271 qızıl medal, 243 beynəlxalq yarışda iştirak
Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu, həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. İdmançılar hərtərəfli qayğı ilə əhatə olunurlar ki, bu da beynəlxalq yarışlarda daha böyük uğurlar əldə etməyə imkan yaradır. Mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda təzələri inşa edilir. Digər tərəfdən, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı idman yarışlarına evsahibliyi edir. Bu il də idmançılarımız dünya, Avropa çempionatlarında və digər mötəbər turnirlərdə ölkəmizi layiqincə təmsil edərək böyük uğurlara imza atıblar.
Dekabrın 27-də Gənclər və İdman naziri Azad Rəhimov media nümayəndələri ilə görüşündə deyib ki, cari ildə respublikada fəaliyyət göstərən federasiyalarla birlikdə ölkəmizdə 233 respublika, 62 beynəlxalq yarış keçirilib. Nazir bildirib ki, 243 beynəlxalq yarışda yığma komandalarımızın iştirakı təmin olunub. Millilərimiz 12 gündən az olmayaraq 118 təlim-məşq toplanışında iştirak ediblər. Cari ildə idmançılarımız 271-i qızıl, 238-i gümüş və 266-sı bürünc olmaqla ümumilikdə 775 medal qazanıblar. Olimpiya idman növləri üzrə 90 qızıl, 96 gümüş, 141 bürünc, qeyri-Olimpiya idman növləri üzrə isə 181 qızıl, 142 gümüş və 125 bürünc medal əldə olunub.
A.Rəhimov cari ildə ölkəmizdə həyata keçirilən gənclər siyasəti sahəsinə də toxunaraq bildirib ki, buna uyğun 143 tədbir keçirilib ki, onlardan 124-ü yerli, 19-u isə beynəlxalq səviyyəli olub.
Regionlarda nazirlik tərəfindən 129 kütləvi aksiya təşkil edildiyini vurğulayan nazir bildirib ki, 206 gənc xarici ölkələrə ezam olunub, 1308 gənc isə Azərbaycana gəlib. Azərbaycan Gəncləri Günü münasibətilə cari il fevralın 1-də Bakı Konqres Mərkəzində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən gənclərin respublika toplantısında 3500-dək gənc iştirak edib. Həmin toplantıda 6 nəfərə "Gənclər üçün Prezident Mükafatı” təqdim olunub.
Elçin CƏFƏROV
Azərbaycan.- 2019.- 28 dekabr.- S. 11.