Turistlərin
sayı ildən-ilə artır
Son illərdə ölkəmizdə turizmin inkişafı istiqamətində böyük layihələr icra olunub, müasir infrastruktur yaradılıb. Turizm sənayesinin sürətli inkişafını təmin etmək məqsədilə fərman və sərəncamlar imzalanıb, dövlət proqramları qəbul olunub, mühüm layihələr həyata keçirilib. Bu sahə ilə bağlı Azərbaycanın inkişaf strategiyası ümumilikdə iqtisadiyyatın gücləndirilməsində böyük əhəmiyyət kəsb edir.
Turistlərin Azərbaycanda daha yaxşı vaxt keçirmələri, problemlərlə qarşılaşmamaları üçün mühüm işlər görülür. Son illər turizm sahəsində, ilbəil ölkəyə gələn turistlərin sayı artmaqda davam edir. 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2,4 milyon xarici qonaq gəlib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz çoxdur. Bu göstəricilər turizm sahəsində dinamik inkişafın olduğunu söyləməyə əsas verir.
"Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd edildiyi kimi, mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycanın 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevrilməsi başlıca hədəflərdən biridir. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir.
Qeyd etdiyimiz kimi, bu gün turizm sənayesi dünyanın ən dinamik və populyar hesab olunan sahələrindəndir. Ümumdünya Turizm Təşkilatının proqnozlarına əsasən, beynəlxalq turizm sənayesinin davamlı inkişafı nəticəsində xarici turistlərin sayı ildə orta hesabla 43 milyon nəfər artmaqla, 2030-cu ilədək 1,8 milyard nəfərə çatacaq. Yeni yaranmış turizm mərkəzlərində xarici turistlərin sayı ənənəvi turizm mərkəzləri ilə müqayisədə 2 dəfə çox olacaq.
Azərbaycanda da bu sahə üzrə müsbət dinamika güclənməkdədir. Ölkəmiz 2023-cü ilə qədər 4 milyona yaxın turist qəbuluna hazırlaşır. Bu məqsədlə ildə turist axınını 10 faiz artırmaq niyyətindədir.
Bu ilin sentyabrında Azərbaycana səfər edən avstraliyalı jurnalist və bloger Kassandra Çarlikin Avstraliyanın populyar "www.theurbanlist.com” saytında yer verilmiş maraqlı bir məqaləsi bu baxımdan diqqəti cəlb edir.
Müəllif respublikamızın paytaxtı Bakının görməli yerlərindən bəhs edir, İçəri şəhər, Qız Qalası, Şirvanşahlar Sarayı, Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Azərbaycan Milli Xalça Muzeyi kimi tarixi və müasir memarlıq abidələri, həmçinin öz görkəmi ilə Parisi xatırladan binalar və tarixi küçələr haqqında ətraflı məlumat verir. Məqalədə, həmçinin UNESKO-nun Mədəni İrs siyahısına daxil edilmiş Qobustan Milli Parkı və palçıq vulkanlarından bəhs olunur.
Kassandra Çarlik Atəşgah məbədinin və Yanar Dağın da turistlər üçün ən maraqlı, görməli yerlər sırasında olduğunu diqqətə çatdırır. Müəllif Azərbaycanın möhtəşəm beynəlxalq tədbirlərin, "Eurovision” musiqi müsabiqəsinin və "Formula-1” idman yarışının təşkil edildiyi mərkəzə çevrildiyini xüsusi qeyd edir. Məqalədə ölkəmizin qədim və zəngin mətbəxini qeyd edən müəllif milli kulinariyamızın ləziz nümunələrindən olan dolma, qutab, kabab, plov, müxtəlif şirniyyat növləri barədə ətraflı məlumat verir, ölkəmizdə çay süfrəsinin özünəməxsusluğu ilə diqqəti cəlb etdiyini vurğulayır.
Məqaləyə Bakının görməli yerləri, Azərbaycanın milli mətbəx nümunələri və şirniyyatlarının çoxsaylı fotoları da əlavə olunub.
Avstraliyalı jurnalist Kassandra Çarlik öz yurddaşlarına məsləhət görür ki, Odlar yurdu Azərbaycanı ziyarət etsinlər. Məqalədən bir daha bəlli olur ki, xalqımızın tarixən qonaqpərvər xüsusiyyəti ilə seçilməsi, son illər ərzində turizm sahəsində uğurla həyata keçirilən dövlət siyasəti, reallaşdırılan müvafiq layihələr bu müstəvidə Azərbaycana marağın daha da yüksəlməsinə gətirib çıxarıb. Ölkəmizə səfər edənlər buradan heyranlıqla ayrılırlar. Azərbaycan bu gün dünyanın diqqətini həm də böyük turizm potensialına malik bir ölkə kimi cəlb edir.
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.- 2019.- 27 dekabr.- S. 11.