Antrepotipli anbarların yaradılması ölkəmizə ticarət və logistika sahəsində yeni dividendlər gətirəcək”

 

Bu sözləri "MyBroker” şirkətinin təsisçisi Rəşad Əliyev deyib. Bildirib ki, yaxın gələcəkdə Ələt qəsəbəsində Azad İqtisadi Zonanın yaradılmasına başlanacaq.

Azərbaycanın dünyanın ticarət mərkəzlərindən birinə çevrilməsi üçün zəruri olan bütün imkan və bacarığa malik olduğunu deyən R.Əliyev qeyd edib ki, iqtisadi, coğrafisiyasi üstünlükləri nəzərə alaraq ölkənin sahib olduğu logistik potensialından tam şəkildə istifadə etmək üçün mövcud imkanlardan bir qismi onlar tərəfindən araşdırılır. Bu imkanlardan biri də "Antrepotipli anbar rejimidir.

R.Əliyevin sözlərinə görə, "Antrepotipli anbar kommersiya xarakterli malların gömrük nəzarəti ilə yerləşdirildiyi, yaxşı saxlanıldığı, gömrük qanunvericiliyinə görə qurulmasına icazə verilən qapalı və açıq məkanlardır. Ölkəmizdə beynəlxalq ticarətin inkişafı istiqamətində anbar rejimin inkişaf etməsinə, formalaşdırılmasına zərurət yaranıb: "Avropa və Türkiyədə çox sıx şəkildə istifadə edilməkdə olan bu anbar sistemi mənimsənilərsə və Avropa Anbar Rejimi tam tətbiq edilərsə, başda Türkiyə olmaqla bütün Avropa şirkətləri bölgələrə, bazarlara çıxaracaqları məhsulların bir qismini əvvəlcədən Azərbaycandakı "Antrepotipli anbarlara göndərə, müştəri tapdıqca Azərbaycanın daxilindəki və ya xaricindəki alıcılara göndərilməsi üçün logistik fəaliyyətlərini sürətləndirə, ticari əlaqələrini asanlaşdıra bilərlər. "Antrepotipli anbar sistemi Azərbaycanda dərhal tətbiq oluna biləcək imkanlara malik kateqoriyaya aiddir. Buna ehtiyac həddindən artıq çoxdur. Sistem tətbiq edilərsə, başda Türkiyə olmaqla Avropadakı bir çox şirkətlər birbaşa Azərbaycana sərmayə yatırmaq, logistika fəaliyyətinin bir qismini Azərbaycandan icra etmək niyyətində ola bilər”.

"Ölkəmizdə bu potensial artıq mövcuddur. Reallaşdırmağı mümkün olan layihə anbar sisteminin inkişaf etdirilməsi, layihənin həm Azərbaycanda olan istehsalçıların adamlarının xeyrinə, həm yerləşdiyi mövqe baxımından dövlətin xeyrinə olacaq şəkildə planlaşdırılması üçün müvafiq plan proqramlar hazırlamaq məqsədə uyğun olar. Azərbaycanın Asiyanın ən mühüm ticarət logistika mərkəzinə çevrilməsində əsas amillərdən biri anbar sisteminin inkişaf etdirilməsinin sürətlə həyata keçirməsi şərti ilə mümkündür. Bu, çox sərmayə tələb etməyən bir addımdır həm dünyada Azərbaycanın iqtisadi cəhətdən etibarlılığını sürətlə yüksəldən addım ola bilər. Qlobal görüşlərə dayanaraq, anbar rejimlərinin üstünlüklərindən həm iqtisadi, həm siyasi baxımdan Azərbaycanın xeyrinə istifadə etmək üçün strategiya hazırlanmalı, tətbiq oluna bilən plan-layihələr həyata keçirilməsi məqsədəuyğun olar”, - deyən R.Əliyev qeyd edib ki, anbar sistemi çərçivəsində ölkəyə gətiriləcək xaricə satılacaq malların bütün bank əməliyyatları Azərbaycan banklarında həyata keçiriləcəyi üçün bu aktivasiya Azərbaycan manatının gücünə əlavə güc qatmaqla yanaşı, qlobal olaraq maliyyə sabitliyinə malik olan dövlətimizin dünyadakı nüfuzunu artırar: "Antrepotipli anbar sisteminin yaradılması təkmilləşdirilməsi Azərbaycana ən mühüm ticarət logistika mərkəzi olmaq imkanını verir. Bu, dünyada kifayət qədər diqqət cəlb edər dünyanın nəhəng şirkətlərinin Azərbaycana maraq göstərmələrinə səbəb olar”.

 

Azərbaycan.- 2019.- 30 dekabr.- S. 9.