2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 24 dekabr 2019-cu il tarixli 11 saylı müraciətə baxılmasına dair

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 23/113

 

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Sarov bələdiyyəsi üzrə qeydə alınmış namizəd Nuruyev Emin Məhərrəm oğlu 2019-cu il dekabrın 25-də teleqramla Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək seçki məntəqəsinə özünün və müşahidəçisinin buraxılmadığını iddia etmiş, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən şikayət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

 

1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Sarov bələdiyyəsi üzrə qeydə alınmış namizəd Nuruyev Emin Məhərrəm oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 dekabr 2019-cu il tarixli 19 saylı müraciəti aidiyyəti üzrə araşdırılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

 

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

 

Katib Arifə Muxtarova

 

Katib Mikayıl Rəhimov

 

Azərbaycan.- 2019.- 27 dekabr.- S. 5.