2019-cu il dekabrın 23-də keçirilmiş
bələdiyyə seçkilərində 27 dekabr
2019-cu il tarixli 32
saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar 25/136
2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 68 saylı Cəlilabad kənd seçki dairəsindən Alar bələdiyyəsi üzrə qeydə alınmış namizəd Bağışov Salaməddin İmanəli oğlu 27 dekabr 2019-cu ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) teleqramla müraciət edərək həmin seçki dairəsinin 1, 2, 3 və 34 saylı seçki məntəqələrində səsvermənin düzgün keçirilmədiyini iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.
Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 4.1.2-ci yarımbəndinə əsasən qərara alır:
1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 68 saylı Cəlilabad kənd seçki dairəsindən Alar bələdiyyəsi üzrə qeydə alınmış namizəd Bağışov Salaməddin İmanəli oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 dekabr 2019-cu il tarixli 32 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.- 2019.- 30 dekabr.- S. 8.