Müstəqil, qürurlu dövlətin qətiyyətli
lideri
2019-cu il Azərbaycan tarixində bir çox mühüm və əlamətdar hadisələrlə yadda qaldı. İslahatlar dalğası bir çox sahələri əhatə etdi, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu, dövlət müstəqilliyini möhkəmləndirdi, beynəlxalq aləmdə nüfuzunu daha da artırdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm ölkə daxilində, həm də xaricində keçirilən tədbirlərdəki çıxışlarında ölkəmizin bugünü və gələcəyi ilə bağlı bir çox vacib məqamlara toxundu, cəmiyyətə mesajlar verdi.
Bu çıxışlar sırasında Prezident İlham Əliyevin 26 noyabr 2019-cu il tarixində Bakı Konqres Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubiley mərasiminin keçirildiyi tədbirdəki tarixi nitqi xüsusi yer tutur. Prezident İlham Əliyev bu mərasimdəki çıxışında Azərbaycanın müasir dövrü, gələcəyi, milli-mənəvi dəyərlərimiz, elm və təhsil, xarici təhdidlərlə bağlı bir çox vacib məsələyə geniş toxundu, açıq fikirlərini bildirdi.
Sözügedən çıxış cəmiyyətdə böyük əks-səda doğurduğundan bugünədək onun ətrafında geniş müzakirələr aparılır və gələcəkdə də aparılacaq. Prezident İlham Əliyevin nitqində ölkəmizin tarixin müxtəlif mərhələlərində qarşılaşdığı çətinliklərdən və gənclərimizin müasir dövrdə üzləşdiyi təhdidlərdən geniş bəhs olundu, bunlardan çıxış yolları göstərildi, eləcə də dəyərli tövsiyələr verildi.
Prezident öz çıxışına Bakı Dövlət Universitetinin yaranma tarixindən, bu addımı atmaqla Azərbaycan Xalq Cümhuriyyətinin xalqımız qarşısında böyük xidmət göstərdiyindən bəhs etməklə başladı. Bu, ümumilikdə cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, qısa müddətdə gördüyü böyük işlərə verdiyi yüksək dəyərin bariz göstəricisi idi.
Daha sonra savadsız cəmiyyətdə güclü dövlət qurmağın mümkün olmadığını bildirən cənab İlham Əliyev Bakı Dövlət Universitetinin yaranma tarixinə, üzləşdiyi çətinliklərə, eləcə də cəmiyyətə verdiyi faydalara faktlarla toxunaraq, 100 il ərzində universitetin 200 minə yaxın məzunu olduğunu, onların arasından görkəmli şəxslər, alimlər, ictimai-siyasi xadimlər, siyasətçilər, mütəxəssislər çıxdığını, bir çoxunun Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfəsini verdiyini qeyd etdi.
Prezident həmçinin bildirdi ki, Azərbaycan xalqının fəxri olan Ümummilli Lider, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də məhz Bakı Dövlət Universitetinin məzunu olub. Heydər Əliyev həm sovet dövründə, həm müstəqillik ərəfəsində, həm də müstəqillik illərində xalq və dövlət qarşısında misilsiz xidmətlər göstərib. Məhz onun rəhbərliyi ilə sovet dövründə Azərbaycan müttəfiq respublikalar arasında ən geridəqalmış sıralardan qabaqcıl yerlərədək yüksəldi. Sovet dönəmində Ulu Öndər 13 il ərzində Azərbaycana hər il "Keçici Qırmızı bayraq” qazandırdı; onun rəhbərliyi ilə vətənimiz böyük uğurlu yol qət etdi, 15 müttəfiq respublika arasında iki donor respublikadan biri oldu.
Universitetin fəxri olan Ümummilli Liderin tarixi xidmətlərinin yalnız təhsillə bağlı fəaliyyətindən bəhs edərkən Prezident qürurla bildirdi ki, Heydər Əliyev bu sahəyə daim böyük diqqət göstərirdi. Azərbaycan gənclərinin keçmiş Sovet İttifaqının aparıcı ali təhsil məktəblərində oxumaları üçün böyük zəhmət çəkib. Sovet məkanında buna oxşar təcrübə yox idi. Hər il təqribən 800-ə yaxın gənc Bakıda imtahan verib keçmiş Sovetlər İttifaqının Moskva, Leninqrad (indiki Sankt-Peterburq - müəl.) və digər böyük şəhərlərindəki qabaqcıl ali məktəblərində təhsil almağa göndərilirdi.
Prezident həmçinin öz çıxışında qeyd etdi ki, Heydər Əliyevin qərarı ilə 1970-ci illərin əvvəllərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. O vaxt azərbaycanlılar Sovet Ordusunda az təmsil olunduqlarından Heydər Əliyev çox istəyirdi ki, yerli hərbçilər yetişsin. Sanki bilirdi ki, nə vaxtsa Azərbaycan müstəqillik qazanacaq və bu kadrlar bizə lazım olacaq.
Dövlət başçısı daha sonra vurğuladı ki, gənclərin və tələbələrin məlumatlı olmaları, mənfi, yad təsirlərə uymamaları üçün ölkəmizin müstəqilliyəqədərki dövründə də, müstəqillik illərində də Heydər Əliyev daim xalqın yanında olmuşdur.
20 Yanvar faciəsi baş verdikdən dərhal sonra Ulu Öndərin atdığı addımlardan və bir sıra tarixi xidmətlərindən bəhs edən cənab İlham Əliyev bildirdi ki, lider daim xalqın yanında olmalıdır - necə ki, Heydər Əliyev hər zaman Azərbaycan xalqının yanında idi. Prezident Ümummilli Lideri gənclərə və gələcək nəsillərə nümunə olaraq göstərdi.
Prezident İlham Əliyev "Burada əyləşən gənclər tariximizi düzgün bilməlidirlər” deyərək Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətkar hakimiyyəti dövründə insanların saatlarla çörək növbəsində dayandıqlarını, əlisilahlı quldurların meydan suladıqlarını, şəhərlərimizdə insanların incidildiklərini, oğurlandıqlarını, işgəncələrə məruz qaldıqlarını, jurnalistlərin döyüldüklərini qeyd etdi. Özlərini "demokrat” adlandıran bu ünsürlərin qeyri-insani hərəkətlərindən, onların dövlətə və dövlətçiliyə vurduğu ziyanlardan bəhs edərək, ləl-cəvahirat fondunun talanmasından, ölkənin böhran vəziyyətinə salınmasından danışdı.
Xalqımızın faciələrlə dolu tarixindən söhbət açan Prezident İlham Əliyev əsrlər boyu müstəmləkə vəziyyətində yaşadığımızı xatırlatdı. Həmçinin müstəqilliyimizi istəməyən xarici hərbi missionerlərin o vaxt qəbul edilmiş birinci Dövlət bayrağımızı dəyişdirməsindən, indiki üçrəngli bayrağın təsis edilməsindən, bugünümüzdən və ölkənin inkişaf dinamikliyindən bəhs etdi.
"Gənclər əsas qüvvədir və Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar” söyləyən cənab Prezident müəllimləri məsuliyyətli olmağa, tələbələrə biliklər öyrətməklə yanaşı onları tərbiyə etməyi də tövsiyə etdi. Bu sözlər Azərbaycan Prezidentinin gənclərə inam və etimadının növbəti göstəricisi idi. Bəli, Azərbaycan gəncləri vətənlərini sevirlər, ona bağlıdırlar. Eyni zamanda, onlar öz Prezidentlərinə sadiqdirlər, onun ətrafında sıx birləşiblər.
İlham Əliyev Azərbaycanda tərbiyə işinin yeni müstəviyə qalxmasının zəruriliyini xüsusi vurğuladı. İdeoloji işə yenidən baxılmasının vacibliyini diqqətə çəkən dövlət başçısı bu sahədə zəifliklər və boşluqlar olduğunu bildirdi. "Bizi istəməyən qüvvələr bu boşluqlardan istifadə edirlər” söyləyən cənab Prezident vurğuladı ki, hazırda azad internet şəbəkəsi mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-ni keçib. Prezident "Ölkəmizdə azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik” ismarıcını verdi. Bu, cənab
İlham Əliyevin müəllimlərə öz işlərinə, gənclərə gələcəkləri ilə bağlı növbəti dəyərli tövsiyəsi idi. Bəli, Cənab Prezidentin də qeyd etdiyi kimi, azad internet şəbəkəsinin olması, müsbət tərəfləri ilə yanaşı, bu gün gənclərin beyinlərini zəhərləmək üçün düşmənlərin əlində ən güclü silahlardan birinə çevrilib. Gəncləri bu təhdidlərdən qorumaq üçün tərbiyə işini gücləndirməli, onlarla daha sıx işləməliyik.
Prezident İlham Əliyev daha sonra
bildirdi: "Azərbaycan inkişaf edir. Dünyada
bizə rəğbət artır. Təsadüfi
deyil ki, dünya birliyinin mütləq əksəriyyətini təşkil
edən ölkələr bizə səs verirlər”. Ali
Baş Komandan mərasim iştirakçılarının nəzərinə
qürurla çatdırdı ki, 155 ölkənin səsi ilə
Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv
seçilib: "Özü də necə, 8 il bundan əvvəlki
kimi səs topladıq. İndi diplomatlar
yaxşı bilirlər ki, adətən səsvermə bir
gün ərzində keçirilir və tez bir zamanda yeni
üzvlər seçilir. Bizdə isə
bu, üç gün çəkdi”.
Prezident bugünün prioritet
mövzusu olan Azərbaycanın Qoşulmama Hərəkatına
sədrliyindən, Bakıda keçirilən Zirvə
görüşündə 120 ölkənin ölkəmizə
səs verməsindən, Rusiya Prezidenti Vladimir Putinin dəvəti
ilə "Valday” Diskussiya Klubunda iştirakından da
danışdı. Mərasim
iştirakçılarına bütün dünyaya verdiyi
"Qarabağ Azərbaycandır, nida işarəsi”
mesajını xatırlatdı.
Daha sonra MDB Zirvə
görüşündə iştirakından söhbət
açan ölkə rəhbəri dedi ki, MDB məkanında
faşistlərə abidə ucaldılmasına yol verə bilmərik.
Ermənistanda faşist Qaregin Njdeyə 6 metrlik
abidə ucaldılıb, bu, sökülməlidir, bu, qəbuledilməzdir.
Njdenin cinayətkar əməllərindən,
casusluğundan, necə həbs olunduğundan və həbsxanada
çürüməsindən tarixi faktlarla danışan
dövlət başçısı belə bir caniyə heykəl
qoyulmasının yolverilməzliyini vurğuladı.
Prezident daha sonra qeyd etdi ki,
Ermənistanda hakimiyyət dəyişsə də, ölkənin
faşist mahiyyəti dəyişməyib. Bu faşist
mahiyyəti bizə qarşı, Türkiyəyə
qarşı, müsəlmanlara qarşı nifrətə gedib
çıxır. Onlar uşaqlarını
da bu ruhda tərbiyə edirlər.
Müsəlman ölkələrinin
Ermənistan rəhbərləri ilə münasibətlərindən
təəccübünü bildirən Prezident İlham
Əliyev nitqini bu notlarla davam etdirdi:
- Mən müsəlman ölkələrinə
dəfələrlə müraciət etmişəm. Açıq müraciət etmişəm ki, siz Ermənistanla
necə qucaqlaşırsınız? Siz
bunların liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü ki, bunlar bizim məscidlərimizi
yerlə bir etdilər? Görmürsünüz
ki, bizim məscidləri təhqir etdilər? Gedin,
baxın, o şəkillər var, onlar Ağdam məscidini, Şuşa məscidlərini, işğal
edilmiş digər torpaqlardakı məscidləri nə
günə qoydular? Bu, axı təkcə bizim məscidlərimiz
deyil, bütün müsəlman aləminin məscidləridir.
Buna necə göz yummaq olar? Necə belə riyakarlıq etmək olar?
Biz dəfələrlə islam həmrəyliyi ilə bağlı tədbirlər
keçirmişik, sözümüzü demişik. Bunu davam etdirəcəyik və o faşist Njdeyə
ucaldılan abidə də gündəlikdədir. O cinayətkar
dövlətlə münasibətlər quran bəzi müsəlman
ölkələri bunu edəndə və faşistlərə
qucaq açanda heç olmasa o dağılmış məscidlərin
təsvirlərini göz önünə gətirsinlər və
özlərinə sual versinlər ki, mən kiminlə
qucaqlaşıram?!
Bu, Cənab Prezidentin müsəlman
ölkələrinin xalqlarına və rəhbərlərinə
ermənilərin faşist mahiyyətini açan növbəti
mesajı və çağırışı idi.
Prezident İlham Əliyev
2019-cu ildə ölkəmiz üçün əlamətdar
olan digər bir tədbirdən də söhbət
açdı.
Azərbaycan artıq bir çox sahədə
olduğu kimi, dinlər və mədəniyyətlərarası
dialoqa da mühüm töhfələr verir. Bunu bir çox böyük dünya ölkələri
də etiraf və qəbul edirlər. İlham
Əliyev qeyd etdi ki, noyabr ayında paytaxtımızda Dünya
dini liderlərinin II Bakı Sammiti keçirilmişdir, 70
ölkənin dini lideri Bakıya gəlmişdir.
Dünyada buna bənzər ikinci yığıncaq yoxdur:
- Mən iclaslarda bir-birinin yanında
oturanlara fikir verirdim, əgər onlar başqa yerdə
görüşsəydilər bəlkə başqa cür
danışardılar. Amma oturublar, bir-birini dinləyirlər,
bir-birinə salam verirlər. Biz bunu istəyirik. Çünki
dünya başqa istiqamətdə gedir. Deyirlər
ki, multikulturalizm ölübdür, yoxdur. Müsəlman
miqrantlarını qəfəsdə saxlayırlar, "Stop
İslam” deyirlər demokratiya beşikləri. Deyirlər ki, biz miqrantları qəbul edə bilərik,
- mən Avropa ölkələrini nəzərdə tuturam, -
ancaq müsəlman miqrantları yox. Deyirlər
ki, multikulturalizm iflasa uğrayıb. Amma
biz göstəririk ki, yox, elə deyil. Bu,
siyasi iradədən, baxışlardan asılıdır, sən
nə istəyirsən, hansı siyasət yürüdürsən.
Bax, biz bu siyasəti yürüdürük.
Bu siyasət yeganə düzgün siyasətdir.
Əks təqdirdə, gələcək müharibələr,
o cümlədən ola bilsin dini müharibələr
qaçılmazdır. Ona görə, bax, dini
liderlərin Zirvə görüşünün keçirilməsi
belə səviyyədə və belə təmsilçiliklə
bir daha bizim hörmətimizi, rolumuzu göstərir. Biz nəinki ölkə daxilində, dünya
miqyasında bu gün çox önəmli ölkəyə
çevrilmişik.
Bəli, bu gün hətta inkişaf
etmiş bir sıra Avropa ölkələrində digər mədəniyyətlərə
dözümsüzlük, ksenofobiya və islamofobiya
hallarının artdığı bir dövrdə
dünyanın ayrı-ayrı ölkələrindən
müxtəlif dinlərin və mədəniyyətlərin
nümayəndələrinin ölkəmizdə bir araya gəlməsi
multikulturalizmin ölmədiyini, birgə əməkdaşlığın
və qarşılıqlı anlaşmanın mümkün
olduğunu, bu işdə Azərbaycanın böyük rol
oynadığını və ölkəmizin öz töhfəsini
verdiyini göstərir.
Azərbaycanda iqtisadiyyatın
inkişafından, kadr islahatlarından, gender bərabərliyindən
mərasim iştirakçılarına konkret faktlarla söhbət
açan Prezident sanki xalqının ziyalı zümrəsinə
ölkə haqqında hesabat verir, dünyada cərəyan edən
mürəkkəb prosesləri təhlil etməklə
yanaşı, bu problemlərdən xilas və
çıxış yollarını da göstərirdi.
On minlərlə mütəxəssis
yetişdirən müəllim peşəsindən qürurla
danışan dövlət başçısı
özünün də əmək fəaliyyətinə
müəllim kimi başladığını, bu işin
şərəfli və məsuliyyətli olduğunu vurğuladı. Xoş bir təbəssümlə
"Mən də müəllim olmuşam, müəllim kimi
sizi salamlayıram” söylədi. Bu,
Prezident İlham Əliyevin müəllimlik peşəsinə,
təhsilə və elmə verdiyi önəmin və dəyərin
növbəti göstəricisi idi.
Respublika Prezidentinin
çıxışında diqqətçəkən məqamlardan
biri də tələbələrə səslənərək
onlara bilikli olmağı, diplom üçün yox, savad, elm kəsb
etmək üçün oxumağı tövsiyə etməsi
oldu. Həmçinin biliyin, savadın tələbələrin
təminatlı gələcəyini müəyyənləşdirən
amil olduğunu xatırladaraq, gəncləri vətənpərvər
olmağa, Vətəni sevməyə səslədi.
Ölkə rəhbəri tarixi nitqini
məhz bu sözlərlə yekunlaşdırdı:
- Bax, belə gənclər ölkəmizi
gələcəyə inamla aparacaq. Hesab edirəm
ki, bugünkü gənclərin mütləq əksəriyyəti
bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə
bağlı, vətənpərvər və dünyaya
açıq. Elə olmalıdır ki, Azərbaycanın
dövlət müstəqilliyi güclənsin. Bizim müstəqilliyimiz başlıca vəzifəmizdir.
Azərbaycan müstəqil dövlətdir,
qürurlu dövlətdir və gələcəyə
çox nikbin baxan dövlətdir. Bir daha
sizi təbrik edirəm, cansağlığı, uğurlar
arzulayıram.
Prezident İlham Əliyevin tarixi
çıxışı, irəli sürdüyü tezislər
bu gün ali təhsil müəssisələri,
o cümlədən Azərbaycan İlahiyyat İnstitutu
qarşısında konkret vəzifə və
tapşırıqlar müəyyənləşdirir. Hazırda Azərbaycan İlahiyyat İnstitutu bu vəzifələri
uğurla yerinə yetirmək, vətənə və dövlətə
bağlı, milli ruhda kadrlar yetişdirmək
üçün bütün gücü ilə fəaliyyət
göstərir.
İnanırıq ki,
Prezident İlham Əliyevin möhkəm iradəsi, uzaqgörənliyi
və həyata keçirdiyi uğurlu siyasət nəticəsində
Azərbaycan daha da inkişaf edəcək və daha
böyük uğurlara imza atacaqdır.
Ceyhun
MƏMMƏDOV,
Azərbaycan
İlahiyyat İnstitutunun rektoru
Azərbaycan.-
2019.- 25 dekabr.- S.7.