2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 26 dekabr 2019-cu il tarixli 29 saylı müraciətə baxılmasına dair

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar 25/137

 

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Bünyadlı bələdiyyəsi üzrə qeydə alınmış namizədlər Şükürov Sevindik Talıb oğlu, Əsədov Nicat Feyzi oğlu və Əsədov Eldəniz Fətullah oğlu 26 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) ərizə ilə müraciət edərək səsvermə günü Bünyadlı kəndində yerləşən 38 saylı seçki məntəqəsində qanun pozuntusuna yol verildiyini iddia etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Namizədlər öz müraciətlərində göstərmişlər ki, səsvermə günü onlar yüksək səs topladığı halda, onlardan az səs toplayan namizədlər bələdiyyəyə üzv seçilmişlər.

Araşdırma ilə səsvermə günü 80 saylı İmişli-Beyləqan seçki dairəsinin 38 saylı seçki məntəqəsində baş verməsi iddia edilən qanun pozuntusu təsdiqini tapmamış və müəyyən edilmişdir ki, məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair yekun protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Səslərin sayılmasında hər hansı bir pozuntuya yol verilmədiyi səslərin sayılmasını müşahidə etmiş müşahidəçilər M.C.Rüstəmovun, C.Ə.Məmmədovun, M.Ə.Əliyevin, V.Ə.Məmmədovun, A.Ə.Əliyevin, A.R.Rüstəmovun, həmçinin bələdiyyə üzvlüyünə seçilməmiş digər namizədlər R.Ə.Əliyevin, Ş.Ə.İmanovun, V.M.Heydərovun, Q.Ş.Əliyevin, eləcə də komissiyanın katibi Ə.Ş.Əhmədovun, komissiya üzvləri L.Y.Hüseynovun, T.Ə.Abbaslının izahatları ilə təsdiq olunur.

Araşdırma nəticəsində şikayətin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci hissələrinə əsasən qərara alır:

1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Bünyadlı bələdiyyəsi üzrə qeydə alınmış namizədlər Şükürov Sevindik Talıb oğlu, Əsədov Nicat Feyzi oğlu və Əsədov Eldəniz Fətullah oğlunun 26 dekabr 2019-cu il tarixli 29 saylı müraciəti əsassız olduğundan təmin olunmasın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

 

Katib Arifə Muxtarova

 

Katib Mikayıl Rəhimov

 

Azərbaycan.- 2019.- 30 dekabr.- S. 8.