Vacib olan diqqət və qayğıdır

 

Azərbaycan müasir dünya düzənində vətəndaşlarının sosial problemlərinin həllinə xüsusi diqqətlə yanaşan, bu istiqamətdə davamlı və mühüm layihələr həyata keçirən unikal dövlət imicini qazanmışdır. Bu baxımdan 2019-cu ilin son günlərində Azərbaycan Prezidentinin imzaladığı iki sərəncam və insanların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı iştirak etdiyi iki tədbir mühüm əhəmiyyət kəsb edir.

Dekabrın 24-də Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunan yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimi keçirilib.

Onu da xatırladaq ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin mənzil-məişət məsələlərinin həlli daim diqqət mərkəzində olmuşdur. 1997-ci ildən 2018-ci ilədək Qarabağ müharibəsi əlillərinə 4597, şəhid ailələrinə 1582, İkinci Dünya müharibəsi, Çernobıl və müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlara 475 mənzil və fərdi ev verilmiş, Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslər 1998-2018-ci illər ərzində 6155 avtomobillə təmin edilmişlər. Bu il isə daha 600 avtomobilin təqdim olunması nəzərdə tutulur. Yeni inşa olunan binada ümumilikdə bir, iki və üçotaqlı 96 mənzil var ki, onlardan 62-si Qarabağ müharibəsi əlilinə, 34-ü isə şəhid ailələrinə təqdim olunur. Bu qəbildən olan vətəndaşlara ilin əvvəlindən bəri 700 mənzil və fərdi ev verilib. İlin sonunadək isə 234 mənzil və fərdi evin təqdim olunması planlaşdırılır.

Dövlət başçısı mənzil və avtomobillə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin bir qrupu ilə görüşərkən şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yeni mənzillərin və minik maşınlarının verilməsinin məntiqi izahını belə ifadə etdi: "Vətən uğrunda şəhid olmuş insanların xatirəsi bizim üçün həmişə əzizdir. Azərbaycan xalqı şəhidlərimizin xatirəsini həmişə öz qəlbində yaşadır. Müharibədə vuruşmuş və əlil olmuş vətəndaşlar üçün şəraitin yaradılması bizim mənəvi borcumuzdur”.

Sosial müdafiəsi zəif olan insanlara Azərbaycanda göstərilən qayğı dünya miqyasında nadir hallarda baş verən bənzərsiz xeyriyyə aksiyasıdır. Bu tədbirlər davamlı olaraq gələn il də həyata keçiriləcək və hətta verilən evlərin sayı builkindən iki dəfə çox olacaq.

Dövlət uzun sürən müharibənin vətəndaşlarına vurduğu ağır maddi və mənəvi ziyanları aradan qaldırmaq məqsədilə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarına, işğaldan əziyyət çəkən məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşır.

Prezident İlham Əliyev həmişə qeyd edir ki, iqtisadi imkanlarımız yaxşılaşdıqca, düzgün iqtisadi siyasət yeridildikcə əlavə gəlirlər yaranır, daha səlis və daha mükəmməl sosial siyasəti reallaşdırmaq asanlaşır və sosial problemlər sistemli həllini tapır: "Bu il 4 milyon 200 mindən çox Azərbaycan vətəndaşı - əhalinin təxminən 40 faizdən çoxu böyük sosial paketlə əhatə olunub. Maaşlar, pensiyalar, müavinətlər, tələbə təqaüdləri, problemli kreditlərin həll edilməsi - bütün bunlar böyük vəsait tələb edir. Biz bu işlərə milyardlarla manat vəsait yönəltmişik və çox düzgün addım atmışıq. Çünki bu, lazım idi. Sosial təminat bizim üçün ən başlıca vəzifədir”.

Dekabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışı da insanların sosial qayğılarının həllinin asanlaşdırılması istiqamətində atılan uğurlu addımlardandır. Bu mərkəz gün ərzində 250-300 vətəndaşı qəbul edə biləcək. Mərkəz il ərzində Bakının Xəzər və Pirallahı rayonlarının 70 mindən artıq sakininə "bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 132 xidmət göstərəcək.

Azərbaycan Prezidentinin "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il avqustun 9-da imzaladığı fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST Agentliyinin məqsədi də məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olmaqdır. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, "bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı, nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. Mərkəzin açılışında iştirak edən dövlət başçısı DOST mərkəzlərinin yaradılmasının sosial siyasətin mahiyyətini açıqladığını vurğuladı: "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının sosial təminatı, rifah halı və rahatlığı bizim üçün prioritet məsələdir. Təsadüfi deyil ki, son illərdə bu sahədə çox böyük işlər görülüb. Həm DOST, həm də "ASAN xidmət” mərkəzləri bizim intellektual məhsulumuzdur. İndi "ASAN xidmət” öz intellektual məhsulunu ixrac edir, artıq bir neçə ölkədə bu layihələr icra olunur”.

Azərbaycan islahatlaruğurlarla zəngin növbəti bir ilə yekun vurur. Dövlət başçısının əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər və aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında imzaladığı sonuncu iki sərəncam bir daha onu təsdiq edir ki, ölkəmizdə aparılan bütün islahatlar sosialyönümlüdür. Birinci sərəncamda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi məqsədilə iyirmi milyon altı yüz on min manat Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılır. İkinci sərəncamda isə Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (bir yüz) manat məbləğində birdəfəlik yardımın ödənilməsinə qərar verilmişdir. Bu məqsəd üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon manat vəsait ayrılır.

Bu gün bütün ölkə miqyasında aparılan islahatların son məqsədi düzgün iqtisadi siyasət yeritmək, şəffaflığa, dürüstlüyə nail olmaq, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizəni gücləndirmək və son nəticədə iqtisadistruktur islahatlarında ciddi gəlirlər əldə etməkdir. Məhz belə dərin düşünülmüş köklü islahatlar ona imkan verdi ki, sosial sahəyə böyük vəsaitlər ayrılsın.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2019.- 26 dekabr.- S. 1; 9.