Təhsil naziri Qəbələdə gənc müəllimlərlə görüşüb

 

Təhsil naziri Ceyhun Bayramov dekabrın 25-də Qəbələ rayonunun Vəndam qəsəbəsində yeni istifadəyə verilmiş 2 saylı tam orta məktəbin akt zalında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə nazir Ceyhun Bayramov təhsilin keyfiyyətinin yüksəldilməsində müəllimin mühüm rolundan danışıb. Nazir bildirib ki, son illər müəllim peşəsinin nüfuzu daha da yüksəlib, müəllim olmaq istəyənlərin sayı xeyli artıb. Müəllimi gələcək cəmiyyətin memarı adlandıran Ceyhun Bayramov vurğulayıb ki, müəllimin əsas vəzifəsi cəmiyyət üçün layiqli vətəndaş yetişdirməkdir. Müəllim yalnız tədris fəaliyyəti ilə deyil, obrazı, davranışı ilə də şagirdlərə nümunə olmalıdır.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirən Təhsil naziri deyib ki, bu qurum müəllimlərin inkişafına stimul verir, onları daha səmərəli işləməyə həvəsləndirir. Diqqətə çatdırılıb ki, Assosiasiyanın fəaliyyəti çərçivəsində gənc müəllimlər üçün online platforma istifadəyə veriləcək. Müəllimlər həmin platforma vasitəsilə fəaliyyətlərinə dair məlumatları, yenilikləri paylaşa biləcəklər.

Görüşün sonunda gənc müəllimləri maraqlandıran suallar cavablandırılıb.

 

Azərbaycan.- 2019.- 26 dekabr.- S. 9.