2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə
seçkilərində 26 dekabr 2019-cu il tarixli 26 saylı
müraciətə baxılmasına dair
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 24/127
2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Ağdam rayonu Çəmənli kənd sakini Məmmədov Asif Çərkəz oğlu 26 dekabr 2019-cu il tarixdə Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək səsvermə günü 119 saylı Ağdam kənd seçki dairəsinin 23 və 24 saylı seçki məntəqələrində Çəmənli bələdiyyəsi üzrə seçkilərin şəffaf keçirilməməsi, həmçinin səslərin düzgün hesablanmamasını iddia etmiş, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, müraciətin aidiyyət qaydalarının pozulması ilə daxil olmasına dair rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Seçki Məcəlləsinin tələbinə görə səsvermə günü seçki məntəqələrində iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən şikayət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Ağdam rayonu Çəmənli kənd sakini Məmmədov Asif Çərkəz oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 dekabr 2019-cu il tarixli 26 saylı müraciəti aidiyyəti üzrə araşdırılması üçün 119 saylı Ağdam kənd seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
28.12.2019
Azərbaycan.- 2019.- 29 dekabr.-
S.5.