitərəfli saziş üzərində iş aparılır. Mən artıq bu barədə öz fikirlərimi bildirdim. Ona görə bu proqramın gələcəyi haqqında bir şey demək çətindir. Bu proqram bizə təqdim olunanda biz bəri başdan öz fikrimizi bildirmişik ki, ikitərəfli formata üstünlük veririk. Azərbaycan Avropa İttifaqından hər hansı bir imtiyaz gözləmir və proqramda iştirak edən bəzi ölkələrdən fərqli olaraq biz özümüzü təmin edən ölkəyik, biz artıq Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında sırf donor ölkəyə çevrilmişik. Yəni, biz artıq borc verən ölkəyik. O ki qaldı, Qərb texnologiyalarına, biz Qərb texnologiyalarını alırıq, heç kim bizə bunu müftə vermir. Ona görə proqramda bizim mövcudluğumuz qalır, ancaq, sözün düzü, biz buna o qədər də böyük əhəmiyyət vermirik. Çünki bu proqramın çox dəqiq məramı və məqsədi bizim üçün aydın deyil. Əgər bu, Avropa inteqrasiyasıdırsa, artıq hər kəsə bəllidir ki, postsovet respublikaları üçün bu məqsəd əlçatmazdır. Əgər hansısa başqa bir ölkələr arasındakı əməkdaşlıqdan söhbət gedirsə, bu ölkələrin bəziləri ilə bizim sıx əlaqələrimiz var, bəzi ölkələrlə ümumiyyətlə əlaqələrimiz çox aşağı səviyyədədir, Ermənistanla isə müharibə şəraitindəyik. Ona görə bu proqramda bu ölkələri birləşdirmək və hansısa bir istiqamətə yönləndirmək cəhdləri hesab edirəm ki, bu proqramı təsis edənlər tərəfindən icra olunmadı. Ona görə biz proqramdan çıxmırıq, ancaq proqramda da fəal iştirak etmək fikrində deyilik.
- Cənab
Prezident, istərdik bir məqama da toxunaq. Ümumiyyətlə,
düşünürük ki, ilin ən yaddaqalan hadisələrindən
biri Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə
keçirilən mərasimdə Sizin
çıxışınız idi. Həmin
çıxış ölkə ictimaiyyəti tərəfindən
çox böyük rəğbətlə
qarşılandı. Siz faktiki olaraq, professor, müəllim və
tələbə heyəti qarşısında Azərbaycanın
bugünkü uğurlarını şərtləndirən əsas
amillərə, strateji vəzifələrə toxundunuz və
bir fikriniz xüsusilə ictimaiyyət tərəfindən
geniş müzakirə olundu. Bu, Azərbaycanın Avropaya
inteqrasiyası ilə bağlı məsələ idi. Siz birmənalı
şəkildə bildirdiniz ki, Azərbaycan heç yerə
inteqrasiya etmək fikrində deyil, bizim öz milli-mənəvi
dəyərlərimiz, milli prinsiplərimiz var. Ümumiyyətlə,
Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı
ortaya qoyduğunuz bu konkret mövqeni şərtləndirən
əsas səbəblər, əsas qaynaqlar nədən ibarətdir?
-Bilirsiniz, Avrointeqrasiya haqqında
artıq bəzi dairələrdə çox
danışılır. Ancaq əsas məsələ
ondadır ki, Avrointeqrasiya deyəndə nəyi nəzərdə
tuturlar. Mən hesab edirəm ki, biz artıq Avrointeqrasiya istiqamətində
öz addımlarımızı atmışıq və gələcək
addımlara həm ehtiyac yoxdur, həm də o addımlar nəticəsiz
olacaq. Misal üçün biz ATƏT-in üzvüyük. ATƏT
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatıdır.
Biz 2001-ci ildən Avropa Şurasına üzv olmuşuq və
artıq 20 ilə yaxındır ki, bu təşkilatda fəaliyyət
göstəririk. Bu, Avrointeqrasiyanın bir növüdür.
Eyni zamanda, Azərbaycan Avronest Parlament Assambleyasında da təmsil
olunur. Belə olan halda, hesab edirəm ki, bu istiqamətdə
mümkün olan addımlar atılıbdır və həm gələcək
addımların atılmasına ehtiyac yoxdur, həm də
bunun nəticəsi olmayacaq. Çünki əgər biz
Avrointeqrasiya deyəndə Avropa İttifaqına üzvlük
haqqında danışırıqsa, bu, tamamilə
qeyri-mümkündür. Bunu həm tarix göstərir, həm
Avropa məkanında gedən proseslər göstərir, həm
də onu Brexit göstərir. İndi əksinə, necə
deyərlər, Avropada mərkəzdənqaçma
tendensiyaları göz önündədir. Eyni zamanda, Avropa
İttifaqının genişləndirilməsi ilə bağlı
Avropanın aparıcı ölkələrinin rəhbərlərinin
çıxışlarına fikir vermək kifayətdir
görək ki, artıq genişlənmə ilə
bağlı heç bir perspektiv yoxdur. Hətta namizəd olan
ölkələr - Balkan ölkələri, hesab edirəm ki,
onlar da indi bir qədər çətin vəziyyətdədir.
Çünki vaxtilə onlara vəd verilmişdi ki, siz bu məsələləri
həll etməklə Avropa İttifaqına üzv ola bilərsiniz
və onlar da bu addımları atıblar. Bəziləri
çox ağrılı addımlar atmalı oldular. Mən
indi o ölkələrin adlarını çəkmək istəmirəm,
amma biz hamımız bilirik söhbət nədən gedir. Bəziləri
üçün bu addımlar çox baha başa gəldi,
bu, ölkələrdə daxili qarşıdurmaya,
böyük etirazlara gətirib çıxardı. O ölkələrin
cəmiyyətləri parçalandı. Nəyə görə
onlar bu addımı atdılar? Onlara söz verildi ki, sizin gələcəyiniz
var, siz bunu, bunu, bunu etsəniz biz sizi qəbul edəcəyik.
Amma indi Avropanın aparıcı ölkələrinin liderləri
deyirlər ki, artıq heç kimi qəbul etməyəcəyik.
Hesab edirəm ki, hətta uzunmüddətli perspektivdə
Avropa ölkələri üçün belə imkan yoxdur.
Digər misal bizim qardaş Türkiyə
ilə bağlıdır. Görün nə vaxtdan Türkiyə
Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb? Bəlkə
də onilliklər bundan əvvəl. Amma ondan sonrakı
addımlar nəticə veribmi? Əlbəttə ki, yox və
bu da böyük ədalətsizlikdir. 2000-ci ildən başlayaraq
Avropa İttifaqına keçmiş sosialist bloka aid bir
çox ölkələr daxil oldu. İndi onlar Türkiyədən
dahamı inkişaf etmiş ölkələrdir? Yox. Dahamı
Avropa İttifaqına üzv olmaq üçün
hazırlıqlıdırlar? Yox. Nə üçün
onları qəbul ediblər, Türkiyəni qəbul etməyiblər?
Sual aydındır, ritorikdir. Bir amilə görə, o da ondan
ibarətdir ki, Türkiyə müsəlman ölkəsidir.
Artıq bunu açıq deyirlər. Əvvəllər bu əsas
tezisi pərdələmək üçün bəzi
başqa fikirlər, müxtəlif bəhanələr gətirilirdi
ki, bu ölkə hazır deyil və yaxud da hansısa proseslər
baş verib. Ancaq indi bunu gizlətmirlər və müsəlman
ölkəsi olduğu üçün Türkiyəni Avropa
İttifaqına qəbul etmirlər. Belə olan halda, Azərbaycanı
qəbul edəcəklərmi? Əlbəttə ki, yox. Əgər
belədirsə, onda biz öz işimizi bəri başdan elə
tutmalıyıq ki, reallaşdırıla bilməyən vədləri
verməyək və lazım olmayan addımları da atmayaq.
Bu, birincisi.
İkincisi, lap tutaq ki, sabah bizə
dedilər, bax, Azərbaycan belə ölkədir ki, biz Azərbaycanı
filan tarixdə qəbul edəcəyik. Bu, bizə
lazımdırmı? Avropada gedən proseslərə hər
bir vətəndaş nəzər yetirəndə görür
ki, hansı hadisələr baş verir, o cümlədən
dini zəmində, milli-mənəvi dəyərlər zəminində.
Bu proseslər bizə uyğundurmu? Əlbəttə ki, yox və
bunu açıq deməliyik. Ona görə bəzi hallarda
Avropa İttifaqının bayraqları ilə küçələrə
çıxmaq istəyən dırnaqarası müxalifət
nümayəndələri bilməlidirlər ki, onlar nə istəyirlər?
İstəyirlər ki, Azərbaycanın taleyi Brüsseldəmi
həll olunsun? İstəyirlər ki, bizim əsrlərboyu
qoruduğumuz dəyərlər məhv olsun? Biz bu dəyərləri
əsrlərboyu qorumuşuq, hətta müstəqil olmayan
dövrdə. Başqa ölkələrin, imperiyaların tərkib
hissəsi olan dövrdə dilimizi də, dinimizi də, dəyərlərimizi
də, ənənələrimizi də, həyat tərzimizi də
qorumuşuq. İndi belə olan halda müstəqillik
dövründə biz özümüz öz taleyimizi kiməsə
əmanət edə bilərik? Qətiyyən yox və qətiyyən
biz buna gedə bilmərik. Bizim öz tariximiz, öz mədəniyyətimiz,
öz dəyərlərimiz var. Ona görə onlar bizə təklif
versə belə, buna qətiyyən getmək olmaz.
İndi Avropada miqrantlarla bağlı
vəziyyət göz önündədir. Bunu bəziləri
demək istəmir, amma mən hesab edirəm ki, biz deməliyik.
Niyə biz bu həqiqəti deməməliyik, niyə bunun
üstündən keçməliyik? "Stop İslam”,
"İslam miqrantlara yox” şüarları ilə artıq
siyasi qüvvələr hakimiyyətə gəlir. Populist vədlər
indi islamofob prinsiplər əsasında qurulur. Ona görə
daha çox səs toplamaq istəyən siyasi qüvvə
mütləq bu mövzunu istismar edir. Belə olan halda, müsəlman
ölkəsi Azərbaycan hansı formada orada təmsil oluna bilər?
İkinci dərəcəli ölkə kimi? Yaxud da ki,
hansısa bir imtiyaz diləyən ölkə kimi? Qətiyyən
yox! Biz qürurlu ölkəyik, biz öz yolumuzla gedirik,
heç kimə də bizim ehtiyacımız yoxdur, heç
kimdən də asılı deyilik!
Ona görə Bakı Dövlət
Universitetində Avropa inteqrasiyası ilə bağlı dediyim
fikirləri bu gün mən daha geniş formada ictimaiyyətə
çatdırıram, hesab edirəm ki, yeganə düzgün
yoldur. Biz indi Avropa qurumlarının bəzilərinin
üzvüyük, mən bunu qeyd etdim. Avropa İttifaqı ilə
əməkdaşlıq zəminində əlaqələr
qururuq və gələcəkdə də həm ikitərəfli
formatda, həm Avropa İttifaqı ilə bu əsaslar üzərində
öz işimizi qurmalıyıq.
-Cənab Prezident,
mənim növbəti sualım xalqımızın ən
ağrılı problemi olan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı olacaq. Münaqişənin həlli ilə
bağlı danışıqlar prosesi nə yerdədir?
-Bilirsiniz, deyə bilərəm ki,
2019-cu il danışıqlar prosesi üçün
itirilmiş il olubdur. Bunun da yeganə səbəbi odur ki, Ermənistan
rəhbərliyi bu danışıqlarda qeyri-konstruktiv
mövqe sərgiləyir və beynəlxalq vasitəçilər
işğalçı ölkəyə lazımi təsir və
təzyiq göstərmirlər. Məhz buna görə 2019-cu
ildə, deyə bilərəm ki, danışıqlar trekində
hər hansı bir ciddi irəliləyiş əldə
olunmayıb.
Eyni zamanda, Ermənistan rəhbərliyinin
ziddiyyətli və bir-birini təkzib edən bəyanatları
da əlbəttə ki, həm təəccüb, həm də
təəssüf doğurur. Biz hamımız yaxşı
xatırlayırıq ki, Ermənistanın yeni rəhbərliyi
ilkin mərhələdə ortalığa belə bir məsələ
atmışdı ki, Azərbaycan Dağlıq Qarabağla
danışıqlar aparmalıdır, Dağlıq Qarabağ
"müstəqil dövlətdir” və Ermənistan bu
dırnaqarası müstəqil dövlətin işlərinə
qarışa bilmir. Bunların hamısı cəfəng fikirlərdir.
Çünki bu gün Dağlıq Qarabağda yerləşən
hərbi birləşmənin 90 faizi Ermənistan vətəndaşlarından
təşkil edilir. Hər il Ermənistan büdcəsindən
Dağlıq Qarabağ büdcəsinə böyük vəsait
transfert edilir. Ona görə buna müstəqil dövlət
demək tam yalandır. Sadəcə olaraq,
danışıqları uzatmaq, yaxud da ki, öz məsuliyyətini
boynundan atmaq üçün belə ifadələr işlədilir.
Biz qətiyyən bu ifadələrlə
razı ola bilmərik. Öz fikirlərimizi bildirmişik və
eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri
də oxşar bəyanatlar vermişlər.
Danışıqlar Ermənistan və Azərbaycan arasında
aparılır. Bu il önəmli hadisələrdən biri də
odur ki, danışıqlar formatı dəyişməz olaraq
qaldı. Hesab edirəm ki, bu, bizim diplomatik nailiyyətimizdir. Yəni,
Ermənistan rəhbərliyinin cəhdləri və təklifləri
qəbul edilmədi. Bunu təsdiqləyən həm də o
amildir ki, mənim Ermənistanın baş naziri ilə
görüşlərim olubdur. Ermənistan və Azərbaycan
Xarici İşlər nazirləri görüşürlər,
danışıqlar aparırlar. Sonuncu görüş bu
ayın əvvəlində olmuşdur.
Digər tərəfdən, Azərbaycan
dırnaqarası Dağlıq Qarabağ respublikası ilə
danışıqlar aparmalıdır fikri baş tutmayandan
sonra növbəti bir cəfəng tezis ortalığa
atıldı, bunu indi hər kəs eşidib, - Ermənistanın
baş naziri dedi ki, Qarabağ Ermənistandır və nöqtə.
Yəni, bu, əvvəlki tezisi tam təkzib edir və bu,
növbəti yalandır. Çünki Qarabağ nə
müstəqil ölkədir, - bunu heç kim tanımır,
heç bir ölkə tanımır, - və bayaq qeyd etdiyim məsələlər
- böyük beynəlxalq təşkilatların qəbul
etdiyi qərarlar və yekun bəyannamələr onu göstərir
ki, dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın
ayrılmaz hissəsi kimi tanıyır və Qarabağ Ermənistan
deyil və bunu sübut etmək üçün heç səy
göstərmək də lazım deyil.
Ona görə birinci dəfə də,
ikinci dəfə də yalan söylənildi. Amma həqiqət
ondan ibarətdir ki, - mən bunu canlı efirdə demişəm,
- Qarabağ Azərbaycandır və nida işarəsi.
Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın
ayrılmaz hissəsi kimi tanıyır və bizim
danışıqlar prosesində mövqeyimizdə heç bir
dəyişiklik yoxdur, ola da bilməz. Tarixi həqiqət bizim
tərəfimizdədir. Biz bunu dünyaya sübut edə
bilmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan
torpağıdır. Azərbaycan xalqı əsrlərboyu bu
torpaqlarda yaşayıb, yaradıb. Biz hamımız
yaxşı bilirik və bu gün dünya ictimaiyyəti də
bizim apardığımız siyasət nəticəsində
bilir ki, ermənilər Cənubi Qafqazda gəlmə millətdir,
onlar çar Rusiyası tərəfindən XIX əsrdə
Rusiya-İran müharibəsindən sonra bizim bölgəmizə
köçürülüblər. Qafqaz Rusiya
imperiyasının tərkib hissəsi olandan sonra bizim bölgədə
xristian əhalinin sayını çoxaltmaq üçün
Şərqi Anadoludan və İrandan kütləvi surətdə
ermənilər Dağlıq Qarabağa
köçürülmüşlər. Bunu təsdiqləyən
çoxsaylı tarixi sənədlər, faktlar var. Bu, o qədər
də uzaq tarix deyil. Yəni, ermənilər bizim tarixi
torpaqlarımıza köçürülmüşlər,
ona görə ki, burada xristian əhali çoxalmalı idi.
Ona görə bu, bizim tarixi torpağımızdır və
bunu indi bütün dünya bilir. Bu, birincisi.
İkincisi, Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz hissəsidir və biz müstəqil ölkə
kimi BMT-yə daxil olanda artıq Azərbaycanın ərazi
bütövlüyü qəbul edilib, dəstəklənib və
təsdiq edilib. Ona görə həm tarixi ədalət və
həm də beynəlxalq hüquq baxımından
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir
və münaqişənin həlli məhz bu prinsiplər əsasında
ola bilər. Azərbaycanın ərazi bütövlüyü
bərpa edilməlidir.
O ki qaldı, xalqların öz
müqəddəratını təyinetmə prinsipinə, -
Ermənistan həmişə buna istinad edir, - bu prinsip
artıq bu münaqişə ilə bağlı işləmir.
Çünki erməni xalqı öz müqəddəratını
artıq müəyyən edib. Onların müstəqil Ermənistan
dövləti var, hansı ki, qədim Azərbaycan
torpaqlarında yerləşir və biz Azərbaycan
torpağında ikinci erməni dövlətinin
yaradılmasına heç vaxt imkan verməyəcəyik.
Ona görə bizim prinsipial
mövqeyimiz bundan ibarətdir ki, ərazi
bütövlüyü prinsipi üstünlük təşkil
etməlidir, bizim ərazimiz bərpa edilməlidir və
münaqişə yalnız bu prinsiplər əsasında
öz həllini tapmalıdır. Bundan əlavə, beynəlxalq
təşkilatların qərar və qətnamələri, BMT
Təhlükəsizlik Şurasının 4 qətnaməsi,
Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq
Təşkilatının, ATƏT-in, Avropa Parlamentinin, Avropa
Şurasının oxşar qərar və qətnamələri
var. Qeyd etdiyim kimi, keçən il Avropa İttifaqı bizimlə
Azərbaycanın ərazi bütövlüyünü,
suverenliyini və sərhədlərinin
toxunulmazlığını dəstəkləyən sənəd
imzalayıbdır.
-Cənab Prezident,
elə mövzunun davamı olaraq bir mühüm məqama da
toxunmaq istərdik. Siz müxtəlif beynəlxalq tribunalardan,
önəmli tədbirlərdən Ermənistanın
işğalçılıq mahiyyətini, terrorçu
dövlət olduğunu və eləcə də terrorçu
Njdenin əsl simasını konkret faktlarla, özü də əcnəbi
mənbələrdən gətirdiyiniz sitatlarla ifşa etdiniz.
Belə halı biz, eyni zamanda, bu il MDB Dövlət
Başçılarının Aşqabadda keçirilən
Zirvə Görüşündə izlədik. Siz bu
faktları həmin tədbirdə iştirak edən liderlərin
və dünya ictimaiyyətinin diqqətinə bir daha
çatdırdınız. Paşinyan o faktların
qarşısında nə dərəcədə məzlum və
aciz göründü, biz bunun şahidi olduq. Ona görə
biz Sizə minnətdarıq. Amma əfsuslar olsun ki, bu gün də
Ermənistanın işğalçılıq siyasətini və
terrorçu mahiyyətini dəstəkləyən Paşinyan
kimi bəzi adamlar var. Sizcə nəyə görə?
- Bilirsiniz, bu məsələ ilə
bağlı Azərbaycan ictimaiyyəti məsələni bir
müddət öncə qaldırmışdı və Azərbaycanın
ictimaiyyəti, o cümlədən veteranlar MDB dövlət
başçılarının ünvanına Ermənistanda
faşist Njdeyə abidənin ucaldılması ilə
bağlı məktublar göndərmişdilər. Eyni
zamanda, MDB ölkələrinin parlamentlərinə də
oxşar məktublar getmişdi ki, bu gün MDB məkanında
İkinci Dünya müharibəsi ilə bağlı prinsip
etibarilə yekdil fikir var. Rəsmi bəyanatlarda müharibənin
tarixi nəticələri və Sovet İttifaqının Qələbənin
əldə edilməsində əsas rolu haqqında fikir
ayrılığı yoxdur. Eyni zamanda, faşistlərin qəhrəmanlaşdırılması
ilə bağlı fikirlər də üst-üstə
düşür. Belə olan halda, necə ola bilər ki,
İrəvanda, şəhərin mərkəzində
faşist cəlladı Njdeyə altı metrlik abidə
ucaldılır və bu abidənin
açılışında Ermənistanın prezidenti və
bütün rəhbərlik iştirak edir. Bu, nə deməkdir?!
Ona görə bu məsələ
bizim gündəliyimizdə yeni deyil. Sadəcə olaraq, MDB
Zirvə Görüşünün gündəliyindəki məsələlərdən
biri də Qələbənin 75 illiyinə hazırlıq idi.
Mən bu məsələni açıq və arqumentlərlə
dilə gətirdim, tarixi sənədlərə istinad etməklə
Njdenin faşist və cəllad sifətini ifşa etdim. Njdenin
cinayətləri təkcə İkinci Dünya müharibəsi
illərində törətdiyi cinayətlərlə məhdudlaşmır.
O, dinc Azərbaycan əhalisinə qarşı qəddarlıq,
soyqırımı törətmişdir, minlərlə
günahsız azərbaycanlını qətlə
yetirmişdir. Bütün bunlar tarixi faktlardır.
Əgər yadınızdadırsa, mən
o çıxışda bildirdim ki, bunu Ermənistanın əvvəlki
rəhbərliyi edib. Yəni, mən baş nazir Paşinyana
bir növ imkan verdim ki, o, bu çirkin əməli öz
boynuna almasın. Çünki onun bu abidənin
ucaldılmasında iştirakı olmayıb. Ancaq əfsuslar
olsun ki, düzgün yanaşma göstərməkdənsə,
o, çox qeyri-adekvat bəyanatlarla Njdeyə bəraət
qazandırmağa çalışdı. Arqumentlərin biri də
o olmuşdur ki, - çünki mən dedim ki, o, "ŃĚĹĐŘ” tərəfindən həbs
olundu, "ŃĚĹĐŘ” də
abreviaturadır, "Ńěĺđňü Řďčîíŕě” – "Casuslara ölüm”,
- və 25 il müddətə məhkum edildi, öz həyatını
Vladimir həbsxanasında bitirdi. Onun da arqumenti o oldu ki,
Soljenitsın da sovet rejimi tərəfindən həbs
olunmuşdur. Mən ondan sonra bir daha söz alıb dedim ki, cəlladı,
faşisti Soljenitsın ilə eyniləşdirmək olmaz. Bu,
qətiyyən qəbuledilməzdir.
Mən gözləyirdim ki, bundan sonra
artıq sakit bir şəraitdə öz müşavirlərinin
köməyi ilə Ermənistan bir çıxış yolu
axtaracaq, hər hansı bir məqbul formada bunu təkzib edəcək.
Amma biz bunun tam əksini gördük. Rusiyadan gəlmiş
jurnalistlərlə görüşdə o, daha da uzağa
getdi və dedi ki, nə olsun ki, Njde Hitlerlə
görüşüb. Molotov da Hitlerlə
görüşüb. Bilirsiniz, bunu şərh etmək
üçün söz tapmıram. Çünki bu, o dərəcədə
aşağı səviyyəli fərziyyədir ki, bunu şərh
etmək mümkün deyil. Molotov Sovet İttifaqının
Xarici İşlər naziri idi. Molotov-Ribbentrop paktı 1939-cu
ildə bağlanmışdı, ona görə ki, Sovet
İttifaqı müharibəyə hazır deyildi və
müharibənin mümkünlüyünü ertələmək
üçün imzalanmışdır. Molotov Njde kimi Hitlerə
qulluq etmirdi. Molotov Njde kimi faşist şüarları səsləndirmirdi.
Njdenin məşhur şüarı o idi ki, "Almaniya
uğrunda ölən Ermənistan uğrunda ölür”. Yəni,
o, faşistdir və bunu İkinci Dünya müharibəsi
zamanı demişdir. Ona görə əlbəttə ki, Ermənistan
rəhbərliyinin belə cəfəng sözləri ciddi qəbul
oluna bilməz.
Ancaq buna baxmayaraq, hesab edirəm ki, mənim
Aşqabaddakı çıxışım burada həlledici
rol oynamışdır, - bu cəllada Rusiyanın Armavir şəhərində
qoyulmuş lövhə dağıdıldı,
söküldü və məhv edildi. Bunu ermənilər
özləri etdilər. Onları Armavir şəhər
hakimiyyəti məcbur etdi. Əminəm ki, gün gələcək
və ermənilər özləri İrəvanda bu faşistə
ucaldılmış bu eybəcər abidəni özləri
sökəcəklər.
-Cənab Prezident,
istərdim ki, ölkədə iqtisadi sahədə
görülən işlərlə bağlı da fikirlərinizi
öyrənək. 2019-cu ildə Azərbaycanda iqtisadiyyatın
daha da inkişaf etdirilməsi istiqamətində çox
mühüm, ciddi addımlar atıldı. İlin iqtisadi
yekunları barədə nə deyə bilərsiniz?
-Bəli, bu il iqtisadi sahədə nəticələr
yaxşıdır. Bilirsiniz ki, neftin qiymətinin kəskin
şəkildə düşməsindən sonra bizim milli
valyutamız da devalvasiyaya uğramışdır və
iqtisadi fəallıq aşağı
düşmüşdü. Əlbəttə, bu, bizim
üçün gözlənilməz idi. Təsəvvür
edin, əgər sizin əsas gəlir mənbəyinizin dəyəri
dörd dəfə ucuzlaşırsa, əlbəttə ki,
bunun iqtisadiyyata çox mənfi təsiri ola bilər. Ancaq
buna baxmayaraq, biz heç bir sosial layihəni ixtisar etmədik.
Bütün sosial öhdəlikləri yerinə yetirdik.
İqtisadi sahədə əlbəttə ki, biz çox ciddi
addımlar atmağa məcbur olduq. Ancaq hesab edirəm ki, sabitləşmədən
sonra ilkin inkişaf təzahürləri özünü
keçən il büruzə verdi. Bu il isə artıq
inkişaf daha genişmiqyaslıdır və bütün
iqtisadi parametrlər bunu göstərir. Ümumi iqtisadi
artım 2 faizdən çoxdur və bəlkə də bu, o qədər
də böyük rəqəm deyil. Amma bunun da səbəbi
ondadır ki, neftin hasilatı bir qədər aşağı
düşüb. Bizim ümumi daxili məhsulumuzda neftin həcmi
önəmli rol oynayır. Ancaq qeyri-neft iqtisadiyyatımız
təqribən 3,5 faiz artıb. Hesab edirəm ki, bu, pis nəticə
deyil, daha da artıq olmalıdır və olacaqdır.
Sevindirici hal odur ki, qeyri-neft sənaye
sahəsində artım təxminən 14 faizdir. Bu, onu göstərir
ki, qeyri-neft sənayesinin inkişafı ilə bağlı
bizim planlarımız artıq real rəqəmlərlə
ölçülür. Bildiyiniz kimi, son illərdə kənd
təsərrüfatına böyük investisiyalar qoyuldu,
böyük islahatlar paketi icra edilir və burada da 7 faizdən
çox artım vardır.
Digər iqtisadi göstəricilər
də müsbətdir. İnflyasiya 11 ayda təqribən 2,6
faiz olub. Xarici ticarət dövriyyəsi artdı. Qeyri-neft
ixracımız təqribən 14-15 faiz artıbdır,
baxmayaraq ki, daxili istehlak da artır. Bizim qeyri-neft
ixracımızın daha böyük rəqəmlərlə
artmamasının səbəbi odur ki, əhali artır, daxili
istehlak artır və beləliklə, ixrac üçün təklif
olunan malların həcmi o qədər də artmır. Amma
buna baxmayaraq, qeyri-neft ixracı 14 faiz artıbdır.
Xarici borcumuz aşağı
düşüb, ümumi daxili məhsulun 17 faizini təşkil
edir və bu, dünyada 9-cu göstəricidir. Gələn ilin
büdcəsi artıq təsdiq edilib və burada da xarici borca
xidmət edən vəsait nəzərdə tutulub. Beləliklə,
ən azı gələn ilin sonunda xarici dövlət borcu 16
faiz olacaqdır. Mən hökumət qarşısında vəzifə
qoydum ki, biz qısa müddət ərzində xarici borcu təqribən
daxili məhsulun 10-12 faizinə endirək və bu, tamamilə
mümkündür. Bir amili də bildirməliyəm, bizim
valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 5 dəfə
artıqdır. Bu, deyə bilərəm ki, dünya təcrübəsində
nadir nəticədir. Adambaşına düşən valyuta
ehtiyatlarımızın həcminə görə biz MDB-də
birinci yerdəyik. Bu il valyuta ehtiyatlarımız 4,5 milyard
dollar artdı. Bu, onu göstərir ki, biz gəlirləri
çox böyük qənaətlə xərcləyirik -
ancaq sosial layihələrə və strateji əhəmiyyət
daşıyan layihələrə.
Bütövlükdə isə ilin
sonuna qədər Azərbaycanın valyuta ehtiyatları 50
milyard dollara çatıbdır. Bu da rekord göstəricidir.
Bu, əlbəttə ki, həm iqtisadi sahədə çox
böyük nailiyyətdir, eyni zamanda, bu, bizim iqtisadi müstəqilliyimizi
tam təmin edir. İqtisadi müstəqillik siyasi müstəqilliyin
əsas şərtidir. Biz indi kreditlərdən asılı
deyilik. Düzdür, bizə kredit vermək istəyənlərin
sayı artır. Aparıcı beynəlxalq maliyyə
qurumları bizə bir çox təkliflər təqdim edirlər.
Ancaq mənim fikrim ondan ibarətdir ki, biz ancaq texnoloji tərəfdən
önəmli layihələrə kredit götürə bilərik.
Hansısa yolun çəkilişinə, yaxud da ki, hansısa
inşaat işinə biz nə üçün xaricdən
kredit alaq. Bizim öz vəsaitimiz var. Ancaq texnologiya ixracı
ilə bağlı olan kreditlər bizim üçün maraq
doğura bilər.
Ona görə bütövlükdə
iqtisadi sahədə 2019-cu il uğurlu olubdur və onu da bildirməliyəm
ki, aparılan islahatlar, o cümlədən şəffaflıq
sahəsində aparılan islahatlar bizə əlavə gəlir
gətirdi. Beləliklə, vergi və gömrük
orqanları bu il plandan əlavə xəzinəyə 1 milyard
manat vəsait köçürdülər. Yəni, sırf
şəffaflıq, dürüstlük, düzgün hesabatın
aparılması və bu sahədə, inzibatçılıq
sahəsində aparılan islahatlar sayəsində biz bir
milyard əlavə vəsait əldə etdik. Bu vəsaiti biz əlbəttə
ki, sosial layihələrə yönəltdik.
- Cənab
Prezident, Siz iqtisadi göstəricilərdən
danışdınız. İstərdik ki, bir qədər də
sosial sahəyə toxunaq. 2019-cu ildə sosial sahədə
çox ciddi addımlar atıldı və əhalinin sosial
müdafiəsi ilə bağlı ardıcıl tədbirlər
həyata keçirildi. Bəs bu istiqamətdə 2019-cu ili necə
qiymətləndirirsiniz?
- Mən bunu da yüksək qiymətləndirirəm.
Mən qeyd etdim, hətta böhranlı illərdə biz sosial
sahəyə nəzərdə tutulan vəsaiti
azaltmamışıq. Çünki mən həmişə
demişəm ki, iqtisadi islahatlar sosial müdafiə ilə bərabər
aparılmalıdır. Bu, siyasətimizin əsas
qollarıdır. Çünki bir çox hallarda, - biz bunu
tarixdən də bilirik, bəzi ölkələrin təcrübəsindən
də, - çox ciddi iqtisadi islahatlar sosial problemlər
yaradır və biz buna qətiyyən yol verə bilmərik.
Çünki bizim bütün işimizin məqsədində
Azərbaycan vətəndaşının maraqları
dayanır və ildən-ilə Azərbaycan vətəndaşı
daha yaxşı yaşamalıdır. Bunun üçün həm
sosial infrastrukturla bağlı olan layihələr icra edilməlidir,
eyni zamanda, vətəndaşların sosial təminatı
yaxşılaşdırılmalıdır. Ona görə
hesab edirəm ki, bu il biz bu sahədə çox ciddi
addımlar atdıq. Birinci növbədə, problemli kreditlər
məsələsi öz həllini tapdı. Bu məsələ
daim diqqət mərkəzində idi və biz yaxşı
anlayırdıq ki, devalvasiyaya görə çətin vəziyyətə
düşən vətəndaşlara kömək etməliyik.
Ancaq məsələ onda idi ki, nə vaxt. Mən hesab edirdim
ki, o vaxt ki, bizim buna imkanımız çatsın və bu
imkan təmin olunduqca biz bunu etdik. Onu da bilirsiniz ki, devalvasiyaya
uğrayan təkcə Azərbaycan olmayıb. Bir neçə
postsovet ölkəsində oxşar hallar baş verib, o
cümlədən ixracı daha çox enerji resursları olan
ölkələrdə. Ancaq problemli kreditlərin həll edilməsi
bizdəki kimi heç yerdə olmayıbdır. Biz vətəndaşlar
üçün ən məqbul variantı seçdik və
bunu həll etdik.
Ondan sonra maaşların
artırılması, pensiyaların, sosial müavinətlərin,
tələbələrin təqaüdlərinin, yəni,
bütün sosial sahədə olan məsələlər
kompleks şəkildə öz həllini tapdı. Müavinətlər
orta hesabla 50 faiz, yaxud da 2 dəfə, minimum əməkhaqqı
2 dəfə, minimum pensiya 70 faizdən çox
artırıldı. Minimum pensiyanın alıcılıq
qabiliyyətinə görə bu gün Azərbaycan MDB-də
birinci yerdədir. Amma o demək deyil ki, bu, bizi qane edir, yox. Biz
istəyirik daha da artsın və əminəm ki, artacaq. Sadəcə
olaraq, buna nail olmaq üçün gərək iqtisadi sahədə
daha da böyük artım olsun. Çünki biz
ayağımızı yorğanımıza görə
uzadırıq. Biz heç yerdən dəstək
almırıq, buna ehtiyac da görmürük. Ona görə
öz büdcəmizi elə planlaşdırmalıyıq ki,
ölkə qarşısında duran vəzifələr icra
edilsin, qeyri-neft iqtisadiyyatının inkişafını şərtləndirən
layihələr icra edilsin və əldə edilmiş gəlirlər
hesabına biz sosial layihələri həll edək. Ona görə
ildən-ilə bizim valyuta ehtiyatlarımız artır. Hətta
ən böhranlı 2015-ci, 2016-cı illərdə bizim gəlirlərimiz
kəskin aşağı düşmüşdü, biz yenə
də böyük qənaət paketi təqdim etdik və imkan
vermədik ki, valyuta ehtiyatlarımız azalsın.
Çünki bu, həm manatın məzənnəsinə
müsbət təsir göstərir, eyni zamanda, bizim əsas
ehtiyatımızdır.
Ona görə gələcək
sosial layihələrin həyata keçirilməsi sırf
iqtisadi inkişafla bağlıdır və iqtisadi
inkişafın, əlavə gəlirlərin böyük əksəriyyəti
sosial layihələrə istiqamətləndiriləcək. Əminəm
ki, gələn il bu istiqamətdə də önəmli il
olacaq. Onu da bildirməliyəm ki, biz məcburi
köçkünlər üçün, şəhid ailələri,
müharibə veteranları, əlillər üçün
böyük sosial evlər paketi təqdim etmişik. Təkcə
məcburi köçkünlər üçün bu il 5 mindən
çox ev və mənzil inşa edildi. Təsəvvür
edin, orta hesabla indi ailədə 4-5 nəfər olur, yəni,
biz bir şəhər boyda layihə icra etdik. Təqribən
25-30 min nəfər bundan bəhrələnir, 800-ə
yaxın şəhid ailəsi, müharibə əlili evlərlə
təmin edilir. Heç bir ölkədə bu, yoxdur. İndi
müharibədən çıxmış bir çox ölkələr
var. Hansı ölkədə müharibədə həlak
olmuş şəhidlərin ailələrinə dövlət
tərəfindən evlər verilir, mənzillər verilir?
Özü də bir yox, iki yox, artıq 7 mindən çox
şəhid ailəsinə dövlət tərəfindən mənzillər
verildi. Minlərlə, təqribən 6 mindən çox
müharibə əlilinə maşınlar verildi. Yəni, bu,
bizim siyasətimizdir, biz heç kimdən bunu
götürüb tətbiq etmirik. Biz bu təşəbbüsləri
özümüz göstəririk. Çünki mən hesab
edirəm ki, bu, ədalətlidir və ədalət hər
yerdə olmalıdır, o cümlədən sosial ədalət.
Ona görə hesab edirəm ki, sosial sahədə bu il
yaddaqalan olub və gələn il imkan daxilində bu müsbət
meyillər davam etdiriləcəkdir.
- Cənab
Prezident, enerji sahəsində bu il çox mühüm və əlamətdar
hadisələrlə zəngin olub. Strateji TANAP layihəsinin
reallaşmasını, başa çatmasını, Cənub
Qaz Dəhlizinin reallaşmasının əhəmiyyətini
Siz necə səciyyələndirərdiniz?
-TANAP layihəsinin istismara verilməsi,
əlbəttə ki, böyük hadisədir, tarixi hadisədir.
Demək olar ki, Cənub Qaz Dəhlizinin əsas hissəsini təşkil
edən bu layihə uğurla başa çatdırıldı
və əvvəlcədən nəzərdə tutulmuş
daha aşağı qiymətlə. Yəni, bu layihəyə
bəri başdan daha böyük vəsait nəzərdə
tutulurdu. Ancaq inşaat zamanı böyük qənaətlə
bu layihə icra edildi və artıq Azərbaycan qazı Avropa
İttifaqının sərhədinə gətirilib
çıxarıldı. Ona görə Türkiyə-Yunanıstan
sərhədində bu ilin noyabrında keçirilmiş mərasim
xüsusi əhəmiyyət daşıyırdı.
TANAP layihəsi bizim strateji
aktivimizdir. Bu layihənin icra edilməsi üçün biz
böyük səylər göstərmişik. Çünki
biz hamımız yaxşı xatırlayırıq ki, Azərbaycan
qazını daha böyük həcmdə Avropa qitəsinə
nəql etmək üçün bir neçə layihə irəli
sürülmüşdü. Onlardan biri "Nabukko” idi,
başqa layihələr də var idi. Bu layihələr ətrafında
çoxsaylı müzakirələr aparılırdı,
konfranslar təşkil edilirdi. Faktiki olaraq, biz bir neçə
il vaxt itirdik. Çünki bu layihənin əsas amili yox idi:
bunun pulunu kim verəcək? Ölkələr arasındakı
koordinasiyanı kim aparacaq? İlkin mərhələdə Avropa
İttifaqı bu missiyanı öz üzərinə
götürmüşdü və ölkələr
arasında koordinasiyanı aparmağa
çalışırdı. Dediyim bu simpoziumlar, konfranslar, təqdimatlar
bu məqsədi daşıyırdı. Ancaq biz də
iştirak edirdik və şəxsən mən dəfələrlə
iştirak etmişəm. Hər dəfə görürdüm
ki, burada konkret məsələlərdən söhbət
getmir. Yaxşı şüarlar səsləndirilir,
yaxşı təqdimatlar edilir. Ancaq bunu necə edək, kim edəcək,
kim öz üzərinə götürəcək, bu məsələ
açıq olaraq qalırdı. Biz bu məsələyə
toxunanda bizə çox mücərrəd cavablar verilirdi,
başa düşə bilmirdik ki, bu, nə məsələdir.
Ona görə, biz görəndə ki, bu məsələ
artıq öz həllini tapmır, "Şahdəniz-2” layihəsinə
sanksiya vermək üçün isə mütləq bu məsələ
öz həllini tapmalı idi. Çünki əks-təqdirdə
kim bu qədər vəsaiti qazma işlərinə istiqamətləndirəcək
ki, əgər bunun bazarı yoxdur. Qaz bazarında sən əvvəlcədən
gərək kontrakt bağlayasan, ondan sonra qazma işləri
aparasan. Bu, neft deyil ki, istənilən yerə satmaq olar. Bu,
bazara bağlı olan məhsuldur. Ona görə biz görəndə
ki, bu məsələ yerində sayır, o vaxt təşəbbüs
irəli sürdük və Türkiyə tərəfinə
bunu təqdim etdik. Təklif etdik ki, bu layihənin adı TANAP
olsun – Trans-Anadolu kəməri. Türkiyə tərəfindən
müsbət reaksiya verildi. Beləliklə, 2012-ci ildə mən
və hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan
İstanbulda bu tarixi anlaşmanı imzaladıq. Ondan təqribən
bir il sonra "Şahdəniz” konsorsiumu "Şahdəniz-2”
layihəsinin işlənilməsinə sanksiya verdi. Yəni,
bu, bir-biri ilə sıx bağlı olan məsələlər
idi. Əgər TANAP imzalanmasaydı, "Şahdəniz-2” də
havada qalacaqdı və bu gün biz bu layihəni icra edə
bilməzdik. Məhz buna görə TANAP-ın çox
böyük əhəmiyyəti var. Çünki bu, imkan
verdi ki, "Şahdəniz” qaz-kondensat yatağı
tammiqyaslı işlənilsin və beləliklə, orada bir
trilyon kubmetrdən çox olan təbii qaz hasil edilsin, nəql
edilsin. İkinci məsələ, bu, nə üçün
bizə lazımdır? Əgər TANAP imzalanmasaydı, bu
gün artıq hasilata hazırlaşan "Abşeron”
yatağı da qalacaqdı. Heç kim oraya vəsait
qoymayacaqdı. "Abşeron” yatağından da biz ən
azı 300 milyard kubmetr qaz hasilatı gözləyirik. Xarici
investor da oraya əsas vəsaiti qoyur. Əgər qaz kəməri
olmasaydı, kim buna vəsait qoyardı? Bizim digər yataqlardan
təbii qaz çıxır, o cümlədən səmt
qazı. İndi səmt qazını da biz qəbul edirik. Eyni
zamanda, "Azəri-Çıraq-Günəşli”
yatağında "dərin qaz” adlandırılan
böyük qaz ehtiyatı var. Biz onun da istismarına
yaxınlaşırıq. Ona görə TANAP burada xüsusi
rol oynayıb. Bu, sadəcə olaraq, bir kəmər deyil ki,
Türkiyə ərazisindən keçir. Bu, həm Türkiyəni
təmin edəcək və artıq edir, Gürcüstanı,
Avropanı da. Eyni zamanda, imkan verəcək ki, biz bütün
qaz ehtiyatlarımızı işə salaq, xarici
investorları cəlb edək, yenə də milyardlarla dollar vəsait
qoyulacaq. Beləliklə, Azərbaycan gələcəkdə
qazın ixracından vəsait qazanacaq. Çünki bizim neft
yataqlarımız artıq bəllidir. Düzdür, indi xarici
şirkətlərlə yeni layihələr işlənilir. Əminəm
ki, onlar da imzalanacaq. Artıq imzalanmış layihələrdən
də yaxşı nəticələr gözləyirik. Ancaq
uzunmüddətli perspektivdə bizim əsas gəlir mənbəyimiz
təbii qaz olacaqdır. Ona görə TANAP-ın çox
böyük əhəmiyyəti var.
Eyni zamanda, TANAP Avropa qaz kəmərinin
- "Trans-Adriatik”, yəni, TAP adlandırılan kəmərin
inşasına da imkan yaratdı. Bu layihənin icra səviyyəsi
artıq 90 faizi ötübdür.
Onu da bildirməliyəm ki,
bütün bu layihələrin təşəbbüskarı
Azərbaycan olubdur. Cənub Qaz Dəhlizinin təşəbbüskarı
və əsas təşkilatçısı Azərbaycan
olubdur. Cənub Qaz Dəhlizi dörd layihədən ibarətdir:
"Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri, TANAP və
TAP. Onların hər birində Azərbaycan iştirak edir.
TANAP-da 58 faiz payla biz layihənin əsas səhmdarıyıq.
TAP-da bizim 20 faiz payımız var və digər layihələrdə
də. Ona görə bunun çox böyük tarixi əhəmiyyəti
vardır. Əminəm ki, Cənub Qaz Dəhlizi, hansı ki,
biz keçən il rəsmi açılışını
etdik, gələn il tam işə düşəcək.
- Cənab
Prezident, enerji layihələri ilə bağlı fikirlərinizi
eşitdik. Mənim növbəti sualım isə nəqliyyat
sektoru ilə bağlı olacaq. Məlum məsələdir
ki, Azərbaycan bu sahədə də çox böyük
nailiyyətlər, uğurlar əldə edib. 2019-cu ildə bu
istiqamətdə regional əməkdaşlıqla bağlı
görülən işləri necə qiymətləndirirsiniz?
- Mən müsbət qiymətləndirirəm.
Hesab edirəm ki, 2019-cu ildə biz artıq mövcud olan nəqliyyat
infrastrukturundan çox səmərəli şəkildə
istifadə etdik. Əvvəlki dövrlərdə
yaradılmış nəqliyyat infrastrukturu imkan verdi ki, biz əməkdaşlığın
miqyasını genişləndirək.
Nəqliyyat məsələlərinə
gəldikdə, mən həmişə bu məsələləri
iki yerə bölürdüm. Birinci, daxili nəqliyyat layihələri,
ikinci isə beynəlxalq əməkdaşlıq tələb
edən layihələr. Düzdür, bu layihələr
bir-biri ilə sıx bağlıdır. Ancaq biz bütün
addımlarımızı planlı şəkildə
atmalı idik. Belə olan halda uğur da qazanılacaqdı,
belə də oldu. Ona görə daxili nəqliyyat layihələrinin
icrası bizə imkan verdi ki, biz ölkə daxilində
çox müasir nəqliyyat infrastrukturu yaradaq və buna nail
olduq. Misal üçün, baxmayaraq ki, ölkə ərazisi
o qədər də böyük deyil, bizim yeddi beynəlxalq
hava limanımız var və bunların hər biri işlək
vəziyyətdədir. Onlardan altısı beynəlxalq
uçuşlar da təşkil edir. Digər tərəfdən,
bizim dəniz nəqliyyatımız sürətlə
inkişaf etdi. Biz Xəzərdə ən böyük donanmaya
malikik. Biz hazırda 2003-cü ildə istifadəyə
verilmiş gəmiqayırma zavodunda bütün növ gəmiləri
istehsal edə bilirik. Bu yaxınlarda tarixdə ilk dəfə
olaraq Azərbaycanda bərə gəmisi istifadəyə
verildi. Onun adı "Azərbaycan”dır. "Laçın”
adlı neft tankerinin də inşası tamamlandı və
istifadəyə verildi. Növbəti illərdə
Bakının gəmiqayırma zavodunda başqa gəmilər
də inşa ediləcəkdir.
Hava nəqliyyatına gəldikdə,
Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında
göstərilir ki, hava nəqliyyatının səmərəliliyinə
görə, Azərbaycan dünyada 12-ci yerdədir. Yük
daşımaq üçün imkanlar var. Azərbaycan indi
tranzit hab kimi öz hava məkanından istifadə edir.
Eyni zamanda, ölkə daxilində dəmir
yolu infrastrukturu yenilənib. Əlbəttə ki,
Bakı-Tbilisi-Qars dəmir yolunun iki il əvvəl istismara
verilməsi böyük dəyişikliklərə gətirib
çıxardı. Dəmir yollarının səmərəliliyinə
görə, - yenə də Davos Forumuna qayıdıram, - Azərbaycan
11-ci yerdədir. Yəni, bu, çox yüksək göstəricidir.
Eyni zamanda, son 16 ildə 16 min kilometr avtomobil yolu inşa edilib
- həm magistral, həm şəhərlərarası, kənd
yolları. Bu göstəriciyə görə, yolların
keyfiyyətinə görə, biz dünyada 27-ci yerdəyik.
Bütövlükdə, nəqliyyat infrastrukturunun səviyyəsinə
görə, Azərbaycan dünyada 34-cü yerdədir və
bu, çox yüksək göstəricidir. Ona görə, nəqliyyatın
bütün seqmentləri Azərbaycanda tam müasir standartlara
cavab verir. Eyni zamanda, keçən il istifadəyə
verilmiş Ələt Dəniz Ticarət Limanı da çox
böyük infrastruktur obyektidir. Bu limanın
yükaşırma qabiliyyəti hazırda 15 milyon tondur və
bunun həcmi 25 milyon tona qədər rahatlıqla
artırıla bilər. Beləliklə, bu strateji infrastruktur
layihəsi bizə imkan verir ki, Azərbaycan üzərindən
yük daşımalarının həcmi artsın.
Bütün bu layihələrin
arasında Bakı-Tbilisi-Qars dəmir yolunu mən xüsusilə
vurğulamaq istəyirəm. Çünki bu, bir neçə
səbəbə görə doğrudan da strateji obyektdir,
strateji infrastrukturdur. Birincisi, bizim Türkiyə ilə dəmir
yolu bağlantımız olmayıb. Beləliklə, bizim
ixracımız, yaxud da ki, Azərbaycan üzərindən təşkil
edilən ixracın son nöqtəsi Qara dəniz limanları
idi. Orada da gərək yüklər yenə də
aşırılardı, daşınardı - yenə də
vaxt itkisi, yenə də vəsait itkisi. Limanların da
imkanları məhduddur və bir çox hallarda hava şəraitindən
asılıdır. İlk növbədə, Novorossiysk
limanı. Orada bəlkə də il ərzində günlərin
təqribən 20 faizində hava şəraiti imkan vermir ki,
yüklər daşınsın. Ona görə bu, birinci məsələ
idi. İkinci məsələ ondan ibarət idi ki, biz çox
yaxşı başa düşürdük, əgər
Bakı-Tbilisi-Qars dəmir yolu tikilərsə, onda biz nəinki
Şərq istiqamətindən, hətta Cənub və
Şimal istiqamətindən də bu yola yükləri cəlb
edə bilərik və buna nail olduq. Ona görə bu, strateji
obyekt idi bizim üçün. Mən Prezident kimi fəaliyyətimə
başlayanda dərhal bu məsələ ilə məşğul
olmağa başladım və araşdırma apardım ki, biz
bunu necə icra edək. O vaxt bizim pulumuz yox idi. Beynəlxalq
maliyyə qurumları bu layihəyə maraq göstərmirdilər.
Biz bəzi ölkələrə müraciət etmişdik. O
müraciətə də cavab verilmədi. Ona görə biz
gördük ki, bunu özümüz etməliyik və əlbəttə,
qonşu ölkələrlə birlikdə. İlk növbədə,
Türkiyə tərəfi ilə danışıqlar
apardıq və razılığa gəldik. Ondan sonra
Gürcüstanla danışıqlar başlanıldı.
Bunun böyük hissəsi Gürcüstan üzərindən
keçən dəmir yoludur. Gürcüstanın da imkanı
yox idi. Ona görə biz bu məsələni öz üzərimizə
götürdük və Gürcüstanla kredit
anlaşması imzalandı. Bu kredit anlaşmasına görə,
təqribən 800 milyon dollara yaxın vəsait nəzərdə
tutulurdu, o şərtlə ki, inşaatı Azərbaycan
şirkətləri aparsınlar. Yəni, bu vəsaitdən
biz özümüz istifadə edəcəyik, eyni zamanda,
kredit də ondan sonra qaytarılacaqdır.
Bütün bu məsələləri
təşkil edəndən sonra gördük ki, biz indi bəzi
beynəlxalq təzyiqlə üzləşirik. Bu, bir qədər
gözlənilməz idi. Çünki biz yaxşı bilirdik
və xəritəyə baxanda hər kəs görür ki,
bu yol çox lazımdır. Ancaq bəzi Qərb ölkələri
buna etiraz etdilər. Baxmayaraq ki, biz indi onlardan kredit də almaq
fikrində deyildik. Ancaq Gürcüstana təzyiqlər
başlanıldı ki, Gürcüstan razılıq verməsin
bu layihəyə. Çünki bu layihə həyata
keçirilərsə, Ermənistan nəqliyyat dalanında
qalacaqdır. Dünyadakı ermənipərəst qüvvələr,
erməni lobbisi, diaspor və ermənipərəst siyasətçilər
bu layihənin əleyhinə açıq şəkildə
çıxdılar. Əgər Gürcüstan buna
razılıq verməsəydi, əlbəttə ki, bu layihə
həyata keçirilə bilməzdi. Biz Gürcüstan rəhbərliyini
inandıra bildik ki, bu layihə onlar üçün də
xeyirlidir. Həm minlərlə iş yerləri yaradılacaq,
Gürcüstana yaxşı şərtlərlə təqribən
800 milyon dollar dəyərində kredit veriləcək və
Gürcüstan üzərindən
yükdaşımalarının həcmi kəskin artacaq.
Razılığa gələndən sonra, eyni zamanda, mən bəzi
Qərb ölkələrinin rəhbərləri ilə
açıq söhbət etdim və dedim ki, siz bizə mane
olmayın. Kömək etmirsiniz, etməyin. Ancaq siz bizə
mane olmayın. Çünki biz də bəzi məsələlərdə
sizə mane ola bilərik. Hesab edirəm, bu sözlərdən
sonra artıq orada da yəqin edildi ki, daha yaxşı olar ki,
bu işə müdaxilə etməsinlər. Beləliklə,
Tbilisidə Bakı-Tbilisi-Qars layihəsinin sənədləri
imzalanmışdır. İnşaat 2 il bundan əvvəl
başa çatdı və bu gün biz nəinki gözlədiyimiz
yerlərdən, hətta yeni ünvanlardan da bu yol üzərində
yükləri qəbul edirik və ötürürük.
Bu, əlbəttə ki,
Çin-Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə
yoludur və eyni zamanda, artıq Türkmənistandan da yüklər
gəlir. Türkmənistana mənim səfərim zamanı
ancaq nəqliyyat sektoruna aid səkkiz sənəd
imzalanmışdır. Artıq Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa
dəmir yolu xətləri birləşib. Əfqanıstanda
Lapis-Lazuli layihəsi ilə biz Bakı-Tbilisi-Qarsı birləşdirə
bildik. Beləliklə, yeni yüklər əldə edildi.
Artıq Rusiyadan da Azərbaycan üzərindən Türkiyəyə
yüklərin daşınması başlamışdır. Əminəm
ki, bu yolla yüklərin həcmi daha da artacaq. Eyni zamanda, biz
İrandan da Avropa istiqamətinə Azərbaycan üzərindən
yükləri gözləyirik. Bildiyiniz kimi, Şimal-Cənub
nəqliyyat dəhlizində də Azərbaycan çox fəal
iştirak edir. Biz öz ərazimizdə bu dəhlizlə
bağlı bütün işləri başa vurmuşuq. Ona
görə bütün bu addımların nəticəsində
Azərbaycan - açıq dənizlərə
çıxışı olmayan bir ölkə beynəlxalq, yəni
Avrasiya nəqliyyat mərkəzlərinin birinə
çevrilibdir. Əminəm ki, növbəti illərdə
artıq icra edilmiş layihələrin və yeni layihələrin
icrası nəticəsində Azərbaycan üzərindən
yükdaşımalarının həcmi artacaq.
Bir məsələni də
vurğulamaq istəyirəm. Əlbəttə ki, bu, bizə
uzunmüddətli gəlirlər gətirəcək,
özü də böyük həcmdə. Ancaq, eyni zamanda,
bu, beynəlxalq əməkdaşlığı da möhkəmləndirir,
ölkələr bir-biri ilə daha sıx bağlanır,
qarşılıqlı asılılıq yaranır. Tranzit
ölkə olmaq üçün sən mütləq
qonşularla yaxşı münasibətlər qurmalısan.
Çünki sən qonşularsız tranzit ölkəyə
çevrilə bilməzsən. Bizim xarici siyasətlə
bağlı dediyim sözlər bunu bir daha təsdiqləyir. Əgər
qonşu ölkələrlə səmərəli
qarşılıqlı faydalı münasibətlər
qurulmasaydı, bu gün nə enerji, nə nəqliyyat layihələri
icra edə bilməzdi.
- Cənab
Prezident, icazənizlə bir qədər də dini-mənəvi
dəyərlərin təbliği istiqamətində Azərbaycanın
atdığı addımlara toxunaq. Çünki ölkəmiz
siyasi, iqtisadi, hətta hərbi olmaqla yanaşı, eyni zamanda,
dinlərarası dialoqun təşviqi baxımından
çox mühüm platforma yaradıb. Elə bu il qeyd
etdiyiniz kimi, Bakıda Dünya Dini Liderlərinin Zirvə
toplantısı keçirildi və Siz həmin toplantıda
çıxış etdiniz, mühüm məqamlara toxundunuz.
Ümumiyyətlə, Azərbaycandan, konkret Bakıdan
ünvanlanan həmin çağırışlar region və
dünya ölkələri üçün nə verir? Bunun ən
mühüm faydası nədir? İstərdik bu barədə
Sizin fikirlərinizi eşidək.
- Tamamilə haqlısınız, Azərbaycan
bu istiqamətdə ardıcıl siyasət aparır və bu
siyasətin çox sadə səbəbləri vardır.
İlk növbədə, bu siyasət və bu sahədə
aparılan işlər, apardığımız siyasət
daxili vəziyyətin sabitləşməsinə, sabit
saxlanmasına xidmət göstərir. Azərbaycan
çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda
bütün xalqların, dinlərin nümayəndələri
bir ailə kimi yaşayır. Bu unikal təcrübə
artıq bir çox ölkələr tərəfindən
öyrənilir. Bu, həqiqətən belədir. Bu, həm
dövlət siyasətidir, həm də cəmiyyətdən
gələn sifarişdir. Biz əsrlərboyu bu ab-havada
yaşamışıq və Azərbaycanda yaşayan
bütün dinlərin nümayəndələri heç vaxt
heç bir ayrı-seçkilik hiss etməmişlər,
heç vaxt tarixdə dini-milli zəmində Azərbaycanda
qarşıdurma, yaxud da hansısa bir anlaşılmazlıq
olmamışdır. Ona görə biz bu siyasəti apararkən
hesab etdik ki, əgər geniş beynəlxalq əməkdaşlıq
bu istiqamətdə qurularsa, bu, həm bizim üçün
daha yaxşı olacaq, həm də biz regionda mövcud olan vəziyyətə
də müsbət təsir göstərəcəyik.
Çünki biz adada yaşamırıq və bizim təhlükəsizliyimiz,
sabitliyimiz əlbəttə ki, daxili amillərə söykənir.
Ancaq hüdudlarımızdan kənarda yerləşən
ölkələrdəki vəziyyət də bizim
üçün çox əhəmiyyətlidir. Bu bir.
İkincisi biz hesab etdik ki, Azərbaycan
bu missiyanı öz üzərinə götürə bilər
- təkcə tarixi keçmişinə görə yox, eyni
zamanda, bugünkü siyasətinə görə.
Çünki bizim siyasətimiz əməkdaşlığa
hesablanıbdır. Mən tam əminəm ki, yalnız əməkdaşlıq
hesabına biz xarici məqsədlərə nail ola bilərik.
Bəzi ölkələr var, görəndə ki, qonşunun
vəziyyəti ağırdır, onu daha da
ağırlaşdırmaq istəyir, nəsə qoparmaq istəyir.
Bu, çox yanlış siyasətdir. Bəlkə də
qısamüddətli xeyir gətirə bilər, ancaq o ölkələrin
vətəndaşlarının yaddaşında bu, həmişə
qalacaqdır ki, fürsət düşdü, məndən bu
şeyi aldı, halbuki, almamalı idi. Bizim siyasətimiz ondan
ibarətdir ki, əgər qonşu ölkə, yaxud da
hansısa başqa ölkə dar gündədirsə və sənin
kömək etmək imkanın varsa, sən kömək etməlisən.
Bu, gələcəkdə sənə qayıdacaq, daha
böyük dividendlər əldə edəcəksən. Ona
görə bu amili nəzərə alaraq, biz bu təşəbbüslə
çıxış etdik. Eyni zamanda, gördük ki, - bunu
artıq 10 il bundan əvvəl görmüşük, -
artıq dünyada tendensiyalar mənfi istiqamətə gedir.
Hazırda bunu görməyən yoxdur. Hər kəs
görür ki, dünyada, o cümlədən Avropada
ayrı¬-seçkilik meyilləri güclənir. Ancaq biz bunun təzahürlərini
təxminən 10 il bundan əvvəl görməyə
başladıq və "Bakı Prosesi” adlandırılan
layihəni, siyasi təşəbbüsü irəli
sürdük. Bu haqda kifayət qədər
danışılıb. Çox da geniş şərhə
ehtiyac yoxdur. "Bakı Prosesi” bu gün BMT tərəfindən
çox önəmli, bəlkə də ən vacib platforma
kimi tanınır. Bu proses çərçivəsində əməkdaşlıq
daha yeni pilləyə qalxdı. Deyə bilmərəm ki, bu
proses bu sahədə hansısa bir dönüş yaratdı.
Ancaq, eyni zamanda, bax, Bakıda keçirilmiş Dünya Dini
Liderlərinin İkinci Zirvə Görüşü bir daha
göstərdi ki, bunun böyük faydası var. Eyni zamanda,
Bakıda ənənəvi olaraq Mədəniyyətlərarası
Dialoq Forumu, Bakı Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansı
Qlobal Forumu və "Bakı Prosesi” çərçivəsində
aparılan işlər dini və milli zəmində olan
ixtilafların azaldılmasına xidmət göstərir. Bu
gün Azərbaycanın rolu artıq birmənalı şəkildə
tanınır və təqdir edilir.
Deyə bilərəm ki, dünya
miqyasında Azərbaycan qədər bu məsələyə
diqqət yetirən və nəticə əldə edən
ikinci ölkə tapmaq çətindir. Bunu təkcə mən
demirəm, bunu Azərbaycanda milli-mənəvi dəyərlər,
dinlərarası dialoq sahələrində əldə
edilmiş uğurları tanınmış və
aparıcı siyasi və dini liderlər qeyd edir. Misal
üçün, İslam Əməkdaşlıq Təşkilatının
rəhbərliyi dəfələrlə Azərbaycanda müsəlman
dininə olan hörmətə və müsəlman dininin dünyada
sülh, mərhəmət dini kimi təqdim edilməsində
gördüyümüz işlərə çox böyük
qiymət vermişdir. Aparıcı müsəlman ölkələrinin
rəhbərləri bunu açıq şəkildə ifadə
etmişlər. Biz birinci ölkə və yeganə müsəlman
ölkəsi olmuşuq ki, müsəlman tarixinə, mədəniyyətinə
aid sərgini Vatikanda keçirdik. Biz müsəlman dəyərlərinin
Avropada təbliğ edilməsində çox böyük rol
oynayırıq. Təsadüfi deyil ki, müsəlman ölkələrinin
rəhbərləri bu sahədəki fəaliyyətimizə
yüksək qiymət verirlər.
Eyni zamanda, bu Zirvə
Görüşündə iştirak etmiş Moskva və
bütün Rusiyanın patriarxı Kirill öz
çıxışında və rəsmi bəyanatlarda Azərbaycanda
bu sahədə görülən işlərə yüksək
qiymət vermişdir. Bakıda bir neçə il bundan əvvəl
rəsmi səfərdə olmuş Roma Papası Fransisk də
bu sahədə Azərbaycanda görülən işlərə
yüksək qiymət vermişdir. Bunu deyən dini liderlərdir.
Bunu deyən adamların arxasında milyardlarla insan var.
Bütün bu liderlər bizim bu sahədəki fəaliyyətimizi
qiymətləndirirlər. İkinci belə bir ölkə
tapmaq mümkün deyil ki, bütün bu ənənəvi
dinlərin rəhbərləri Azərbaycanda görülən
işlərə eyni fikirlə yüksək qiymət versinlər.
Əlbəttə ki, böyük nailiyyətimizdir.
Hesab edirəm ki, bizim
yaratdığımız platforma bu gün yüksək səviyyədə
qiymətləndirilir və buna ehtiyac var. Bütün bu
forumlardan sonra mənim ikitərəfli görüşlər əsnasında
yəqin etdiyim odur ki, bütün iştirakçılar
çox böyük minnətdarlıqla bizə müraciət
edərək deyirlər ki, nə yaxşı ki, siz bu işi
öz üzərinizə götürmüsünüz. Ona
görə, yenə də deyirəm, bu, ilk növbədə,
bizim özümüzə lazımdır, regionumuza
lazımdır, dünyaya lazımdır.
- Cənab
Prezident, islahatlar məsələsinə toxunmaq istərdim. Azərbaycanda
bütün sahələri əhatə edən islahatlar
arasında kadr və struktur islahatları xüsusi
mühüm bir yer tutur. Son zamanlar bu sahə Sizin diqqət mərkəzinizdə
olan əsas məsələlərdən biridir. Ölkəmizin
ümumi inkişafında kadr və struktur islahatlarının
rolu barədə Siz nə düşünürsünüz?
- Əlbəttə, bu il bu sahədə
görülmüş işlərlə yaddaqalan olub. Kadr və
struktur islahatları, əslində, bir-birini tamamlayan islahatlardır.
Bu, ümumi islahatlar siyasətinin təzahürüdür.
İslahatlar müxtəlif dövrlərdə, müxtəlif
templə və səmərə ilə həyata
keçirilib. Keçənilki prezident seçkilərindən
sonra mənim andiçmə mərasimimdəki
çıxışımda islahatların yeni mərhələsi
elan edildi və biz bu islahatları ardıcıl şəkildə
reallaşdırmağa başladıq, o cümlədən
kadr islahatları ilə bağlı olan məsələlər
öz həllini tapdı. Yeni hökumətdə müasir
dünyagörüşünə malik olan gənc, eyni zamanda,
təcrübəli kadrlar təmsil olundular və biz onların
rəhbərlik etdikləri sahələrdə islahatların
artıq yaxşı nəticələrini görməyə
başladıq. Builki sosial-iqtisadi göstəricilərin
artımı onu göstərir ki, Prezident tərəfindən
verilən tapşırıqlar yerinə yetirilir.
Ona görə bu il də bu islahatlar
davam etdirildi. Struktur islahatlarına gəldikdə, əlbəttə
ki, Prezident Administrasiyasında çox ciddi struktur və kadr
islahatları aparıldı, Nazirlər Kabineti yenidən
formalaşdı. Həm vəzifələrə yeni simalar gətirildi,
eyni zamanda, struktur dəyişikliyi edildi. Yerli icra
orqanlarında kadr dəyişikliyi aparılır və
aparılacaq. Bu proses davam etdiriləcək. Bu, labüddür,
çünki dayanıqlı inkişafı təmin etmək
üçün həm struktur çevik olmalıdır və
ağır olmamalıdır, eyni zamanda, kadrlar müasir
çağırışlara cavab verməlidirlər. XXI əsrdə
köhnə baqajla nailiyyət əldə etmək
mümkün deyil. İslahatların əsas məqsədi
ondan ibarətdir ki, ölkəmizdə mövcud olan ab-hava daha
da sağlamlaşdırılsın, xoşagəlməz
hallara yol verilməsin. Yeni kadrlar yeni yanaşma gətirirlər,
yeni düşüncə tərzi gətirirlər və mən
onların fəaliyyətini yüksək qiymətləndirirəm.
Eyni zamanda, təqaüdə çıxmış, amma vaxtilə
xidməti olmuş kadrları da biz böyük hörmətlə
təqaüdə göndəririk. Bu da həm bizim milli ənənələrimizə
uyğundur, eyni zamanda, mən hesab edirəm ki, hər bir insana
onun gördüyü işlərə görə də qiymət
verilməlidir, o cümlədən rəhbərlik tərəfindən.
Ona görə hesab edirəm ki, ölkəmizdə bu proses
çox hamar gedir.
Bütövlükdə deyə bilərəm
ki, bizim siyasətimiz konseptual xarakter daşıyır və
ardıcıllıqla icra edilir. Əgər son 16 ilin tarixinə
geniş nəzər salsanız, görərsiniz ki, heç
bir addım təsadüfi olmayıb. Hər bir addımın
arxasında çox böyük təhlil və böyük məqsədlər
dayanır. Beləliklə, kadr islahatları zamanında
aparılır. Bəlkə beş il bundan əvvəl bu
cür kadr islahatları aparmaq düzgün olmazdı, amma iki
il bundan sonra da artıq gec olardı. Ona görə hesab edirəm
ki, kadr islahatları, struktur islahatları zamanında
aparılır. Ümumiyyətlə, işə yanaşma tərzi
dəyişir. Azərbaycan yeniləşir, Azərbaycanın
yeni siması ortalığa çıxır, iqtidarın yeni
siması ortalığa çıxır - müasir dövrə
uyğun, cəmiyyətimizin gözləntilərinə
uyğun və bizim inkişaf strategiyamıza uyğun. Hər
şey buna bağlıdır. İlk növbədə, bizim
milli maraqlarımız, dövlətçiliyimiz, vətəndaşların
rahat yaşaması, sosial rifah və kadrlar bu məqsədlərə
qulluq etməlidirlər. O kadrlar ki, bu məsuliyyəti dərk
etmir, onlar əlbəttə, ən yaxşı halda vəzifədən
uzaqlaşdırılır. Yaxud da, onlara qarşı daha ciddi
tədbirlər görülür və görüləcək.
- Cənab
Prezident, islahatlar məsələsinin davamı olaraq son
günlərin ən çox müzakirə olunan məsələsi
ilə bağlı sual ünvanlamaq istəyirəm Sizə?
Bir neçə gün əvvəl bir sıra yüksəkvəzifəli
məmur həbs edildi. Siz öz
çıxışlarınızda daim məmurların təmiz,
vicdanlı işləməsinin vacibliyini bildirirsiniz. Məmurlar
tərəfindən törədilən hər hansı qanun
pozuntularına qarşı ciddi mübarizə
aparılacağını qeyd edirsiniz. Sizin bu istiqamətdə
atdığınız qətiyyətli addımlar əhali tərəfindən
böyük rəğbətlə qarşılanır. Bu
addımları ölkədə aparılan genişmiqyaslı
islahatların tərkib hissəsi hesab etmək olarmı?
-Təbiidir ki, bu, genişmiqyaslı
islahatların tərkib hissəsidir. Son müddət ərzində
mənim bəzi daxili görüşlərim ictimailəşdirildi
və hesab edirəm ki, buna ehtiyac var. Onu da bildirməliyəm
ki, mənim iş qrafikim çox gərgindir. Demək olar ki,
iş qrafikimdə fasilə yoxdur. Hətta bazar günündə
ki, mən işə çıxmıram, yenə də mən
daim əlaqədəyəm. Bəlkə də Azərbaycanda
yeganə adamam ki, mənim istirahət günlərim yoxdur.
Çünki hər gün mənim üçün iş
günüdür. Çünki hər gün məsələləri
həll etmək lazımdır. Bir çox məsələlər
çıxır ki, onlar operativlik tələb edir. Ona görə
ictimaiyyətə təqdim olunan bəzi daxili
görüşlər mənim iş qrafikimdə bəlkə
də 5-10 faiz təşkil edir. Ancaq buna ehtiyac var. Həm də
bu, ictimaiyyətə verilən bir növ hesabatdır, siyasətimizin
əsas istiqamətlərinin dəqiqləşdirilməsidir.
Eyni zamanda, kadrlar qarşısında qoyulan vəzifələrdir
ki, ictimaiyyət də bunu bilsin. Misal üçün
hansısa rayona icra başçısı təyin olunanda ona
dediyim sözlər, verdiyim tövsiyələr təbii ki,
rayon ictimaiyyəti tərəfindən də qəbul edilir.
Onlar artıq o adamdan bu meyarlara uyğun olmasını tələb
edirlər və tələb etməlidirlər. Mən dəfələrlə
demişəm ki, ictimai nəzarət daha güclü
olmalıdır. Bunu, sadəcə, söz naminə demirəm.
Bəlkə də bir çox hallarda bunu təkrarlayıram. Nəyə
görə? Çünki bu yoxdur bizdə. Bilirsiniz, ya yoxdur,
ya da ki, ibtidai vəziyyətdədir. Belə olmaz, ictimai nəzarət
olmalıdır. Əgər ictimai nəzarət olmasa, biz məlumatı
haradan əldə edəcəyik? Mən, misal
üçün bildirmişəm və bir daha demək istəyirəm
ki, bəzi hallarda mən mətbuatdan bir çox şeyləri
öyrənirəm. Çünki bəzi məsələlər
mənə məruzə edilmir. Çünki sərf etmir o
adamlara məruzə etmək. Ona görə ya mən bölgələrə
gedəndə çalışıram vətəndaşlardan
vəziyyətlə bağlı öyrənim, onları
narahat edən problemlər haqqında eşidim. Ya özüm
gedirəm təftiş edirəm orada işləri, ya da ki,
ictimaiyyətdən verilməlidir bu məlumat. Dövlət məmurları
hər bir ölkədə ancaq yaxşı raport verməyi
öyrəşiblər. Onlardan soruşsan deyərlər ki, hər
şey əladır, hər şey mükəmməldir,
heç bir problem yoxdur. Mən bir çox rayonlara gedəndə
icra başçısı ilə söhbət edəndə
deyirəm hansı problem var - hər şey əla. Axı belə
ola bilməz. Ya özü bilmir, ya da ki, bunları
ört-basdır etmək istəyir, ya da bilmirəm hansı məqsədi
güdür. Ona görə mənim kameralar
qarşısında yeni təyin edilmiş icra
başçılarına dediyim sözlər onlara verilən ən
ciddi tapşırıqdır və onlar bu
tapşırığı yerinə yetirməlidirlər. O
cümlədən vətəndaşlara münasibətdə
yekəxanalığa yer olmamalıdır, özlərini təkəbbürlü
aparmamalıdırlar, vətəndaşlara yuxarıdan
aşağıya baxmamalıdırlar, vətəndaşlara
xidmət etməlidirlər, vətəndaşları incitməməlidirlər,
hansısa abadlıq işlərinə sahibkarlardan qanunsuz pul tələb
etməməlidirlər. İndi abadlıq adı ilə bilirəm
ki, sahibkarlardan vəsait yığırlar. Bu, qətiyyən
qəbuledilməzdir. Belə abadlıq bizə lazım deyil.
Rüşvət almamalıdırlar, əksinə,
çalışmalıdırlar ki, investorları cəlb
etsinlər. Yoxsa bəzi hallarda kimsə gəlib nəsə
iş görmək istəyir, ona şərait yaratmaq əvəzinə,
ondan pul tələb edirlər. İndi son vaxtların tədbirləri
bunu göstərdi. Mən xəbərdarlıq etmişdim. Bəzilərinə
dedim ki, hər kəs eşitsin, əyri yolla getsəniz
inzibati cəza ən yüngül cəza olacaq. İnzibati cəza
ilə iş məhdudlaşmayacaq. Amma bəziləri bəlkə
hesab edirdilər ki, onlara aid deyil. Ona görə belə
yolverilməz addımlar atdılar. Bu, əslində, dövlətə,
dövlət siyasətinə edilən xəyanətdir. Eyni
zamanda, belə dəhşətli faktlar aşkarlanır ki,
adam vallah heç bilmir nə fikirləşsin. İndi mənim
təşəbbüsümlə xüsusilə manatın məzənnəsi
aşağı düşəndən sonra bizdə
işsizlik meyilləri artdı. Bunu mən hiss edirdim,
görürdüm. Bəzi adamlar işsiz qaldılar. Nə
üçün? Çünki vaxtilə dövlət xətti
ilə icra edilən layihələrə onlar cəlb olunurdu.
İnvestisiyalar kəskin aşağı düşdü. Biz
investisiyaları ixtisar etdik. O layihələr də artıq
icra edilmədi, insanlar qaldı küçələrdə.
Biz nə etdik? Düzdür, bu, bazar iqtisadiyyatına uyğun
deyil. Ancaq bu, düzgün addım idi. Mənim təşəbbüsümlə
biz hər rayonda ictimai ödənişli iş yerləri
yaratdıq, vətəndaşlara, heç olmasa, minimum əməkhaqqı
səviyyəsində məvacib verilsin deyə. Beləliklə,
ölkə ərazisində 40 minə yaxın belə ictimai
iş yeri var. O mənada ictimai ki, ictimai işlərlə məşğul
olur, haradasa təmizlik işləri, bərpa işlərilə.
Bəziləri bağban kimi işləyir. Ödənişli,
çünki buna görə maaş alır. Bax, bu
maaşı da onlar qıymadılar o kasıb adamlara. O
kartları götürüb oradan pul çəkib öz ciblərini
doldurdular. Buna nə ad vermək olar? Bu,
vicdansızlıqdır. İndi yaxşı, xalqdan
qorxmursansa, Allahdan qorx. Belə şey etmək olarmı? Ona
görə, bax, bu, onu göstərir ki, bu, məmurun mənəvi
deqradasiyasıdır, bu, insanın mənəvi
deqradasiyasıdır. Belə məmurlar bizə ləkədir,
ölkəmizə ləkədir, iqtidara ləkədir.
Hamı bilsin, eşitsin ki, belə hallara qarşı
mübarizə daha ciddi aparılacaq. Hamı ibrət
götürsün, dərs götürsün, hər kəs
üçün dərs olsun. Dövlət məmuru olmaq istəyirsənsə,
vicdanla xidmət et dövlətə. Yox sən dövlət vəzifəsinə
gəlir mənbəyi kimi baxırsansa, heç getmə o vəzifəyə.
Çünki bədbəxt olarsan. Bunu anlamayanlar, hesab edirəm,
anlamalıdırlar ki, yeni dövrdə, yeni
çağırışlar qarşısında olan ölkədə
başqa cür ola da bilməz. Biz ölkəmizdəki vəziyyəti
daha da sağlamlaşdırmalıyıq və xoşagəlməz
hallara qarşı mübarizə bundan sonra da aparılacaq.
Eyni zamanda, həm mətbuatdan, həm ictimaiyyətdən mən
həm dəstək görürəm, həm də ki, onlar mənə
bu işdə kömək edirlər.
- Cənab
Prezident, mənim sualım müxalifətlə
bağlıdır. Hazırda Azərbaycanda müxalifət
çox dərin böhran içindədir. Demək olar ki,
onların cəmiyyətdə heç bir dayağı yoxdur.
Bütün bunların səbəblərini Siz necə səciyyələndirərdiniz?
- Bilirsiniz, bunun bir neçə səbəbi
var. Hesab edirəm, birinci səbəb odur ki, bu gün
müxalifətçiliyi inhisara götürmüş adamlar
vaxtilə hakimiyyətdə olublar. Onların bəd əməlləri
xalqımızın yaddaşından silinməyib. Biz
hamımız AXC-Müsavat cütlüyünün hakimiyyətini
yaxşı xatırlayırıq, o, bizim üçün bir
biabırçılıq dövrü idi. Hesab edirəm ki,
milli rəzalət dövrü idi. Çünki hakimiyyətə
gəlmiş savadsız, səriştəsiz adamlar öz məsuliyyətini
dərk etmədilər. Onlar, dediyim kimi, deqradasiyaya
uğramış məmurlar kimi hakimiyyəti ancaq gəlir mənbəyi
olaraq görürdülər. Onların əsas məqsədi
varlanmaq, talamaq, oğurlamaq, satmaq idi, bir-biri ilə elə bil
ki, yarışa girmişdilər - kim daha çox
oğurlayacaq, kim daha çox ziyan vuracaq ölkəyə.
Ölkə problemləri qaldı kənarda, Qarabağ problemi
qaldı kənarda, sosial problemlər, hansı ki, Azərbaycan
vətəndaşları böyük sosial problemlərlə
üzləşmişdilər. İnflyasiya 1000 faizdən
çox idi. Onların heç vecinə də deyildi.
Onların işi ancaq dövlət əmlakını mənimsəmək
idi, mən bunu dəfələrlə demişəm, bunun
sübutları da var. Ləl-Cavahirat Fondunu elə taladılar
ki, orada bir dənə də qiymətli əşya qalmadı.
Vətəndaşlar axırıncı zinət əşyalarını
gətirib verirdilər ki, bu, ümumi işimizə sərf
olunsun, onu da taladılar. Ona görə xalqın
yaddaşında bu qalıb. Eyni zamanda, vətəndaş
müharibəsi - bu, ən ağır müharibədir,
çünki qardaş qanı tökülür. Orada ermənilər
torpağımızı işğal edirdilər, bunlar isə
Gəncəni bombalayırdılar, öz xalqına
qarşı cinayətlər törədirdilər, sonra da fərari
kimi qaçıb gizləndilər. Həmin bu adamlardır ki,
bu gün müxalifətçiliyi də inhisara
götürüblər. Əslində, bunların nə mənəvi
haqqı çatır, nə təcrübəsi, nə biliyi.
Sadəcə olaraq, onların bu inhisarı saxlamaq
üçün bir amili var, o da xarici dəstək.
Çünki bunlar xaricdən idarə olunur. Bu, hesab edirəm
ki, ikinci səbəbdir - nə üçün bunların cəmiyyətdə
heç bir hörməti yoxdur?
Heç kəs üçün sirr
deyil ki, bunlar xaricdən maliyyələşir. İyirmi il ərzində
heç bir yerdə işləməyənin haradandır bu qədər
varidatı, haradandır bu qədər imkanları ki, yaxın
qohumları getsinlər ən inkişaf etmiş ölkələrdə
çox gözəl həyat sürsünlər? Ona bir hesabat
verirlər, yoxsa yox? Əlbəttə ki, yox. Amma biz bilirik, biz
çox şeyi bilirik. Bəlkə də hamısını hələ
ki, deməyə ehtiyac yoxdur. Ona görə bir tərəfdən
onların törətdikləri cinayətlər və ölkəmizin
demək olar ki, uçurum kənarına gətirilməsi,
ondan sonra da qorxaqcasına, fərari kimi qaçıb gizlənməsi,
ikinci tərəfdən, "beşinci kolon” kimi burada ölkəmizin
maraqlarına qarşı onların fəaliyyəti. Bu iki amil
hesab edirəm ki, onları bütün daxili dayaqlardan məhrum
edib. Bir də ki, onların həm siyasi, həm həyatdakı
davranışını, yəni, o biabırçı
kadrları Azərbaycan tamaşaçıları
görübdür. İsterikaya, panikaya qapılmış adam
necə özünü lider hesab edə bilər? Yaşlı
qadının qolundan yapışan, qorxusundan, məni
bağışlayın, gizlənmək üçün
deşik axtaran adam necə liderlik funksiyasını öz
üzərinə götürə bilər? Sonra da gəlsin
bütün ictimaiyyət qarşısında desin ki, vanna
otağında mənə qarşı zor tətbiq etdilər.
Birincisi, bu, yalandır. İkincisi, hansı özünə
hörmət edən adam belə bir ifadə işlədər,
bütün xalq qarşısında? Ona görə
bunların qətiyyən mənəvi haqqı yoxdur ki,
hansısa irad irəli sürsün. Yeganə dayaqları
xarici dairələrdir. O dairələr ki, onlar da istəyirlər
öz əlaltılarını hakimiyyətə gətirsinlər.
Necə ki, vaxtilə 1992-ci ildə prezidentin kabinetinin
qapısını bəzi səfirlər ayaqla
açırdılar, o dövrü yenə də yaşamaq
istəyirlər, ancaq alınmayacaq. Çünki heç vaxt
Azərbaycan xalqı və Azərbaycan dövləti imkan verməyəcək
ki, satqın, xain ünsürlər yenə də baş
qaldırsın, yenə də hansısa mövqe əldə
etsinlər. Azərbaycan xalqı buna imkan verməyəcək.
Ona görə bunların dırnaqarası aksiyalarına
heç kim gəlmir, heç kim qoşulmur. Bunların
dırnaqarası siyasi mübarizəsi virtual həyatdadır.
Orada da artıq bütün dayaqlarını itiriblər.
Bir-birinə saxta layk atmaqla bunlar hakimiyyətə gəlmək
istəyirlər və onların biabırçı hərəkətləri,
antimilli, xəyanətkar addımları cəmiyyətdə
ikrah hissi doğurur. Əgər müxalifət nəyisə əldə
etmək istəyirsə, ilk növbədə, o partiyalar
naftalin qoxusu gələn ünsürlərdən təmizlənməlidir,
sağlam, müasir müxalifət formalaşmalıdır. O
müxalifət ki, bizi tənqid edəcək, amma əsaslı
tənqid edəcək. O müxalifət ki, ümumxalq məsələlərini
hər şeydən üstün tutur. Mən ümid edirəm
ki, nə vaxtsa, biz bunu görəcəyik.
- Cənab
Prezident, məlumdur ki, ölkəmiz növbədənkənar
parlament seçkilərinə hazırlaşır. Bilmək
istərdik ki, bu mühüm ictimai-siyasi tədbirin həyata
keçirilməsi qərarı nə ilə
bağlıdır və gözləntilər nədən ibarətdir?
- Bilirsiniz, parlament seçkiləri
çox önəmli hadisədir və önəmli prosesdir.
Mən artıq qeyd etdiyim kimi, ölkəmiz yeni islahatlar
dövrünə qədəm qoydu, Prezident Administrasiyası,
Nazirlər Kabineti, bəzi mərkəzi icra orqanları, yerli
icra orqanları artıq struktur islahatlarını başa
çatdırıblar, yaxud da ki, bu islahatlar davam etdirilir. Belə
olan halda, parlament də kənarda qala bilməz və növbədənkənar
parlament seçkilərinin əsas məqsədi ondadır ki,
vaxt itirmədən yeni çağırışlara uyğun
qanunvericilik bazası formalaşsın və qanunvericilik sahəsində
atılan addımlar ümumi islahatlar kursunu dəstəkləsin.
Digər tərəfdən, onu da bildirməliyəm ki, bizdə
parlament dörd ay tətildə olur, iyun, iyul, avqust, sentyabr
aylarında işləmir. Belə olan halda biz, sadəcə
olaraq, seçkiləri 4-5 ay qabağa çəkdik. Bunun da məqsədi
odur ki, vaxt itirmək lazım deyil. Hesab edirəm ki, növbədənkənar
parlament seçkiləri cəmiyyət tərəfindən, o
cümlədən siyasi partiyalar tərəfindən müsbət
qiymətləndirilir. Hazırda bütün şərait
yaradılıb. Əminəm ki, Azərbaycanda parlament
seçkiləri şəffaf keçiriləcək. Azərbaycan
xalqı öz iradəsini göstərəcək və nəticələr
Azərbaycan xalqının iradəsini əks etdirəcək.
Azərbaycan xalqı layiqli nümayəndələri seçəcək.
O nümayəndələr ki, öz qanunvericilik fəaliyyətlərində
ümumi işimizə töhfə verəcək. O nümayəndələr
ki, onlar öz dairələrində fəal iş
aparsınlar.
Mən parlament üzvlərinin fəaliyyətinə
qiymət vermək istəmirəm, çünki bu, hakimiyyətin
başqa qoludur. Ancaq yeni seçiləcək deputatlara
tövsiyəm odur ki, onlar öz dairələrində daha fəal
olsunlar ki, vətəndaşlar onları tanısınlar,
onlara müraciət etsinlər. Onlar yerli və mərkəzi
orqanlar qarşısında məsələ
qaldırsınlar. Əgər belə olarsa, bax, dediyim o ictimai
nəzarətin bir forması da bu olacaq. Çünki bəzi
hallarda, mən bilirəm, deputat seçilir, ondan sonra öz
dairəsinə heç baş çəkmir, heç
maraqlanmır. Sonra da növbəti seçkilər
yaxınlaşanda başlayır ki, mənə dəstək
verin. Yəni, ona xalq dəstək verməlidir. Əlbəttə,
Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə
kimi öz namizədlərini müdafiə edəcək. Bu da
təbiidir. Bizdə sistem majoritar sistemdir, hesab edirəm ki,
çox ədalətli sistemdir. Bu sistem seçilmiş millət
vəkilini öz dairəsinə bağlayır. Mən bunu
öz təcrübəmdən deyirəm. Çünki mən
birinci dəfə 1995-ci ildə majoritar sistem əsasında
parlamentin üzvü seçilmişdim. O vaxt mənim dairəm
var idi və dairədə çox fəal idim. 2000-ci ildə
isə mən artıq Yeni Azərbaycan Partiyasının bir
nömrəli namizədi kimi qeydə alındım və
seçiləndən sonra elə bil ki, mənim dairəm yox
idi və bu, imkan vermirdi ki, mən hansısa bir dairəyə
xüsusi diqqət göstərim. Ona görə öz təcrübəmdən
deyirəm ki, majoritar sistem seçicilər üçün ən
uyğun sistemdir. O halda ki, seçilən deputat fəal olsun və
vətəndaşlarla sıx təmasda olsun. Azərbaycan
xalqı hər şeyi yaxşı bilir, atalar
sözüdür, xalqın gözü tərəzidir. Azərbaycan
xalqı layiqli nümayəndələri seçərək,
eyni zamanda, təmin edəcək ki, bu nümayəndələr
onların problemlərini dilə gətirəcəklər, təklif
verəcəklər. Belə olan halda əlbəttə ki, məsələlər
və problemlər daha məqbul formada öz həllini tapa bilər.
- Cənab
Prezident, müsahibəyə görə minnətdaram.
Bugünkü müsahibə və Sizinlə görüş
bizim həyatımızda ən önəmli hadisələrdən
birinə çevrildi. Buna görə bir daha Sizə təşəkkür
edirik. İcazə versəydiniz, hər birimizin adından Sizi
qarşıdan gələn doğum gününüz
münasibətilə təbrik edək. Sizə müstəqil
Azərbaycanımızın inkişafı yolunda
atdığınız hər bir addımda yeni-yeni uğurlar
və cansağlığı arzulayırıq.
- Çox sağ olun. Mən də sizə öz səmimi sözlərimi demək istəyirəm. Sizə uğurlar arzulayıram. Mən sizin fəaliyyətinizi izləyirəm, televiziyalarda görürəm. Siz ümumi işimizə çox böyük töhfə verirsiniz. Müasir, gənc insanlar kimi, hesab edirəm ki, bugünkü Azərbaycan mediasını təcəssüm etdirirsiniz və təcəssüm etdirməlisiniz. Fürsətdən istifadə edərək sizə və bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıram. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Bu münasibətlə və Yeni il münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Əminəm ki, ölkəmiz bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək və bizi bu yoldan heç bir qüvvə döndərə bilməz. Sağ olun.
Jurnalistlər:Təşəkkür edirik.
Azərbaycan.-
2019.- 24 dekabr.- S.2-5.