Gəncliyə
nümunə və dəstək olan Lider
İnkişafın
yazılmamış bir qanunauyğunluğu var: hər mərhələ
kifayət qədər möhkəmlənməlidir ki, növbəti
mərhələ üçün təməl ola bilsin. Bu proses iki cür irəliləyə
bilir: üsyan və ya islahat. Birinci halda, bərkiməmiş,
zəif postament üzərinə nə qədər sağlam
bir mərhələ gəlirsə gəlsin, uçulmağa
məhkum olur. Belə halda xalq dərin
böhrana düşür, dövlətə, gələcəyə
inamını itirir. Yaxud möhkəm təmələ
aldananlar növbəti addıma zərurət görmür, nəticədə
yenə də durğunluq yaranır, hərəkətverici
qüvvə sərf olunmadan toplanır və cəmiyyətdə
sıxılmış yay effekti formalaşmağa
başlayır.
Məsələ burasındadır ki, növbəti
addımın qarşısını almaq olmur, ən
yaxşı halda onu gecikdirmək mümkündür. Nəticədə
qüvvələr parçalanır, maraqlar toqquşur,
qazanılanlar itirilir. Yəni növbəti
mərhələ tənəzzülə uğrayır və
inkişaf sıfırlanır. İkinci
halda, hər uğur növbəti uğur üçün zəmin
rolunu oynayır və proseslər zəncirvari şəkildə
davam edir. Belə inkişafın
başlıca amili dövlətin hərəkətverici
qüvvəsi və güclü enerjisi olan gəncliyə
düzgün nümunə olan və ona lazımi dəstək
göstərən Liderdir. Mərhələlərin
bir-birini əvəz etməsi isə islahatlar vasitəsilə
baş verir. Bakı Dövlət Universitetinin yubileyində
Prezident İlham Əliyev bunu çox böyük dəqiqliklə
belə vurğulayır: "İslahatlar bizim şüurlu
seçimimizdir. Elə fərz edə bilərik
ki, nəyə lazımdır bu islahatlar? Onsuz
da hər şey yolunda gedir, ölkə inkişaf edir, yeni
müəssisələr açılır, abadlıq işləri
görülür. Yox, struktur
islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır”.
İşin əhəmiyyətli məqamı məhz
bundadır: gənclər qarşısında
çıxış edən ölkə
başçısı həm keçmişin təhlilini
verir, həm özünü bir Lider kimi xarakterizə edir, həm
də gənclərə uğurlu inkişafın yolunu
göstərir.
Gənclik - inkişafın yeni nəfəsi
Azərbaycan müstəqillik qazanandan sonra Ulu Öndərin
sabit inkişaf üçün əhəmiyyətli
addımlar atması, əsrə səs salan müqavilələr
imzalaması gənc dövlət üçün kifayət qədər
möhkəm və sağlam bir təməl oldu. Bunu nəzərdə tutan
Ulu Öndər 2003-cü ildə Azərbaycan xalqına
müraciətində deyir: "İlk növbədə
dövlətçiliyimizin əsasını təşkil edən
ictimai-siyasi sabitliyə nail olmuş, milli birlik və
qanunların aliliyinə söykənən vətəndaş
cəmiyyətinin təməlini qoymuşuq. İkincisi,
hər bir dövlətin, onun yaşamasının qayəsini
təşkil edən ölkə iqtisadiyyatını yenidən
qurmuşuq, inkişaf yoluna çıxarmışıq.
Üçüncüsü, Azərbaycan
xalqının istək və arzularının ifadəsi olan,
özünün bütün müvafiq təsisatlarına
malik güclü, demokratik dövlətimizi qura bilmişik,
onun müstəqilliyinin dönməzliyini təmin etmişik”.
Bununla belə, müasir dövrün tələbləri,
qloballaşmanın çağırışları,
müharibə vəziyyəti artıq növbəti mərhələnin
gəlməsini tələb edirdi. Təbii
ki, bu güclü və sabit təməl üzərində
başlanacaq növbəti mərhələ layiqli bir rəhbərlə
başlamalı idi. Bir xalqa 34 il rəhbərlik etmiş,
onun mənəvi dəyərlərini, potensialını,
psixologiyasını gözəl bilən, "öz mənalı
həyatının düz 60 ilini xalqının bu günü
və sabahı ilə yaşamış” Ümummilli Lider
növbəti mərhələdəki
başçının kimliyinin, şəxsiyyətinin
böyük əhəmiyyətini gözəl dərk edirdi və
zəruri addımı atdı - estafeti daha gənc bir Liderə
etibar etdi: "O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri Sizin köməyiniz
və dəstəyinizlə İlham Əliyev başa
çatdıra biləcək. Mən ona
özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”. Bu müraciətdə həm xalqa, həm onun gələcək
liderinə, həm də gənc dövlətin gələcəyinə
inam var idi.
Cənab
İlham Əliyevin müstəqil Azərbaycanın yeni mərhələsinin
qurucusu olması özündə bir neçə missiyanı
ehtiva edirdi: milli identikliyin təminatçısı olan mənəvi
dəyərləri, tarixi kökü və ənənələri
qorumaq, dövrün sərt tələblərinə cavab vermək
üçün irəli getmək və bununla da növbəti
mərhələnin zəminini hazırlamaq. Əslində bu
işin ağırlığını Ulu Öndər
özünün 13 oktyabr 2003-cü ildə Azərbaycan
Respublikası Gənclərinin III Forumuna müraciətində
vurğulamışdı: "XXI əsrdə müstəqil
Azərbaycanın inkişafı naminə görüləcək
bu əzəmətli işlərin həyata keçirilməsinin
əsas ağırlığı və məsuliyyəti isə
bugünkü gənclərin üzərinə
düşür. İnanıram ki, zəngin və dərin mənəviyyata
sahib, vətənpərvər gəncliyi olan
xalqımızın daha böyük, daha parlaq gələcəyi
var. Ona görə də Azərbaycanı, Azərbaycan
dövlətçiliyini yaşatmaq, onu qüdrətli etmək
üçün siz, yüksək amallı Azərbaycan gəncləri
daim hazır olmalısınız”. Bu, gənc
respublikanın ən güclü hərəkətverici
qüvvəsinə - gənclərə və təbii ki,
onların yeni Liderinə bir çağırış idi.
Azərbaycanın
yeni mərhələsi iki istiqamətdə davam etdi: beynəlxalq
aləmdə özünü etibarlı tərəfdaş
kimi təsdiqləmək və özünün gələcək
strategiyasını təyin etmək. Bir ölkənin
gücü onun iqtisadiyyatı, siyasəti ilə
yanaşı, həm də onun insan resurslarındadır və
onun böyük faizini məhz gənclər təşkil edir.
2008-ci ildə mədəniyyətlər və
sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun
qurulması məqsədilə "Bakı Prosesi”nin əsası
qoyuldu, 2012-ci ildə isə "Azərbaycan 2020: gələcəyə
baxış” inkişaf konsepsiyası qəbul edildi. Əslində "gələcəyə
baxış” ifadəsini gəncliyə baxış kimi də
təhlil etmək olar. Çünki bu
proseslərin aparıcı qüvvəsi gənclər,
onların malik olduğu güclü enerjidir.
İnkişaf konsepsiyasında belə bir ifadə var:
"Elmin maliyyələşdirilməsinə dövlət
büdcəsi resursları ilə yanaşı, digər mənbələrin
də cəlb olunması stimullaşdırılacaq ki, bu da,
son nəticədə, elmi fəaliyyətlə məşğul
olan işçilərin, o cümlədən gənclərin
sosial müdafiəsini gücləndirəcək və
"beyin axını”nın qarşısını
alacaqdır”. Hər gənc olduğu cəmiyyətin
bir elementidir və malik olduğu potensial, ilk növbədə,
öz vətənində reallaşmağa cəhd edir. Burada əhəmiyyətli bir məqam var ki, bəzən
onun olduğu məkan bu potensiala sığışmır və
o daha geniş üfüqlərin axtarışına
çıxır, yəni gənc ya öz ölkəsini tərk
etməyə meyilli olur, ya da dağıdıcı qüvvəyə
çevrilməyə başlayır. Deməli,
"beyin axını”nın qarşısını almaq, ilk
növbədə, gənclərin potensialı
üçün geniş imkanların yaradılmasını nəzərdə
tutur. Təsadüfi deyil ki, inkişaf
konsepsiyasında əsas prioritetlər sırasında
"2020-ci ildə Azərbaycanı iqtisadi və siyasi cəhətdən
inkişaf etmiş, rəqabətqabiliyyətli ölkəyə”
çevirmək məsələsi də durur. Məsələ burasındadır ki, nə qədər
güclü orqanizm olursa olsun, davamlı enerji itkisi onu acizləşdirir
və düşmən qüvvələrin marağına səbəb
olur. Bəli, Azərbaycan gənci
savadlı və istedadlıdır və buna görə
"beyin axını”na yol vermək olmaz. Xarici
qüvvələrin də bu səbəbdən ilk hədəfi
məhz gənclər olur. Artıq 2020-ci ilin
astanasında ölkə Prezidenti İlham Əliyev gənclərə
xaricdən gələn təhlükə barədə xəbərdarlıq
edib deyir: "Onlar gəncləri əsas hədəf
seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər,
onların beyinlərini zəhərləmək istəyirlər,
onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi
dəyərlərə qarşı qaldırmaq istəyirlər.
Alınmır və alınmayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir,
Vətəni sevəndirlər, Vətənə
bağlıdırlar”.
Azərbaycanın inkişafında növbəti mərhələnin
astanasında ölkə rəhbəri təməlin kifayət
qədər möhkəm qurulduğunu, "yeni mərhələnin
başlanğıcında” gənclərin bu əhəmiyyətli
addıma hazır olduğu ismarıcını verir. İlham Əliyev deyir:
"Təcrübə, bilik və gənclərin dinamizmi,
novatorluğu, yeniliyə, islahatlara meyilliliyi - bu sintez Azərbaycanda
var. Həm cəmiyyətdə, həm iqtidarda var. Biz ənənəvi
dəyərlər üzərində dövlət qururuq,
böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər
də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə
fikir versinlər”. Bəli, növbəti mərhələ -
növbəti uğurlu addımın qızıl qaydası
yenə qorunur: milli ruha, kökə hörmət,
bağlılıq, gənclərin potensialına güvən
və onun reallaşması üçün yaradılan şərait.
Prezident vurğulayır: "Mən bir dəfə demişəm,
hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə
dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, "Stop islam!” deyənlərə?
Haraya inteqrasiya etməliyik, qadınla kişi
arasında fərq görməyənə? Mən
artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik.
Ona görə Azərbaycanda yaşlı nəsil, gənc nəsil
bir yerdə olmalıdır, necə ki, ali
məktəblərdə. Baxın, indi Bakı Dövlət
Universitetində minlərlə gənc var, müəllim var.
Müəllimlər biliklərini bölüşürlər,
gənclər öyrənirlər, sabah
onların yerini tutacaqlar. Belə inkişaf etməliyik”.
Lider mümkün təhlükəni digərlərindən
tez görməklə kifayətlənmir, həm də irəliləmək
üçün sağlam və əmin-aman yolu göstərir;
yalnız kökə, ənənəyə
bağlılığın əhəmiyyətini qeyd etmir, həm
də dövrün tələblərinə cavab olaraq gəncləri
irəli apara bilir.
Bilik, təhsil - davamlı
inkişafın təminatı
İnkişafının düzgün istiqamətini
seçmək uğurun başlanğıcı və yüksək
nailiyyətin təminatıdır. Təbii ki, bu yolda
çətinliklər də olur, maneələr
çıxıb ruhdan da salır, ancaq əldə olunan
uğur bu maneələri keçməyə kömək edir,
gücü daha da artırır. Bu istiqamətin
seçimi iki cür olur: ya fərd yalnız öz şəxsi
maraqlarını nəzərə alır və bütün
xalqa məcburi şəkildə qəbul elətdirir, ya da
xalqın potensialını, milli ruhun tarixi inkişaf yolunu nəzərə
alır. Yəni birində mərkəz nöqtədə
fərd durur və həmin yolun ömrü o fərdin hakimiyyəti
illəri qədər olur. Növbəti mərhələdə
başlanan yol artıq onun davamı ola
bilmir və nəticədə xalq öz inkişafında az
qala bir nəsil geri düşür, hətta sıfırdan
başlamalı olur. Digərində isə mərkəzdə
xalq və dövlət durur. Bu prosesin hərəkətverici
qüvvəsi gənclər, onun uğurlu nəticəsinin təminatı
isə Lider olur.
Əslində, gənclik kimi möhtəşəm
potensialı, enerjini öz arxası ilə apara bilmək də
böyük hünər və bacarıq tələb edir. Bu baxımdan, Liderliyin ilk və
danılmaz göstəricisi öz şəxsiyyəti, təhsili
və təcrübəsi ilə nümunə ola
bilməkdir. Müasir Azərbaycanın
uğurunun ən böyük göstəricisi məhz budur.
Məsələ burasındadır ki, Lider
yalnız öz xalqını tanımaqla onun gəncinə
düzgün yol göstərə bilər; o, öz xalqı
ilə eyni ruha sahib olmalıdır ki, xalq ona inansın, onun
arxası ilə getməyə razı olsun. Bu
baxımdan, ölkəmizin rəhbərinin üzünü məhz
gənclərə tutub bu tövsiyələri verməsi bir zərurətdir
və bu tövsiyədə xalqın kimliyinin ən vacib
xüsusiyyətlərini vurğulayır: "Biz ənənəvi
cəmiyyətdə yaşayırıq və
yaşamalıyıq. Qadınlara hörmət
etməliyik, biz onları qorumalıyıq, onları müdafiə
eləməliyik. Onlar bizi yox, biz onları.
Gender bərabərliyi var, biz də bunu qəbul
edirik. Amma biz ənənəvi
düşüncədən kənarda yaşaya bilmərik və
gənc nəsil də bunu bilsin. Yaşlılara
hörmət olunmalıdır, yaşına görə.
İndi bəziləri istəyirlər ki, bizim
lüğətimizdən "ağsaqqal”, "ağbirçək”
sözləri çıxsın, necə ki, bəzi ölkələrdə.
Onlara baxanda adam dəhşətə gəlir.
Sonra da bizə deyirlər ki, gəlin bizə
inteqrasiya edin”. Əslində, cənab
İlham Əliyev bir neçə kəlmə ilə Azərbaycanın
haradan gəlib hara getməli, hansı dəyərlərə
xidmət etməli olduğunu, bir sözlə desək,
uğur və bərəkəti harada axtarmağı göstərir.
Gənclərin öz ölkəsinə yararlı kadr
kimi yetişməsi üçün, ilk növbədə, ona
mükəmməl savad verilməlidir. Bu vacib amilə Ulu
Öndər də önəm verib, müasir dövrün
Lideri olan İlham Əliyev də. Məsələn,
dövlət başçısının da verdiyi məlumata
görə, Ulu Öndər "Azərbaycan gənclərinin
Sovet İttifaqının aparıcı ali
məktəblərində oxuması üçün
böyük səylər göstərmişdi və bu, unikal
xarakter daşıyırdı. Çünki
sovet məkanında buna oxşar təcrübə yox idi.
Hər il təqribən 800-ə yaxın
Azərbaycan gənci Bakıda imtahanlar verməklə Sovet
İttifaqının Moskva, Leninqrad və digər böyük
şəhərlərindəki aparıcı ali məktəblərinə
ezam edilmişdir. Beləliklə, Azərbaycanın
gələcəyi üçün güclü kadr
potensialı yaradılırdı”. Eyni ənənə
bu gün də davam edir: "Tələbələrə də
sözüm budur ki, bilikli olsunlar. ...Əgər
bilik olmasa, savad olmasa, müasir dünyada bu, əhəmiyyətsiz
bir şeydir. ...Bilik, savad - gənclərin yaxşı gələcəyini,
təminatlı gələcəyini müəyyən edən
budur”. Təbii ki, söhbət müəyyən
ixtisas üzrə biliklərin alınması ilə
yanaşı, həm də öz xalqının milli-mənəvi
dəyərlərini, milli ruhunu tanımaqdan, tarixi
kökünü və kimliyi dərk etməkdən gedir.
Bunu yeni Liderin gənclərə xitabının
bütünlüklə ruhunda sezmək mümkündür.
Nəticə
Gənc bir xalqın hərəkətverici qüvvəsi,
eyni zamanda, dövlət adlı imarətin kərpicidir. Bu kərpiclər
nə qədər sağlam olarsa, bir o qədər qurulan
divar, bina möhtəşəm və möhkəm olar. Burada ən vacib məqam budur ki, inkişaf, quruculuq
dayanmamalıdır. Ölkə rəhbərinin
qeyd etdiyi kimi, "Kadr islahatları gedir, bu da zərurətdir,
durğunluq yarada bilmərik, sovet dövrünün
durğunluğu hələ ki, yadımızdan
çıxmayıb. Ona görə kadr
islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə,
təbii yolla, burada da heç bir əyintilərə yol vermək
olmaz”. Lider qurucudur, rəhbərdir,
nümunədir. Gəncləri öz
nümunəsi əsasında yönləndirən də odur,
inkişaf istiqamətini düzgün seçib onları hərəkətverici
qüvvəyə çevirən də, hər mərhələni
növbəti mərhələ üçün təməl
kimi hazırlayan da.
Könül BÜNYADZADƏ,
AMEA-nın müxbir üzvü
Azərbaycan.-
2019.- 26 dekabr.- S. 5.