Paytaxtda bələdiyyə seçkiləri demokratik standartlara tam uyğun şəkildə keçirildi

 

Səbail

 

29 saylı Səbail Seçki Dairəsinin 16 saylı seçki məntəqəsində də səsvermə qanunvericiliyə uyğun təşkil olunmuşdu, burada vətəndaşlar öz iradələrini sərbəst şəkildə ifadə edirdilər.

Məntəqə seçki komissiyasının sədri Fərhad İsmayılov səsvermənin gedişi barədə məlumat verdi. Bildirdi ki, komissiya üzvlərinin və müşahidəçilərin normal fəaliyyəti, seçicilərin səslərini sərbəst şəkildə vermələri üçün hər cür şərait yaradılıb. Səsvermənin yüksək səviyyədə keçməsi üçün bütün təşkilati işlər görülüb, məntəqə lazımi ləvazimat və inventarla, bütün zəruri avadanlıqlarla, seçki bülletenləri, gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün xüsusi cihazlarla təmin edilib.

Saat 12:00-a olan rəsmi məlumata görə, seçicilərin təxminən 18 faizi səsvermədə istirak edib: "Günorta saatlarında səsvermədə bir az passivlik hiss olundu. Amma nahardan sonra aktivlik artdı”.

Fərhad İsmayılovun sözlərinə görə, seçkiləri izləmək üçün müxtəlif siyasi partiyaları və təşkilatları təmsil edən, bitərəflərin nümayəndələri, həmçinin fərdi qaydada müraciət etmiş müşahidəçilər qeydiyyata alınıb: "Seçkiləri müşahidə etmək üçün qeydiyyatdan 15 nəfər keçib. Onlar Yeni Azərbaycan, Ana Vətən partiyalarının üzvləri və bitərəflərdir”.

Məntəqə seçki komissyasının sədri qeyd etdi ki, seçici siyahısında ilk dəfə səs verəcək 18 gənc var. Daşınan qutu üçün müraciət edən isə olmayıb: "Seçkiyə 24 saat qalmışa qədər gözlədik ki, elektron müraciət edən, ərizə verən və yaxud zəng edən ola bilər. Lakin müraciət daxil olmadığı üçün hansısa ünvana getməyə ehtiyac olmadı. 10 dənə də qeydiyyatdan çıxma vəsiqəsi verilmişdi. Ancaq ərazidən qeydiyyatdan çıxan seçicimiz olmayıb ki, başqa yerdə səs versin. İndiyədək məntəqədə heç bir qanun pozuntusu baş verməyib. Səsvermə prosesi şəffaf və demokratik şəraitdə davam edir”.

 

Yasamal

 

17 saylı 3-cü Yasamal seçki dairəsinin 28 məntəqəsində səsvermənin şəffaf və demokratik keçirilməsi üçün qanunvericiliyə uyğun bütün zəruri tədbirlər həyata keçirilmişdi. Məntəqələrin 10-da veb-kamera quraşdırılıb. Bələdiyyə üzrə 57 nəfər öz namizədliyini irəli sürüb. 30482 seçici onların ən layiqlisini seçəcək.

Seçkilərə müxtəlif siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri və öz təşəbbüsü ilə 353 müşahidəçi nəzarət edirdi.

Dairənin 27-ci məntəqəsində 1284 seçici səsvermədə iştirak etməlidir. Bu məntəqədə 11 nəfər müşahidəçi seçkinin gedişini izləyib. Qeyri-hökumət təşkilatını təmsil edən müşahidəçi Əli Zülfəliyev bildirdi ki, seçki prosesi şəffaf və qanunauyğun keçirilir, onun tərəfindən heç bir qanun pozuntusu qeydə alınmayıb. Həmin dairənin 26 saylı məntəqəsində 1308 seçici səs verməlidir. Seçki prosesini 13 müşahidəçi izləyir. Onlardan 2 nəfəri Gürcüstan Respublikasının vətəndaşıdır. Bu məntəqədə də veb-kamera quraşdırılıb.

Seçici İradə Rüstəmova dedi ki, məntəqədə vətəndaşların sərbəst şəkildə seçim etməsi üçün hər cür şərait yaradılıb. O, istədiyi namizədə səs verib və səsvermə prosesində heç bir qanun pozuntusu müşahidə etməyib.

 

Nizami

 

Nərimanov-Nizami rayon 18 saylı Seçki Dairəsinin 19 nömrəli seçki məntəqəsində seçkilər adi axarında gedirdi. Seçki məntəqəsinin üzvləri seçiciləri qeydə alır, bülletenlərlə təmin edir, müşahidəçilər seçkilərin şəffaflığını izləyirdilər.

 

Seçki məntəqəsinin sədri Sevinc Nəzərova bütün prosesin qaydasında getdiyini bildirdi, seçkilərin keçirilməsi üçün vacib olan şəraitin yaradıldığını qeyd etdi. Qeyri-adi nəyinsə baş verdiyini soruşanda gülümsəyərək dedi: "Bizim məntəqəmizdə hər seçkidə hamımız üçün maraqlı bir hadisə baş verir. Bir rəssam seçicimiz var - Bəhram Samirov. Hər dəfə seçkilərə gələndə bayramımızı təbrik edir, bizə bir çiçək gətirir, haqqında da xeyli danışır. Özü də çox maraqlı danışır, sanki hər dəfə bir əfsanə eşidirik. Bu dəfə mavi rəngli xrizantema - bir payız gülü gətirmişdi.Yenə həmişəki kimi bir xeyli danışdı. Əlbəttə ki, hər seçki məntəqəsinin qismətinə yazılan hadisə deyil”.

Həmin dairənin 18 saylı seçki məntəqəsində də seçkilər adi axarında gedirdi. Seçki məntəqəsinin sədri Əminə Kərimova 1495 seçicinin səs verməli olduğunu dedi:

- Mənim üçün və hər birimiz üçün bələdiyyə seçkiləri mühüm əhəmiyyət daşıyır. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü yolunda şəhid olan bir igidin həyat yoldaşı kimi qürur hissi keçirirəm. Mənim yoldaşım yalnız ailəsi üçün yox, bütün Vətənimiz üçün şəhid olub. Onun qəhrəmanlığı hamı kimi mənim də qürur mənbəyimdir. Onsuz nə qədər çətin olsa da, 3 övlad böyütdüm, hamısını oxutdum ki, həyat yoldaşımın ruhu şad olsun. Dövlətin qanadının altında yaşadıq, güzəştlərindən faydalandıq, indi də ev növbəmiz yaxınlaşır. 6 nəvəm var. Biz dünyanın ən gözəl şəhərinin sakinləriyik, Azərbaycan da müstəqilliyinə güvənən müasir və güclü bir ölkədir. Yeni seçilən namizədlərə bu dəyərlərə xidmət etməyi arzulayıram.

 

Nərimanov

 

Dünən keçirilən bələdiyyə seçkiləri Nərimanov rayonunda da yüksək səviyyədə baş tutdu. Öncə onu qeyd edək ki, Bakının Nərimanov rayonu həm də siyasi fəallığı, ölkə miqyaslı siyasi proseslərdə mütəşəkkil iştirakı ilə diqqəti cəlb edir. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri bu rayonda həmişə yüksək səviyyədə baş tutub və indiyədək heç bir seçkidə ciddi qanun pozuntusu qeydə alınmayıb. Budəfəki bələdiyyə seçkiləri də bundanəvvəlki seçkilərdə olduğu kimi, rayonda seçici fəallığı şəraitində keçdi.

Seçkilərə hazırlıq işləri 18 saylı Nərimanov-Nizami, 19 saylı Nərimanov birinci, 20 saylı Nərimanov ikinci seçki dairələrində vaxtında başa çatdırılmışdı. Seçkilərdən əvvəl seçki məntəqələrinə baxış keçirilib, onların hər biri lazımi inventar və avadanlıqlarla, o cümlədən generatorla, seyf, daşınmaz və daşınan səsvermə qutuları ilə tam təchiz olunub. 25 məntəqədə isə seçkilərin gedişatını izləmək üçün veb-kameralar quraşdırılıb.

Seçkilərin yüksək səviyyədə, ölkənin seçki qanunvericiliyinə və beynəlxalq standartlara uyğun şəkildə baş tutması üçün Mərkəzi Seçki Komissiyası tərəfindən nəzərdə tutulan hazırlıq işləri yüksək səviyyədə yekunlaşmışdı. Seçki dairələrində seçki kampaniyasının ayrı-ayrı mərhələlərində heç bir qanun pozuntusu və çətinlik yaşanmamışdı. Bütün seçki məntəqələrində vətəndaşların sərbəst şəkildə səs vermələri üçün lazımi şərait yaradılmışdı.

Rayon üzrə ümumilikdə 84 seçki məntəqəsi var. Onlardan 16 seçki məntəqəsi 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə, 35 seçki məntəqəsi 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə, 33 seçki məntəqəsi isə 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə fəaliyyət göstərir. Nərimanov rayonu üzrə ümumilikdə 109 min 716 seçici qeydiyyata alınmışdı. Onlardan 1021 nəfəri ilk dəfə səs verənlər idi.

19 saylı Nərimanov birinci seçki dairəsinin 28 saylı seçki məntəqəsindəki müşahidələrimiz seçkilərin ictimai fəallıq şəraitində keçirildiyini təsdiq etdi. Burada seçici çoxluğu müşahidə olunurdu. Seçki məntəqəsində müşahidəçilərin səsvermənin gedişatını izləmələri üçün hər bir şərait yaradılmışdı. Söhbət etdiyimiz müşahidəçilər seçkilərin şəffaf, demokratik, seçki qanunvericiliyinə uyğun keçirildiyini təsdiq etdilər.

Məntəqə seçki komissiyasının sədri Əsgər İmamverdiyev bildirdi ki, 1263 nəfər səsvermə hüququ olan seçicidən saat 12.00-dək yarıdan çoxu səsvermədə iştirak edib. Məntəqədə seçkilərin demokratik, şəffaf keçməsi üçün hər cür şərait yaradılıb. Biz də əlimizdən gələni edirik ki, sonradan əsassız söz-söhbət yaranmasın, komissiya üzvlərinə irad tutulmasın. Odur ki, istər seçicilərin, istərsə də müşahidəçilərin, namizədlərin nümayəndələrinin bütün sorğularına operativ cavab veririk.

Məntəqədə olduğumuz müddətdə seçicilər Rafael Musayev, Sevda Həsənova ilə də söhbət etdik. Onlar da 28 saylı məntəqədəki şəraitdən və şəffaflıqdan razı qaldıqlarını, qanun pozuntusu ilə rastlaşmadıqlarını bildirdilər.

Bu arzuyla, bu ümidlə istədikləri namizədə səs verməyə gələnlərin sayı anbaan çoxalırdı. İctimai fəallıq rayonun digər seçki məntəqələrində də özünü göstərirdi.

 

Nəsimi

 

Nəsimi rayonunun 21 saylı 1-ci seçki dairəsinin 29 məntəqəsində 34281 nəfər, 22 saylı seçki dairəsinin 28 məntəqəsində 38414 nəfər, 23 saylı 3-cü Nəsimi-Səbail dairəsinin 31 məntəqəsində 35328 nəfər seçici qeydə alınmışdır. Rayon bələdiyyəsinə seçilmək üçün 19 nəfər müqabilində 68 nəfər namizədliyini irəli sürmüşdür.

21 saylı 1-ci seçki dairəsinin 14 saylı seçki məntəqəsində Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının təmsilçisi G.Zərbəliyeva, Böyük Quruluş Partiyasının üzvü S.Əkbərov, bitərəf müşahidəçi N.İsmayılova səsvermənin şəffaf keçdiyini bildirdilər. Seçkilərin yüksək səviyyədə təşkil olunduğunu seçicilər N.Cəlilova, Z.Nağıyev, Ş.Kazımova və N.Əliyev də təsdiqlədilər. Bu məntəqədə 30 seçici ilk dəfə seçkilərə qatılmışdı.

15 saylı seçki məntəqəsində müstəqil müşahidəçilər M.Xudaverdiyeva, A.Ağarzayev, Yeni Azərbaycan Partiyasının üzvü G.Cəbrayılova, Azərbaycan Sosial-Demokrat Partiyasının təmsilçisi T.Məmmədov seçkilər zamanı heç bir qanun pozuntusuna yol verilmədiyini, seçicilər üçün bütün şəraitin yaradıldığını qeyd etdilər.

1983 seçicinin qeydə alındığı 20 saylı seçki məntəqəsində də səsvermə yüksək səviyyədə təşkil olunmuşdu. Burada müşahidəçilər - Sosial Rifah Partiyasının nümayəndəsi A.Daşdəmirova, Ana Vətən Partiyasının təmsilçisi S.Ağayeva, YAP-ın üzvü T.Niftəliyeva, bitərəf müşahidəçi A.Verdiyeva heç bir qanun pozuntusu ilə üzləşmədiklərini, səsvermənin şəffaf şəraitdə keçdiyini, hər bir seçicinin sərbəst şəkildə öz seçimini etdiyini təsdiqlədilər.

 

Xəzər

 

Xəzər rayonu 2 seçki dairəsini əhatə edir. Bunlar 14 saylı Xəzər və 13 saylı Xəzər-Pirallahı seçki dairələridir.

Dünən Xəzər rayonu üzrə seçki dairələrindəki müşahidələrimiz bələdiyyə seçkilərinin burada yüksək seçici fəallığı ilə keçdiyini göstərdi. Qeyd edək ki, seçkilərin nəticələrinə əsasən rayon üzrə Türkan, Zirə, Şüvəlan, Binə, Mərdəkan, Buzovna, Qala və Şağan bələdiyyələri yenidən formalaşacaq. Dünənki seçkilərdə bu bələdiyyələr üzrə 106 yer uğrunda 327 nəfər namizəd mübarizə aparırdı. İki dairə üzrə qeydə alınan seçicilərin sayı isə 93 min 801 nəfər idi.

Ayrı-ayrı seçki dairələrinə gəldikdə isə 14 saylı seçki dairəsi üzrə Türkan, Zirə, Şüvəlan və Binə bələdiyyələri üzrə 56 nəfər bələdiyyə üzvlüyünə 168 nəfər namizəd mübarizə aparırdı. Dairə Seçki Komissiyasının sədri İmran Qəmbərovun sözlərinə görə, bələdiyyə seçkilərinin yüksək səviyyədə baş tutması üçün Mərkəzi Seçki Komissiyası tərəfindən nəzərdə tutulan hazırlıq işləri seçki qanunvericiliyi, müvafiq təlimatlar və Təqvim Planına uyğun olaraq vaxtında həyata keçirilib. Seçici siyahılarının dəqiqləşdirilməsi vaxtında başa çatdırılmış, səsvermə məntəqələri tam hazır vəziyyətə gətirilmiş, bütövlükdə seçki kampaniyasının hər bir mərhələsi vaxtında icra olunmuşdu. Seçki dairəsi üzrə namizədlərin təbliğat-təşviqat materiallarını yerləşdirmələri üçün seçki məntəqələrinin yaxınlığına lövhələr quraşdırılmış, namizədlərin seçicilərlə görüşləri üçün hər bir bələdiyyənin ərazisində açıq və qapalı yerlər müəyyənləşdirilmişdi. Onu da qeyd edək ki, 14 saylı Xəzər seçki dairəsi üzrə 37 seçki məntəqəsi fəaliyyət göstərir. Buradan ümumilikdə 48 min 831 nəfər seçici qeydə alınmışdı.

Dünən 13 saylı Xəzər-Pirallahı seçki dairəsində də seçki məntəqələrində yüksək əhvali-ruhiyyə var idi. Seçicilər öz seçimlərini etmək üçün məntəqələrə gəlirdilər. Öyrənirik ki, bütün seçki məntəqələri qanunvericiliklə nəzərdə tutulmuş vaxtda səsvermə üçün açıq elan olunub. Bu seçki dairəsi üzrə də 37 seçki məntəqəsi var. Qeydə alınmış seçicilərin sayı 44 min 970 nəfərdir. Dünənki seçkilərdə bu dairədə Xəzər rayonunun Mərdəkan, Buzovna, Qala və Şağan bələdiyyələrində 50 yer uğrunda 159 nəfər namizəd mübarizə apardı.

Bütövlükdə seçki günü 13 və 14 saylı seçki dairələrində bütün seçki prosedurları heç bir nöqsan və qanun pozuntusu qeydə alınmadan, seçki qanunvericiliyinin tələblərinə uyğun uğurla davam etdi və səsvermənin gedişatı ilə bağlı məlumatlar operativ şəkildə Mərkəzi Seçki Komissiyasının "Seçkilər” İnformasiya Mərkəzinə ötürüldü.

 

Binəqədi

 

Seçici fəallığı Bakının Binəqədi rayonundakı 8 saylı birinci, 9 saylı ikinci və 10 saylı üçüncü seçki dairələrinin seçki məntəqələrində də müşahidə olunub. Bütün məntəqələrdə səsvermə prosesi seçki qanunvericiliyinə uyğun olaraq vaxtında başlayıb.

Bunları gün ərzində 9 saylı ikinci və 10 saylı üçüncü seçki dairələrinin bir neçə məntəqəsində apardığımız müşahidələrə əsasən söyləyirik.

Öncə onu deyək ki, 9 saylı Binəqədi II Seçki Dairəsi üzrə 37 seçki məntəqəsində səsvermə prosesi keçirilib. Bu dairə üzrə seçicilərin sayı 49,506 nəfərdir. Bunlardan 1960 nəfəri gənclər, onlardan da 959 nəfəri isə ilk dəfə səs verənlər idi. 64 nəfər bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb. Onlardan 17 nəfəri bələdiyyəyə üzv seçilməli idi.

Dairənin 8 saylı seçki məntəqəsi səsvermə prosesinin ən aktiv keçdiyi məkanlardan biri idi. Saat 12:00-a olan məlumata əsasən, artıq səsvermə hüququ olan 1299 nəfər seçicidən 300 nəfərə yaxını seçimini etmişdi. Səsvermədə iştirak edən seçicilər prosesdən razılıqlarını bildirirdilər. Seçki məntəqələrində bütün proseslər veb-kameralar vasitəsilə izlənilirdi.

Məntəqədə ilk dəfə seçkidə iştirak edən 18 yaşlı Səbinə İsmayılova çox sevincli görünürdü. Səsvermədən sonra 18 yaşlı seçiciyə yaxınlaşıb fikirlərini öyrəndik: "Bülletendə 64 nəfərin adı yazılmışdı. 17 nəfəri seçməli idim. Seçimimi etdim. Seçki prosesi mənə çətin gəlmir. Çünki hər seçkidə anamla gəlib kənarda gözləyirdim. Anam da səsvermədən sonra mənə bu barədə məlumat verirdi. Ona görə də mənim üçün çətin olmadı. Xeyirli-uğurlu olsun”.

9 saylı Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində də fəallıq müşahidə olunurdu. Seçicilərin sayı 1414 nəfər olan məntəqədə səs verənlərdən biri, 70 yaşlı ağbirçək Gülpəri Zamanzadə bütün seçkilərdə aktiv iştirak etdiyini söylədi. Dediyinə görə, ailə üzvləri ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində iştirak edir, istədiyi namizədə səslərini verirlər: "Mənim 70 yaşım olsa da, aktiv seçicilərdən biriyəm. 40 il müəllimə kimi çalışmışam. Bu seçkilərdə də gəlib 17 nəfər bələdiyyə üzvünə səs verdim. Rəsulzadə qəsəbəsi üçün xeyirli olsun, inşallah”.

10 saylı Binəqədi III Seçki Dairəsinin 5 və 8 saylı seçki məntəqələrində də seçici aktivliyi müşahidə olunurdu. Bu dairədən 50 nəfər bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb. Onlardan isə 15 nəfər bələdiyyə üzvü seçilməli idi.

1420 nəfər seçicisi olan 5 saylı seçki məntəqəsində səsvermə prosesini veb-kamera ilə canlı da izləmək mümkün idi. Seçicilərin qeydiyyatı, barmaq izləri yoxlanıldıqdan sonra bülletenlər təqdim edilir və bildirilirdi ki, 50 namizəddən yalnız 15 nəfərinə səs vermək mümkündür. Əgər 15-dən artıq şəxsə səs verilərsə, bülleten etibarsız sayılacaq.

Onu da xatırladaq ki, hər iki seçki dairəsi üzrə namizədliyini irəli sürən şəxslərin əksəriyyəti partiya üzvləri idilər. Onların arasında YAP, DİP, BAXCP, AMİP, ASDP, Ümid Partiyasının təmsilçiləri və namizədliyini öz təşəbbüsü ilə irəli sürən bitərəflər var idi.

 

Qaradağ

 

Qaradağ rayonu Bakının ən iri inzibati ərazilərindəndir. Bakı-Şamaxı magistral yolunun 25-ci kilometrliyində yerləşən Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ötən əsrin 80-ci illərində salınsa da, qədim yaşayış məntəqəsi kimi mövcud olub. Dövlət müstəqilliyinin bərpasından sonra ərazisi genişlənən qəsəbə Qaradağ, Abşeron və Binəqədi rayonlarının inzibati tabeçiliyinə verilib. Son illər qəsəbənin ərazisində məcburi köçkünlər üçün beşmərtəbəli yaşayış binalarından ibarət yeni massiv də salınıb.

Müşfiqabad qəsəbəsindəki şəhid E.Şirəliyev adına 274 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən Qaradağ rayonu 11 saylı Seçki Dairəsinin 27 saylı seçki məntəqəsinin sədri Səfa Xəlilov bildirdi ki, burada 1554 seçici qeydə alınıb. 39 nəfər öz namizədliyini verib, təbliğat dövründə mübarizələri də qanunauyğun şəkildə aparılıb. Seçicilərimiz isə 13 nəfərini seçməlidir. Bu seçim hər iki tərəfin üzərinə böyük məsuliyyət qoyur, çünki qəsəbədə həllini gözləyən sosial-məişət problemləri az deyil.

Məntəqədə ictimai təşkilatların, eləcə də siyasi partiyaların müşahidəçiləri seçicilərin sərbəst şəkildə səs vermələrindən razılıq bildirdilər.

Qəsəbə mədəniyyət evindəki 28, 6 saylı körpələr evi-uşaq bağçasındakı 29 və 13 saylı poliklinikadakı 30 saylı seçki məntəqələrində də səs verənlər sərbəst şəkildə öz seçimlərini edirdilər.

28 saylı məntəqənin sədri Namiq Cəfərov bildirdi ki, Müşfiqabad qəsəbəsi üzrə səs verəcək 5779 seçicinin seçimi mühüm məsələdir. Ona görə də bu seçkilərdə iştirak əvvəlkilərindən daha çoxdur.

Məntəqələrdə müşahidəçi qismində iştirak edən müxtəlif siyasi partiya və ictimai təşkilatların nümayəndələrinin fikirləri də seçici və məntəqə komissiya üzvlərinin fikri ilə üst-üstə düşürdü.

 

Sabunçu

 

Respublikamızın hər yerində olduğu kimi, Sabunçu rayonunda da sakinlər inandıqları namizədlərə etimad göstərmək, səs vermək üçün seçki məntəqələrinə getdilər. Biz də seçkiləri müşahidə etmək üçün Sabunçu rayonu 27 saylı Seçki Dairəsinin 29, 9, 4, 2 saylı seçki məntəqələrində olduq.

İlk baş çəkdiyimiz 67 saylı tam orta məktəbdə fəaliyyət göstərən 27 saylı Seçki Dairəsinin 29 saylı seçki məntəqəsi oldu. Məntəqə seçki komissiyasının sədri İradə Bayramovadan öyrəndik ki, burada səs verəcək seçicilərin sayı 1351 nəfərdir. İradə Bayramova seçki məntəqəsində qabaqcadan lazımi işlərin görüldüyünü bildirdi: "Bu gün də gördüyünüz kimi, sakinlər fəallıq göstərirlər, lövhədən öz adlarını, ünvanlarını tapırlar, sonra isə bütün seçki qaydalarına riayət edərək səs verirlər. Təbliğat yaxşı aparılıb. Seçicilər öz hüquq və vəzifələrini yaxşı bilirlər. Yeni nəsil şəxsiyyət vəsiqələri olanların səs verməsi üçün də öncədən şərait yaradılıb”.

Məntəqə seçki komissiyasının sədri bildirdi ki, Sabunçu rayonu üzrə bələdiyyə seçkisində 38 nəfər öz namizədliyini irəli sürüb, sakinlərimiz onlardan 15 nəfərini seçməlidirlər.

Daha sonra Sabunçu rayonunda yerləşən 10 saylı peşə məktəbindəki 9 saylı seçki məntəqəsinə üz tutduq. Seçki komissiyasının sədri Səyyar Abdullayev də seçkiyə hazırlıqların, təbliğat işlərinin lazımi qaydada aparıldığını bildirdi.

Rayondakı 170 saylı tam orta məktəbdə isə 27 saylı Seçki Dairəsinin 4 saylı seçki məntəqəsi fəaliyyət göstərirdi. 1291 seçicisi olan məntəqə seçki komissiyasının sədri Fuad Mirzəyev seçkinin gedişində heç bir ciddi qanun pozuntusuna yol verilmədiyini, seçici fəallığının yüksək olduğunu bildirdi. Öyrəndik ki, 170 saylı tam orta məktəbdə yerləşən məntəqədə veb-kameralar da var.

311 saylı tam orta məktəbdə yerləşən 2 saylı seçki məntəqəsinin komissiya sədri Esmira Muradova söylədi ki, öz namizədini seçmək hər kəsin hüququ və vətəndaşlıq borcudur: "Biz də bura gələn seçicilərin heç bir problemlə qarşılaşmamaları üçün üzərimizə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışırıq”.

Hər məntəqədə müşahidəçi qismində iştirak edən müxtəlif siyasi partiya və ictimai təşkilatların nümayəndələrinin fikir və rəyləri ilə də maraqlandıq. Müşahidəçilər Hədiyyə Babayeva, Samirə Hüseynova, Gündüz Əkbərov, Pərvanə Əsədova, Mehriban Nuriyeva seçkinin demokratik şəraitdə keçirildiyini, heç bir qanunsuzluğa yol verilmədiyini bildirdilər.

Seçicilərdən Lalə Şirinova söhbətimizdə bütün seçkilərdə fəal iştirak etdiyini dedi: "Çünki bu, mənim vətəndaşlıq borcumdur”. Bəxtiyar Həsənov, Aleksandr Kazakov və başqa seçicilər də seçkinin qayda-qanunla keçdiyini bildirdilər. 27 saylı Seçki Dairəsinin 4 saylı seçki məntəqəsində həm seçici, həm də müşahidəçi kimi iştirak edən Murad Cənnətov da seçkinin gedişatından razılığını ifadə etdi.

 

Xətai

 

Rayonun ictimai-siyasi həyatında əhəmiyyətli yer tutan bələdiyyə seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün zəruri şərait yaradılmışdır. Məntəqələrə səsverməyə gələnlərin davranışından hiss olunurdu ki, seçicilərlə maarifləndirmə işləri yüksək səviyyədə aparılıb. Məntəqəyə daxil olanlar arasında bir anlığa ayaq saxlayıb nəyi isə dəqiqləşdirmək istəyənlər də olurdu. Bəziləri isə lövhədə səliqə ilə sıralanmış seçici siyahısında öz adını və soyadını müəyyənləşdirərək istədiyi bələdiyyə üzvlüyünə namizədə səs vermək üçün kabinəyə daxil olurdu.

Rayonun 33 saylı I Seçki Dairəsinin 26 saylı seçki məntəqəsi ərazidəki 216 saylı körpələr evi-uşaq bağçasında təşkil olunmuşdu. Burada 7 siyasi partiyanın nümayəndəsindən ibarət müşahidəçi qrupu ilə həmsöhbət olduq. Qrupun üzvü, bitərəf Əmrah İbrahimov bildirdi ki, mən seçki məntəqəsinə öz təşəbbüsum və istəyimlə gəlmişəm. Gəncəm, bu qurumun gələcəyinə böyük inamım var. Nəinki Xətai rayonunda, ümumiyyətlə, ölkəmizdə fəaliyyət göstərən bələdiyyə sisteminin yaradılması Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dövründə reallaşmışdır. Seçicilər yerli özünüidarəetmədə bu quruma böyük önəm verirlər və inanırlar ki, yeni seçiləcək bələdiyyə işçiləri ərazidə əhaliyə xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində və yerli əhəmiyyətli problemlərin həllində onlara dəstək olacaqlar. Bunu istədiyi namizədə səs vermək üçün məntəqəmizə gələn hər bir seçicinin əhvali-ruhiyyəsindən də hiss etmək mümkündür.

Dairənin 28 saylı seçki məntəqəsində səsverməyə gələnlərə normal şərait yaradılmışdı. Azərbaycan Sosial Rifah Partiyası (Ceyhun Əliyev), Ana Vətən Partiyası (İlham Məsimov), Milli Dirçəliş Hərəkatı Partiyası (Şahin Talıbov), Bütöv Azərbaycan Partiyası (Qüdrət Həsənov) və digər siyasi partiyalardan olan müşahidəçilər prosesə ciddi nəzarət edirdilər.

Məntəqəyə gələnlər arasında adını səsvermə siyahısında həvəslə axtaran gəncə yaxınlaşıb tanış oluruq. Asim Ziyadxan oğlu Abbasovun 18 yaşı yenicə tamam olub. Babək prospekti, bina 76, mənzil 55-də yaşayır, ilk dəfədir seçkidə iştirak edir. Buna görə özünü qürurlu sayırdı.

27 saylı seçki məntəqəsində bələdiyyə seçkisində 122 nəfərin namizədliyi qeydə alınıb. Burada müşahidəçilər qrupunda siyasi partiyaların nümayəndələri iştirak edirdilər. Qrupun üzvü - Azərbaycan Sosial Demokrat Partiyasının nümayəndəsi Rizvan Talıbov dedi:

- Sərbəst səs vermək üçün hər cür şərait yaradılıb. Gələnlər çox rahatlıqla istədikləri namizədə səs verirlər. Demək olar ki, seçki qanunvericiliyinə uyğun və Seçki Məcəlləsinin tələbləri baxımından azad, şəffaf və demokratik səsvermə mövcuddur. Təmsil olunduğum siyasi partiyalardan olan həmkarlarımın prinsipial mövqeyi ondan ibarətdir ki, səsvermə ədalətli keçsin.

 

Suraxanı

 

Bakının Suraxanı rayonunda da əhali böyük ruh yüksəkliyi ilə bələdiyyə seçkilərinin keçirildiyi məntəqələrə doğru axışırdı. Hamının qəlbində bir arzusu var idi: bələdiyyə üzvlüyünə doğma vətənimizə, qədirbilən xalqımıza bütün varlığı ilə bağlı olan, sosial-iqtisadi, ekoloji, sosial müdafiə və digər sahələrdə rayon sakinlərinin etimadını doğrultmaq gücünə malik ən sədaqətli, ləyaqətli oğul və qızlarımız seçilməlidir.

Səsvermə otaqları müasir üslubda hazırlanmış daşınan və daşınmaz səsvermə qutuları, məlumat lövhələri, gözəgörünməyən mürəkkəb dolu qablar, ultrabənövşəyi lampalar, yazı ləvazimatları, gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar, həmçinin rabitə ilə, generatorlarla, təşviqat materialları ilə tam təmin olunub. Məntəqələrdə bələdiyyə seçkilərinin ədalətli və şəffaf keçirilməsinin təminatı, müşahidəçilərin, KİV nümayəndələrinin və digər aşkarlıq institutlarının seçki prosesi boyunca azad və sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. 10 məntəqədə veb-kameralar quraşdırılıb ki, bu da səsvermənin gedişində bütün prosesləri əvvəldən axıradək fasiləsiz izləməyə, arası kəsilmədən müşahidə aparmağa, şəffaflığın və aşkarlığın daha geniş miqyasda təminatına imkan verir.

Söhbət zamanı Suraxanı Dairə Seçki Komissiyasının sədri Qasım Rzayev bildirdi ki, 32 saylı Suraxanı 3-cü seçki dairəsinə Əmircan, Bülbülə və Yeni Suraxanı bələdiyyələri daxildir. Həmin bələdiyyələrə 154 nəfərin namizədliyi irəli sürülüb. Onlardan 120-si namizədliyini müstəqil yolla özü verib. Qalanların namizədliyi isə YAP, Ana Vətən, Bütöv Azərbaycan, Ümid və Vətəndaş Həmrəyliyi partiyaları tərəfindən irəli sürülüb. Bələdiyyə üzvlüyünə namizədlərə rayon üzrə 39 min 919 nəfər səs verməlidir. Onlardan 520 nəfəri səsvermədə ilk dəfə iştirak edir. Seçkilərin gedişatını izləmək üçün 415 nəfər müşahidəçi qeydə alınıb. Onların arasında iqtidar və müxalifət nümayəndələri də var, könüllülər də. Seçki məntəqəsinə gəlmək imkanına malik olmayan xəstələr və əlillər də diqqətdən kənarda qalmayıb. Bu məqsədlə xüsusi maşın da ayrılıb. Məntəqə seçki komissiyasının üzvü olan bir şəxsin və bir müşahidəçinin iştirakı ilə daşınan səsvermə qutusu birbaşa onların evlərinə aparılır və orada səs verirlər.

Bir nəfər seçiciyə yaxınlaşırıq. Özünü təqdim edir. Ənvər Qafarov:

- Sevinirəm ki, bələdiyyə üzvlüyünə namizədlərin əksəriyyəti yüksək potensiala malik, bacarıqlı, işgüzar, xalqın etimadını doğrulda biləcək gənclərdir. Bu, möhtərəm prezidentimizin müasir gəncliyə olan qayğısının bariz nümunəsidir. Bu, yaşlı təbəqənin üzvləri olan bizləri də ürəkdən sevindirir.

Digər bir seçici ilə görüşüb, seçkilərin gedişi barədə öz təəssüratını bildirməsini xahiş etdik.

Qasım Əliyev qocaman müəllimdir. O dedi: "Ömrümün 42 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmişəm. Açıq deyim ki, seçkilərin nümunəvi qaydada, demokratik prinsiplər əsasında keçirilməsi bir ziyalı kimi məni ürəkdən sevindirir. Belə də olmalıdır. Çünki canımızdan əziz bildiyimiz Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir ki, burada insanlar dinclik və əmin-amanlıq şəraitində yaşayıb-yaradırlar. Ölkəmizdə söz və fikir azadlığı mövcuddur. Şəxsiyyətinə, iş təcrübəsinə, vətənə və xalqa sədaqətinə dərindən bələd olduğumuz hər bir namizədə sərbəst surətdə səs vermək hüququna malikik”.

Vətəndaşlara bu sərbəstliyi yaradan isə dövlət başçımızdır. Biz ona möhkəm can sağlığı və doğma məmləkətimizin daha yüksək tərəqqisi naminə böyük uğurlar diləyirik.

 

Azərbaycan.- 2019.- 24 dekabr.- S.12-13.