Bakıda turistlər Yeni ili yüksək ovqatla
qarşılayırlar
Yeni il ərəfəsində Bakının küçə və meydanları, park və xiyabanları daha möhtəşəm görünür. Paytaxt sakinləri arasında ölkəmizin bölgələrindən olan qonaqlarla bərabər, xarici turistlərin də çoxluğu müşahidə olunur. Son illər Yeni ildə, Novruz bayramında, eləcə də digər tarixi günlərdə yerli sakinlərlə yanaşı, xarici ölkə vətəndaşlarının da Naxçıvanda, Gəncədə, Qubada, Qusarda, Şəkidə, Lənkəranda, xüsusən də paytaxt Bakıda turist gəzintisində olmaları ənənəyə çevrilib. Bu, bir tərəfdən Bakının ildən-ilə gözəlləşməsi və müasirləşməsi ilə bağlıdırsa, digər tərəfdən Azərbaycan dövlətinin turistlər üçün dünya standartlarına uyğun yaratdıqları şərait və təhlükəsizlik tədbirləri ilə yüksək səviyyədə təmin olunmalarından irəli gəlir. Yeni il qabağı Bakının İçəri şəhər, Beşmərtəbə, Heydər Əliyev Mərkəzi, Dənizkənarı bulvar ərazilərində gəzişən turistlərin sayı xeyli çoxalıb. Onlar Yeni il yolkaları ətrafında xatirə şəkilləri çəkdirir, Bakının tarixi yerləri, abidələri, müasir binalar və tikililərlə yaxından tanış olur, muzeylərdə və digər yerlərdə vaxtlarını səmərəli keçirirlər.
Müşahidələrdən hiss olunur ki, Yeni il qabağı paytaxt Bakıya gələnlər arasında İran, Türkiyə, Gürcüstan, Rusiya Federasiyası və Orta Asiya ölkələri vətəndaşları daha çoxdur. Təsadüfi deyil ki, əvvəlki aylarda olduğu kimi, Orta Asiya ölkələri arasında ən çox əcnəbi qonaq respublikamıza Türkmənistandan (49 min) və Qazaxıstandan (43 min), habelə Cənubi Asiya ölkələrindən Hindistandan (59 min) və Pakistandan (42 min) gəlib. Türkiyə və İrandan gələn xarici qonaqların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.3 faiz artıb.
Yeni il gəzintisində olan bir sıra xarici ölkə vətəndaşları foto-müxbirimizin də obyektinə tuş gəlib. Yaxınlaşıb İranın Təbriz şəhərindən ailəliklə Bakıya, Yeni il şənliklərində iştirak etməyə gəlmiş Yusif Gəncəli ilə həmsöhbət oluruq:
- Valideynlərim Gəncədən olub, 1920-ci il Gəncə üsyanından sonra İrana mühacirət etmişlər. Azərbaycanı çox sevirəm, Bakı çox möhtəşəmdir, xanımım Həbibə, uşaqlarım, qardaşım ağa Həbib və ağa Rza da mənimlədirlər. İki gündür Bakıdayıq, istirahətimiz və gəzintimiz ürəyimizcədir. Qismət olsa, Novruz bayramında da gəlmək fikrimiz var, onda Gəncəyə əqrəbalarımızı ziyarətə gedəcəyik. Qoy bu Yeni il xalqımız üçün uğurlu və bərəkətli olsun.
İçəri şəhərdə, Şirvanşahlar sarayında, Qız qalası ətrafında və Dənizkənarı bulvarda dəstəbədəstə gəzişən xarici ölkələrdən gəlmiş turistlərdəki bayram ovqatının yüksək olması onların gəzintidən razı qaldıqlarının ifadəsi idi.
Rəhman SALMANLI
Azərbaycan.- 2019.- 31 dekabr.- S.11.