“Nəsimi irsinin nəşrləri: problemlər və perspektivlər” kitabı nəşr olunub

 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun "Nəsimi irsinin nəşrləri: problemlər və perspektivlər” adlı kitabı çap olunub.

Kitabın elmi redaktoru akademik Kamal Abdulla, redaktoru Könül Mirzəyevadır.

Kitabda dilçi-mətnşünas Möhsün Nağısoylu Nəsimi irsinin nəşrlərindəki mövcud problemləri araşdırır, onlara müəllif münasibəti bildirir. Müəllif mövzu ilə bağlı fikirlərini əsaslandırmaq üçün bir çox hallarda ilkin qaynaqlara - əlyazma kitablarına üz tutaraq mövcud faktlara söykənir.

Girişdə Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamından bəhs olunur.

Kitab iki fəsildən ibarətdir. Birinci fəsil "Nəsiminin Azərbaycan klassik poeziyasında və ədəbi dil tarixində yeri” adlanır. Akademik qeyd edir ki, Azərbaycan ədəbiyyatında Seyid İmadəddin Nəsiminin özəl yeri və məqamı, xüsusi çəkisi və sanbalı vardır.

"Nəsimi irsinin nəşrləri: problemlər və perspektivlər” adlı ikinci fəsildə Nəsimi irsinin Azərbaycanda nəşrləri, şairin qəzəllərinin çoxvariantlılıq və səbəbləri kimi məsələlər öz əksini tapıb.

 

X.MURADLI

 

Azərbaycan.- 2019.- 27 dekabr.- S. 12.