DSX Akademiyasında Nəsiminin 650 illik
yubileyinə həsr edilmiş tədbir keçirilib
Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər Dövlət Sərhəd Xidmətində (DSX) də böyük təntənə ilə təşkil olunur. Hərbi hissə və bölmələrdə keçirilən seminarlarda, ədəbi-bədii gecələrdə elm və incəsənət xadimləri, yerli icra hakimiyyəti orqanlarının və ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak edirlər.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, silsilə tədbirlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin Akademiyasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədlinin və AMEA-nın filologiya üzrə fəlsəfə doktoru, nəsimişünas alim Səadət Şıxıyevanın iştirakı ilə mərasim keçirilib. Tədbirdə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış, bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş, dərin poetik fikirləri ilə dövrün elmi-fəlsəfi düşüncələrinin ifadəçisinə çevrilmiş, adı mərdlik, fədakarlıq və iradə rəmzi kimi çəkilən dahi İmadəddin Nəsiminin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.
Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması və məhz dahi öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyinin UNESKO-nun tədbirləri siyahısına daxil edilməsi və 1973-cü ildə beynəlxalq miqyasda qeyd edilməsi xüsusi vurğulanıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə 2017-ci ildə Parisdə Nəsiminin ildönümünün qeyd olunması, ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə Nəsimi poeziya festivalının keçirilməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması ölməz şairin yaradıcılığına, onun irsinə növbəti töhfə olmaqla yanaşı, bütövlükdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə və milli-mənəvi dəyərlərimizə dövlətimiz tərəfindən göstərilən ehtiramın ifadəsi olduğu böyük minnətdarlıqla qåyd ådilib.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin kursantları tərəfindən İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub.
Azərbaycan.- 2019.- 29 dekabr.- S.6.