2019-cu il icbari tibbi sığortaya keçidin son hazırlıq dövrü oldu

 

Bəlkə də əhalinin bunun qədər gözlədiyi hökumət qərarı olmamışdı. Səhiyyə sahəsində son dövrlər görülən işlər - təzə tibb ocaqlarının istifadəyə verilməsi, köhnələrinin əsaslı şəkildə yenidən qurulması, onların müasir avadanlıqlarla təchizatı, tibb personalının ixtisaslarını artırmaq üçün dünyanın aparıcı klinikalarına göndərilməsi, beynəlxalq simpoziumlarda iştiraklarının təşkili və s. onlarca belə tədbirlər həyata keçirilsə də, ölkə vətəndaşları sağlamlıqdan, həkim-pasiyent münasibətlərindən söz düşən kimi icbari tibbi sığortanın tətbiqinin vacibliyini önə çəkirdilər.

Heç kəs də qınanılası deyildi. Çünki dünyada ən bahalı "sərvət” sayılan insan sağlamlığının Azərbaycanda uzun zaman pulsuz keşiyində durulması nə dövlətin, nə də əhalinin uzun müddət çəkə biləcəyi yük idi. Elə tibb işçilərinin hər il artırılmasına baxmayaraq, çox da yüksək olmayan əməkhaqları ilə insan sağlamlığına cavabdehlik kimi məsuliyyətli bir işin öhdəsindən layiqincə gəlmələrini gözləmək də mümkün deyildi. Bu vacib problemlərin həllinin öhdəsindən isə artıq bütün dünyada neçə illərdir təcrübədən çıxmış icbari tibbi sığorta gələ bilərdi.

Azərbaycan hər zamanbütün sahələrdə olduğu kimi, icbari tibbi sığortaya keçiddə də tələskənliyə, yarımçıqlığa yol vermədi, necə deyərlər, yarı yolda qalmamaq üçün yüz ölçüb, bir biçdi və nəhayət, 2020-ci ildən bu addımı atmağa qərar verdi. Amma əvvəl 3 inzibati ərazidə - Mingəçevir şəhərində, eləcə də YevlaxAğdaş rayonlarında pilot layihə kimi onu sınaqdan keçirdi. Nəticə gözləntilərdən də uğurlu oldu.

Həmin nəticələr barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) aldığımız məlumatda bildirilir ki, bu pilot layihə şəklində Mingəçevir şəhəri və Yevlax rayonunda üçüncü, Ağdaş rayonunda ikinci ildir tətbiq edilir: "Pilot ərazilərdə İTSDA-nın tabeliyinə verilmiş tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətini yüksəltmək və tibbi xidmətlərə əlçatanlığı artırmaq məqsədilə bir sıra tədbirlər görülüb. Təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərinin səmərəliliyini artırmaq üçün mərkəzi xəstəxanalarda müvafiq şöbələr yaradılıb. Qabaqcıl ölkələrdə belə xidmətlərin təşkilində geniş istifadə olunan "çeşidləmə” ("triaj”) sisteminin tətbiqinə başlanılıb. Yeni tipli bu xidmətlər xəstənin ambulans üçün çağırışından başlamış onun tibbi xidmətin digər səviyyəsinə (ilkin səhiyyə xidməti, ambulatorya stasionar tibbi xidmət), yaxud evə göndərişinə qədər olan mərhələləri əhatə edir. "Triajsistemi isə xəstələrin ehtiyaclarına uyğun çeşidlənməsinə, onlara göstərilən tibbi xidmətlərin səmərəliliyinin və keyfiyyətinin artırılmasına, xəstələrin lüzumsuz stasionar tibbi xidmətə qəbuluna, səhiyyə xərclərinin daha səmərəli istifadə olunmasına şərait yaradır.

Bunlardan əlavə, pilot layihələr çərçivəsində tibb müəssisələrinin idarəedilməsi strukturu dəyişdirilib, tibbi təchizatı yaxşılaşdırılıb və diaqnostik laboratoriyaların işi təkmilləşdirilib, mərkəzi xəstəxanalarda 24 saat fəaliyyət göstərən diaqnostik laboratoriyalarda müasir tibbi avadanlıqlar quraşdırılıb. Həmçinin laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılıb. Eyni zamanda, pilot ərazilərdəki tibb müəssisələrindən xəstəxanadaxili bütün göndəriş, tibbi sərfiyyat, dərman təchizatı və həyata keçirilən bütün manipulyasiyaların qeydiyyatı vahid elektron idarəetmə proqramı vasitəsilə həyata keçirilib. Tibb müəssisələrinin fəaliyyətinin elektronlaşdırılması tam təmin edilib”.

Məlumatda habelə qeyd olunur ki, pilot ərazilərdə Ailə Sağlamlıq mərkəzləri (ASM) yaradılıb: "Mingəçevir şəhəri üzrə sanitar-epidemioloji tələblərə cavab verən 2, Yevlax rayonunda 5, Ağdaş rayonunda 15 ASM qurulub. ASM-lərdə ailə həkimləri tərəfindən 18 adda tibbi xidmət göstərilir. Ağdaş rayonunda həmçinin 46 tibb məntəqəsi fəaliyyət göstərir”.

Arayışda xüsusi vurğulanır ki, pilot layihənin başlanğıcında özündə 1829 adda tibbi xidməti birləşdirən icbari tibbi sığortanın baza zərfi hazırlanıb və bura daxil olan tibbi xidmətlərin tarifləri müəyyənləşib. Ən əsası, pilot ərazilərdə əhalidən sığorta haqqı toplanılmır. Belə ki, pilot ərazilərin 340 min nəfər sakiniburada rəsmi qeydiyyatda olan 30 min nəfərə yaxın məcburi köçkün baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərdən istifadə etmək hüququ əldə edib. Həmçinin baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı (istisnalar zərfi - 1186 adda tibbi xidmət) və tarifləri müəyyənləşib. Məlumatda o da qeyd edilir ki, bazaistisnalar zərfləri Prezident tərəfindən təsdiqlənib.

Və nəhayət, pilot layihənin həyata keçirildiyi müddətdə yeni maliyyələşmə mexanizminin əsası qoyulub, tibb işçilərinin əməkhaqları artırılıb və beynəlxalq təcrübədə geniş tətbiq olunan adambaşına ödəniş metodu tətbiq edilib. Məlumatda bu barədə bildirilir ki, "Pilot layihə çərçivəsində həkimlərin, ortakiçik tibb işçilərinin (heyətinin) əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi” qaydaları müəyyən olunub: "Hazırda pilot layihələrin tətbiq olunduğu ərazilərdə həkimlər, ortakiçik tibb işçiləri vahid tarif cədvəlinə uyğun olaraq əməkhaqlarını almaqda davam edirlər. Bununla yanaşı, pilot layihə müddətində həkimlərin göstərdikləri tibbi xidmətlər əvəzində əməkhaqlarına stimullaşdırıcı, ortakiçik tibb işçilərinin əməkhaqlarına isə sabit əlavələr tətbiq olunur. Tibb işçilərinin fəaliyyətlərinin qiymətləndirilməsində tətbiq edilən yeni yanaşma nəticəsində pilot ərazilərdə əməkhaqqı fondu 2016-cı il ilə müqayisədə 2018-ci ildə ümumilikdə 1,8 dəfə artıb. Həkimlərin orta aylıq maaşı 2018-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqının 1,9 mislini təşkil edib”.

Təbii ki, bütün bunlar əhalinin tibbi xidmətlərə əlçatanlığını artırıb və səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaldıb. İTSDA tərəfindən 2018-ci ildə pilot ərazilərdə ümumi əhali və tibb işçiləri arasında keçirilən sorğuların nəticələrinə nəzər salaq: əhalinin 84, tibb işçilərinin isə 87 faizi (həkimlər və orta tibb işçiləri) icbari tibbi sığortanın tətbiqi istiqamətində aparılmış islahatlardan məmnunluğunu bildiriblər. Sorğuların nəticələrinə əsasən, icbari tibbi sığortanın tətbiqindən sonra cərrahi əməliyyat olunanlar arasında tibbi xidmətlərin əldə edilməsi ilə bağlı maddi sıxıntı keçirənlərin sayı kəskin azalıb. Sorğudan o da məlum olub ki, əhalinin baza zərfi çərçivəsində göstərilən tibbi xidmətlərə əlçatanlıq səviyyəsi Mingəçevir və Yevlax üzrə 77, Ağdaş rayonu üzrə 62 faiz təşkil edib.

Onu da qeyd edək ki, pilot layihə dövründə həyata keçirilən islahatlar, qazanılan nəticələr və təcrübə Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmiş və dövlət başçısı 2018-ci ilin sonlarında mühüm fərmanlar imzalamış, tapşırıqlar vermişdir. Prezidentin "Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli fərmanına əsasən, xidmətlər zərfi və tibbi xidmətlərin tarifləri barədə təkliflərin hazırlanması, icbari tibbi sığortanın tətbiqi üçün lazım olan normativ hüquqi aktların, tibbi protokolların və digər sənədlərin tətbiqi, dövlət tibb müəssisələrinin elektronlaşdırılması, icbari tibbi sığortanın məlumat bazasının yaradılması və xəstəxanaların həmin məlumat bazasına inteqrasiyası, tibb müəssisələrinin tam idarə olunmasını təmin edəcək proqram təminatının hazırlanması və fərmandan irəli gələn digər məsələlərin həlli İTSDA-ya tapşırılmışdır. Fərmanla həmçinin "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs yaradılmış və bir çox dövlət tibb müəssisələri TƏBİB-in tabeliyinə verilmişdir.

2019-cu ilin dekabr ayında "Tibbi sığorta haqqında” qanuna olunan dəyişikliklərə əsasən isə icbari tibbi sığortanın xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olmayacaq. Zərf vahid toplu şəklində ambulator-poliklinikastasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edəcək. Digər dəyişikliyə görə, 2020-ci ilin yanvar ayının 1-dən etibarən mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq.

Bu barədə İTSDA-nın məlumatında daha sonra bildirilir: "Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Bu o deməkdir ki, misal üçün, vətəndaş aylıq olaraq, 8500 manat əməkhaqqı alırsa, 8000 manatın 2, qalan 500 manatın 0,5 faizi miqdarında icbari tibbi sığorta haqqı hesablanacaq. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz icbari tibbi sığorta haqqı ödəniləcək. 2021-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub”.

Sözügedən qanuna olunan digər dəyişikliklər də əhalinin xeyrinədir. Belə ki, yeniliyə əsasən dövlət büdcəsi hesabına (tütün məmulatları, alkoqolluenergetik içkilərə tətbiq edilən sığorta haqları istisna olmaqla) və digər icbari tibbi sığorta haqlarının 1 aprel 2020-ci ildən toplanılması nəzərdə tutulur. 2023-cü ildən etibarən isə qanunun 15-2.3.6-cı maddəsinə əsasən, müstəqil ödəyicilər üzrə təqvim ili üçün minimum aylıq əməkhaqqının 48 faizi miqdarında icbari tibbi sığorta haqqı nəzərdə tutulub. Məsələn, hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 250 manatdır. Həmin məbləğin 48 faizi miqdarında (təqvim ili üçün 120 manat) icbari tibbi sığorta haqqı hesablanır.

Qanunda başqa bir vacib məqamsa bütün əhalinin sığortaolunan hesab edilməsi və xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərdən yararlanmaqda bərabər hüquqa malik olmasıdır.

 

* * *

 

Təbii ki, bir yazıda icbari tibbi sığortaya keçidlə bağlı görülən tədbirlərin hamısını əhatə etmək mümkün deyil. Amma yəqin bunlar da kifayət edər ki, ölkədə tətbiqinə başlanılan və əhalinin bütün təbəqələrini əhatə edən bu vacib sosial tədbirin də uğurlu gələcəyinə şübhə qalmasın.

 

Raqif MƏMMƏDLİ

 

Azərbaycan.- 2019.- 26 dekabr.- S. 1; 10.