2019-cu il dekabrın 23-də keçirilmiş
bələdiyyə seçkilərində 25 dekabr
2019-cu il tarixli 17
saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 23/120
2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 79 saylı İmişli seçki dairəsindən Yalavac bələdiyyəsi üzrə qeydə alınmış namizədlər Məmmədov Hümbət Qoçu oğlu və Cəfərov Habil Əkbər oğlu 25 dekabr 2019-cu ildə teleqramla Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək adı çəkilən seçki dairəsinin 40 və 41 saylı seçki məntəqələri məntəqə seçki komissiyaları tərəfindən qeydə alınmış namizədlərə və müşahidəçilərə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokolunun surətinin verilməsindən imtina etdiklərini, habelə həmin seçki məntəqələrində seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia etmiş, bununla bağlı qanunauyğun tədbirlərin görülməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Həmin məcəllənin 112-1.12-ci maddəsinə görə müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 79 saylı İmişli seçki dairəsindən Yalavac bələdiyyəsi üzrə qeydə alınmış namizədlər Məmmədov Hümbət Qoçu oğlu və Cəfərov Habil Əkbər oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 dekabr 2019-cu il tarixli 17 saylı müraciət aidiyyəti üzrə araşdırılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.- 2019.- 27 dekabr.- S. 6.