TANAP Azərbaycanın
bütün qaz
ehtiyatlarını işə salmağa imkan verəcək
Prezident İlham
Əliyev bu kəmərin istismara
verilməsini bir daha böyük tarixi hadisə
kimi dəyərləndirib
2019-cu il Azərbaycan iqtisadiyyatının enerji sektorunda mühüm hadisələrlə zəngin olub. Bunların sırasında TANAP-ın (Trans-Anadolu Qaz Boru Kəməri) tam istifadəyə verilməsinin özünəməxsus yeri var. Belə ki, bu layihənin başa çatması "Cənub qaz dəhlizi”nin reallaşmasında önəmli əhəmiyyət daşıyır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində TANAP layihəsi ilə bağlı sual ətraflı cavablandırılıb. Dövlət başçısı bu barədə deyib: "TANAP layihəsinin istismara verilməsi, əlbəttə ki, böyük hadisədir, tarixi hadisədir. Demək olar ki, "Cənub qaz dəhlizi”nin əsas hissəsini təşkil edən bu layihə uğurla başa çatdırıldı və əvvəlcədən nəzərdə tutulmuş daha aşağı qiymətlə.
Yəni, bu layihəyə bəri başdan daha böyük vəsait nəzərdə tutulurdu. Ancaq inşaat zamanı böyük qənaətlə bu layihə icra edildi və artıq Azərbaycan qazı Avropa İttifaqının sərhədinə gətirilib çıxarıldı. Ona görə Türkiyə-Yunanıstan sərhədində bu ilin noyabrında keçirilmiş mərasim xüsusi əhəmiyyət daşıyırdı”.
TANAP-ın keçdiyi yol qısa, lakin zəngin
və şərəflidir. Bu, Azərbaycanın
və Türkiyənin, hər iki ölkənin
dövlət başçılarının birgə səyi
ilə gerçəkləşən nəhəng layihədir.
Prezident İlham
Əliyev müsahibəsində TANAP-ın salnaməsini bir daha xatırladıb:
"Qaz bazarında sən əvvəlcədən
gərək kontrakt bağlayasan,
ondan sonra qazma işləri aparasan. Bu, neft deyil
ki, istənilən yerə satmaq
olar. Bu, bazara bağlı olan məhsuldur.
Ona görə biz
görəndə ki, bu
məsələ yerində sayır, o vaxt təşəbbüs irəli sürdük və Türkiyə tərəfinə
bunu təqdim etdik. Təklif etdik ki, bu
layihənin adı
TANAP olsun - Trans-Anadolu
kəməri. Türkiyə tərəfindən müsbət reaksiya verildi”.
2011-ci il dekabrın
24-də Azərbaycan və
Türkiyə arasında
TANAP layihəsi ilə
bağlı anlaşma
memorandumu imzalanıb.
2012-ci il iyunun 26-da isə İstanbulda Trans-Anadolu Qaz Boru Kəməri
sisteminə dair sazişə imza atılıb və sənəd hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən
təsdiqlənib. 2015-ci il martın 17-də təməli qoyulan kəmər 2018-ci il iyunun 12-də istismara daxil olub.
TANAP-ı haqlı olaraq
"Cənub qaz dəhlizi”nin onurğa sütunu, birləşdirici
halqası adlandırırlar. Belə ki,
o, dəhlizi yaradan üç mühüm kəmərin ikincisi və ən böyüyüdür. Ümumilikdə
isə "Cənub qaz dəhlizi” dörd layihədən -
"Şahdəniz” yatağının
işlənməsinin ikinci
mərhələsindən, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsindən, TANAP və TAP (Trans-Adriatik Qaz Boru Kəməri)
xətlərinin çəkilişindən
ibarətdir. "Şahdəniz-2”dən hasil olunan ildə
16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyəyə,
10 milyard kubmetri Avropaya çatdırılacaq.
Mavi yanacaq CQBK vasitəsilə
Azərbaycanın və
Gürcüstanın ərazisindən
keçərək TANAP-a qoşulur.
Artıq Avropa sərhədinə çatan
TANAP gələn ildən
başlayaraq qazı hazırda çəkilişi
başa çatmaqda olan TAP-a da ötürəcək.
İndiyədək TANAP-la qardaş ölkəyə
4 milyard kubmetrə qədər mavi yanacaq nəql olunub. Qarşıdakı illərdə kəmərin
illik ötürücülük
gücü 24 milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə qədər artırılacaq.
Prezident
müsahibəsində bütün
bu layihələrin təşəbbüskarının məhz Azərbaycan olduğunu vurğulayıb:
"Onların hər
birində Azərbaycan
iştirak edir. TANAP-da 58 faiz
payla biz layihənin əsas səhmdarıyıq.
TAP-da bizim
20 faiz payımız var və digər
layihələrdə də.
Ona görə bunun çox böyük tarixi əhəmiyyəti vardır. Əminəm ki, "Cənub
qaz dəhlizi”, hansı ki, biz keçən il rəsmi açılışını
etdik, gələn il tam işə düşəcək”.
Bu layihələrin hamısı
bir-biri ilə sıx bağlıdır. Əgər TANAP-ın çəkilişi
məsələsi müsbət
həll olunmasaydı,
"Şahdəniz-2” də uğurla icra edilə bilməzdi. Kəmərin çəkilişi
"Şahdəniz”in tammiqyaslı
işlənməsinə, yatağın
bir trilyon kubmetrdən çox təbii qaz ehtiyatlarının hasil edilməsinə və nəql olunmasına imkan verdi.
TANAP-ın varlığı
həm də Xəzərin Azərbaycan
sektorundakı yeni qaz yataqlarının işlənməsi üçün
sərmayə yatıran
investorlara inam və əminlik bəxş edir. Prezident
İlham Əliyev kəmərin bu baxımdan da əhəmiyyətli olduğunu
qeyd edib: "Əgər TANAP imzalanmasaydı,
bu gün artıq hasilata hazırlaşan "Abşeron”
yatağı da qalacaqdı. Heç kim oraya
vəsait qoymayacaqdı.
"Abşeron” yatağından da biz ən azı 300 milyard kubmetr qaz hasilatı gözləyirik. Xarici investor da
oraya əsas vəsaiti qoyur. Əgər qaz kəməri olmasaydı, kim buna
vəsait qoyardı? Bizim digər yataqlardan təbii qaz çıxır, o cümlədən
səmt qazı.
İndi səmt qazını da biz qəbul edirik. Eyni zamanda, "Azəri-Çıraq-Günəşli”
yatağında "dərin
qaz” adlandırılan
böyük qaz ehtiyatı var. Biz onun da istismarına yaxınlaşırıq”.
Sərfəli yanacaq kimi dünyada
təbii qaza olan tələbat getdikcə artır. Müxtəlif neft-qaz regionlarında istismar edilən mavi yanacaq yataqlarının
ehtiyatları çıxarıldıqca,
təbii ki, azalır. Yeni yataqlar isə
heç də tez-tez kəşf olunmur. Bu baxımdan
Xəzərin Azərbaycan
sektorundakı zəngin
ehtiyatlara malik "Şahdəniz” və digər qaz yataqları böyük əhəmiyyət kəsb
edir.
Azərbaycan qazının Avropaya yolu isə TANAP-ın vasitəsilə Türkiyədən keçir. Məhz
buna görə də Prezident TANAP-ın xüsusi rol oynadığını
vurğulayıb: "Bu, sadəcə
olaraq bir kəmər deyil ki, Türkiyə ərazisindən keçir.
Bu həm Türkiyəni
təmin edəcək
və artıq edir, Gürcüstanı, Avropanı da. Eyni zamanda, imkan verəcək ki, biz bütün qaz ehtiyatlarımızı işə
salaq, xarici investorları cəlb edək, yenə də milyardlarla dollar vəsait qoyulacaq. Beləliklə, Azərbaycan gələcəkdə
qazın ixracından vəsait qazanacaq”.
Xatırladaq ki, Azərbaycanın
hələ 100 il bundan sonra özünü və bir sıra
digər ölkələri
mavi yanacaqla təmin etmək üçün qaz ehtiyatları var. Uzunmüddətli
perspektivdə ölkəmizin
əsas gəlir mənbəyi təbii qaz olacaq. Ona görə
də TANAP böyük
əhəmiyyət kəsb
edir və Prezident İlham Əliyev jurnalistlərə
müsahibəsində bunu
bir daha vurğulayıb.
Flora SADIQLI
Azərbaycan.- 2019.- 28 dekabr.- S. 1;
9.