Xalq əmanəti: Tağı Tağıyevin həyat
palitrası
Tağı Əzizağa oğlu Tağıyev 1917-ci il noyabr ayının 7-də Bakı şəhərində zərgər ailəsində anadan olmuş, Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra 1940-1941-ci illərdə Moskva Rəssamlıq İnstitutunda təhsilini davam etdirmişdir.
Tağı Tağıyev əsasən tematik tablolar, natürmort, portret, mənzərə və məişət səhnələrinin müəllifidir. Azərbaycanda realist boyakarlığın yaradıcılarından olan Tağıyev portret ustası kimi daha məşhurdur. Onun yaradıcılığında tarixi mövzular, tarixi şəxsiyyətlərin təsviri, zəhmətkeş insanların obrazları, əməyin tərənnümü, doğma təbiətin təsviri mühüm yer tutur. Sənətkarın "Koroğlu”, "Poladəridən”, "Qaynaqçı”, "Göygöl”, "Qarlı yollar”, "Xalçasatan”, "Uşaqlıq xatirələri”, "Abşeron silsiləsi”, "El gözəli”, "Qarayanız qız” və bir çox rəsm əsərləri Praqa, Pekin, Dakar, Bağdad və s. ölkələrdə nümayiş etdirilmiş və böyük rəğbətlə qarşılanmışdır. Fırça ustasının yaratdığı "Qara Qarayev” və "Səttar Bəhlulzadə” tabloları dünyanın bütün sərgi salonlarında maraqla qarşılanmışdı.
Dekabrın 20-də Xalq Bankın əsas binasının 16-cı mərtəbəsində yerləşən bədii qalereyada "Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunan "Tağı Tağıyev. Rəngkarlıq və qrafika” bədii albomunun təqdimatı və rəssamın əsərlərindən ibarət sərginin açılışı keçirilmişdir. Layihənin sayca 19-cu nəşrinə rəssamın yaradıcılığının müxtəlif mərhələlərinə dair ehtiva edən əsərləri daxil edilmişdir. Tədbirdə ölkəmizin sənət və elm adamları, bank sektorunun nümayəndələri, ictimai xadimlər, rəssamın ailə üzvləri iştirak edirdilər.
Gecənin aparıcısı, respublikanın Əməkdar artisti Dilarə Səlim Xalq Bankın illərdir həyata keçirdiyi nəcib missiyadan söz açıb. "Xalq Əmanəti” layihəsinin xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması işində təqdirəlayiq iş olduğunu vurğulayan aparıcı sözü Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Ömər Eldarova verib. Akademik albom üzərində çalışan insanlara minnətdarlığını bildirib və gördüklərindən böyük zövq aldığını, Tağı Tağıyevin dahi rəssam və böyük müəllim olduğunu dilə gətirib. "Onun əsərləri mənə illər əvvəl böyük təsir göstərirdi, indi də həmin hissləri yenidən yaşayıram. Sənət zamanla sınanır, zaman isə Tağı Tağıyevin xeyrinə işləyir. Mən bugünkü tədbirlə bağlı hamını təbrik edirəm”, - deyə Azərbaycan incəsənətinin canlı korifeyi söyləyib.
Albomun mətninin müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova Tağı Tağıyevi milli rəngkarlığımızda böyük iz qoymuş sənətkar, yaradıcılığı zəngin məktəb olan ustad adlandırdı.
Tağı Tağıyevin oğlu, rəssam Əkrəm Tağıyev ailəsi adından banka və layihənin yaradıcı kollektivinə minnətdarlığını bildirdi. "Xalq Əmanəti” layihəsini Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında möhtəşəm iş adlandırdı.
Tağı Tağıyev bir çox xarici ölkələrdə - Türkiyə, Yunanıstan, İtaliya, Fransa, İspaniyada səfərlərdə olmuş və o ölkələrin adamlarının həyatına dair tablolar çəkmişdir. Avropa və Afrika ölkələrində yaradıcılıq ezamiyyətində olan rəssam, dilindən, dinindən, irqindən asılı olmayaraq insanları, onların ideyalarını bədii boyalarla təsvir edirdi. Həmin səfərdən sonra yaratdığı "Afrikalı qız”, "Salam, yeni dünya” əsərlərinə bu gün də böyük maraqla baxılır.
Tağı Tağıyev klassik rəngkarlıq məktəbinin parlaq nümayəndəsi, realistik metodun təməlini qoyan rəssamlardan biridir. Onun yaradıcılığı və milli incəsənətin inkişafında xidmətləri yüksək qiymətləndirilmiş və o, Əməkdar incəsənət xadimi, respublikanın Xalq rəssamı fəxri adlarına layiq görülmüşdü.
Tağı Tağıyevin əsərləri Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva), Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və digər muzeylərdə saxlanılır.
"Xalq
Əmanəti” layihəsi ASC "Xalq”
Bankı tərəfindən 2010-cu ildən etibarən həyata
keçirilir. Layihə
xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə
ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini
daşıyır. Layihə çərçivəsində nəşr
olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində
çap olunur.
Azərbaycan.- 2019.- 25 dekabr.- S.9.