Adiləşən rekordlar
İlham Əliyevin prezidentlik dövrü ən yüksək
nəticələrlə əlamətdardır
İnsan arzulamağı sevir...
Çox zaman bu arzular ona əlçatmaz, qismətolmaz kimi görünür...
Boş vaxtlarında, tək qalanda şirin xəyallara dalır, həyata keçməsi mümkünsüz görünən istəkləri ilə bağlı müxtəlif planlar qurur, özünü səadət dolu günlərdə necə aparacağını göz qabağına gətirir...
Hərdən elə olur ki, Allah bizi ülvi, əlçatmaz istəklərimizə də qovuşdurur!
O zaman xoşbəxtlikdən göyün yeddinci qatına ucalır, yerə-göyə sığmırıq!
Sonra müəyyən zaman keçir...
Başqa xülyalara və istəklərə düşürük...
Bir zamanlar həsrətini çəkdiklərimizin necə adiləşdiyini hiss etmirik!
Sanki bu, belə də olmalı imiş!
Bəli, həyat və əlahəzrət zaman təkcə uzaqda və yüksəkdə görünən arzuları yox, ömrümüzün digər uğurlarını da adiləşdirə bilir!
Bəlkə yaşamağın gözəlliyi də elə bundadır!
***
Həyatda bir "rekord”
anlayışı da var!
"Ən yüksək” nəticə
anlamındadır.
Elə bir nəticə ki,
yalnız taleyin seçdiyi və sevdiyi insanlar ona nail olurlar.
Rekordların əsl yeri idman
və bir də "Ginnesin rekordlar kitabı”dır.
Sovet dövründə "əmək
rekordları” da dəbdə idi.
Geniş mənada baxanda bu
anlayışı bir çox sahələrə də tətbiq
etmək mümkündür:
* ilk dəfə əldə
olunan ən yüksək nəticə kimi;
* həyatımızın
ən böyük uğuru kimi;
* sosial-iqtisadi
nailiyyətlər kimi.
***
İdmanda rekord qırmaq,
yaxud Ginnesin kitabına düşmək üçün bəzən
yorulmadan məşq etmək, çalışmaq, peşəkarlığını
yüksəltmək kifayət edir.
İctimai-siyasi məsələlərdə,
iqtisadiyyatda və sosial həyatda isə belə deyil!
Təkcə gərgin və yorulmaz fəaliyyət
göstərmək azdır!
Rəhbərlik etməkdən
ötrü istedadın, idarəetmə təcrübən, zəngin
təfəkkürün, siyasətçi məharətin,
uzaqgörənliyin olmalı, tutduğun yolla və müəyyən
etdiyin istiqamətlə dayanmadan, möhkəm iradə ilə
irəliləməyi bacarmalısan!
Həm də xalqını və
dövlətini hamıdan çox sevməli, onun sabahı və
gələcəyi barədə daim düşünərək
qərara aldığın addımları
ölçülü-biçili şəkildə, vədəsində
reallaşdırmalısan!
Biz hamımız gözəl bilirik
ki, Azərbaycanı məhvolmadan, yenidən kiçik
xanlıqlara parçalanmadan, vətəndaş müharibəsindən,
xaos və anarxiyadan, ümummilli böhrandan Heydər Əliyev
zəkası xilas etdi!
Müstəqil Azərbaycanı
qısa müddətdə Cənubi Qafqazın ən modern və
qüdrətli dövlətinə, dünyada söz və
nüfuz sahibinə, dünyanın bugünü və gələcəyi
ilə bağlı mövcud problemlərin müzakirə
edildiyi məkana, beynəlxalq idman yarışlarının ən
yüksək səviyyədə təşkil olunduğu və
keçirildiyi ölkəyə, müasir, demokratik imic sahibinə
isə Prezident İlham Əliyev çevirdi!
Azərbaycan artıq həm də
rekordlar diyarıdır!
Ən müxtəlif sahələri,
xalqın güzəranı ilə bağlı ən
mühüm məqamları əks etdirən rekordlar!
Eyni zamanda, idman sahəsində də
qazanılan maraqlı rekordlar!
***
Ölkəmizin müstəqillik
yaşı cəmi 28-dir!
Amma bunun heç də
hamısı inkişafa və quruculuğa həsr edilməyib.
Köhnə iqtidarlar
dövründən qalan xoşagəlməz
"mirasların”, iqtisadi böhranın doğurduğu fəsadların,
sayı bir milyonu keçən qaçqın və məcburi
köçkünlərin problemlərinin aradan
qaldırılmasına xeyli zaman sərf edilib!
Yeni rekordlarla əlamətdar olan
inkişaf mərhələsinə
çıxmağımızdan isə vur-tut 16 il
keçir!
Söylədiklərimiz aydın olsun
deyə bəzi müqayisələr aparmaq istəyirik!
Həm də
çalışacağıq ki, mümkün qədər az rəqəmlər gətirərək
oxucularımızı yormayaq!
Hamının
gördüyünü, bildiyini, gündəlik həyatında
rastlaşdıqlarını bir daha xatırladaq!
***
Ötən əsrin 90-cı illərində
yaşayanlar həmin dövrdə hər gün üzləşdikləri
çətinlikləri, bəlkə də məhrumiyyətləri
hələ də unutmayıblar!
İndiki müstəqil Azərbaycan
28 il bundan qabaqkı Azərbaycan deyil!
Və kimsə inanmazdı ki, qısa
müddətdə bu qədər dəyişə!
Tez-tez elektrik enerjisi kəsilər, hətta
kəndlərə, rayon mərkəzlərinə sutkada 7-8
saat verilər, təbii qaz qəhətə çıxar,
yanacaqdoldurma məntəqələrində benzin almaq
üçün uzun növbələr yaranar, yaxud benzin
şlanqlarını aparatlara dolayaraq sürücülərə
"yanacaq yoxdur” mesajı çatdırılardı!
Bəli, bu gün Avropaya neft-qaz satan, qonşu ölkələrə elektrik
enerjisi ixrac edən Azərbaycan yaxın keçmişdə
zülmətdə boğular, insanlar qış aylarında mənzillərində
soyuqdan əziyyət çəkərdilər...
Sonra vəziyyət
büstbütün dəyişdi:
Müharibə vəziyyətində
olan kiçik ölkə qısa zaman kəsiyində
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi ixrac boru kəmərlərini,
Bakı-Tbilisi-Qars dəmir yolu xəttini çəkərək
işə saldı.
Gələn il isə
"Cənub qaz dəhlizi” bütövlükdə istismara
veriləcəkdir.
Maraqlı bir rəqəm: boru kəmərlərinin
birgə uzunluğu 6.240 kilometrdir!
Hansı dövlət dörd
transmilli layihə reallaşdıraraq az
müddətə bu uzunluqda kəmər çəkib!
Özünəməxsus
rekord deyilmi?!
Bu rekordu kiminsə təzələyəcəyinə
güman belə yoxdur!
Amma indi bizə adi kəmərlər
də adi layihələr kimi gəlir...
Hətta bəzən necə çəkildiyini,
indi də dayanmadan işlədiyini unuduruq!
Çünki adiləşiblər, həm
də yeni möhtəşəm işlər
görülüb, rekordlar yenilənib, müəyyənləşib!
***
Hər bir dövlət
başçısı istər ki, rəhbərlik etdiyi
ölkə dünyada tanınsın,
sayılıb-seçilsin, səsi və sözü
eşidilsin!
Hər bir dövlət
başçısı istər ki, iqtisadiyyatı güclənsin,
vətəndaşı yaxşı yaşasın!
Lakin arzu etmək bir şeydir, onu
reallığa çevirmək isə başqadır!
Bunun üçün müdrik və
uzaqgörən siyasət yürütməlisən, sahələr
arasında düzgün mütənasiblik qurmalısan,
büdcəyə ilbəil artan formada və kifayət qədər
vəsait daxil olmasını təmin etməlisən və ən
nəhayət, xalqını sevərək onun rifahını
yüksəltmək üçün daim yollar tapmaqla istəyini
təmin etməyi bacarmalısan!
Azərbaycan son dövrdə
düşünülmüş, davamlı və sürətli
inkişaf ilə rekordçu dövlətlər
sırasına qatılmışdır!
Bir neçə məqama diqqət
yetirək:
* Özünəməxsus inkişaf
modeli yaradan Azərbaycan bir müddət il ərzində
ÜDM istehsalını 3 dəfədən çox
artıraraq Cənubi Qafqazın ən güclü dövlətinə
çevrilmiş, bazar iqtisadiyyatı münasibətlərinə
keçidi başa çatdırmış, inkişaf
etmiş ölkələr sırasına qoşulmuşdur;
Lap sonuncu beynəlxalq qiymətləndirmə:
* Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik
Hesabatında (2019) Azərbaycan iqtisadiyyatı 11 pillə irəliləyərək
141 ölkə içərisində 62,7 balla 58-ci yerdə qərarlaşıb;
* Son hesabata əsasən Azərbaycan
141 ölkə arasında ən yüksək yüksəliş
balı (11 bal) əldə edib. Ölkəmiz
bu nəticə ilə Cənubi Qafqaz dövlətləri
arasında lider, MDB ölkələri arasında isə ilk
üçlükdədir;
* Fəzaya 3 peyk qaldıraraq kosmik ailələr
klubunun üzvü olmuşdur;
* İqtisadiyyatına 270 milyard dollar
vəsait yatırılmışdır;
* 15-dən çox elektrik
stansiyası tikilmişdir;
* 4 böyük su anbarı
yaradılaraq minlərlə kilometr uzunluğunda su kanalları
çəkilmişdir;
* Onlarla zavod və fabrik, sənaye məhəlləsi
və aqropark istismara buraxılmışdır;
* 44 Olimpiya İdman Kompleksi, 650-dən
çox tibb müəssisəsi, 3 mindən artıq məktəb
tikilmişdir;
* Qazlaşdırma 96 faizə
çatdırılmışdır;
* 16 min kilometrdən çox yol, 450-dən
çox körpü salınmışdır;
* 106 qaçqın və məcburi
köçkün şəhərciyi və yaşayış
kompleksi inşa olunmuşdur;
* Qaçqın və
köçkünlərə, şəhid ailələrinə,
əlillərə, müharibə veteranlarına, jurnalistlərə
dövlət hesabına tikilərək təmir olunan mənzillər
verilmişdir;
* Azərbaycan brendi sayılan 16
"ASAN xidmət” mərkəzi öz qapılarını
ölkə vətəndaşlarının üzünə
açmışdır;
* İşsizlik və yoxsulluq 50 faizdən
5 faizə endirilmişdir;
* Təkcə bir il ərzində iki
sosial paket gerçəkləşdirilərək minimum əməkhaqqı
iki dəfəyədək, minimum pensiya 72,4 faiz, sosial
müavinət və Prezidentin aylıq təqaüdləri 100
faiz, məcburi köçkünlərə verilən
müavinətlər 50 faiz artırılmış, problemli
kreditlər dövlət hesabına yoluna qoyulmuşdur!
Hamısını saymaq mümkün
deyil!
Bütün bunlar cəmi 16 ildə
baş vermişdir!
Hansı dövlətdə az bir vaxtda bu qədər işlər
görülmüşdür!
***
* Sovet dövrünün ən
böyük ağrılarından biri də mənzil
çatışmazlığı idi.
İnsanlar yataqxanalarda ailə qurub,
yataqxanalarda qocalırdılar!
Mənzil almaq üçün 5 il bir yerdə işləyərək növbəyə
durmalı, 15-20 il gözləməli idin!
Son 16 ildə Azərbaycan
başdan-başa yenidən tikilərək qurulub!
Dövlətimizin mövcud olduğu
yüz il ərzində heç zaman indiki
qədər quruculuq və abadlıq işləri
görülməmiş, insanlar özlərinə istədikləri
formada, gen-bol mənzillər tikərək həyat şəraitlərini
yaxşılaşdırmamışlar!
Hər kəs özünə
istədiyi qədər, istədiyi markada, ən müxtəlif
ölkə istehsalı olan avtomobil ala bilir.
Hər ailənin az
qala bir və ya bir neçə minik maşını, hər
şəxsin bir və ya bir neçə mobil telefonu var!
Bütün bunlar Azərbaycan vətəndaşlarının
həyat səviyyəsinin göstəriciləridir!
***
Daha bir rekordumuz ölkə vətəndaşlarının
istirahəti və ölkəmizə turist axını ilə
bağlıdır.
Sovet dövründə sərhədlər
üzümüzə bağlı idi!
Onları özgə dövlətlərin
əsgərləri qoruyurdu və ölkədən
çıxmaq üçün özgə dövlətin
Xarici İşlər Nazirliyindən icazə almalı idik.
Üstəlik, xaricə getmək
üçün yaşadığımız rayonun partiya
komitəsinin bürosu bizə "müsbət xasiyyətnamə”
verməli idi.
Çox az insanlar
xaricə - sosialist ölkələrinə istirahət yerlərinə
gedə bilərdilər (əsasən tanınmış əmək
adamları).
Kapitalist dövlətlərinə kimsə
buraxılmazdı!
Yalnız dövlət xətti
ilə və dövlət icazəsi ilə getmək
mümkün sayılırdı.
Bir vaxtlar bizə əlçatmaz
görünən qardaş Türkiyəni indi su yoluna döndərmişik!
İndi dünyanın ən məşhur,
ən bahalı, hətta ən uzaq elə bir kurortu yoxdur ki, azərbaycanlılar
ora getməsin, orada dincəlməsin!
Özü də ailəliklə!
Bakıdan əlavə, regionlarda
dörd beynəlxalq aeroportumuz var!
Bu gün-sabah yeni qatarlarla BTQ dəmir
yolu ilə də səyahətə çıxacağıq!
Necə deyərlər,
ayağımız dəyməyən yer qalmayıb!
Əgər bunun bir səbəbi
müstəqilliyin yaratdığı imkanlardısa, digər
səbəb vətəndaşlarımızın dövlətin
yaratdığı imkanlardan bəhrələnərək
yaxşı vəsait qazanmalarıdır!
Əslində, səyahət təkcə
istəklə yox, həm də pulla baş tutur!
***
Sovet dövründə
"turist” deyəndə SSRİ-nin digər müttəfiq
respublikalarından gələnləri başa düşərdik.
Kiçik qruplar Bakıya gələr,
əksər hallarda gəldikləri qatarın vaqonlarından
gecələmək üçün istifadə edər və
ya heç bir standartı olmayan mehmanxanalarda qısa müddətə
qalardılar.
Çox zaman şəhəri
özləri gəzib dolaşar, rusca
danışdıqlarından istədikləri yeri
tapardılar.
Baxdıqları yerlər isə bir
neçə muzeyimiz olardı...
Bu gün isə Bakı
dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilib!
Dünyanın hər yerindən
bura yüzlərlə millətin milyonlarla nümayəndəsi
axışır.
İldən-ilə sayları da
artır!
Dünya standartlarına cavab verən
3,4,5 ulduzlu hotellərimiz, bir-birindən səfalı
istirahət məkanlarımız var!
Dənizkənarı bulvar, qədim
İçəri şəhər, idman arenaları,
paytaxtın görməli yerləri gün ərzində fasiləsiz
olaraq dolub-boşalır.
Hələ regionları demirik:
Qobustan, Şahdağ, Quba, Qəbələ, Şəki və
daha haralar...
Təhlükəsiz ölkə,
gözəl iqlim və təbiət, mehriban və gülərüz
insanlar, dadlı mətbəx insanları müstəqil Azərbaycana
cəlb edir!
Bütün bunlar qısa müddətdə
yaradılıb!
Turist qəbulunda isə hər il təzələnən yeni
rekordlarımız müəyyənləşir!
***
İdman sahəsində də təkcə
idmana məxsus olmayan rekordlarımız çoxdur!
BİRİNCİSİ, ən
qısa müddətdə möhtəşəm Olimpiya
stadionu, Bədii gimnastika, Su idmanı arenaları,
Atıcılıq mərkəzi, Velotrek və digər
müasir idman qurğuları inşa olunub, köhnələri
isə əsaslı yenidənqurma ilə təzələnib!
İKİNCİSİ, artıq Azərbaycan
Olimpiya oyunlarında, Avropa və dünya
çempionatlarında, beynəlxalq yarış və turnirlərdə
daim iştirak edir, həm də komanda ilə!
HALBUKİ müstəqilliyin ilk illərində
xarici ölkələrdəki yarışlara idmançı
göndərməyə pul tapmırdılar...
ÜÇÜNCÜSÜ, Azərbaycan
özü ən möhtəşəm yarışların təşkilatçısı
- I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına,
"Formula - 1” və UEFA Avropa Liqasının finalına, XV
Avropa Gənclər Olimpiya Festivalına uğurla evsahibliyi edərək
"müasir idman dövləti” imicini qazanmışdır!
Və ƏN NƏHAYƏT, Azərbaycan
idmançılarının son illərdə beynəlxalq səviyyəli
yarışlarda qazandıqları medalların
sayı-hesabı yoxdur!
1996-cı ildə
keçirilən Atlanta Olimpiadasında 23 idmançı ilə
təmsil olunan Azərbaycan cəmi 1 gümüş medal (sərbəst
güləşçimiz Natiq Abdullayev) qazanmışdı.
Sonuncu, 2016-cı ilin Rio-de-Janeyro
Olimpiya oyunlarında isə rekord sayda - 18 medala (1 qızıl,
7 gümüş, 10 bürünc) sahib çıxdıq!
Son 6 Olimpiya oyunlarında 44 medal əldə
olunub!
Müstəqillik
dövründə dünya, Avropa birinciliklərində, beynəlxalq
yarışlarda o qədər medal qazanmışıq ki,
hesablayıb dəqiq yekun rəqəmini müəyyənləşdirə
bilmədik.
Medalların təxmini sayı isə belədir:
* Cəmi medallar 10 mindən
çoxdur;
* Qızıl medallar isə 3 mini
keçir.
Bütün bu nailiyyətlər həm
də ona görə qazanılıb ki, dövlətimizin idman
siyasətinə, Milli Olimpiya Komitəsinə Prezident İlham
Əliyev şəxsən rəhbərlik edir!
Azərbaycan dövlətinin
rekordları dünyanın diqqətindən kənarda deyil!
Bütün bunları beynəlxalq
qurum və təşkilatlar lazımınca dəyərləndirir
və müxtəlif formada qiymətləndirir.
Qiymətləndirmə
formalarından biri də uğur və nailiyyətlərimizin
müxtəlif reytinq siyahılarında əks
olunmasıdır.
MƏSƏLƏN:
* Bir neçə il
dalbadal "Qlobal Rəqabətlilik Hesabatı”na düşən
Azərbaycan dünyada sosial bərabərliyin ən yüksək
səviyyədə təmin olunduğu ölkə kimi göstərilmişdir!
* Dünya Bankı tərəfindən
hazırlanan "Doing Business 2017” hesabatında əvvəlcə
65-ci pillədə dayanan Azərbaycana 2020-ci il
üçün 20-ci yer ayrılmışdır. Bu həm də o deməkdir
ki, Azərbaycan dünyanın 10 ən islahatçı
ölkəsindən biridir!
ABŞ-ın "The Heritage Foundation”
analitik mərkəzinin bu il hazırladığı
"İqtisadi Azadlıq İndeksi 2019” adlı hesabatda Azərbaycan
7 pillə irəliləyərək mövqeyini xeyli
yaxşılaşdırıb. Yeni tərtib olunmuş indeksdə
Azərbaycan 65,4 bal toplamaqla 180 ölkə
arasında 60-cı yeri tutub. İndeksdə bildirilir ki, Azərbaycan
"əmlak hüququ”, "investisiya azadlığı”,
"dövlət xərcləri”, "məhkəmə
sisteminin effektivliyi” və "hökumət
bütövlüyü” kimi kateqoriyalar üzrə mövqelərini
xeyli yaxşılaşdırıb.
Bundan başqa, "Moody.s”,
"Standard & Poor.s”, "Fitc Ratings” reytinq agentliklərinin
hesabatlarında ölkəmizin iqtisadiyyatı, mövcud sosial
və siyasi sabitliyi ilə bağlı müsbət proqnozlar
verilmişdir.
Bütün bu rəy və
qiymətləndirmələr xoş və ürəkaçan
olmaqla yanaşı, həm də cənab İlham Əliyevin
gərgin və məqsədyönlü fəaliyyətinin
beynəlxalq miqyasda əks olunan nəticələridir.
***
Hələ müstəqillik yoluna
yeni qədəm qoymuşuq!
Hələ hədəflərimiz
çox, mənzilbaşı isə uzaqdadır!
Amma ilkin nəticələr qürur
və fərəh doğurur!
Həm də göstərir ki, yolumuz
ən doğru və aydın yoldur!
Yolumuz uğur və qələbələr
yoludur!
Bu yol İlham Əliyevin rəhbərliyi
ilə birlikdə getdiyimiz müstəqillik yoludur!
Sonralar adiləşən
rekordların dalbadal qazanıldığı yüksəliş
yoludur!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2019.- 24 dekabr.- S.1; 7.