Tarixin ən qüdrətli Azərbaycanının
yaradıcısı
Regionun aparıcı dövləti, yüksək beynəlxalq imic, kosmik klubun üzvü, qlobal enerji təhlükəsizliyi məsələlərində söz sahiblərindən biri… Bütün bunlar müasir Azərbaycan dövlətini xarakterizə edən uğurların yalnız bir qismidir. Xalqımızın Ulu Öndəri Heydər Əliyevin müəyyən etdiyi inkişaf, yüksəliş və modernləşmə strategiyası respublikamızın məhz bu hədəflərə doğru inamla irəliləməsini təmin edir. Ötən 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə getdiyimiz bu yol, qazandığımız hər bir nailiyyət təsdiq edir ki, bu siyasətin alternativi yoxdur.
Möhtəşəm inkişaf yolu
Bəli, müstəqilliyinin üçüncü onilliyinin sonuna yaxınlaşan respublikamızın qısa zaman kəsiyində böyük tərəqqi yolu keçməsi ən böyük uğurlarımızdan biridir. Ulu Öndər Heydər Əliyevin qurduğu müasir dövlətimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və qüdrətlənir. Düşünülmüş, qətiyyətli və uzaqgörən siyasət nəticəsində Azərbaycan ötən 16 ildə mühüm siyasi-iqtisadi və sosial uğurlara nail olub, qlobal maliyyə böhranlarını qısa müddətdə inkişafla əvəzləyib. Bu gün respublikamız qlobal müstəvidə siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı, beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi tanınır. Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, bölgənin əsas iqtisadi potensialına sahib olan qüdrətli dövləti məhz Azərbaycandır. Prezident İlham Əliyev çox qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifinə çevrilib.
Konkret statistik rəqəmlərə müraciət etsək, İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə möhtəşəm inkişaf yolunun daha yaxından şahidi olarıq. Çünki son 16 ildə Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurlar, iqtisadi dayanıqlılıq və sabit inkişaf konkret statistik göstəricilər və rəqəmlərlə daha aydın ifadə edilir. Belə ki, 16 ildə ümumi daxili məhsul istehsalı real ifadədə 3,3 dəfə, o cümlədən qeyri-neft ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, qeyri-neft sənayesi 2,4 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 18,4 dəfə, strateji valyuta ehtiyatları 29 dəfədən çox artıb. 16 ildə 15 min kilometrlik avtomobil yolunun çəkilişi, altısı beynəlxalq status daşımaqla 7 aeroportun inşası bir çox dövlətlərin qibtə edəcəyi uğurlardır. 3 min 200-dən çox məktəbin, 640 tibb müəssisəsinin əsaslı təmir edilməsi və ya yenidən tikilməsi, 44 olimpiya mərkəzinin inşası keçilən möhtəşəm inkişaf yolunun ayrı-ayrı nümunələridir.
Bu gün dövlətimiz Prezident İlham Əliyevin çevik təşəbbüsləri ilə öz inkişafının yeni mərhələsini yaşayır. Əsas prioritetlərdən biri iqtisadiyyatda qeyri-neft sektorunun üstünlüyünü təmin etməkdir ki, artıq bu sahədə mühüm uğurlar var. Belə ki, son 3 ildə həyata keçirilən yeni iqtisadi islahatlar ölkədə tamamilə yeni iqtisadi münasibətlərin yaranmasına səbəb olub. Vergi və gömrük sahəsindəki yeniliklər, lisenziyaların verilməsinin və biznesə başlama prosedurlarının sadələşdirilməsi, yoxlamaların aradan qaldırılması, yerli istehsalın və onun ixracının dövlət tərəfindən stimullaşdırılması, "Made in Azerbaijan” brendinin dünyada tanıdılması qeyri-neft sektorunun inkişafına səbəb olub.
Cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığımız nailiyyətlər beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Davos Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı”, Dünya Bankının "Doing Business”, "Moody's”, "Standard & Poor's”, "Fitch Ratings”, ABŞ-ın "The Heritage Foundation” analitik mərkəzinin "İqtisadi Azadlıq İndeksi”, ABŞ-ın "U.S.News & World Report” jurnalının hazırladıqları hesabatlarda, reytinq siyahılarında Azərbaycan, demək olar ki, hər il yüksəlişdədir. Təbii ki, Azərbaycanın yüksək mövqelərdə qərarlaşması hər hansı reytinqlə bağlı deyil. Reytinq və hesabatlarda ölkəmizin mühüm yer tutması sadəcə bu gün Azərbaycana xaricdən baxışın necə olduğunun göstəricisidir.
Bu günlərdə Amerikanın "U.S.News & World Report” jurnalında dərc edilən dünyanın ən güclü ölkələrinin reytinq siyahısında Azərbaycanın 80 ölkə arasında 45-ci yerdə qərarlaşması da növbəti uğurumuzdur. Əlbəttə ki, Cənubi Qafqazın lider dövlətinin ən güclü ölkələrin reytinqində bu mövqedə qərarlaşmasının təməlində də ölkənin inkişafı dayanır. Bu siyasətin müəllifi isə ən islahatçı Prezident adlandırılan cənab İlham Əliyevdir.
Bütün bunlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin hər bir sahədə inkişafa nail olmaq üçün apardığı islahatlar uğurlu nəticələr verməklə Azərbaycanın dinamik yüksəlişinə səbəb olub. Xüsusilə qeyd etməliyik ki, bu siyasət 2019-cu ilin əvvəllərindən daha mühüm nailiyyətlərlə əlamətdardır və görünən odur ki, respublikada həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoyub. Bu baxımdan artıq başa çatmaqda olan 2019-cu ilin iqtisadi mənzərəsi Azərbaycanın qarşısına qoyduğu hədəflərə doğru inamla irəliləyən bir ölkə olduğunu nümayiş etdirir. Bu dövrün iqtisadi statistikası İlham Əliyevin həyata keçirdiyi inkişaf kursunun praktikada özünü tam doğrultduğunu ortaya qoyur.
Son 16 ildə bütün sahələrdə əldə edilən göstəricilər üzrə regionun liderinə çevrilən Azərbaycanın uğurları təsdiq edir ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət ən yüksək zirvələri fəth etməyə qadirdir. Ən əsası bu siyasət gələcək nəsillərin firavan həyatının təminatçısıdır. Bütün bunları yüksək dəyərləndirən müdrik xalqımız Heydər Əliyevin ən layiqli siyasi varisi olan cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.
Bu dövrdə baş verən inkişaf özünü həm də ordu quruculuğunda, elm və təhsildə, mədəniyyətimizin təbliğində, ölkəmizin beynəlxalq münasibətlərində və digər sahələrdə göstərir. Fəxr hissi ilə qeyd etməliyik ki, yerləşdiyi regionun lideri olan respublikamız dünya birliyinə fəal inteqrasiya istiqamətində də mühüm addımlar atıb və beynəlxalq hüququn tam müstəqil, cəsarətli mövqeyi ilə seçilən, siyasi kursu nəzərə alınan subyektinə çevrilib. Bu gün biz haqlı olaraq tarixin ən qüdrətli Azərbaycanı ilə qürur duyuruq.
İlham Əliyevin diqqət və qayğısı ilə ərsəyə
gələn zavod
Cənab İlham Əliyevin prezidentliyi ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Ümumiləşdirilmiş tərzdə ifadə etsək, bu proqamların mahiyyətinə uyğun olaraq qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq kimi problemlərin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri cənab İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil edib.
Xüsusən 2004-cü ildən start verilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bölgələrin də tarazlı şəkildə inkişaf etməsi və iqtisadi güc amilinə çevrilməsi ölkənin potensialının artmasına güclü impuls verib. İlk proqramın icrasına başlanıldığı dövrdən ölkədə on minlərlə yeni istehsal müəssisəsi, yeni iş yerləri açılıb ki, bütün bunlar da xüsusən regionların iqtisadi inkişafına, vətəndaşların məşğulluğunun təmin olunmasına, bütövlükdə ölkədə sosial rifahın yüksəlməsinə layiqli töhfələr verib.
Bu günlərdə fəaliyyətə başlamasının 16-cı ildönümü tamam olan Gəncə Avtomobil Zavodu da Prezident İlham Əliyevin ölkədə iqtisadiyyatın, qeyri-neft sənayesinin inkişafı istiqamətində həyata keçirdiyi siyasətin ən uğurlu nümunələrindən biridir. Xatırladım ki, zavodun əsası hələ sovet hakimiyyəti illərində, 1986-cı ildə qoyulub. Lakin Moskvanın tikinti barədə qərarı ovaxtkı Ermənistan rəhbərliyi tərəfindən böyük qısqanclıqla qarşılanıb və layihənin məhz Ermənistan ərazisində reallaşmasına böyük səylər göstərilib. Ancaq Heydər Əliyevin nüfuzu və möhkəm iradəsi sayəsində avtomobil zavodunun təməli Azərbaycanda, Gəncədə qoyulur. Müəssisənin tikintisi 1989-cu ildə başa çatdırılmalı, 1990-cı ilin əvvəlindən isə artıq 1,5 tonluq yük avtomobillərinin istehsalına başlanmalı idi. Lakin sovetlər birliyinin dağılması nəticəsində zavodun tikintisi yarımçıq qaldı.
Məhz Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində müəssisə 2004-cü ilin dekabrında işə salındı və yığımdan keçən ilk avtomobil istehsal edildi. İlk vaxtlarda Rusiyanın Naberejnıye Çelnı şəhərində yerləşən azlitrajlı avtomobillərin istehsalı üzrə zavodla bağlanmış müqaviləyə əsasən "VAZ-11113”-”OKA” markalı avtomobillərin yığımına başlandı. Ümumilikdə 300-dən artıq "OKA” yığılaraq Qarabağ müharibəsi əlillərinə və Böyük Vətən müharibəsi iştirakçılarına verildi.
İlk addımlarını müvəffəqiyyətlə atan zavod 2005-ci ildə "UAZ” ASC ilə imzalanan razılaşmaya əsasən, Rusiyanın "UAZ” avtomobillərinin 10 modelinin yığımına başladı. Bir il müddətində 243 ədəd "UAZ” avtomobili yığılaraq istifadəyə verildi. Daha sonra, 2005-ci ilin oktyabr ayında Çinin "Can Qan” şirkəti ilə müqavilə imzalandı. Bu sənədə əsasən, müəssisədə 7 modeldə ortatonnajlı yük maşınlarının yığımına başlanıldı. Bir il müddətində ümumilikdə 68 "Can Qan” markalı avtomobil yığılaraq istifadəyə verildi.
Prezident İlham Əliyevin 2006-cı ilin oktyabrında Belarusa səfəri Gəncə Avtomobil Zavodunun fəaliyyətinə yeni impuls verdi. Belə ki, səfər zamanı bu ölkənin traktor və avtomobil zavodları ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlığın yaradılması barədə razılığa gəlindi. Bu razılığa əsasən, həmin müəssisələrlə uzunmüddətli əməkdaşlıq müqaviləsi bağlandı. Bundan sonra Gəncə Avtomobil Zavodunda ümumi ərazisi 20 min kvadratmetr olan sexdə təmir-bərpa işləri görüldü, yeni texnoloji yığım xətləri quraşdırıldı. Yeni sex müasir avadanlıqlar və texnika ilə təchiz olundu. Müqaviləyə uyğun olaraq 2007-ci ilin mart ayında Belarusdan daxil olan komplektləşdiricilərin əsasında "Belarus 80.1” , "Belarus 82.1”, "Belarus 1221”, "Belarus 1025”, "Belarus 892” və "Belarus 80X” modeldə traktorların istehsalına başlanıldı. Həmin ilin aprel ayından isə "MAZ” avtomobillərinin yığımı təşkil olundu. İndiyədək əməkdaşlıq çərçivəsində müəssisə tərəfindən "Belarus” traktorunun 10 modelinin (o cümlədən, ekskavatorlar, asfaltkəsən, qartəmizləyən texnikaların, traktor üçün qoşqular və istənilən növ asma avadanlıqları və s.) və "MAZ” avtomobilinin 20 modelinin (o cümlədən, "MAZ” markalı avtomobillərin bazasında yanacaq və su daşıyan maşınlar, yükü özüboşaldan, dartıcı avtomobillər, assenizasiya maşınları, təmir emalatxanaları və kommunal maşınları) yığım istehsalı mənimsənilib. 2018-ci ilin aprelində 10 mininci traktor istehsal edildi.
Gəncə Avtomobil Zavodu 2019-cu ili yeni nailiyyətlərlə başa vurur. Ümumiyyətlə, bu il zavodun fəaliyyətində yeni keyfiyyət dəyişikliklərinin baş verəcəyi gözlənilən idi. Çünki bu ilin yanvarında Belarusun "Belkommunmaş” müəssisəsinin məhsulu olan elektrik avtobuslarının və "Qomselmaş”ın kombaynlarının Azərbaycanda birgə istehsalı barədə razılığa gəlinmişdi. Bu razılaşmaların uğurlu nəticəsi olaraq artıq may ayında ilk dəfə olaraq Gəncə Avtomobil Zavodunda "E - 321” markalı elektrobus və "PALESSE KZS - 575” markalı taxılyığan kombaynların istehsalına başlanıldı. Elektrobuslar həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə bilən elektrobusun akkumulyatoru doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur.
Taxılyığan kombaynın mühərriki isə 114/155 at gücündədir. Texnikanın taxılbiçəninin uzunluğu 4-5 metr arası dəyişir, hərəkət sürəti 20 kilometr/ saatdır. Əgər sifariş olarsa, Gəncə Avtomobil Zavodu il ərzində 150 elektrobus, 120 kombayn yığmaq gücünə malikdir.
Beləliklə, Prezident İlham Əliyevin diqqət və qayğısını üzərimizdə hiss edərək müəssisədə istehsal sahələrini ildən-ilə genişləndirdik. Əgər 2004-cü ildə 80 işçi ilə işə başlamışdıqsa, bu gün onların sayı 500-dən çoxdur. Zavodda müəssisə kollektivinin əmək fəaliyyətini əks etdirən canlı stendlər var. Burada "OKA”, "UAZ”, "CAN QAN”, Belarus traktorları, "MAZ”lar və digər avtomobillər yer alıb. Cənab Prezidentin müəssisəmizə və işçilərimizə verdiyi müsbət qiymət bu çətinlikləri aşaraq kiçikdən böyüyə doğru addım-addım irəliləməyə imkan verdi.
Cənab Prezidentə müəssisəmizə verdiyi yüksək qiymətə görə minnətdarıq. Təbii ki, bu diqqət və qayğı məsuliyyətimizi daha da artırır. Gəncə Avtomobil Zavodu bundan sonra da Azərbaycanda maşınqayırma sənayesinə böyük töhfələr verəcək, öz fəaliyyəti ilə Prezident İlham Əliyevin etimadını layiqincə doğruldacaq.
Xanlar FƏTİYEV,
Milli Məclisin deputatı
Azərbaycan. - 2019.- 24 dekabr.- S. 9.