Ədibin arzusu
Görkəmli Azərbaycan dramaturqu və teatr xadimi Cəfər Cabbarlı ömrünün qısa, lakin mənalı illərini, demək olar ki, əvvəldən axıra kimi Bakı şəhərində keçirib. Lakin buna baxmayaraq əyalət teatrlarının fəaliyyəti ilə də maraqlanıb, həmin sənət ocaqlarında çalışan aktyor və rejissorlardan dəyərli məsləhətlərini əsirgəməyib. Lənkərana böyük məhəbbəti olan ədib bu əsrarəngiz cənub şəhərində olmaq arzusu ilə də yaşayıb.
Köhnə arxiv sənədlərində teatr rejissoru Əli Mənsur Quliyevin Cəfər Cabbarlı ilə görüşləri barədə xatirələri bu gün də mühafizə olunmaqdadır. "1934-cü ildə Lənkəranda işçi-kolxozçu dövlət teatrı yaratmaq haqqında təşəbbüs irəli sürdüm, - deyə Ə.Quliyev yazır. - İlk tamaşanı həmin ilin dekabr ayında göstərməli idik. Mən Bakıya gəlib Cəfərlə görüşdüm. Onu Lənkərana dəvət etdim və dedim ki, teatrın təntənəli açılışı olacaq. Opera teatrından, dram teatrından, xalq maarif komissarlığından da nümayəndələr çağırmışıq. Cəfər gülə-gülə: - Paraxod məni tutmaz? - dedi. Mən isə: - Yox, "Kalantay” çox böyük paraxoddur, - deyə cavab verdim.
C.Cabbarlı belə məsləhət gördü ki, açılışı yanvar ayında edək. Mən razılaşdım. Ancaq sənətkarın qəfil ölümü bu arzunu ürəyimdə qoydu. Dəfn mərasimindən bir neçə gün sonra Lənkərana qayıtdım”.
Bununla belə dramaturqun çox sevdiyi şəhərlə "görüşü” onun əsərinin tamaşaya qoyulması ilə baş tutdu. 1935-ci il fevralın 14-də Lənkəran teatrı C.Cabbarlının "Almaz” pyesinin premyerası ilə öz pərdəsini qaldırdı. İlk tamaşanın quruluşunu teatrın direktoru və rejissoru Əli Mənsur Quliyev vermişdi. Tamaşada iştirak edən aktyor heyəti rayon xalq teatrının yetirmələrindən və Bakı teatrlarından dəvət olunmuş bir neçə artistdən ibarət idi. Təqdirəlayiq cəhət həm də o idi ki, Lənkəran teatrına Cəfər Cabbarlının adı verilmişdi.
Lakin 1940-cı ildə məlum olmayan səbəblərdən C.Cabbarlının adı Lənkəran teatrından götürüldü. İndi bu sənət ocağı Azərbaycanın tragik aktyoru Hüseyn Ərəblinskinin adını daşımağa başlamışdı. Bizim fikrimizcə, Azərbaycanın ikinci böyük şəhəri Gəncədə fəaliyyət göstərən teatrın da Cəfər Cabbarlının adını daşıması belə bir qərarın qəbul edilməsinə rəvac vermişdi. Buna baxmayaraq, görkəmli dramaturqun əsərləri heç vaxt Lənkəran teatrının repertuarından düşməyib. C.Cabbarlının yaradıcılığı bu sənət ocağında çalışan yeni aktyor və rejissor nəslinin həmişə nəzər-diqqətini özünə cəlb edib.
1973-cü ildən fəaliyyətini bərpa edən Lənkəran Dövlət Dram Teatrının kollektivi də əvvəlki ənənəyə sadiq qalaraq dəfələrlə Cəfər Cabbarlının yaradıcılığına müraciət etməklə, ədibin "Oqtay Eloğlu”, "Aydın”, "Sevil”, "Solğun çiçəklər” kimi dram əsərlərini müvəffəqiyyətlə tamaşaya qoyub. Bu yaxınlarda isə teatrda dramaturqun 120 illik yubileyinə tohfə olaraq onun "Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” dramının premyerası keçirilib. Tamaşa qonşu Lerik rayonunda da oynanılıb.
Noyabrın 27-də isə Bakıda keçirilən "Cəfər Cabbarlı həftəsi” çərçivəsində Lənkəran Dövlət Dram Teatrının aktyorları Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində "Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşası ilə paytaxt sənətsevərləri qarşısında çıxış ediblər,
Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.
Rolları aktyorlardan Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), aktyorlardan Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa ediblər.
Ağaddin BABAYEV,
Lənkəran Dövlət Dram Teatrının
ədəbi-dram hissəsinin
rəhbəri
Azərbaycan.- 2019.- 30 dekabr.- S. 10.