Bərpaolunan enerji mənbələrindən istifadə üzrə pilot layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb

 

Azərbaycan Respublikası Prezidentinin "Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 2019-cu il 5 dekabr tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ikinci iclası olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən iclasda işçi qruplarının hesabatları dinlənilib. Pilot layihələrin həyata keçiriləcəyi torpaq sahələrinin ayrılması, investorlara dövlət zəmanətlərinin verilməsi, layihələrin iqtisadi qiymətləndirilməsindən irəli gələn məsələlər müzakirə edilib. Şəbəkənin gücləndirilməsi və şəbəkəyə inteqrasiya ilə bağlı ilkin təkliflər nəzərdən keçirilib. Hüquqiinstitusional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin təklif alınmış beynəlxalq məsləhətçi şirkətlər barədə ətraflı məlumat verilib.

P.Şahbazov dövlət başçısının bərpaolunan enerjidən istifadənin genişləndirilməsi ilə bağlı tapşırıqlarının ölkəmizin energetika sektorunun müasir trendlərə uyğun inkişafına və qeyri-neft sektoruna xarici investisiyanın cəlbinə imkanlar yaratdığını qeyd edib. Nazir görülən işlərə dair fikirlərini diqqətə çatdırıb və işçi qruplarına tapşırıqlar verib.

Yekunda Komissiyanın müvafiq təklifləri Sərəncamda nəzərdə tutulan müddətlərdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi üçün işçi qruplarına tədbirlərin icrasının sürətləndirilməsi tövsiyə edilib.

Qeyd edək ki, Sərəncamın icrası məqsədilə Energetika, İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Ədliyyə nazirlikləri, "Azərenerji” ASC, "Azərişıq” ASC, Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti, Vergi Xidməti, Mərkəzi Banksair qurumların təmsilçilərindən ibarət 7 işçi qrup fəaliyyət göstərir.

 

Azərbaycan.- 2019.- 30 dekabr.- S. 9.