Heydər
Əliyev Fondu uşaqlar üçün ənənəvi
bayram şənliyi təşkil edib Birinci vitse-prezident Mehriban
Əliyeva bayram şənliyində iştirak edib
Heydər
Əliyev Fondu dekabrın 30-da "Buta” sarayında Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində
uşaqlar üçün şənlik təşkil edib.
AZƏRTAC
xəbər verir ki, ənənəvi olaraq keçirilən
şənliyə müxtəlif uşaq evlərində və
internat məktəblərində tərbiyə alan, xüsusi
qayğıya ehtiyacı olan uşaqlar dəvət alıblar.
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla
Əliyeva və Arzu Əliyeva bayram şənliyində
iştirak ediblər.
Həmişə
olduğu kimi, bu dəfə də uşaqlar şənliyin
keçirildiyi "Buta” sarayına onlar üçün
ayrılmış avtobuslarla gəldilər. Xüsusi zövqlə
bəzədilən və balacaların ixtiyarına verilən
bu məkan uşaqları sevindirmək üçün bayram əhval-ruhiyyəsində,
nağıllar aləmini xatırladan dizaynla tərtib
olunmuşdu.
Birinci
vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü
ilə hər il Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il ərəfəsində müxtəlif
uşaq evlərində və internat məktəblərində
tərbiyə alan, xüsusi qayğıya ehtiyacı olan
uşaqlar üçün şənlik təşkil edilir. Bu
il də istisna olmadı.
Bayram
şənliyi Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin uşaqlara qayğısından, müxtəlif illərdə
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə
olmasından bəhs edən filmin nümayişi ilə
başladı.
Daha
sonra "Qış nağılı” təqdim edildi.
Rusiyalı rejissor Aleksey Smirnovun quruluşunda hazırlanan
teatrlaşdırılmış səhnəcik
iştirakçılar tərəfindən maraqla
qarşılandı. Rəngarəng səhnə tərtibatı
ilə uşaqların sevincinə səbəb olan
"Qış nağılı” müxtəlif ölkələrdə
Yeni ilin qarşılanması tarixçəsi üzərində
qurulub. Bu proqram, "Buta”da balacalar
üçün qurulan və əsl bayram əhval-ruhiyyəsi
bəxş edən dekorasiyalar uşaqların sevincini daha da
artırdı. Bər-bəzəkli sarayda rəqslərə
qoşulan, mahnılar ifa edən, məharətlərini
göstərən uşaqların sevinci hədsiz idi.
Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi
bayram və bu şənlikdə tanınmış sənətçilərin,
sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının
bir-birindən maraqlı çıxışları məhz
onlara ünvanlanmışdı.
Bayram
şənliyində uşaqların sevinci, üzlərindəki
təbəssüm bu hədiyyəni onlara bəxş edən
Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən
yüksək qiymət idi. Hər il olduğu kimi, bu dəfə
də balacalar onların ən böyük himayədarı
Mehriban Əliyevanın ətrafına toplaşdılar.
Azərbaycanın
Birinci vitse-prezidenti uşaqların sevinc və fərəhini
bölüşdü, onlarla səmimi söhbət etdi.
Şənliyin
iştirakçısı olan hər bir uşaq Mehriban
Əliyevanın onlara diqqət və qayğısını
hiss etdi.
Birinci
vitse-prezident Mehriban Əliyeva sarayda uşaqlar
üçün qurulan masaların hamısına
yaxınlaşdı, onların əhvalı ilə
maraqlandı, istəklərini dinlədi, hər biri ilə
şəkil çəkdirdi. Cəmiyyətdə xüsusi
kateqoriyaya aid olan bu uşaqlar bir daha onların daim
qayğı ilə əhatə olunduğunu gördülər.
Nağıl
və musiqili-əyləncəli proqram müxtəlif uşaq
kollektivlərinin, uşaq evlərinin sakinlərinin və Azərbaycan
incəsənət ustalarının iştirakı ilə
hazırlanmışdı.
Balacaların
sevimli qəhrəmanlarını canlandıran personajlar şənlik
iştirakçılarında gözəl həyəcan hissləri
doğurdu. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər
bayram tədbirini daha da rəngarəng etdi.
Qış
nağılını xatırladan sarayda uşaqlar bayram ərəfəsində
sevimli qəhrəmanların əhatəsində oldular, onlarla
birlikdə şənləndilər.
Mehriban
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu
valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin
həllinə xüsusi diqqət yetirir. Cəmiyyətdə nəcibliyin,
mərhəmət və xeyirxahlığın ali
ünvanına çevrilməklə, ümumxalq mənafeləri
baxımından bir sıra strateji layihələri qısa
müddətdə uğurla gerçəkləşdirən
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti
də məhz bu nəcib dəyərlərə söykənir.
Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyeva bayram şənliyində
çıxış etdi.
Birinci vitse-prezident
Mehriban Əliyevanın çıxışı
-Hörmətli
valideynlər, hörmətli müəllimələr, əziz
uşaqlar.
Mən sizin hər
birinizi Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə ürəkdən
təbrik edirəm. Heydər Əliyev Fondu fəaliyyətinə
başladığı dövrdən – yəni, 15 ildir ki, biz
Yeni ili birlikdə qarşılayırıq. İl ərzində
müxtəlif tədbirlərdə, müxtəlif məkanlarda
da sizinlə görüşürük. Amma Yeni il bayramı
xüsusi bayramdır. Bu, həm uşaqların, həm
böyüklərin ən sevimli bayramlarından biridir. Bu
gün bizim bir ailə kimi bir-birimizə doğma, dəyərli,
əziz olduğumuzu ifadə etməyimiz üçün
gözəl bir imkandır.
Artıq 2019-cu ilin
son günlərini yaşayırıq. Ümidvaram ki, sizin hər
biriniz üçün bu il uğurlu oldu. Ölkəmizin həyatında
da bir sıra əhəmiyyətli, yaddaqalan hadisələr
baş verdi. Azərbaycanda sabitlik, əmin-amanlıq hökm
sürdü. Azərbaycanda inkişaf davam edir. 2018-ci ildən
cənab Prezident İlham Əliyev tərəfindən start
verilmiş islahatlar davam edir. Dünya Bankının 2020-ci il
üzrə hesabatında Azərbaycan dünyanın 20 ən
islahatçı ölkələri sırasındadır.
Davos Dünya İqtisadi Forumunun hesabatında rəhbərliyin
islahatlara meyillilik səviyyəsi üzrə Azərbaycan
beşinci yerdədir. Bu il dünyanın ən güclü 80
ölkəsi arasında reytinqdə bizim ölkəmiz 45-ci
yerdədir.
Ölkəmizdə
bu il bir sıra vacib, mühüm beynəlxalq tədbirlər,
o cümlədən VII Qlobal Bakı Forumu, V Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu, Qoşulmama Hərəkatına üzv ölkələrin
dövlət və hökumət
başçılarının XVIII Zirvə
Görüşü, Dünya dini liderlərinin II Sammiti
keçirildi. Digər sahələrdə də bir sıra
mühüm hadisələr baş verdi. Mədəniyyət
sahəsində ən yaddaqalan hadisə yəqin ki, Şəki
Xan Sarayının və Şəki şəhərinin tarixi
mərkəzinin UNESKO-nun Ümumdünya İrs
Siyahısına daxil edilməsi, Bakı şəhərinin
UNESKO-nun yaradıcılıq şəhərlərinin şəbəkəsində
yer tutmasıdır. Digər sahələrdə - idman sahəsində
böyük nailiyyətlər əldə edilib. 2019-cu ildə
ölkəmizdə bir sıra beynəlxalq yarışlar
keçirilib. Mən bir gəncin qələbəsi
haqqında xüsusi danışmaq istəyirəm. Bu ilin
oktyabr ayında bizim gənc şahmatçı Aydın
Süleymanlı 14, 16 və 18 yaşlı qızlar və
oğlanlar arasında dünya çempionatında qələbə
əldə edib. Əlbəttə, bu, bizim hər birimizin qəlbini
böyük qürur və sevinc hissi ilə doldurur.
Bir sözlə,
bir çox sahələrdə, demək olar ki, həyatımızın
bütün sahələrində ölkəmiz yeni nailiyyətlər,
yeni qələbələr əldə edir. Əziz uşaqlar,
bu gün görülən bütün işlər, atılan
bütün addımlar sizin xoşbəxt sabahınız,
xoşbəxt gələcəyiniz naminədir.
Yeni il, eyni zamanda,
yeni arzular, yeni hədəflər, yeni imkanlardır. Mən
arzulayıram ki, sizin hər birinizin ürəyində olan ən
müqəddəs arzularınız gerçəkləşsin.
Əminəm ki, ölkəmizi yeni qələbələr və
yeni nailiyyətlər gözləyir. Bu bayram günündə
mən bizim bütün müəllimlərimizə əvəzolunmaz
əməklərinə görə, bizim gənc nəslə,
bizim uşaqlara göstərdikləri diqqətə görə
öz dərin minnətdarlığımı bildirirəm.
Artıq 15 ildir ki, Heydər Əliyev Fondunun kollektivi ilə
bir yerdə bu bayram ab-havasını yaratmağa kömək
edən, iştirak edən, uşaqları şənləndirən
bizim hörmətli sənət adamlarımıza mən
öz dərin minnətdarlığımı bildirirəm.
Əziz dostlar, bir
daha hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il bayramı münasibətilə ürəkdən
təbrik edirəm, sizə cansağlığı, uğurlar
arzulayıram. Ölkəmizə sülh, əmin-amanlıq
arzulayıram. Qoy, Tanrı Azərbaycanı və Azərbaycan
xalqını daim qorusun. Təbrik edirəm.
***
Beləliklə,
Heydər Əliyev Fondunun həyata keçirdiyi
çoxşaxəli fəaliyyətin bir hissəsi olan bayram
şənliyi yüzlərlə uşağı sevindirdi.
Bir saatdan çox
davam edən proqramın sonunda uşaqlara Heydər Əliyev
Fondu tərəfindən bayram hədiyyələri verildi.
Fondun balacalara hədiyyə etdiyi bu bayram şənliyi
onların yaddaşında silinməz iz qoydu.
Azərbaycan.- 2019.- 31 dekabr.- S.3-4