Xalqa şərəfli xidmət nümunəsi

 

Hər bir hakimiyyətin ictimaiyyət qarşısındakı öhdəliklərə sadiqliyi onun xalqa xidmət səviyyəsini şərtləndirən başlıca meyarlardan biridir. Cəmiyyətin inamını qazanmaq istəyən hər hansı siyasi qüvvə təkcə məqsəd və hədəflərini bəyan etməklə kifayətlənmir, eyni zamanda hər bir fərdin mənafeyinə hesablanmış islahatlara müəlliflik edərək davamlı inkişafa təminat yaradır. Əlbəttə, bu da bir reallıqdır ki, bəzən irəli sürülən ideyalar cəlbedici görünsə belə real icra mexanizmlərinin olmaması onların kağız üzərində qalması ilə nəticələnir. İnsanları populist sözlər yox, real, konkret , bir qədər də dəqiqləşdirsək, bu işin əməli nəticələri daha çox maraqlandırır.

Azərbaycan xalqının Ümummilli Lideri, böyük dövlət xadimi Heydər Əliyevin ən layiqli siyasi varisi cənab İlham Əliyev hələ 2003-cü ilin oktyabrında keçirilmiş prezident seçkilərinə "Əsl siyasət konkret, real görməkdən ibarətdir” devizi ilə qatılmışdı. Bu deviz, əslində, həmin dövrə qədərki fəaliyyəti ilə insanların nəzərində zirvələrə ucalmış cənab İlham Əliyevin xalq üçün çalışmaq, onun arzu və istəklərini real, əməli fəaliyyət müstəvisində, konkret platforma əsasında gerçəkləşdirmək, "hər bir azərbaycanlının layiqli Prezidenti olmaq” istəyinin yığcam, lakin son dərəcə dərin, ümumiləşdirilmiş fəlsəfi məzmununu özündə ehtiva edirdi.

Əsl siyasi lideri xarakterizə edən keyfiyyətlər sırasında onun irəli sürdüyü vədlərə sadiqliyi, xalqın inamını doğrultmaq üçün əzmlə, səylə çalışmaq bacarığı xüsusi yer alır. Hələ hökumətin 2003-cü il 17 noyabr tarixində keçirilmiş ilk iclasındakı çıxışında "Biz xalqın xidmətçisiyik. Hər bir məmurun vəzifəsi xalq üçün çalışmaq, ona göstərilmiş etimadı doğrultmaqdır” deyən dövlət başçısı ötən 16 ildə məmurlara etimad meyarını məhz onların fəaliyyətinə nəzərən müəyyənləşdirmiş, eləcə də vətəndaşların görülmüş işlər, qarşıda duran məqsədlər, həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır.

Hökumətin hər rüb üzrə hesabatlarının açıqlanması Azərbaycanda dövlət idarəçiliyinin səmərəliliyi ilə yanaşı, şəffaflığına, hesabatlılığa etibarlı zəmin yaradır. İctimaiyyətin böyük maraqla qarşıladığı bu toplantılar eyni zamanda ölkəmizin qısa müddətdə qazandığı böyük uğurlara, möhtəşəm nailiyyətlərə işıq salır. Bu məqamda cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclaslarının birində söylədiyi bu qətiyyətli fikirləri xatırlatmaq yerinə düşər: "Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir”.

Əgər Ulu Öndər Heydər Əliyevin müasirləşmə siyasəti ötən əsrin 90-cı illərində xaos və tənəzzüldən inkişafa doğru mükəmməl strategiyanı təmin etmişdisə, onun layiqli davamçısı cənab İlham Əliyevin yürütdüyü modernləşmə kursu respublikamızın milli inkişaf modelinin formalaşmasını şərtləndirmişdir. Ötən 16 ildə dövlət başçısının iqtisadi siyasətinin əsasında "güclü dövlət, sabitliksosial rifahtezisi dayanmışdır. Bu da təsadüfi deyildir - güclü iqtisadiyyat qurmadan güclü dövlətə nail olmaq, insanların yüksək sosial rifahını təmin etmək qeyri-mümkündür. Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin ana axarını təşkil edir.

Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir. Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamız ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla sıx əməkdaşlığı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat kimi qiymətləndirir.

Son illər bir sıra mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkan olaraq Bakı şəhərinə üstünlük verilməsi respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldir. "Avrovizion -2012”, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, eləcə də "Formula -1” yarışları ölkəmizin beynəlxalq imicini daha da yüksəltmiş, onun qlobal tədbirlərə layiqincə rəhbərlik etmək təşkilatçılığını nümayiş etdirmişdir. Bütün bunlar, eyni zamanda, respublikamızın sivilizasiyalararası dialoq prosesində fəal mövqe tutduğunun, zəngin Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynadığının göstəricisi olmuşdur.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə uğurlu nəticələr əldə etməsi mümkün deyildir. Eləcə də iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər səmərəsiz olur. Azərbaycanda mərhələlərlə gerçəkləşdirilən siyasi-hüquqi islahatların əsas qayəsində ölkədə liberal dəyərlərin, insan və vətəndaş hüquq və azadlıqlarının prioritetinə əsaslanan, cəmiyyətdə təkamül yolu ilə əxz edilən suveren demokratiya modelinin formalaşdırılması məqsədi dayanır.

"Siyasətimizin əsasında insan amili dayanır” deyən dövlət başçısının həyata keçirdiyi islahatlar tam mahiyyəti ilə vətəndaşların hüquqlarının və qanuni mənafelərinin təminatına yönəlmişdir. Bu ümdə məqsəd önə çəkilməklə ötən müddətdə gerçəkləşdirilən hüquqi-siyasi islahatların mühüm bir istiqamətini də məhz məhkəmə və ədliyyə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, yeni dövrün tələblərinə uyğunlaşdırılması təşkil etmişdir. Məhkəmə hakimiyyətinin özünüidarə funksiyasını uğurla həyata keçirən Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının məqsədyönlü fəaliyyəti nəticəsində bu sahədə infrastrukturun müasirləşdirilməsi, yeni regional məhkəmələrin yaradılması, habelə hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məsələləri xüsusi diqqət mərkəzində olmuşdur. Son 10 ildə məhkəmələrə müraciət imkanlarının yaxşılaşdırılması, bölgələrdə hüquq institutlarının inkişafı məqsədilə 20-dək yeni məhkəmələr, o cümlədən regional apellyasiya, ağır cinayətlər məhkəmələri, habelə dövlət orqanları tərəfindən vətəndaşların pozulmuş hüquqlarının bərpası məqsədilə 7 inzibati-iqtisadi məhkəmə yaradılaraq fəaliyyətə başlamışdır.

Dövlət başçısı İlham Əliyevin ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyinin və sülhünün təmin olunması, əksqütblü qüvvələr arasında etimad mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar onun ədalətli rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər. Ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, müxalifətin sağlam, konstruktiv dialoqa dəvət olunması Prezident İlham Əliyevin milli birliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardandır. Buna əyani misal kimi, ötən 16 ildə 30-dək əfv fərmanı imzalanmasını və 7000-dən artıq məhkumu əfv etməsini vurğulamaq olar. Bu məqam cənab İlham Əliyevin idarəçilik fəlsəfəsində humanizm və insanpərvərlik ideyalarının parlaq xətt təşkil etdiyini göstərir.

Dövlət orqanları tərəfindən əhaliyə xidmətlərin vahid məkandan, daha keyfiyyətli və rahat həyata keçirilməsi məqsədilə 2012-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təsis edilməsi, qurumun nəzdində "ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması Azərbaycanın dövlət idarəetmə sistemində inqilabi dəyişiklikləri təmin etmişdir. 2019-cu il aprelin 18-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində dövlət başçısı şəffaflığa və hesabatlılığa əsaslanan siyasətin bundan sonra davam etdiriləcəyini vurğulamışdır: "Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaqdır. Bu istiqamətdə inzibati tədbirlər, cəza tədbirləri görüləcək və ən böyük səmərə verən sistem xarakterli tədbirlər, institusional islahatlar həyata keçiriləcəkdir. "ASAN xidmət” onların arasında xüsusi yer tutur. Azərbaycan vətəndaşları görürlər ki, biz tədricən bu qurumun funksiyalarını genişləndiririk”.

Mühüm hüquqi islahatlar fonunda 2009-cu və 2016-cı illərdə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutan ümumxalq referendumlarının keçirilməsini xüsusi vurğulamaq lazımdır. Hər iki referendumda ciddi ictimai dəstək almış yeniliklər hüquqi baxımdan Konstitusiyanın bir çox normalarını yeni dövrün tələblərinə uyğunlaşdırmaq məqsədi daşıyaraq insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində dövlətin məsuliyyətini artırmış, onun üzərinə bir sıra yeni hüquqi öhdəliklər qoymuşdur.

2016-cı ilin 26 sentyabr referendumu ilə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərlə Azərbaycanda vitse-prezident institutunun yaradılması da mühüm yeniliklərdən biri olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ölkədəki genişmiqyaslı islahatların tələbindən irəli gəlmişdir. Birinci vitse-prezident bu gün də dövlətin sosial-humanitar, təhsil və mədəniyyət siyasətinin uğurla həyata keçirilməsi prosesində yaxından iştirak edir, islahatlar prosesinə mühüm töhfələr verir. Birinci vitse-prezident vəzifəsi Mehriban xanım Əliyevaya dövlət idarəçiliyində ölkənin hər bir vətəndaşına daha layiqli xidmət göstərmək, xalqın maraq və mənafeyini lazımınca təmsil etmək imkanını genişləndirmişdir.

İnsan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması da bu əzmkar fəaliyyətdə mühüm yer tutur. Hələ 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya təşəbbüsü ilə çıxış edən fondun prezidenti Mehriban xanım Əliyevanın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığı bir daha təsdiqini tapmışdır. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüşgeniş ictimai dəstək almış amnistiya aktları böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb etmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, Nazirlər Kabinetinin 2018-ci ilin 11 aprel seçkilərindən sonra təsdiqlənmiş yeni tərkibi və əsaslı kadr əvəzlənmələri fonunda dövlət idarəetmə sisteminin tamamilə yenilənməsi prosesinə start verilmişdir. Cənab İlham Əliyev, ilk növbədə, vətəndaşların mənafeyini düşünərək dövlət idarəetməsi ilə bağlı buya digər mühüm qərarlar qəbul edir, gəncləri dövlət idarəetməsinə irəli çəkir. Menecer təfəkkürlü, müasir dünyanın aktual çağırışlarını adekvat qiymətləndirməyi bacaran gənc və perspektivli kadrların mühüm postlara təyin edilməsi Azərbaycanda sistem xarakterli islahatlara etibarlı zəmin yaratmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin xüsusilə son aylarda apardığı ciddi kadr dəyişiklikləri, məmurlara, dövlət rəsmilərinə fəaliyyətlərini məhz vətəndaşların mənafelərinin müdafiəsi barədə qəti tapşırıqlar verməsi ictimai fikirdə demokratik inkişafa xidmət edən islahatların uğurla gedəcəyinə qəti inam yaratmışdır. Dövlət başçısı idarəçiliyin təkmilləşdirilməsi prosesini daim diqqət mərkəzində saxlamaqla, cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələrək yeni, çevik və işlək strukturların, dövlət komitələrinin, nazirliklərin, xidmətlərin yaradılmasını da vacib sayır.

Hüquqi dövlət quruculuğu siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində korrupsiyaya qarşı mübarizə, aşkarlıq və şəffaflığın təmini tədbirləri də xüsusi yer tutur. Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində müxtəlif kateqoriyadan olan məmur təbəqəsinin və digər vətəndaşların sosial rifah tədbirlərinin genişləndirilməsi, qanunçuluğun gücləndirilməsi və maarifləndirmə yolu ilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri xüsusi diqqətdə saxlanılır. Son günlər bəzi rayonların rəhbər şəxslərinin korrupsiya və digər neqativ hallara görə həbs edilməsi bir daha göstərir ki, ölkənin müasirləşdirilməsi, idarəçiliyin şəffaflaşdırılması naminə ciddi siyasi iradə ortaya qoyulub və edilən xəbərdarlıqlardan nəticə çıxarmayanlar bundan sonra da sərt şəkildə cəzalandırılacaqlar.

2019-cu il 3 aprel tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanla məhkəmə sisteminin əsaslı şəkildə müasirləşdirilməsi prosesinə start verilməsi, eləcə də parlament seçkilərinin keçirilməsi Azərbaycanı sivilhüquqi dövlətə çevirmək yolunda ciddi siyasi iradə nümayişidir.

Bütün bunlar - iqtisadi inkişaf, demokratikləşmə, dövlət idarəçiliyində şəffaflığın təmin olunması istiqamətində atılan davamlı addımlar xarici siyasətin uğurla reallaşdırılmasına yaxşı imkanlar açmışdır. Son 16 ildə iqtisadi inkişaf və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən dövlət başçısı respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin etmişdir. Beləliklə, həm də hücum xətti üzərində qurulan çevik və səmərəli xarici siyasət yürütmək imkanı qazanan cənab İlham Əliyev "güclü dövlət - müstəqil siyasət” devizini praktiki olaraq gerçəkləşdirmişdir.

2018-ci ilin 11 aprel seçkilərindən sonrakı proseslər dövlət başçısının inqilabi yeniliklərin təşəbbüskarı və ən fəal icraçısı olduğunu bir daha sübut edir. Xalqın böyük rəğbətlə qarşıladığı bu islahatlar Azərbaycanı daha da müasirləşdirməklə, onun qısa müddətdə inkişaf etmiş ölkələr sırasında dayanmasına real imkanlar açır. Ən əsası, həyata keçirilən tədbirlər dövlət başçısına ictimai inam və etimadı gücləndirir, xalq-iqtidar birliyini daha möhkəm, daha sarsılmaz edir.

 

Əsmər ƏLİYEVA,

Bakı Dövlət Universitetinin dosenti,

hüquq üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2019.- 25 dekabr.- S.7.