Demokratik və şəffaf seçki nümunəsi

 

Bələdiyyə seçkiləri Azərbaycanın seçki demokratiyasının daha da təkmilləşməsinə öz töhfəsini verəcək

 

2019-cu il ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrlə yadda qaldı. Ötən dövrlərə nəzər salsaq, bu il ölkənin daxili, xarici siyasətində əldə olunan uğurlar nəticəsində Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi dünyada sürətli inkişaf nümunəsi göstərdiyinin şahidi oluruq.

Belə nümunələrdən biri də önəmli siyasi hadisə kimi dekabrın 23-də keçirilən sayca beşinci bələdiyyə seçkiləri oldu. Seçici hüququna malik ölkə vətəndaşları növbəti 5 il üçün yerli özünüidarəetmə orqanlarına üzv seçilmək istəyən namizədlərə etimad göstərdilər.

Seçki kampaniyasının başlanılmasına start verildiyi gündən Seçki Məcəlləsinin tələblərinə və MSK-nın təsdiq etdiyi Təqvim Planına uyğun qaydada bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi, seçkilərə hazırlıq mərhələsi, qeydə alınmış namizədlərin təbliğat-təşviqat kampaniyası uğurla reallaşdı.

Səsvermə isə ölkə üzrə 7 seçki dairəsi (Ermənistan tərəfindən əraziləri işğal edilmiş rayonları əhatə edən 118 saylı Ağdam şəhər, 120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 125 saylı Zəngilan-Qubadlı) istisna olmaqla, ümumilikdə 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində keçirildi. Ölkə üzrə səsvermədə iştirak edəcək seçicilərin sayı 4 milyon 972 min 356 nəfər idi.

Seçkilərdə bələdiyyə üzvü olmaq istəyən namizədlərin sayı 41 min 462 nəfər idi. Bu dəfə namizədlərin sayı 2014-cü ilin bələdiyyə seçkilərindən (37 min 77 nəfər) 4 min 385 nəfər çox idi. Namizədlərin bir qismi seçkidə öz təşəbbüsü ilə iştirak edirdi. Bir qisim namizəd isə 13 siyasi partiya tərəfindən irəli sürülmüşdü.

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi izlədi. Səsvermə prosesini müşahidə edən xarici qonaqların əksəriyyəti seçkilərin çox sakit və sərbəst şəkildə keçdiyiniheç bir xüsusi hal qeydə alınmadığını söylədilər.

Çünki istənilən seçki məntəqəsi bütün zəruri avadanlıqla, seçki bülletenləri, gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq, yeni nəsil şəxsiyyət vəsiqələrini tanımaq üçün xüsusi cihazlarla təmin edilmişdi. Vətəndaşlar sərbəst şəkildə məntəqələrə gəlib istədikləri namizədin bələdiyyə üzvlüyünə seçilməsi üçün səs verdi. Seçki məntəqələri bağlanarkən isə səsvermədə iştirak etmiş seçicilərin sayı 1 milyon 627 min 64 nəfər və yaxud ümumi seçicilərin 32,72 faizini təşkil etdi.

Elə xarici KİV də ölkəmizdə keçirilən bələdiyyə seçkilərinə geniş yer verdi. Seçkilərin azad və ədalətli keçirilməsi üçün görülən işlərdən, səsvermənin şəffaflığının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən bəhs edən Türkiyə KİV yazır ki, bütün məntəqələr seçicilərin öz siyasi iradələrini azad şəkildə ifadə etmələri üçün zəruri şəraitlə təmin olunmuşdu.

Seçici fəallığı, səsvermənin izlənilməsi üçün kütləvi informasiya vasitələri nümayəndələrinə yaradılan şərait, namizədləri təmsil edən şəxslər və müşahidəçilərin hüquqlarının qorunması məsələləri də qardaş ölkə mediasının məlumatlarında yer alıb.

Ümumiyyətlə, Seçki Məcəlləsinə əsasən, ölkəmizdə yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər. MSK isə dekabrın 23-də açıqladığı məlumatda bəyan etdi ki, ümumilikdə seçkilər sakit şəraitdə keçib, seçicilərin öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb, onlar da bundan lazımi qaydada istifadə edib istədikləri namizədə səs veriblər.

Artıq 20 ildir ki, fəaliyyətdə olan yerli özünüidarəetmə orqanı kimi bələdiyyələrin dekabrın 23-də səsvermə nəticəsində yeni tərkibi formalaşdı, minlərlə vətəndaş ölkənin yerli özünüidarəetmə orqanlarında təmsil olunaraq regionların idarə olunmasında, sosialiqtisadi problemlərinin həllində, bütövlükdə dayanıqlı inkişafın təmin edilməsi prosesində yaxından iştirak etmək imkanları qazandı. Onların sırasında gənclərin xüsusi yer turması da sevindirici haldır.

Onu da diqqətə çatdıraq ki, bələdiyyə seçkilərindən əvvəl və onun gedişində aqressiv müxalifət öz ənənəsinə sadiq qalaraq bu seçkiləri də gözdən salmaq, yerli idarəetmənin strukturundakı rolunu şübhə altına almaq istiqamətində uğursuz təbliğat aparmağa cəhdlər göstərdi. Lakin əhalinin seçkilərə göstərdiyi maraqictimai fəallıq onların cəmiyyətlə ayaqlaşa bilmədiklərini və xalqın arasında nüfuzunu tam olaraq itirdiyini bir daha sübut etdi.

Əlavə edək ki, gələn ildən ölkəmizdə bələdiyyələrə ayrılan dotasiya və subvensiyanın da həcmi artırılıb. Büdcədə bələdiyyələrə ayrılan dotasiya və subvensiyanın həcmi 6,2 milyon manat olub. Bu məbləğin 5 milyon manatı dotasiya, 1,2 milyon manatı isə subvensiya təşkil edib. Qeyd edək ki, ötən il ayrılan məbləğin həcmi 5,5 milyon manat idi.

Bir sözlə, əminliklə deyə bilərik ki, ölkədə keçirilən növbəti bələdiyyə seçkiləri Azərbaycanın seçki demokratiyasının daha da təkmilləşməsinə öz töhfəsini verəcək.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 26 dekabr.- S. 1; 9.