Qış turizminin qızğın dövrü
başlayır
Bir çox dünya ölkələrində turizm həvəskarları ən yaxşı istirahət üçün qızmar yaz-yay aylarını qəbul etsələr də, payız-qış mövsümünün üstünlüklərindən faydalanmaq üçün səyahətə çıxmaq istəyənlər də az deyil. Əslində hər fəslin öz dəyəri, öz istirahət imkanları var. O da ola Azərbaycan kimi ölkə. İlin bütün fəsillərində burada istirahət, gəzinti və müalicə üçün gözəl təbii şərait var. Ölkəmizdə qış turizmi 2011-ci ildən inkişaf etdirilməyə başlayıb.
Xüsusilə Qəbələ rayonunda Tufandağ, Qusar rayonunda Şahdağ turizm mərkəzləri istifadəyə verildikdən sonra bu sahəyə maraq daha da artırılıb. Qış turizminə dair uşaq və böyüklər üçün aktiv əyləncə mərkəzləri yaradılıb, indi xizək sürmək, buz meydançasında sürüşmək üçün başqa ölkələrə getməyə ehtiyac yoxdur. Respublikamızda belə ünvanların sayı çoxdur. Onlardan biri də Azərbaycanın tarixində ilk dağ-xizək kurortu kimi tanınan "Şahdağ” Qış-Yay Turizm İstirahət Kompleksidir. Qusar rayonunun mərkəzindən 32, paytaxtdan isə 210 kilometr məsafədə yerləşən bu kompleksdə fəslin bu çağında möcüzəli mənzərələr yaşanır. Kimi kanatlarla yerlə-göy arasında gəzintidə, kimi xizəksürmə yarışlarında, kimi ailəsi və yaxınları ilə piyada gəzintisində, kimi də bu romantik aləmi sadəcə seyr etməyindədir. Dəniz səviyyəsindən 1.300-3.200 metr hündürlükdə yerləşən bu kompleksdə xizək idmanı ilə məşğul olmaq, yaxşı xizək sürmək üçün təlimlər keçirilir, yol-marşrut xətləri və təhlükəsizlik qaydalarına diqqət yetirmək və s. barədə məlumatlar verilir.
Buradakı turistlərin, eləcə də meşələrlə örtülü dağların və dərələrin qoynunda yerləşən, "Qarabulaq”, "Qayibulaq”, "Şahdağ”, "Şahbulaq”, "Qusar bulaq”, "Star Qusar” və digər istirahət mərkəzlərinə gələn səyahət həvəskarlarının, xüsusən də Rusiya Federasiyasından olanların çoxluğundan belə qənaətə gəlirsən ki, qış aylarında ölkəmizə ən çox turist Qusara gəlir. Qusarın ağappaq qara bürünmüş dağ və dərələri buraya yolu düşənləri sanki ovsunlayır, onları təkrar bu füsunkar yerlərə qayıtmağa məcbur edir. Turistlər arasında ilk diqqətimi çəkənlərdən biri də saçı-saqqalı ağarmış, təqaüd yaşında olan İqor Əsgərov oldu. Elə ilk tanışlıqdan, bir az çətinliklə də olsa, - mən də azərbaycanəsilliyəm, atam azərbaycanlı, anam rus olub. Biləcəridə yaşamışıq. Atam dəmiryolçu idi. Biləcəridə 300 nömrəli orta məktəbi bitirdikdən sona Rusiyada hərbi xidmətdə oldum. Axı azərbaycanlılar polisdə işləməyi sevirlər, mən də Moskvada Polis Akademiyasında oxudum və müxtəlif məsul vəzifələrdə çalışdım. İndi təqaüddəyəm. İldə iki dəfə - yayda dəniz kənarına Novxanıya, Bilgəhə, qışda isə Qusara gəlirəm.
Bu ara söhbətinə ani fasilə verən müsahibim danışığımıza maraqla qulaq asan həyat yoldaşını göstərərək - tatardır, adı Olqadır, yanındakı oğlum Maksim, o gəlinim, bu da nəvəm Ruslandır. Dünyanın hansı ölkəsində kiminlə tanış olmuşamsa, özümü azərbaycanlı kimi təqdim etmişəm. İşimlə əlaqədar çox ölkələri gəzmişəm, Bakını yaxşı tanıdığım üçün deyirəm, bunu qeyd etməmək mümkün deyil, şəhər tamamilə dəyişib, dünyanın gözəl məkanlarından biri olub. İstər yayda Xəzər ətrafında, istərsə də rayonlarda, xüsusən də Qusarda, Qəbələdə və Balakəndə yaradılan qış turizm kompleksləri sovet dönəmində dünyanın brend qış istirahət mərkəzləri hesab edilən Norveç, İsveç, Danimarka, İtaliya kimi ölkələrə nümunədir. Dünyanın elə ölkələri var ki, oralarda qış fəsli, ümumiyyətlə, olmur. Adamlar illərlə qara həsrət qalırlar. Lakin Azərbaycanda qış turizmi üçün lazımi şərait var. Bunu Qusardakı, Qəbələdəki infrastruktur sübut edir. Mən həmin ərazilərdə olmuşam və görmüşəm ki, hər şey yüksək səviyyədədir. İnanın, bunlar məni bir azərbaycanlı kimi çox sevindirir...
Müsahibimin dediyi kimi, qışda ölkəmizdə səfalı təbiəti, eləcə də tarixi memarlıq və təbiət abidələri ilə turistləri cəlb edən məkanlardan biri də Qusarın qonşuluğundakı Qubadır. Qış turizmi dağ-xizək xidmətlərinə tələbatın artması, eləcə də təmiz havası və Bakıya yaxınlığı ilə seçilən Qubanı əsas istirahət zonalarından birinə çevirib. Son illər bu rayonda hotellərin də sayı artmışdır. "Guba Olympic Complex”, "Shane Hotel Quba”, "Shahdag Hotel Guba”, "Cənnət Bağı Hotel”, "Qala Qonaq Evi”, "Xınalıq Qonaq Evi”, "Retro Hotel Quba”, "Terrace Hotel Guba”da, "Quba Rixos Hotel” kimi istirahət mərkəzləri nəinki respublikamızın ayrı-ayrı bölgələrindən, eləcə də xarici ölkələrdən buraya qış istirahətinə gələnlərin məmnunluqla üz tutduqları məkanlardır. Qubada olarkən yalnız turizm obyektlərində deyil, yerli sakinlərə məxsus evlərdə də istirahət etməyə gələnlərin çoxluğunun şahidi olduq.
Şimal bölgəsinin qış turizm obyektlərindən söhbət düşəndə ölkəmizin şimal-şərqində əsrarəngiz təbiətə, böyük qış turizm resurslarına malik Balakən rayonunun da adını çəkmək yerinə düşər. Rayon Katexçay şəlaləsi, İmambulaq, Arılıq, Qaraçay-Razvedka, Mazımqara, Mirovoya voda, Şərif kəndində Bağman bulağı və s. kimi gəzməli, görməli yerlərlə zəngindir. Balakənin meşə örtüyü ölkənin meşə ehtiyatlarının 5 faizini təşkil edir. Qış aylarında qarla örtülü bu meşə zolaqları əsrarəngiz gözəlliyi ilə göz oxşayır. Maraqlısı odur ki, dünyada Şuşadan başqa heç yerdə bitməyən Xarı bülbül adlı məşhur gül Balakən rayonunda bitir. Rayonun zəngin faunası qış aylarında ov ovlamaq üçün çox əlverişlidir. Rayonun dağ və düzənlik meşələrində qonur ayı, dağ keçisi, canavar, çaqqal, tülkü, qaban, dovşan, cüyür və s. heyvanlar yaşayır. Balakən üçün əsasən rütubətli subtropik və dağ-tundra iqlimi səciyyəvidir. Yanvar ayında orta temperatur - 1,5-7,8 dərəcə təşkil edir. İllik yağıntının miqdarı 600 mm-dən 1400 mm-ə qədər olur. Balakənin Katex şəlaləsi, Qubek-Su dönən, "Mirovoya voda”, Arılıq, Qaraçay, Siltik, Geoloji kəşfiyyat, Mazımçay, Darvazbinə, Göyəmtala, Qanıx, Qabaqçöl, Bağman bulaq, Kubçar bulaq, Aviasiya mərkəzi, İmam bulağı, İtitala, Gərəkli - Zepel bulaq - Pəri qalası, Cicixana və s. Qış turizmi marşrutları hər zaman turistləri özünə cəlb edir.
Qış turizminin qızğın dövrü dekabr-yanvar-fevral ayları hesab olunur. Dövlət Sərhəd Xidmətindən aldığımız məlumata görə, 2019-cu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 364,2 min və ya 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Rəhman SALMANLI
Azərbaycan.- 2019.- 27 dekabr.- S. 11.