Müstəqil dövlətin müstəqil xarici siyasəti

 

Prezident İlham Əliyev: "Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik

 

Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir. Bəzən bu proses obyektivsubyektiv səbəblərdən uzun illər davam edir, ictimai-siyasi kataklizmlərlə müşayiət olunur. Bu baxımdan Azərbaycanın milli müstəqilliyini bərpa etməsi dövründə yaşadığı sarsıntılar ibrətamizdir.

Məmləkətimiz müstəqil inkişaf yoluna qədəm qoyar-qoymaz güclü havadarlara arxalanan Ermənistanın hərbi təcavüzünə məruz qalmışdı. Torpaqlarımız işğal edilir, yüz minlərlə həmvətənimiz yurd-yuvasından didərgin düşürdü. Yeni müstəqil dövlətə rəhbərlik edənlərin səriştəsizliyi üzündən cəmiyyətdə yaranmış çoxsaylı problemlərə əlac tapılmır, ölkə ümummili böhrana sürüklənirdi. Üstəlik, xaricdən dəstək alan ayrı-ayrı qruplaşmalar dövlətin və xalqın taleyini kənara qoyub hakimiyyət uğrunda mübarizəyə girişmişdi. Çoxlarına elə gəlirdi ki, Azərbaycan dövlətçiliyi baş tutmayacaq, ölkə daim böhran burulğanında çapalayacaq.

Belə bir ağır şəraitdə təcrübəli dövlət xadimi Heydər Əliyevin siyasətə qayıdışı qaranlıq tuneldə işıq kimi göründü. Mahir siyasətçi cəmi bir neçə il ərzində cəmiyyətdə hərc-mərcliyə son qoyub daxili sabitliyi bərpa etməyə və ölkəni davamlı inkişaf yoluna çıxarmağa nail oldu. Çox keçmədi ki, karbohidrogenlərlə zəngin Azərbaycan beynəlxalq inkişaf layihələrinin təşəbbüskarı və icraçısı kimi çıxış etməyə başladı. 1994-cü ildə aparıcı xarici neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi” ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının yolunu açdı. Ardınca Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz yataqlarının istismarı haqqında xarici tərəfdaşlarla coxsaylı müqavilələr bağlandı, dövlətimizin beynəlxalq iqtisadi münasibətlər sistemində çəkisi artdı.

Öz növbəsində Prezident İlham Əliyev dövlət siyasətində varisliyə sadiq qalaraq düşünülmüş daxilixarici siyasət xəttini uğurla davam etdirdi. Ötən 16 il ərzində dövlət başçısı bu xətdən bir addım belə kənara çıxmadı, qarşıya qoyulmuş sabit inkişaf strategiyasını reallaşdırmaq naminə səylərini əsirgəmədi.

Bir vaxtlar dünyada tanınmayan Azərbaycan indi beynəlxalq aləmdə layiqli yer tutur. İlk növbədə milli neft strategiyasının ardıcıl olaraq reallaşdırılması sayəsində Azərbaycan dünya iqtisadiyyatına sıx inteqrasiya olmuşdur.

Ölkəmizin yerləşdiyi Cənubi Qafqaz-Xəzər regionu planetdə strateji mövqeyi ilə diqqəti cəlb edir. Lakin bu yalnız dünyanın siyasi xəritəsində belədir. Real həyatda isə vəziyyət tamamilə fərqlidir: supergüclər və regional aktorlar bu regionda mövqelərini möhkəmlətməyə çalışır, məqsədlərinə nail olmaq üçün hər cür vasitələrə əl atır, burada qovşaq rolu oynayan Azərbaycan isə həmişə risklərlə qarşı-qarşıya qalır. Odur ki, belə bir mürəkkəb regionda müstəqil siyasət yürütmək elə də asan deyil və dövlət rəhbərliyindən xüsusi məharət tələb edir. Azərbaycan Respublikasının Prezidenti siyasi məharəti ilə milli müstəqilliyə qənim kəsilmiş xarici qüvvələrin istəklərini puç edir. Müasir Azərbaycan böyük tarixlə müqayisədə qısa zaman kəsiyində beynəlxalq aləmdə etibarlı tərəfdaş imicinin sahibi olmuş və nəticə etibarilə dünya adlı ailədə layiqli yer tutmuşdur. Bu gün ölkəmizin beynəlxalq aləmdə çəkisi mütəmadi olaraq artır.

Hər bir dövlət kimi, Azərbaycan da təcavüzkar Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə mehriban münasibətlər yaratmağa xüsusi əhəmiyyət verir. Özü də dövlətimiz bu işdə təşəbbüskar kimi irəli çıxır. Regional iqtisadi inkişaf naminə həm ikitərəfli formatda, həm də üçtərəfli və hətta dördtərəfli formatda qonşuluq əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Azərbaycanın Türkiyə, İran, Rusiya, Gürcüstan və Türkmənistanla çoxtərəfli formatda əməkdaşlığı bəhrəsini verir, mehriban qonşuluq münasibətində olan ölkələrin inkişafına əhəmiyyətli töhfə verir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında qovşaq kimi fəal iştirak edir. Bu gün sözügedən nəqliyyat dəhlizlərində 10-dan çox ölkə əməkdaşlıq edir. Yalnız bir ölkə - Azərbaycan hər iki layihədə iştirak edir. Coğrafi mövqedən səmərəli istifadənin nəticəsidir ki, Azərbaycan artıq Avrasiyanın nəqliyyat mərkəzinə çevrilmişdir.

Lakin Azərbaycan təkcə qonşularla əməkdaşlığı genişlətməklə kifayətlənmir. Dövlətimiz uzaq ölkələrlə də müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməyi hədəfləyir. Bu baxımdan Avropa ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Köhnə dünya ilə işbirliyində aparıcı istiqamət energetikadır. Azərbaycan zəngin təbii qaz yataqlarını istismar edib dünya bazarına mavi yanacaq nəql etməkdə maraqlı idi, potensial alıcı isə Avropa İttifaqı (Aİ) idi, çünkienerji təhlükəsizliyini təmin etmək üçün alternativ yollar axtarırdı. Bu məqsədlə tammiqyaslı "Cənub qaz dəhlizi” layihəsini reallaşdırmaq məsələsi gündəliyə gəlmişdi. Əvvəllər Azərbaycan bu dəhliz vasitəsilə yalnız Gürcüstan və Türkiyəni qazla təchiz edirdi. 2014-cü il sentyabrın 20-də isə tammiqyaslı dəhlizin təməli qoyuldu.

Özü də "Cənub qaz dəhlizi” adi layihə deyil. "Əsrin müqaviləsi” XX əsrin layihəsi olduğu kimi, "Cənub qaz dəhlizi” də XXI yüzilliyin layihəsidir. Yeni layihəyə 45 milyard dollar investisiya qoymaq nəzərdə tutulmuşdur. Boru kəməri sistemi 3600 kilometrlik məsafə qət edərək Xəzər dənizini Avropanın mərkəzi ilə birləşdirəcək. İndiyədək Azərbaycanın neft-qaz layihələrində cəmi üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə iştirak edirdi. Bundan sonra isə iştirakçı ölkələr çox olacaq, cənub-şərqi Avropanın bir çox ölkələri - Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, perspektivdə isə Monteneqro, Bosniya, Xorvatiya və başqaları Xəzərdə başlamış əməkdaşlıq prosesinə qoşulacaq. Yeni qaz kəmərinin inşası Xəzər, Qara dəniz və Aralıq dənizi hövzələrinin ölkələri üçün yeni imkanlar yaradacaq, geniş bir coğrafiyada regional iqtisadi inkişafa böyük töhfə verəcək. Bununla bərabər, "Cənub qaz dəhlizi” gələcəkdə Yaxın Şərqin təbii qaz hasil edən ölkələrinin Avropa bazarına çıxmasına şərait yaradacaq. Artıq tammiqyaslı "Cənub qaz dəhlizi” layihəsinin reallaşdırılması başa çatmaq üzrədir. Layihənin əsas hissəsi - Türkiyə ərazisindən keçən Trans-Anadolu Təbii Qaz Boru Kəməri artıq hazırdır. Layihənin son komponentinin - Trans-Adriatik Boru Kəmərinin inşasının gələn il başa çatacağı gözlənilir.

Belə bir məqamı da vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin xarici siyasəti prinsipiallığı ilə seçilir. Təkcə bir faktı xatırlatmaq kifayətdir. Azərbaycan regional əməkdaşlığı dərinləşdirmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini reallaşdırmaq təklifini irəli sürəndə rəsmi Bakıya təzyiq artmağa başladı. Dəmiryolu xəttinin inşası 2005-ci ildə başlamalı idi. O vaxt ABŞ və Aİ yeni dəmir yolunun Ermənistandan kənar keçdiyinə görə layihəyə qarşı çıxıb layihəni maliyyələşdirməkdən imtina etdilər. Onlar Bakı-Tbilisi-Qars dəmir yolunun inşası əvəzinə, Qars-Gümrü-Tbilisi dəmir yolu xəttini açmağı tələb edirdilər. Lakin bu tələb Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi üzündən rədd edildi və Azərbaycan tərəfi layihənin maliyyələşdirilməsini öz üzərinə götürdü. Bu məqsədlə Azərbaycan Gürcüstana güzəştli şərtlərlə 220 milyon dollar kredit verdi. 2007-ci ildə təməli qoyulmuş layihənin icrası 10 il çəkdi. Ləngiməyə səbəb 2008-ci il Rusiya-Gürcüstan müharibəsi və qlobal maliyyə böhranı idi. İki il əvvəl işə düşmüş Bakı-Tbilisi-Qars marşrutu ilə yük daşımalarının həcmi ildən-ilə artır. Gələn il bu marşrutla sərnişin daşınması başlayacaq.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə münasibətdə də Prezident İlham Əliyevin mövqeyi prinsipialdır. Dövlət başçısı dəfələrlə bəyan etmişdir ki. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, münaqişənin həlli yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür. Problemin nizama salınması üçün yetərli hüquqi baza yaranmışdır. Bu, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının və digər təşkilatların qəbul etdiyi qərar və qətnamələrdir. Aİ ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədində ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunmuşdur.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan heç kimdən asılı olmayan xarici siyasət yürüdür, başqa ölkələrlə əlaqələrində ədalətə və beynəlxalq hüquqa əsaslanır. Bunun nəticəsidir ki, dövlətimiz 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Təhlükəsizlik Şurasına üzvlük müddətində Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə layiqli töhfə vermiş və beynəlxalq siyasi həyatın fəal iştirakçısı kimi prinsipial mövqe nümayiş etdirmişdir. İndi ölkəmiz iki beynəlxalq təşkilata - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrlik edir.

Bu gün Azərbaycan Respublikası tarixin son dərəcə mürəkkəb mərhələsində müstəqil xarici siyasətini uğurla həyata keçirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Biz xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruqmümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik”.

 

Allahverdi MEHDİYEV

 

Azərbaycan.- 2019.- 25 dekabr.- S.8.