Demoqrafik göstəricilərimiz müsbətdir
Doğulanların
və Azərbaycanı daimi
yaşayış yeri seçənlərin
sayı artır
2019-cu il aprelin 6-da Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya göz açması bütün xalqın sevincinə səbəb oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə körpənin valideynlərini və Azərbaycan xalqını təbrik etdilər.
Bu təbrikə 10 milyon nəfərlik Azərbaycan səs verdi. Hərə sevincini bir cür
ifadə etdi. Bakıda və
respublikanın bölgələrində
ağacəkmə kampaniyaları
keçirildi, torpağa
qollu-budaqlı ağaclara
çevriləcək pöhrələr
basdırıldı. Çöhrəsinə təbəssüm qonan insanlar bir-birini təbrik etdi. İstirahət günü paytaxt
sakinləri Dənizkənarı
Milli Parka axışdı.
Bu qeyri-rəsmi bayram
münasibətilə incəsənət
ustalarının konsertini
dinlədilər, atəşfəşanlığı
seyr etdilər.
Körpənin valideynləri - keçmiş Ağdərə rayon sakinləri, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkünlər Nigar Ocaqova və Rauf Həsənov ailənin ilki olan qıza Mehriban adını verdilər. Dövlət başçısı və birinci xanım Respublika Perinatal Mərkəzinə gələrək 10 milyonuncu vətəndaş Mehriban Həsənovanın valideynləri ilə görüşdülər.
Azərbaycanın 10 milyonuncu sakininin anadan olması sıradan bir hadisə deyildi. Dünyanın bir çox ölkəsində demoqrafik
vəziyyətin gərgin
olduğu, bəzi yerlərdə əhalinin sayının hətta azaldığı bir zamanda Azərbaycanda doğumun səviyyəsi yüksək olaraq qalır. Yeni doğulanların sayı dünyasını
dəyişənlərin sayını
iki dəfədən çox üstələyir.
Bu da dövlətin
həyata keçirdiyi
ardıcıl və məqsədyönlü sosial
siyasətin nəticəsində
mümkün olub.
Həmçinin dövlətin ailəyə,
anaların və uşaqların sağlamlığına
göstərdiyi hərtərəfli
dəstəyin nəticəsidir.
Son illərdə əhalinin artmasına müəyyən dərəcədə
miqrasiya saldosunun müsbət olması - ölkəyə daimi yaşamağa gələnlərin
buradan biryolluq köçənlərdən çox
olması da təsir göstərir.
Deyilənləri statistik rəqəmlər
də təsdiqləyir. Dövlət
Statistika Komitəsinin
məlumatına görə,
2019-cu il oktyabr ayının 1-i vəziyyətinə
ölkə əhalisinin
sayı 10 milyon 44 min
466 nəfərə çatıb.
Yəni 9 ay ərzində
əhalinin sayı 0,6 faiz, yaxud
63 min 9 nəfər artıb.
Dünyasını dəyişənlərin sayına gəldikdə, ölümün səviyyəsi
əhalinin hər 1000
nəfərinə hesabı
ilə 5,7 olub. 2018-ci ilin eyni vaxtında həmin rəqəm 5,9 idi. Başqa
sözlə, müqayisə
olunan dövrdə ölkədə ölənlərin
sayı 1623 nəfər
az olub.
Ölüm hallarının azalmasının
səbəbi ölkədə
insanların maddi-rifah
halının daha da yaxşılaşması,
əhalinin sağlamlığının
dövlət səviyyəsində
qorunmasıdır. Bununla yanaşı,
Azərbaycan ailəsinin
ənənələri də
məsələyə müsbət
təsir edir. Axı doğmaların bir-birinə
yorulmadan qayğı göstərməsi, yaşlılara
hörmət, sevgi, qohumların qarşılıqlı
xoş münasibətləri
ömrü uzadan şərtlərdir.
Doğumun səviyyəsi isə
hər 1000 nəfərə
14,1 təşkil edir. 9 ay ərzində
104 min 702 uşaq dünyaya
gəlib. O cümlədən
2454 ailə əkiz,
72-si üçəm, 4-ü isə dördəmlə sevinib.
Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi qız uşaqlarıdır.
9 ay ərzində Azərbaycana
daimi yaşamaq üçün 1520 nəfər
gələn, ölkədən
1196 nəfər gedən
qeydə alınıb.
Beləliklə, miqrasiyanın saldosu
da müsbət olaraq qalır.
Bunun da səbəbi aydındır. Azərbaycandakı sosial-iqtisadi inkişaf insanların həyatında
öz müsbət əksini tapır. Odur ki, buraya köçüb
gələnlərin sayı
ölkəni həmişəlik
tərk edənlərin
sayını xeyli üstələyir. Deməli,
Azərbaycanda yaşamaq
və işləmək
xoşdur!
Azərbaycan dövlətinin siyasəti
həm də əhalinin artımına hesablanır. Bu, yalnız
yeni doğulanlara görə hər ailəyə verilən müavinətlərlə, çoxuşaqlı
analara ödənilən
aylıq vəsaitlə,
uşaqların və
qadınların sağlamlığına
yönəldilən və
digər bu kimi tədbirlərlə məhdudlaşmır. Getdikcə artan
əhalinin hərtərəfli
ehtiyacını qarşılamaq
üçün genişmiqyaslı
işlər həyata
keçirilir. Bu, uşaq
bağçaları və
məktəblərin, müalicə
ocaqlarının, idman
komplekslərinin şəbəkəsinin
genişləndirilməsi, ərzaq
bolluğu yaradılması,
iş yerlərinin açılmasına yönəldilən
tədbirlərdir.
"Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nın icrasının
yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bu barədə demişdir:
"Son 15 il ərzində
2 milyon yeni iş yeri yaradılmışdır.
Əhalinin sayı isə 1,6 milyon
artmışdır. Bu da çox gözəl
göstəricidir. Əhali nə
qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf
edər. Ancaq, əlbəttə, biz bundan
sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin
artımından daha da sürətli getsin, artan əhali
işlə təmin olunsun”.
Necə deyərlər, Azərbaycan
dünyaya gələn
vətəndaşlarını əliboş qarşılamır. Onların xoşbəxt
sabahı üçün
indidən geniş tədbirlər görür.
Flora SADIQLI
Azərbaycan.- 2019.- 30 dekabr.- S. 1; 9.