Azərbaycan kəndinin bolluq,
bar-bərəkət ili
Aqrar sektor ölkə iqtisadiyyatında
xüsusi çəkiyə
malikdir. Bu sahə
həm əhatə dairəsinə, həm də burada çalışanların sayına
görə ilk yerdədir.
Digər
tərəfdən, ölkənin
strateji məsələlərindən
olan ərzaq təhlükəsizliyində mühüm
yer tutur. Kənd təsərrüfatı həmçinin
sənaye və emal sahələrinin inkişafında xammal bazası rolunu oynayır. Belə ki, toxuculuq sənayesi üçün
pambıq, yun aqrar sektorda yetişdirilir. Ərzaq emalı
sahəsində də
kənd təsərrüfatı
məhsullarından istifadə
olunur.
Ümummilli Lider Heydər Əliyev keçmiş
SSRİ məkanında ilk dəfə
aqrar islahatlar keçirdi. Həmin dövr üçün
bu, çox riskli idi. Buna baxmayaraq, ölkəmiz dünya təcrübəsinə
əsaslanaraq aqrar islahatların keçirilməsinə
qərar verdi.
Lakin 70 ildən sonra ilk dəfə torpaq sahibi olan kəndlinin
onu əkib-becərməyə
vəsait və texnikası yox idi. Odur ki, müstəqilliyimizin
bərpasından sonrakı
ilk illərdə bazar
və supermarketlərdəki
kənd təsərrüfatı
məhsullarının çox
hissəsi xaricdən gətirilirdi.
Prezident
İlham Əliyev belə vəziyyətdən
çıxmaq üçün
aqrar sektorun inkişafına xüsusi önəm verdi.
Kəndliyə maddi kömək
məqsədilə güzəştli
kreditlərin verilməsinə
başlandı. Eyni zamanda
kəndliyə əkin
zamanı istifadə etdiyi yanacaq və sürtkü yağlarına görə
subsidiyalar ödənildi.
Digər
tərəfdən, kəndliyə
güzəştli şərtlərlə
gübrə və kənd təsərrüfatı
texnikası satıldı.
Həmçinin damazlıq üçün
daha məhsuldar heyvan və bitki sortları da, demək olar ki, kəndlilərə
pulsuz verildi. Prezident İlham Əliyev dövlətin fermerlərə
göstərdiyi qayğının
yüksək olduğunu
bildirərək demişdir
ki, dünyanın heç bir ölkəsində Azərbaycanda
olduğu qədər
kəndliyə dəstək
verilmir.
Bütün bunların nəticəsi olaraq aqrar sektorda
məhsul istehsalı ildən-ilə artır. Hazırda bazar
və marketlərdə
satılan kənd təsərrüfatı məhsullarında
yerli istehsal üstünlük təşkil
edir. Son dövrlərin statistikasına
diqqət yetirdikdə
görürük ki, məhsul ixracında da aqrar sektorun
çəkisi və malların çeşidi artıb.
Cari il də
kənd təsərrüfatı
üçün uğurlu
olub. Bu sahə üzrə yanvar-noyabr aylarının statistikasında
göstərilir ki, ümumi kənd təsərrüfatı məhsullarının
istehsalı əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artıb. Heyvandarlıqda artım 3,2, bitkiçilikdə 11,3 faizdir. Eyni zamanda
kənd təsərrüfatının
ümumi daxili məhsuldakı payı ötənilki 5,4 faizdən artaraq 6 faizə çatıb.
Bu il kənd
təsərrüfatının bütün sahələrində
yüksək artım
müşahidə edilib.
Məlumdur ki, taxılçılıq
strateji əhəmiyyət
daşıyan sahədir,
ölkəmizin ərzaq
təhlükəsizliyinin təminatında
müstəsna əhəmiyyətə
malikdir. Cari ildə qarğıdalı
ilə birlikdə 3512,4 min ton taxıl yığılıb. Bu da
ötən illə müqayisədə 6,9 faiz çox artım deməkdir.
Aqrar sektorda ikinci önəmli sahə pambıqçılıqdır. Bu sahə ilk növbədə
toxuculuq sənayesinin xammal bazası olsa da, heyvandarlığın
inkişafında mühüm
rol oynayır. Pambıqdan ayrılan çiyiddən
heyvandarlıqda geniş
istifadə edilir.
Cari ildə bu sahədə
məhsul yetişdirmək
üçün 100 min hektar
yararlı torpaq sahəsi ayrılıb.
20 rayonda 19 mindən
çox istehsalçı
ilə pambıq əkmək üçün
müqavilə bağlanıb.
Məqsəd fermerləri əmin
etməkdir ki, onların istehsal etdikləri məhsul münasib qiymətə alınacaq. Bu, kəndli üçün
xüsusi əhəmiyyət
daşıyan bir haldır. Yəni fermer bilmək
istəyir ki, istehsal etdiyi məhsulu münasib qiymətə sata biləcəkmi? Bu cür müqavilələrin
bağlanması isə
həmin sualı aradan qaldırır.
Hesabat dövründə 292,5 min
ton xam pambıq məhsulu tədarük edilərək məntəqələrə
təhvil verilib. Ölkə üzrə pambıqçılıqda orta
məhsuldarlıq hər
hektarda 29,3 sentner olub. Sahələrin
86,7 faizi maşınla, 13,3 faizi əllə yığılıb.
Məhsulun vaxtında və
itkisiz yığılması
üçün dövlət
tərəfindən 469 müasir
pambıqyığan kombayn
alınaraq fermerlərə
xidmət göstərir.
Belə dəstək sayəsində bu il pambıq istehsalında 32,7 faiz artım qeydə alınıb.
Cari ildə heyvandarlıqda diri çəkidə ət istehsalında 2,8, süd istehsalında
2,1, yumurta istehsalında
8,8, yun istehsalında
1,1, barama istehsalında
25,3 faiz artım qeydə alınıb.
Baramaçılıqda bu artım İpəkçilik
üzrə Dövlət
Proqramının qəbulundan
sonra yaranıb. Baramaçılığın
yem bazasını möhkəmləndirmək üçün
Çindən 3,5 milyon ting gətirilərək
istehsalçılara paylanıb.
Bu il barama istehsalçıları tərəfindən
təhvil verilən
624,4 ton yaş baramaya görə onlara 3,1 milyon manat subsidiya verilib. Dövlət tərəfindən bu sahəyə verilən dəstək sayəsində baramaçılıqda
məhsul istehsalı ildən-ilə rekord səviyyədə artır.
Aqrar sektorda bitkiçilikdə də müxtəlif məhsullar
üzrə artım qeydə alınıb. Cari ildə şəkər çuğunduru üzrə
16,9, kartof yığımında
11,7, tərəvəzdə - 13,2, bostan məhsullarında -
11,5, meyvə və giləmeyvədə - 7,8, üzümdə
- 25,4, tütündə - 3,3, yaşıl çay yarpağı yığımında
4,9, günəbaxan istehsalında
42,9 artım müşahidə
edilib. Fındıq bağlarının sahələri
genişləndirilərək 75 min hektara, badam bağları 1200 hektara, zeytun bağları 3900 hektara çatdırılıb.
Həmin sahələrə dövlət
tərəfindən artırılan
qayğı sayəsində
ixracda da belə məhsulların payı getdikcə çoxalır. Bunun nəticəsidir ki, cari ilin 11 ayı
ərzində kənd
təsərrüfatı məhsullarının
ixrac həcmi 680,3 milyon dollar olub. Bu da ötən
ilin müvafiq dövrünə nisbətən
13,2 faiz çoxdur.
Dövlət aqrar sektorun inkişafı üçün
cari ildə də öz köməyini əsirgəmədi. Bu ilin
11 ayı ərzində
fermerlərə 3791 kənd
təsərrüfatı texnikası,
o cümlədən 135 taxılyığan
kombayn, 711 traktor və 2945 ədəd digər texnikalar güzəştli şərtlərlə
fermerlərə satılıb.
Ümumilikdə isə dövlət
büdcəsi hesabına
kənd təsərrüfatı
texnikalarının fermerlərə
güzəştli lizinq
şərti satışı
siyasəti çərçivəsində
bugünədək 37416 texnika
lizinq yolu ilə satılaraq fermerlərin istifadəsinə
verilib.
Qeyd etdiyimiz kimi, müstəqilliyimizin ilk illərində
torpaq payı alan kəndlinin
ondan istifadə etmək üçün vəsaiti yox idi. Bu üzdən
əkin sahələrinin
çoxu istifadəsiz
qalmışdı. Dövlət bu problemi aradan
qaldırmaq üçün
kəndliyə maddi dəstək göstərməyə
başladı. Bunun bir
forması da güzəştli şərtlərlə
kreditin verilməsidir.
Cari ildə də bu siyasət uğurla davam edir. İlin 11 ayı ərzində aqrar sahəyə AKİA xətti ilə 660 layihə üzrə 19,6 milyon manat, Sahibkarlığın
İnkişafı Fondunun
xətti ilə isə 1152 layihə üzrə 113 milyon manat güzəştli kredit verilib.
Rüstəm
KAMAL
Azərbaycan.- 2019.- 28 dekabr.- S. 1;
9.