Milli dəyərlərin böyük təəssübkeşi

 

Xalqların tarixən formalaşmış düşüncə sistemini, milli-mənəvi dəyərlərini müəyyən hallarda ciddi təhdidlərə, ideya avtoritarizminə məruz qoyan qloballaşma prosesi suveren dövlətlər arasındakı sədləri də dağıdır, bəzən cəmiyyətdaxili sosial münasibətləri fərqli dünyagörüşü çərçivəsinə salaraq məhdudlaşdırır. Mədəniyyət və ənənələrin öncüllüyünü nisbətən arxa plana keçirən bu proses eyni zamanda milli identiklikdən uzaqlaşmanı gücləndirir, coğrafiiqtisadi vəziyyətindən, siyasi sistemindən, habelə mentalitetindən asılı olmayaraq cəmiyyətləri zorən qərbləşdirməyə sövq edir.

XXI yüzillikdə dünyada əks proses olaraq milli özünəməxsusluğun, mental-əxlaqi xüsusiyyətlərin qorunub saxlanılması, kütləvi mədəniyyət stereotiplərindən qaçma meyillərinin güclənməsi də təsadüfi deyildir. Başqa sözlə, müasir dövrdə sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi, dini dəyərlərinin qorunması zərurətini də aktual məsələlərdən birinə çevirmişdir.

Lakin ilk baxışdan təbii və mütərəqqi görünən bu meyillər bəzi hallarda sivil bəşər cəmiyyətinin minilliklər boyu əxz etdiyi vacib fenomen dəyəri - tolerantlığı sarsıdır, onun etnik, irqi, dinisiyasi dözümsüzlüklə əvəzlənməsinə rəvac verir. Milli özünəməxsusluğu qorumaq instinkti, yaxud da bəhanə altında son nəticədə başqa mədəniyyətlərə, dinlərə, hətta millətlərə münasibətdə dözümsüzlük, ksenofobiya, islamofobiya kimi hallar artır. Bu neqativ tendensiya müasir dünyanın sivil inkişaf rəhninin məhz tolerantlıq və multikulturalizm kimi əsrlər boyu təşəkkül və tərəqqi yolu keçərək cilalanan, ümdə birgəyaşayış prinsiplərinə çevrilən ali dəyərlərlə bağlılığını daha da zəruriləşdirir. Tolerantlıq, mədəniyyətlər və dinlər arasında birlik bu gün fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas dəyərdir. Hər bir şəxsin fərqli ifadə tərzinə hörmətlə yanaşmaq, onun fikirlərinə dözümlü münasibət bəsləmək adıçəkilən məfhumların fəlsəfəsini təşkil edir. Harmoniyanın, birgəyaşayışın tam bərqərar olduğu cəmiyyətlərdə həm də insan azadlığının bütün meyarları təmin edilir, burada insanlar nəyinsə və ya kiminsə xatirinə öz fikir və ideyalarından geri çəkilmir, ətrafdakı şəxslərin mənəvi-dini-sosial müxtəlifliyinə dözümlü yanaşmaq mədəniyyəti nümayiş etdirir. Məhz dözümlü yanaşma sayəsində də cəmiyyətdə sivil birgəyaşayış normaları, habelə fikir və əqidə müxtəlifliyi, siyasi plüralizm təmin olunur, demokratik ideyaların praktik şəkildə gerçəkləşməsinə imkan yaranır.

Ayrı-ayrı sivilizasiyaların, mədəniyyətlərin qovşağında yerləşən, mədəniyyətlərarası əlaqələr prosesində özünəməxsus mövqeyi ilə seçilən Azərbaycanda multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün sahələrdə inkişaf tempinə görə ölkəmizi dünyanın lider dövlətinə çevirən, ən əsası dövlət maraqları, xalqın mənafeləri, həmçinin bəşəri dəyərləri əsas götürən praqmatik siyasi kursun hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda multikultural mühitin möhkəmlənməsinə, o cümlədən tolerantlıq ənənələrinin güclənməsinə də öz həlledici töhfələrini verməkdədir.

Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirmişdir. Dini, mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın qan yaddaşına qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar ölkəmizdə mövcud olan milli-mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilmişdir.

Son illər respublikamız Prezident İlham Əliyevin birbaşa öz təşəbbüsü və iştirakı ilə çoxlu sayda sivilizasiyalararası dialoqla əlaqədar beynəlxalq tədbirlərin keçirildiyi unikal məkana çevrilib. Azərbaycan bu sahədə onlarla beynəlxalq və regional konfrans, forumsimpoziumlar düzənləyib, beynəlxalq qurumların toplantılarına evsahibliyi edib. Məhz bu cür tədbirlər dinlərarası və sivilizasiyalararası dialoqun mədəniyyətlər arasında körpü rolunu oynaması və müasir dövrün problemlərinin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşmainsani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə töhfə vermək məqsədi daşıyan bu cür tədbirlər dövlət başçısının dövlət-din münasibətlərinin qorunması, dinlər, xalqlar və ölkələr arasında əməkdaşlığın inkişaf etməsinə verdiyi dəyərin, yürütdüyü siyasətin bariz nümunəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi bu tolerantlıq siyasəti regiondünyada belə tərəfdaşlığın möhkəm fundamentini yaratmaqla regionda sülh və təhlükəsizliyin möhkəmlənməsinə töhfələrini verir.

Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, belə mötəbər tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın qədim dinlərarası ənənələrindən irəli gəlir: "Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dinietnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dinimilli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır...”

Beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi heç də təsadüfi deyil. Bu hər şeydən əvvəl, Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycanın beynəlxalq imicinin artması ilə bağlıdır. Bu məsələdə dünyada cərəyan edən hadisələr fonunda ölkəmizdə hökm sürən sabitlikmühüm rol oynayır. Fəxrlə deyə bilərik ki, bu gün beynəlxalq aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə tez-tez işlədilir: mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi və tolerantlığın təşviqi üzrə Bakı prosesi. Bakıda toplaşıb bəşəriyyətin qarşısında duran buya digər problemlə bağlı fikir mübadiləsi aparmaq imkanı qazandıran beynəlxalq tədbirlərlə əlaqədar gələn qonaqlar ölkəmizlə əyani tanış olur və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vasitəçilik edirlər. Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən "Bakı Prosesi”, "Multikulturalizm” və "İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlər ölkəmizin və xalqımızın dünyada olduğu kimi tanıdılmasında mühüm amillərdən birinə çevrilib. Dünya dini liderlərinin I və II Bakı Sammiti, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfə verməkdədir.

Xalqlararası və mədəniyyətlərarası dialoqu, tolerantlıq ənənələrini müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə dinlərin dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasəti inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, dini-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması və inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti çağdaş dövrün obyektiv reallıqları ilə şərtlənir. Ümumilikdə dövlət başçısı İlham Əliyev tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına xüsusi diqqət ayırır. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayişinanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir.

Bu gün Azərbaycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların baş keçidi deyil, habelə siyasi-iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkan, qarşılıqlı tamamlanma və vəhdət rəmzidir. Son illər sivilizasiyalararası dialoq mövzusu ilə bağlı beynəlxalq məkanda aparılan fəal diskussiyalar, müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfranslar, simpoziumlar XXI əsrdə sivilizasiyalararası dialoq ideyasının nə qədər mühüm aktuallıq kəsb etməsindən xəbər verir. Bu məsələ BMT, UNESKO, digər beynəlxalq təşkilatlar və bir çox dövlət başçıları tərəfindən də dəfələrlə gündəmə gətirilmiş, qlobal problemlərin bütün dünya xalqlarının birgə səyləri ilə həll edilməsi zərurəti vurğulanmış, sülh və əmin-amanlıq, mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsi üçün dialoqun qaçılmaz olduğu göstərilmişdir. Lakin ən önəmli məsələ "sivilizasiyalararası” dedikdə, hansı sivilizasiyaların nəzərdə tutulması məsələsidir. Bir çox hallarda söhbət Şərq və Qərb, digər hallarda islamxristian sivilizasiyalarından gedir. Bu gün qarşıda dayanan ən mühüm məsələ isə bu iki sivilizasiya arasında dialoq mühiti yaratmaq, onlara aid ən mütərəqqi dəyərlərin qarşılıqlı mübadiləsini təmin etməkdən ibarətdir.

Son vaxtlaradək Azərbaycanın coğrafi mövqeyi, qədim İpək yolunun bərpasında oynaya biləcək strateji rol, beynəlxalq neft-qaz kəmərlərinin və dəmir yollarının Azərbaycandan keçməsi və s. bu kimi amillərə istinadla belə bir fikir səslənirdi ki, ölkəmiz Şərq ilə Qərb arasında körpüdür. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, indi Azərbaycanın iqtisadiyyatı və elmi-mədəni potensialı elə bir səviyyəyə çatmışdır ki, biz, sadəcə olaraq, iki sivilizasiya arasında körpü rolunu oynamırıq; biz bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla onların vəhdətini təcəssüm etdiririk. Son illərdə qazanılmış böyük iqtisadi nailiyyətlər Azərbaycana özünün beynəlxalq mövqeyini möhkəmləndirmək, Şərq ilə Qərb arasında tutduğu əlverişli coğrafi vəziyyətdən daha optimal surətdə istifadə etmək imkanı vermişdir.

Bütün bu tədbirlər, layihələr, təşəbbüslər, ümumilikdə isə həyata keçirilən məqsədyönlü siyasət nəticə etibarilə ölkəmizdəki ictimai-siyasi durumun daha da möhkəmlənməsini təmin edir. Bu amil bölgəmizdə, islam dünyasında milli, dini, məzhəb zəminində baş verən münaqişələr, hər gün onlarla insanın terror qurbanına çevrilməsi kimi acı reallıq fonunda daha mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz, respublikamızı da bu gərginlik məngənəsinə çəkməyə cəhd edən, bunun üçün sistemli fəaliyyət göstərən qlobal şəbəkələr var və onların bu "təşəbbüslər”ini mütəmadi hiss edir, görürük. Amma bütün bu cəhdlər nəticə etibarilə iflasa uğrayır, saxta "təbliğat”, radikal qaragüruh özünə geniş elektorat tapa bilmir. Dövlətin həyata keçirdiyi pereventiv tədbirlər, düzgün maarifçilik işi real nəticələr verir. Bu gün bəşəri miqyasda tolerant dəyərlərə münasibət, həmçinin hər bir ölkənin demokratiksivil məramlara, habelə xalqların birgəyaşayış normalarına münasibətinin bariz təcəssümünə çevrilmişdir. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan məhz bu dəyərlərə sadiqlik baxımından əksər ölkələr üçün örnəyə çevrilmiş, ümumən isə Cənubi Qafqazdan başlayıb Avrasiya arealınadək uzanan böyük bir məkanda sivilizasiyalararası dialoq mühitinin formalaşdırılmasının təşəbbüskarı olmuşdur.

Siyasətində insan amilinə böyük dəyər verən İlham Əliyevin islam ölkələrinin həmrəyliyi, eləcə də mədəniyyətlər və dinlər arasında harmoniyaya nail olunması istiqamətində atdığı addımları xüsusilə qeyd etmək lazımdır. Sivilizasiyalararası, dinlərarası dialoqu dərinləşdirən, ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət verilməsini şərtləndirən tədbirlərin keçirilməsi, bütün dinlərin nümayəndələrinə bərabər şəraitin yaradılması ölkə rəhbərinin bu sahədəki siyasətinin ana xəttini təşkil edir. Azərbaycan dünya miqyasında həm islam həmrəyliyi işlərinin təşkili, eyni zamanda, multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir. Bu gün ölkədə həyata keçirilən dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas və fərqləndirici xüsusiyyəti odur ki, dindarlara və onların dini hisslərinə hörmət, tolerantmultikultural dəyərlərin qorunması, inkişafı sözdə deyil, əməldədir. Prezident İlham Əliyevin uğurlu siyasətinin tərkib hissəsi kimi həm dinlərə, həm dini konfessiyalara, o cümlədən dini icmalara hərtərəfli dəstək göstərilir, həm də çoxmədəniyyətlilik, multikulturalizm ölkə və beynəlxalq səviyyədə təbliğ edilir. Bu məqsədlə ölkə daxilində çoxsaylı tədbirlər, konfranslar, seminarlar keçirilir, ayrıca layihələr icra olunur.

2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ilielan edilməsi, mürəkkəb geosiyasi şəraitdə müsəlman ölkələrinin əməkdaşlığına əhəmiyyətli töhfələri ilə yadda qalanislam aləmində böyük nüfuz qazanan IV İslam Həmrəyliyi Oyunlarının, "2017 - İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoqmövzusunda beynəlxalq konfransın, "Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda I Beynəlxalq Bakı Forumunun keçirilməsi və bu mötəbər tədbirin bağlanış mərasimində "Bakı platforması”nın qəbul olunması, eləcə də qəbul olunan bu platforma əsasında Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin təsis edilməsi, həmçinin, qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilən Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi ölkəmizin islam, eləcə də dünya ölkələri arasında nüfuzunun güclənməsinə zəmin yaradıb. Bütün bu tədbirlər sırasında mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə yüksək səviyyəli qonaqların iştirakı ilə Azərbaycanda keçirilən "Bakı Prosesixüsusi əhəmiyyətə malikdir. Ölkədə "Bakı Prosesi” çərçivəsində, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər və layihələr gerçəkləşdirilib.

Bu baxımdan Azərbaycanın neçə illərdir ki, apardığı "Bakı prosesibu siyasətin təbliği üçün uğurlu platformadır.

UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları BMT və strukturlarının mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanıb. 2016-cı ilin aprelində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi bu uğurlu prosesin və fəaliyyətin nəticəsidir. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır. Eləcə də bu ilin noyabrında keçirilən Dünya dini liderlərinin II Bakı Sammiti bu qəbildən olan, aktual, ümumbəşəri, humanitar məsələlərin müzakirə edildiyi nüfuzlu tədbirlərdəndir.

Bütün bu faktların fonunda fəxrlə qeyd edə bilərik ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində ölkəmiz tolerantlıq, multikulturalizmdini maarifləndirmə ilə bağlı regional və beynəlxalq konfransların, yüksək səviyyəli forumların keçirildiyi əsas məkana çevrilib. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir.

Daim xalqımızın milli-mənəvi dəyərlərinin mütərəqqiliyini vurğulayan dövlət başçısı İlham Əliyev gələcək inkişafımızı zəngin tarixi keçmişə söykənən adət-ənənələrimizlə müasir ideyaların sintezində görməklə, ölkəmizdə milli-dini dəyərlərin qorunub saxlanılması istiqamətində ardıcıl işlər həyata keçirir və görünən odur ki, bu tədbirlər davamlı olacaq.

 

Mübariz QURBANLI,

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

 

Azərbaycan.- 2019.- 24 dekabr.- S.1; 9.